Son illər Azərbaycanda fəaliyyəti güclənən sahələrdən biri də taksi firmalarıdır. Sayı gündən-günə artan taksi firmaları sərnişinlərə də xeyli variantlar təklif edir. Səfərlər daha da ucuzlaşır, komfort daha yüksək səviyyəyə çatır. Sonucda hətta maşını olan vətəndaşlar da taksi xidmətindən istifadəyə üstünlük verir. Çünki bəzən şəhərə gedib parkinq yeri tapmaq, təkcə iki saatlıq parkinq üçün 3 manata yaxın vəsait ödəmək heç də sərfəli görünmür.
Hansı ölkədə taksi xidməti ucuz, hansında bahadır?
Bu yazısında dünyada və Azərbaycanda taksi firmaları, onların tarifləri, habelə bu sahənin özəllikləri barədə məlumatlar təqdim edəcəyik. Öncə dünyadakı tariflərdən başlayaq.
Mərkəzi İsveçrədə olan maliyyə qurumu UBS, 2018-ci il üçün yayınladığı “Qiymətlər və qazanclar” sənədində ölkələrin şəhərlərinə görə taksiylə gediləcək 5 kilomerlik səfərin neçə dollar olduğunu açıqlayıb. Sənədə görə, 5 km səfər üçün ən yüksək taksi tarifləri Norveçin Oslo şəhərindədir. Osloda taksilərlə 5 km səfər gerçəkləşdirmənin məbləği 32 dollardır. Eyni məbləğdə pulla taksi ilə Ukrayna və Hindistanda 66 kilometr yol getmək olar. Kiyevdə taksi ilə 4.8 kilometr yol getmək 1,59 dollara, Dehlidə isə 1.54 dollara başa gəlir. Yeri gəlmişkən, bu, dünyada ən ucuz taksi qiymətləridir.
Bahalı taksiləri ilə seçilən növbəti Avropa ölkəsi İsveçrədir. Araşdırmaya əsasən Sürixdə taksi ilə 3 mil məsafə qət etmək üçün 27,59 dollar ödəmək lazım gəlir. Bahalı taksilərə görə ilk üçlüyü Hollandiya paytaxtı tutur. Amsterdamda taksi sifariş etmək 16,22 dollara başa gəlir.
Dünyada ən ucuz taksi səfəri isə Hindistanın paytaxtı Yeni Dehlidə gerçəkləşdirilir – 5 km səfər 1.54 dollar. İstanbulda taksi İlə səfərin qiyməti isə eyni kilometr üzərindən 5.66 dollardır. Şimali Amerikada müvafiq olaraq 14.65, Avropada 11.77, Afrikada 5.3, Cənubi Amerikada 5.06, Asiyada 4.38 dollardır. Əslində hesablama apara bilmək üçün bu ölkələrdəki taksi sürücülərini illik nə qədər vergi ödədiyi və digər xərclərini də qarşılaşdıraraq hesablamaq lazımdır. Əks halda, ortadakı rəqəmlər reallığı əks etdirməyə bilər.
Taksilərin qiymətləri ilə bağlı detallara yenidən qayıdarıq. Hələliksə dünyada taksilərin yaranma tarixindən yazaq. Taksilər 18-ci əsrdə Fransada peyda olub və bunlar muzdla tutulan “taksi insanlar” idi. Arabalı taksilər hələ Qədim Romada mövcud olub. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılıb və bu taksometr adi bir çanaq olub və təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırmış. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda çanaqdakı daşların sayına görə təyin edilirmiş.
Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində Yellow Cab şirkəti tərəfindən seçilib. Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünür.
1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan “şahmat lövhəsi” və yaşıl işıq yaradıldı. Bu taksinin hazırda bol olduğu mənasına gəlirdi. Dünyanın ən bahalı taksisi İngiltərədədir. Bu reytinqdə ikinci pillədə İtaliya, üçüncü pillədə Almaniya qərarlaşıb.
Ən ucuz taksi isə Çindədir və burada taksi sürücülərinin 30%-i qadınlardır. Finlandiyada isə taksi sifarişlərinin, demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zellandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb. Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb.
Çili isə ən qeyri-adi taksilərə sahibdir. Bu taksi – inəklərdir. Vyetnam da Çilidən geri qalmır və burada getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir.
Yerli taksi firmaları – kim nə təklif edir?
Bakıda 10-15-ə yaxın taksi firması fəaliyyət göstərir. Tariflər isə bir-birindən fərqlidir. Əksəriyyəti müştərini ilk 10 dəqiqə gözləmək üçün heç bir məbləğ tələb etmir, sonrakı hər dəqiqə üçünsə 5 qəpik tələb edirlər. Bir kilometr isə 0.4-2 manat arasında qiymətləndirilir. Bəzi firmalar tarifi fərqli əsaslarla müəyyənləşdirib. Belə ki, 4 kilometrə qədər 2.40 manat təklif edən də var, 2 kilometrə görə 2.20 manat təklif edən də. Amma bəzi firmaların tıxac saatları üçün fərqli tələbləri var. 17.00-19.00 radələrində gediş haqqına 1 manat əlavə tələb edən firmaları da yaddan çıxarmaq olmaz. Bütün hallarda seçimin olması üstünlükdür. Çünki rəqabət qiymətlərin aşağı salınmasına səbəb olur son nəticədə.
Amma firmalarla əməkdaşlıq edən taksi sürücüləri ilə çalışmaq heç də hər zaman sərnişinə rahatlıq gətirmir. Şəhəri yaxşı tanımayan, noviqator sistemi mükəmməl səviyyədə çalışmayan sürücülərlə sərnişinlər arasında narazılıq buna görə yaranır. Məsələn, müştəri evinə, iş yerinə taksi sifariş edir, amma sürücü verilən ünvanın noviqatorda görünmədiyini deyərək, uzağa gedib çıxır. Bəzən dəqiqələrlə taksi sürücüsünə yeri başa salmaq lazım gəlir ki, bu da əlavə əsəb deməkdir.
Ən riskli peşə sahibləri taksi sürücüləridir
Amma gerçəkdən taksi sürücülüyünün nə qədər çətin bir çətin bir peşə olması ilə bağlı araşdlrma nəticələri də var. Araşdırma hər nə qədər Amerikada həyata keçirilsə də, bu, bütün dünyada keçərli bir durumu əks etdirir. Amerikanın Sağlamlıq və İnsan Xidmətləri Dairəsinin ictimai sağlamlıq və təhlükəsizliyin təmin edilməsi istiqamətində çalışan qurumu olan CDC tərəfindən həyata keçirilən araşdırmada dünyada ən vəhşi ölümlərə səbəb olan peşənin taksiçilik, taksi sürücülüyü olduğu müəyyənləşib. Taksi sürücüləri insanlarla iç-içə, gecə-gündüz qarışıq və birbaşa nağd pul üzərində çalışmalarına görə dünyanın ən riskli peşə qruplarının başında yer alır.
Sənəddə qeyd olunub ki, Amerikada 2014-cü ildəki taksi sürücüləri ölümlərinin 50 faizi qəza nəticəsində, 50 faizinin isə taksidəki dava nəticəsində yaşandığı ortaya çıxıb. Taksi sürücülərinin xaricində digər riskli peşə qrupları arasında yük maşını sürücüləri, dam ustaları, balıqçılar, zibil toplayanlar da yer alır.
Taksi sürücülərinin düşməni kimlərdir?
Amma taksi sürücülərinin bir başqa düşməni də Uber sistemi olub. Dünyanın bir çox şəhərlərində yayılmağa başlayan, alternativ avtomobil icarə sistemi Uberə qarşı çıxan argentinalı taksi sürücüləri paytaxt Buenos Ayresdə etiraz aksiyası keçiriblər.
Uberin tətbiqi xüsusi avtomobil sahiblərinin internet və ağıllı telefonlar vasitəsilə taksi xidməti göstərməsinə imkan yaradır. Sistemin ölkədə rəsmi olaraq xidmətə başlamasına etiraz edən taksi sürücüləri paytaxt Buenos-Ayresdəki Uber ofisinə hücum ediblər. Taksi sürücüləriylə Uber sisteminə daxil olan sürücülər arasında qarşıdurma yaşanıb. Taksi sürücüləri vergi ödəməyən xüsusi avtomobil sahiblərinin daha ucuz qiymətə müştəri daşımasına qarşı çıxıb, bu səbəbdən gəlirlərinin düşdüyünü bildiriblər.
Taksi sürücüləri özlərini təhlükələrdən qorumaq üçün bir sıra tədbirlər də keçirirlər. Məsələn, bir neçə il bundan öncə “Mərhəmət Yubileyi” çərçivəsində təşkil ediləcək silsilə tədbirlər ərəfəsində Romada təhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlərdən biri də taksi sürücülərinə antiterror kurslarının keçirilməsi olub. Tədbirlər çərçivəsində Romaya dünyanın müxtəlif ölkələrindən xeyli sayda insanın axın edəcəyini nəzərə alaraq, paytaxtda fəaliyyət göstərən taksi şirkətləri birliyi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, kursun əsas məqsədi taksi sürücülərinə müdafiə üsullarını və ictimai yerlərdə hər hansı zorakılıq aktlarına qarşı sayıqlıq göstərməyin yollarını öyrətməkdir. Dünyada gərginliyin hökm sürdüyü bir vaxtda bu cür təlimlərin təşkili şəhərin sakinlərinə və turistlərə daha təhlükəsiz mühit bəxş edəcək.
Taksi sürücülərindən yazırıqsa, “Yeni Müsavat” daha bir araşdırmanı da nəzərinizə çatdırır. Londonun məşhur qara taksilərinin sürücülərinin beyni normaldan böyük çıxıb. Araşdırmaya görə, taksiçilər yolları əzbərlədikcə beyinləri də inkişaf edir. Onsuz da Londonda taksi sürücüsü olmaq üçün də ən azı 2 il boyunca çalışmaq lazımdır.
Taksi sürücülərinin beyni get-gedə böyüyür
İngiltərənin paytaxtı Londonda xidmət dən taksi sürücülərinin beyinlərinin bir hissəsi şəhər yollarını ağıllarında tuta bilmək üçün zamanla böyüyür. Araşdırmaya görə, taksi sürücüsü olaraq xidmət müddəti artdıqca beynin əlaqədar hissəsi də daha da böyüyür.
Beynin ön hissəsinin qarşısında “hippocampus” adlanan nahiyə var. Quş və digər heyvanlarda bu hissəsi istiqaməti tapmaqda vacib rol oynayır. İndi isə London College Universiteti araşdırmaçıları taksi sürücülərinin tomoqrafiyalarını araşdırıb. Araşdırmaya 16 sürücü qatılıb. Nəticədə öyrənmə müddətində önəmli rol oynayan və istiqamət tapma mərkəzi olaraq da bilinən “hippocampus” bölgəsinin taksiçilərdə normal insanlara görə daha böyük olduğu müşahidə edilib.
Araşdırma Beynəlxalq Elm Akademiyası bülletenində yayınlanıb. Mövzu ilə bağlı BBC-yə açıqlama verən araşdıraçı həkim Elenanor Maguire bildirib ki, “hippocampus”un müəyyən bir yeri, arxa bölümü taksi sürücülərində daha böyükdür. Ön bölümü isə daha kiçikdir. Bundan başqa, taksi sürücüsü olaraq xidmət müddəti artdıqca böyümənin daha da artdığı müşahidə edilib.
Maguireyə görə, beyin istiqamət tapmaq ilə bağlı məlumatları dəyərləndirərkən “hippocampus”da yer alan boz guşələr yenidən şəkillənir. İngilis neroloq deyib ki, bu, çox diqqət çəkicidir. Çünki sağlam bir insan beyni böyük bir dəyişiklik keçirir. İngilis araşdırmaçı eyni zamanda, deyib ki, taksi sürücülərinin istiqamət tapma aksiyası ilə beyin dəyişiklikləri arasında müəyyən bir əlaqə var. Elm adamları bu araşdırmada əldə edilən məlumatlarla Parkinson və ya beyin zədələnməsi nəticəsində yaddaş itkisi yaşayan xəstələr üçün də yeni reabilitasiya proqramları inkişaf etdirməyi ümid edirlər.
Təbii ki, bu araşdırma nəticələri, sadəcə, londonlu qara taksi sürücüləri üçün keçərlidir. Çünki Londonda sürücü olmaq heç də asan deyil. Yəni bir taksi plakası və maşın almaqla iş bitmir. Londonda təxminən 23 min qara taksi var.
Bir taksi sürücüsünün 1500 km2-lik bir sahədəki hər bir küçəni və ara küçəni bilməsi lazımdır. Və bir taksi sürücüsünün bütün bunları yaddaşa köçürməsi isə təxminən 2 il davam edir. Ancaq bu da bəs etmir. Taksi sürücüsünün Londonu qarış-qarış əzbərlədiyini sübut etməsi lazımdır. Hər il taksi sürücülüyü imtahanına təxminən 3500 nəfər girir, amma hər 5 namizəddən yalnız biri sükan arxasında oturmaq haqqı qazanır.
Sevinc TELMANQIZI