Avqustun 15-də Moskvadan Simferopola uçmaq istəyən A321 təyyarəsinin qağayılar üzündən məcburi eniş etməsi bütün dünya mətbuatının gündəmindədir. Belə ki, havaya qalxandan 1-2 dəqiqə sonra qağayının mühərrikə düşməsi nəticəsində təyyarənin əvvəlcə birinci, az sonra isə ikinci mühərriki fəaliyyətini dayandırıb.
Pilotlar təyyarəni geri – Jukovsk hava limanına qaytarmaq istəyiblər, lakin məcburən liman yaxınlığındakı qarğıdalı sahəsinə eniş ediblər. 230 sərnişini olan təyyarədə 76 nəfər yüngül xəsarət alıb. Dünya mətbuatı təyyarəni idarə edən pilot heyəti, xüsusilə heyətin rəhbəri Dəmir Yusupovun hərəkətini qəhrəmanlıq kimi qiymətləndirməkdədir.
“Boeing” korporasiyasının təhlükəsizlik məsələləri üzrə mühəndisi olmuş Todd Kertis A321-in pilotlarının hərəkətini çox yüksək peşəkarlıq nümunəsi kimi qiymətləndirib: “Hadisə barədə məlumatı oxudum və hesab edirəm ki, pilotlar çox möhtəşəm reaksiya nümayiş etdiriblər”.
Onun sözlərinə görə, bütün müasir təyyarələr, o cümlədən də Airbus A321 uçuş vaxtı hər iki mühərrik fəaliyyətdən qalsa belə, uçuşun təhlükəsiz enişlə başa çatmasına imkan verəcək qədər davam etməsinə şərait yaradan sistemlə təchiz olunublar: “Bu halda heyət təyyarəni uçuş-enmə zolağından 1 kilometr aralıda yerə endirməyə nail olub. Bu, o deməkdir ki, heyətin qərar qəbul etmək üçün vaxtı çox cüzi olub”. Kertisin fikrincə, hadisə araşdırılan zaman faciədən qaçılmasında heyətin hərəkəti əsas faktor kimi qiymətləndirilməlidir.
D.Yusupov faktiki olaraq təyyarəni əl idarəetməsi ilə endirməyə müvəffəq olub. Milliyyətcə tatar olan Yusupov Dəmir Qasım oğlu Krasnoyarsk diyarının İqarka şəhərində doğulub. Dəmirin atası helikopter pilotudur. İxtisasca hüquqşünas olan Dəmir 33 yaşına qədər Samara əyalətinin Sızran şəhərində şəhər administrasiyasında hüquqşünas işləyib. Eyni zamanda, tatar muxtariyyətinin hüquqlarının müdafiəsi ilə məşğul olub. 32 yaşında uçmağa qərar verən Dəmiri yay uçuş məktəbinə çətinliklə qəbul ediblər. Lakin o, məktəbi əla göstəricilərlə başa vurub.
2013-cü ildə isə D.Yusupov Sankt Peterburq Mülki Aviasiya Universitetini əla qiymətlərlə bitirib, Ural Hava Yollarında işləməyə başlayıb. O, həmçinin aeronaviqasiya sahəsində mütəxəssisdir. 41 yaşlı D.Yusupov cəmi 1 ildir gəmi kapitanıdır. İndiyədək 3 min uçuş saatı yerinə yetirib.
Dəmirin köməkçisi olan ikinci pilot Georgi Murzinin də təyyarənin sağ-salamat enməsində ciddi rolu olub. O da Yusupovla eyni universiteti bitirib. 23 yaşlı Murzin Ural Hava Yollarında 2018-ci ildən işləməyə başlayıb.
Rusiya telekanallarına müshaibə verən D.Yusupov hadisə barədə danışıb: “Uçuşa başlayandan dərhal sonra problemlər özünü büruzə verdi. Mühərrikin biri sıradan çıxdı, qərara gəldik ki, geri qayıdaq. Amma az sonra ikinci mühərrik də sıradan çıxdı. Hər iki mühərrik dayandıqdan sonra başa düşdüm ki, yeganə çıxış yolu təyyarəni mümkün qədər yumşaq formada yerə endirməkdir. Bunun üçün də qarğıdalı sahəsini seçdim. Təkərləri açsaydıq, onlar torpağa bataraq təyyarənin çevrilməsinə, insanların ciddi xəsarət almasına səbəb olardı. Buna görə də təkərsiz enmək qərarına gəldik. Bunun üçün ən yaxşı yer yumşaq torpaq olan qarşıdakı əkin sahəsiydi. Biz Yekaterinburqda belə hallarda təyyarəni endirməklə bağlı çoxlu təlimlər keçmişik. O təlimlərdə əldə etdiyimiz təcrübə əsasında təyyarəni sahəyə endirə bildik. İkinci pilota çox təşəkkür edirəm, mənə çox böyük kömək etdi”.
D.Yusupov özünü qəhrəman hesab etmədiyini bildirib: “Özümü qəhrəman hesab etmirəm, sadəcə, yeganə az təhlükəli variantı seçdim ki, təyyarə yanmasın, insanlar həlak olmasın. Yəni vəzifə borcumu yerinə yetirmişəm, hər bir pilot analoji hallarda təyyarəni, insanları xilas etmək üçün əlindən gələni edir”.
Rusiya baş naziri Dmitri Medvedyev D.Yusupov başda olmaqla, bütün təyyarə heyətini fəxri adlara təqdim edib. Maraqlıdır ki, Krım ərazisinə uçuşlar həyata keçirən D.Yusupovun adı Ukrayna üçün arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Onu da bildirək ki, hazırda quşla toqquşma hava nəqliyyatı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Azərbaycan hava şirkətlərinin birində çalışan pilot İlqar Əliyevin “Yeni Müsavat”a dediyinə görə, bütün hava limanlarında quşlarla bağlı tədbirlər həyata keçirilir: “Hər aeroportda quşları qovan, aeroport ərazisindən uzaqlaşdıran işçilər olur. Bizim aeroportlarda da var belə işçilər. Təyyarənin mühərriki qabaqdan havanı sovurub, arxadan buraxır. Yəni mühərrik quşu özünə doğru çəkir. Quş düşdükdə isə mühərrik qızır və yanğın, yaxud partlayış baş verir. Buna görə də havaya qalxma, ya da enmə zamanı quşların aeroport, xüsusən də uçuş-enmə zolağında olmaması üçün tədbirlər görülür. Bizdə hardasa 10 il əvvəl təyyarənin quşla toqquşması faktı olmuşdu, son illərdə olmayıb”.
Mütəxəssis deyir ki, təyyarələrin özündə quşları uzaqlaşdıran hansısa sistem quraşdırmaq mümkün deyil: “Hələ ki, bu məsələdə effektiv bir mexanizm tapılmayıb. Yalnız aeroport ərazisində quşların uçuşunun qarşısını almaq tədbirləri həyata keçirilir”.
İ.Əliyevin fikrincə, A321-in pilotları təyyarəni salamat endirməklə böyük bacarıq və peşəkarlıq nümayiş etdiriblər: “Bu, çox qısa müddətdə ən effektiv qərarın qəbul edilməsi sayəsində mümkün olub. Bunu hər pilot bacarmaz”.
Onu da qeyd edək ki, on il əvvələdək Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) hər il dünyada quşlarla təyyarələrin toqquşmasına dair orta hesabla 5400 hal qeydə alırdı. 1988-ci ildən bəri təyyarə mühərriklərinə quş düşməsi üzündən baş verən qəzalarda 200 nəfərdən artıq insan həyatını itirib.
İKAO-nun statsitikası göstərir ki, toqquşmaların 75 faizindən çoxu bilavasitə hava limanları ərazisində – ya təyyarə havaya qalxarkən, ya da eniş edərkən baş verir. Dünyada bu üzdən baş verən ən böyük beş qəzadan biri 1960-cı ildə ABŞ-da baş verib. Boston hava limanından qalxan L-188 təyyarəsi 2 dəqiqədən sonra sığırçın sürüsü ilə toqquşub. Mühərrikə girən quşlar təyyarənin Boston buxtasına düşməsinə səbəb olub. 67 sərnişin və 5 heyət üzvündən yalnız 10-u xilas ola bilib.
1962-ci ildə ABŞ-ın Merilend şəhəri yaxınlığında Vickers 745D Viscount təyyarəsi leylək sürüsü ilə toqquşma nəticəsində qəzaya uğrayıb, 17 nəfər ölüb. 1969-cu ildə Mahaçqala yaxınlığında havaya qalxmaq istəyən İl-14P təyyarəsinin mühərrikinə quş düşüb, pilot idarəetməni itirib və maşın dənizə düşüb və 17 nəfər həlak olub.
1988-ci ildə Efiopiya Hava Yollarına məxsus “Boeing 737″ Bahar-Dara aeroportundan azca aralandıqdan sonra göyərçin sürüsü ilə toqquşub, mühərriklərə düşən quşlar qızma və hər iki mühərrikin dayanmasına səbəb olub. Pilotlar təyyarəni geri qaytarsalar da, sərt eniş təyyarədə yanğına və 35 sərnişinin ölməsinə gətirib çıxarıb.
1996-cı ildə Eyndhoven hava limanında Belçikaya məxsus hərbi nəqliyyat təyyarəsi olan Hercules CH-06 eniş edərkən sığırçın sürüsü ilə rastlaşıb. Mühərrikə düşən quş təyyarənin hava limanında partlayaraq yanmasına səbəb olub. Nəticədə Niderland Kral Ordusunun 34 musiqiçisi və 7 heyət üzvü həlak olub, 7 nəfər isə yaralanıb.
Son illərdə hava limanlarında quşları uzaqlaşdırmaq üçün güclü səs dalğalarından istifadə olunur. Aviaşirkətlər bunun üçün xüsusi işçilər saxlayırlar. Lakin bəzən heç bir üsul köməyə çatmır və qəzalar baş verir…
Dünya SAKİT