taksi

Taksi sürücüləri üçün yeni iş təklifi

Baxış sayı: 348

Taksilərlə bağlı dəyişikliklərdən sonra minlərlə sürücü taksi xidmətindən kənarlaşdırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə ötən həftə həmin sürücülərə təkliflə müraciət edib. Belə ki, nazir müavini Rəhman Hümmətov bildirib ki, taksi fəaliyyətindən kənarlaşdırılan sürücülər avtobusla sərnişin daşımalarına cəlb oluna bilərlər. Çünki hazırda tək “BakuBus” şirkətinin mindən artıq “D” kateqoriyalı sürücüyə ehtiyacı var.
Avtobus sürücülərinə tələbat kifayət qədər çoxdur. Maraqlıdır, taksi fəaliyyətindən uzaqlaşdırılan sürücülərin avtobus sürücüsü kimi fəaliyyəti nə qədər realdır? Sürücülər bunda maraqlıdırlarmı? Ümumiyyətlə, niyə bu peşəyə maraq taksilərdən azdır?

Sürücülüyün ən çətin kateqoriyası

Texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirdi ki, sürücülər iki qrupa bölünür: sırf taksi fəaliyyəti ilə məşğul olan peşəkar sürücülər və öz şəxsi avtomobillərini idarə edənlər: “Bu peşənin ən çətin kateqoriyalarından biri, hətta başlıcası, avtobus sürücülüyüdür. Avtobus sürücüləri birdəfəyə altı-yeddi əməliyyat yerinə yetirməyə məcburdurlar. İkincisi, ictimai nəqliyyatın daşımalarında keyfiyyət göstəricilərinin şərtləri kifayət qədər çox və ağırdır. Bunlara avtobusların dolma əmsalı, sərnişinlərin çatma müddəti, müntəzəmlik və təhlükəsizliyin təmin olunması da daxildir. Taksi sürücüləri, avtobus sürücülərindən fərqli olaraq, daha kiçik nəqliyyat vasitələrini idarə edirlər. Avtobus sürücüsü olmaq üçün isə xüsusi təlimlər və sertifikatlar tələb olunur. Taksi sürücüləri daha çox müstəqil işləyir və sərbəst iş saatlarına malik olurlar. Avtobus sürücüləri isə daha strukturlu və müəyyən iş saatlarına uyğun işləmək məcburiyyətindədirlər. Bu, bəzi sürücülər üçün kifayət qədər çətindir”.

Əksəriyyəti işləyə bilməyəcək

Həmsöhbətimizin sözlərinə görə, bu sahədə görülən iş və zəhmətin qarşısında əməkhaqqı da azdır. Ona görə də sürücülər bu məsuliyyəti üzərlərinə götürmək istəmirlər: “Elə taksi sürücüləri var ki, onları illərlə izləmək mümkün deyil. Avtobus sürücülərinin isə hər saniyəsi, dəqiqəsi sərnişinlərin gözü qarşısındadır. Onlarda olan nöqsanlar, dəyişikliklər dərhal sərnişinlər tərəfindən hiss olunur və tənqid edilir. Hətta bəzi vaxtlar mediadan da görürük ki, sərnişinlər avtobus sürücülərini nəinki tənqid, təhqir edir, fiziki şiddət belə göstərirlər. Bu, qəbuledilməzdir. Sərnişinlər şərait yaratmalıdırlar ki, sürücülər öz işlərini yerinə yetirsinlər, çünki onlar da sərnişinlərə xidmət edirlər. Bu sahə kifayət qədər çətin və mürəkkəbdir. İşsiz qalan taksi sürücüləri müraciət etsə belə, əksəriyyəti işləyə bilməyəcək. Çünki taksi sürücüləri tamamilə fərqli xasiyyətə malikdirlər. Onlar tam fərqli formada xidmət göstəriblər. Hazırda taksi sürücülərinin avtobus sürücüsü kimi fəaliyyətə başlamalarını real hesab etmirəm”.

Onlara adi sürücü kimi yanaşmaq düzgün deyil

Mütəxəssis vurğulayır ki, avtobus sürücülərinin peşəsinin çətinliyini nəzərə alıb, onlara qayğı göstərmək lazımdır: “Hər avtobusda 40-50 sərnişin olur, onların hamısının məsuliyyəti sürücünün üzərindədir və bu qədər sərnişinin təhlükəsizliyinə bir sürücü cavabdehdir. Ona görə avtobus sürücülərinə adi sürücü kimi yanaşmaq düzgün deyil. Onlara qayğı kifayət qədər olmadığından avtobuslarda işləməyə meylli deyillər. Təbii ki, əməkhaqqı da buna təsir edir. Xarici ölkələrdə avtobus sürücüləri digərlərindən iki dəfə artıq əməkhaqqı alırlar. Əvvəllər bizdə də bu peşəyə maraq var idi, çünki sərnişinlərdən gedişhaqqını sürücülər özləri aldıqları üçün müəyyən qədər vəsait əldə edirdilər. İndi gəlir yalnız əməkhaqqıdır. O da aşağı olanda, bu peşəyə gəlmək istəyənlərin sayı azalır”.

 

Taksi sürücüləri hələ buna hazır deyillər

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə deyir ki, min nəfər taksi sürücüsü avtobus sürücüsü olmaq üçün müraciət etsə belə, bu, problemi həll etməyəcək: “Təklif olunan vakansiya 1 000-dir, amma taksi xidməti göstərən və fəaliyyətləri dayandırılan şəxslərin sayı bundan dəfələrlə çoxdur”.

Sürücülərin bu sahəyə maraq göstərməməsinin səbəblərinə gəldikdə isə, mütəxəssis bildirir ki, avtobus sürücüləri üçün yüksək kvalifikasiya tələb edilir: “Bəzilərinin sürücülük vəsiqəsi buna imkan vermir. Digər tərəfdən isə, bu peşə ağır, qazancı isə azdır. Taksi xidməti göstərənlərin əksəriyyətinin əlavə iş yeri var idi. Tək bu işlə məşğul olmur, vaxtları olduqca, taksi fəaliyyəti ilə məşğul olurdular. Amma avtobusla həmin qrafiklə işləyə bilməzlər. Taksi sürücüləri, bəzən yüksək gəlir əldə edə bilsələr də, avtobus sürücülərinin maaşları nisbətən daha stabil və aşağı ola bilər. Uzun iş saatları və stressli iş şəraiti bu peşəyə maraq göstərməyə imkan vermir. Sürücülər, xüsusilə də əvvəllər taksi fəaliyyəti məşğul olan sürücülər hələ buna hazır deyillər”.

 

Dövlətin sosial yükü artır

Mütəxəssis sonda vurğuladı ki, taksilərlə bağlı verilən son qərar dövlətin sosial yükünü artırır: “Taksi islahatı həm müəyyən işsizlər kütləsi yaradıb, həm də xidmətin qiymətini artırıb. Üstəlik, keyfiyyətdə də dəyişiklik yoxdur. Yəqin ki, bu islahatın müsbət nəticəsini uzun müddətli dövrdə görəcəyik. Ümumiyyətlə, belə qərarlar qəbul ediləndə müxtəlif orqanlarla razılaşdırmalar həyata keçirilməlidir. Məsələn, işsizlərin çoxu müavinət, özünüməşğulluq, ünvanlı sosial yardım üçün müraciət etməyə başlayacaqlar. Bu da dövlətin sosial yükünü artırır”.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir