Talish

Talışların qəribə adətləri: Pəncərəsiz mənzillər, evə buraxılmayan yad adamlar…

Baxış sayı: 2. 111

Evləri pəncərəsiz olar, beşik nəsildən-nəslə ötürülər, toy günü evə yad adam buraxmazlar, 20 növ corab toxuyarlar, kişinin corabını qadınlar geyinə bilməz…

Bu yazıda Azərbaycanda yaşayan ən çox azsaylı xalqlardan olan talışların adət-ənənələrini araşdıracağıq.

Bu araşdırmaları apararkən Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri, Azərbaycan vikipediyası, araşdırmaçı-jurnalist Həmzə Vəliməmmədovun təqdiqat əsərləri və Lənkəranın dünyaca məşhur qrupu “Nənələr”in söhbətlərinə əsaslanacağıq.

Qısa arayış

2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən, talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı etnik qrupdur. Həmin ilin statistik rəqəmlərinə əsasən, ölkəmizdə 112 min talış yaşayır. Azərbaycanda talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə iki dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1 716 sinif vardır ki, onlardan 248-i ibtidai sinifdir.

Talışlar əsasən, Masallı, Lənkəran, Astara və Lerik rayonlarında məskunlaşıblar. Lerikin sərhəd boyu kəndlərinin 5-6-da, Masallıda isə bəzi kəndlərdə türklər yaşayır.

Talış dili Hind Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə daha yaxındır. Slavyan (rus, belarus, Ukrayna, çex, polyak və s.), baltik (Litva, latış), alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur.

Talışlarda ev

Deyilənə görə, talış kəndlərində evlər iki cür olur. Bir qisim evlərin üstünə dəmir vurmur, palçıqla suvayırdılar. Palçıq su keçirtmirdi. İki əsrdən qalma belə evlərin qalıqları Lerik kəndlərində var. Bu evlərin xüsusiyyəti pəncərəsinin olmamasıdır. Yuxarıda iki baca qoyurdular, evdəki təndir, peçin tüstüsü o bacalardan çıxırdı. Bu evlər əsasən iki hissədən ibarət olurdu: biri yaşayış yeri – bir və ya iki otaqdan ibarət, ikincisi isə mal-qara üçün tövlə. Bunlar bir-birinə bitişik olar və yaşayış yerindən də tövləyə yol olardı. Bu cür yaşayış tərzi ağır idi. Evlər darısqal, havası ağır olardı. Tövlənin iyi otaqlara dolarmış. Evlərin pəncərəsiz olmasının da səbəbi var idi. İranla sərhəddə yaxın olan kəndlərə bu ölkədən Şahsevənlərdən quldur dəstələr basqın edib, oğurluq edirdilər. Bunun qarşısını almaq üçün pəncərəsiz evlər tikildi. Çünki pəncərəni sındırıb içəri girmək rahat olurdu, ancaq bacadan girmək çətin idi.

Bir qisim evlərin damı isə ağacdan düzəldilirdi, üstünə küləş vurulurdu. Küləş su buraxmırdı, bəzi rayonlarda bunu qamışla əvəzləyirdilər. Meşələrdə palıd ağacını yonub bir metr uzunluğunda, 15 sm enində nazik taxtalar düzəldib, dama vururdular. Çardaq düzəldir, üstünə küləş vururdular.

Ləvəngi və aşsız olmaz

Elə talış ailəsi yoxdur ki, orada plovun müxtəlif növlərindən istifadə etməsinlər. Əsasən də, Lənkəran, Astarada balıqdan, Lerik, Masallıda həm balıq, həm də toyuq, cücədən istifadə olunur. Cücə plov, süzmə plov, ləvəngi plov növləri daha məşhurdur. Ət xörəkləri əsasən, bozbaş, küftə, kabab, lülə-kabab, ağartılar da çox geniş yayılıb. Xüsusən, ayran aşı sevilən yeməkdir. Bu dovğaya bənzəsə də, müəyyən fərqləri var. Bunun üçün nehrədən yağ yığılandan sonra yerdə qalan ayrana azca un vurub düyü, noxud toküb bişirirlər, bəzi yerlərdə lobya, lərgə də əlavə edirlər. Lakin ayran aşında yağ olmur. Qovurtmac da milli yeməklər sırasındadır. O süddən hazırlanır. Südü azca bişirib, içinə çörək doğrayıb yeyirlər. Yeməklərin böyük əksəriyyəti azərbaycanlıların yeməkləri ilə qarışıb. Yəni tərkibləri eyni olsa da, hazırlanma qaydalarında fərq var. Talış ailələrində xüsusən, yaz, yay aylarında göyərtidən hazırlanan yeməklər üstünlük təşkil edir. Meşədə, bağda bitən yabanı və digər göyərtilər toplanır, tərə, kətə bişirilir. Göy soğan, sarımsaq, yabanı nanə, kəklikotu talış mətbəxin əvəedilməzləridir. Çöl heyvanlarından dovşan, kəklik ətindən istifadə edirlər. Müsəlman talışlar donuz əti yemir. Ümumiyyətlə isə talışlarda konkret qadağan olunan heyvan əti yoxdur.

Talış mətbəxi deyəndə ağla ilk gələn isə ləvəngidir. Bu yeməyin özəlliyi odur ki, toyuq ətinin kalorisi az olur və onu daha ləzzətli etmək üçün qoz və digər ədviyyatlardan istifadə edilir.

Lerikdə dəmirçilər, Lənkəranda dulusçular

Talışların əsas məşğuliyyəti sənətkarlıqdır. Dulusçuluq əsasən Masallıda, Lənkəranda, Astarada az miqdarda var, Lerikdə isə dulusçular yoxdur, orada əsasən dəmirçilik yayılıb. Bunun səbəbi Lerik torpağında sarı gilin az olmasıdır. Digər üç rayonda sarı gil çox olduğuna görə, dulusçuluqdan istifadə edilir. Lerikdə, Masallıda, Lənkəranın dağ kəndlərində yun çox olduğu üçün xalçaçılıq, palaz və kilim, cecim toxunması geniş yayılıb. Yəni toxuculuq evdar qadınların əsas məşğuliyyəti olub. Hazırda kilim toxuma Lerikin bir-iki kəndində qalıb. Cecim xalçadan fərqləndirən cəhətlərdən biri onun hanada yox, yerdə toxunmasıdır. İndi cecim Lerikin Pirəsora kəndində toxunur. Vaxtilə isə bu sənət talış zonasında çox geniş yayılmışdı. Bu sənətin sıradan çıxmasının səbəbi onu yaşadan qocaların  dünyasını dəyişməsi, cavanların isə öyrənməyə marağının az olmasıdır. Ona görə də, bu gün talış kəndlərini gəzsək çox az evdə bu ənənənin yaşadğını müşahidə edə bilərik.

Dəmirçilik də talışların xüsusi sənət sahələrindəndir. Bu gün dəmirçilik Lerikin bir sıra kəndlərində qalıb. Dəmirdən əsasən at nalı hazırlandığına görə, dağ kəndlərində sakinlər bu peşəni hələ də qoruyur.

Hər corabın öz sahibi

Bir vaxtlar evdə istifadə olunan xonça, qab-qaşıq da ağacdan hazırlanırdı. Taxtadan xüsusi ustalar tərəfindən hazırlanan beşik nəsildən-nəslə ötürülür. Bir çox ailələrdən illər əvvəl hazırlanmış həmin beşiklər yenə də saxlanılır. Əzgil ağacından əsa (çəkil) hazırlanır, ağacı odda yandırıb qabığını soyurlar. Bu zaman o, qırqırmızı rəngdə olur, xüsusi rənglənmiş kimi görünür.

Talışlarda toxunma corablar da bir ənənənədir. 20 növ corab toxuyarlar, bu corablar yundan toxunur, həmin yun həyətdəki müxtəlif bitkiləri suyuna çəkilərək rənglənir. Bu corabların növlərinin fərqli olmasının səbəbləri var. Məsələn, tirmə corabları yalnız kişilər geyinir, naxışlı, dizə qədər olan corabları ancaq qadınlar geyinir, qocalar isə saya corablar geyinir ki, onlar ağ və ya qara yundan toxunur, demək olar ki, əlavə rəng vurulmur.

Talış qadını

Talış qadını daim həyat yoldaşının köməyində durar. Məsələn, köçəri həyat yaşayan ailələrdə qadın da kişi ilə birlikdə mal-qaraya baxıb. Oturaq həyat tərzi yaşayanlar isə əsasən evdar olur və sənətkarlıqla məşğul olurlar. Corab, cecim, kilim toxuyurlar. Talış qadınlarının geyimləri də xüsusi olub. Saçların görünməməsi üçün başa dilgə bağlayır. O əldə hazırlanır, üstündən ipək şal, yaylıq örtürdülər. Gəlin köçəndə də qızların başına dilgə bağlayıb, üstünə örpək örtürdülər.

Gəlinin ardınca evə yad girməz…

Talışların toy mərasimləri bir ay əvvəldən başlayır. 40 gün sonraya qədər isə gəlin bəd nəzərdən qorunur. Lakin əvvəlcə nişandan başlayaq. Nişan mərasimi olandan sonra qız evi oğlanı qonaq çağırır. Bunun səbəbi həm onun qohumlarla tanışlığı, həm də ailə üçün məhrəm olması üçündür. Bu qonaqlıqdan sonra oğlan rahatlıqla nişanlısının evinə gələ, qızı görə bilir. Azərbaycanlı gənc nişanlısını görmək üçün saatlarla bulaq başında gözləyirsə, talış oğlan rahatlıqla qızın evinə gedib onu görür.

Toya bir ay qalmış qız evində çal-çağır başlayır. Qadınlar, qızlar hərəsində 5-6 nəfər olmaqla iki dəstəyə bölünür. Öndə gedənin əlində nağara olur. Beləliklə ard-arda dəstələr nağara çalıb, mahnı oxuyur. Bir ay rəzində hər gün toya hazırlıq mərasimlərini bu rəqslər və mahnılar müşahidə edir.

Gəldik çıxdıq, toy gününə. Talışlar gəlini at belində, başına qırmızı duvaq örtüb aparırlar. Bu ənənə bir çox dağ kəndlərində indi də qalmaqdadır. Atın başına xüsusi bəzək hazırlayırlar. Toy ərəfəsi at yarışı edilir. Gəlin evə çatanda hamı qapıya çıxıb onu qarşılamalıdır. Qurban kəsir, ayağının altında boşqab sındırırlar. Bu ənənə də bir çox kəndlərdə qalıb, ancaq əksəriyyəti müasirləşib, gəlini maşınla gətirirlər. Gəlini həyətdə qarşılayan bütün qohumlar ona necə davranacaqları barədə vəd verir, arzularını deyib, içəri dəvət edirlər. Gəlin evə girəndən 3 gün sonraya qədər ailə üzvlərindən başqa kənar adam içəri buraxmazlar. 40 gün ərzində isə gəlin insanlarla az ünsiyyətdə olur ki, bəd nəzərdən qorunsun.

Əvvəllər talış toylarında nə nağara, nə də qarmon olub, gəlini zurna ilə aparardılar. Toy isə balabanla keçərdi. Bu adət indi də bəzi kəndlərdə qalıb. Bəzi talış kəndlərində gəlini aparanda onun beşiyini də cehiz kimi göndərirdilər.  Bu da doğulacaq uşaqların beşiyinin kənardan gəlməməsi üçündür.

Dəfndən sonra evə gəlməzlər

Toyla yas qardaşdır deyiblər. Toylardan danışdıqsa, yaslara da nəzər salmalıyıq. Əvvəldən qeyd edək ki, talışlarda yas azərbaycanlılardan çox da fərqlənmir. Lakin bəzi nüanslar var ki, onlar fərqli təşkil edilir. Məsələn, Lerikin bəzi kəndlərində ölünü dəfn edəndən sonra heç kim yas evinə gəlməz. Bir də üçü günü gəlib, başsağlığı verib gedirlər. Bəzi kəndlərdə isə ölən günü də, üçündə də gəlib ehsan yeyirlər.Talışlar da ölən şəxsin adını  nəvələrə qoyaraq yaşadır.

Dörd bacının yaratdığı qrup

“Giləvo”, “Kinənim, kinənim” (Qızım,qızım), “Tolişo kinə” (Talış qızı), “Tıd simo dilbər” (Sən mənim dilbərimsən) mötərizədə izahını yazdığım, ilk oxunuşda heç nə anlamadığınız bu sözlər talış dilində sevimli mahnılarının adlarıdır.

Lənkəran Separadi kəndində 4 bacının yaratdığı “Nənələr”qrupu bizim üçün qəribə görünən bu mahnıların yaşaması üçün çalışır. Qrupun üzvü Gülbəzər Kərimovanın anası və xalalarının yaratdığı bu qrupu, bu gün yaşadanlardandır. Onun sözlərinə görə, qrupun yaranma tarixi bəlli deyil, təxmini bilirik ki, 55 ildən çoxdur qrup fəaliyyət göstərir: “Anamın atası müharibəyə gedənə qədər 4 qızına talış mahnılarını öyrədib. Onlar da illərdir bu mahnıları yaşadırlar. Toylara, tədbirlərə gedirlər, təxminən 40 ildir ki, efirə çıxırlar. İlk dəfə qrup 4 bacı və onları qohumlarından iki nəfərlə birlikdə yaradılıb”.

Həmin bacılar dünyasını dəyişib, indi qrupda onları qızları əvəz edir. Xanabacı və Qızbəs nənə qrupun ən yaşlı üzvləridir. İndi də qrupda 6 üzv var, amma say arta bilər. Bunun üçün də qrup üzvləri öz yaxın qız, gəlinlərinə öyrədirlər. Bu vaxta qədər qrup üzvləri yalnız qohumlar olub, sənətin sirləri nəsildən-nəslə ötürülüb. İndi də qrup üzvləri hamısı bacı, xala, əmi qızlarıdır. Bununla yanaşı nənələr bağçaların birində də balaca qızlardan ibarət qrupa mahnıları öyrədirlər. Əsasən qədim mahnılar oxuyurlar, qrupun yaşlı üzvləri özləri mahnı qoşurlar. Lənkərana gələn hər bir xarici telekanalların hazırladıqları materialda mütləq nənələrə yer ayırır.  Qrupda ən balaca nənənin 48 yaşı var, o da anasını əvəz edir. İndi qrupda iki bacı, iki bacıqızı, ikisi də qardaş yoldaşıdır.

Nənələr qrupunun ilk adı “Bacılar” olub. Bacılar qocalandan sonra Lənkərandakı tədbirlərin birində Heydər Əliyev onları dinləyəndə qrupunun adının Nənələr kimi əvəzlənməsini deyib. Ondan sonra qrupun adı dəyişib.

Bu gün qrup üzvləri əsasən gününü ev, təsərrüfat işləri keçirirlər. Bekar olanda nənələr zəngləşib bir yerlə toplaşıb, məşq edirlər. Talış dili ilə yanaşı, Azərbaycan, ingilis dilində də mahnı oxuyurlar. Qrupun qazancı isə toylardandır. Kəndlə yanaşı, rayon, hətta Bakıda da toylara gəlirlər.

Talışların mədəniyyətlərini yaşatdıqları  Astara və Lənkəran rayonlarında Talış folklor qrupları, Talış mədəniyyət mərkəzləri var. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir