kino

Tamaşaçıları “yay intizarı”na salacaq seriallar

Baxış sayı: 1. 424

Məqalələrin birində oxumuşdum ki,  seriallar bir tərəfdən kütləvi mədəniyyətin fenomenidirsə, digər tərəfdən real həyata təsir alətidir. Əvvəllər evdar xanımların asudə zamanları üçün nəzərdə tutulan seriallar indi yeniyetmələr, gənclər, hətta yaşlı nəslin nümayəndələrinin də diqqətini cəlb edib. Ümumi götürdükdə, “biz yerli seriallara baxmırıq” deyən tamaşaçının fikirləri ilə reytinq göstəricilərinin üst-üstə düşmədiyinin şahidi oluruq.

Yerli seriallarımızla bərabər, dünyaya açılan peyk antenalar nəticəsində türk seriallarını da çox izləyirik. Belə ki, son  5 ildə Türkiyədə çəkilən seriallar nəinki qonşu dövlətlərə, hətta uzaq ölkələrə qədər gedib çıxır, yüksək məbləğdə satılır da. Odur ki, bizim tamaşaçılarımız da türk seriallarını izləməsində təəccüblü nəsə axtarmağa dəyməz.

Növbəti həftədən etibarən Türkiyədə nümayiş olunan seriallar mövsüm sonuna çıxmağa hazırlaşırlar. Artıq əksər seriallarla bağlı verilən anonslarda növbəti həftədən nümayiş olunmayacağı, tamaşaçıların payıza qədər intizarda qalacaqları bildirirlər. Bir çox sevilən Türkiyə filmlərinin isə elə üzümüzə gələn həftədən başlayaraq final bölümü göstəriləcək. Azərbaycanda da türk seriallarının kifayət qədər tamaşaçısının olduğunu nəzərə alaraq, bu mövsüm başa vuran, amma gələcək mövsümdə davam edəcək serialları nəzərdən keçirdik.

 

 Zamanından öncə bitən seriallar

İlk olaraq daha tez final bölümü  ilə tamaşaçılarla vidalaşan serialları araşdırdıq. Onlardan “Siyah İnci”, “Kalp Atışı”, “Meryem”,  “Kırgın Çiçekler”, “Kalbimdeki Deniz”, “Bahtiyar Ölmez”, “Şevket Yerim Dar”, “Yuvamdaki Düşman”, “Börü”, “Kızlarım İçin”, “Gülizar”, “Bir Mucize Olsun”, “Tehlikeli Karım”, “Servet”, “Mehmed ‘Bir Cihan Fatihi” kimi serialların adlarını çəkmək mümkündür. Bu seriallar final bölümünü yayımlamaq üçün mövsüm sonunu gözləmədilər.

 

6 serialın finalı olacaq

Araşdırmamız zamanı öyrəndik ki, bu mövsüm Türkiyənin 6 məşhur serialı finala hazırlaşır. Onlardan bizim də sevərək izlədiyimiz  “Eşkiya dünyaya hükümdar olmaz”, “Vatanım sensin”, “İstanbullu gelin”, “Siyah beyaz aşk”, “Aslan Ailem”, “Fazilet hanım ve kızları” seriallarını misal gətirə bilərik. Hansı ki, bu seriallar bir neçə il bundan öncə yayıma başlamış, çox böyük reytinq yığmışdı. Rejissorlar serialları bu ildən artıq uzada bilməyəcəklərini, əks təqdirdə  serialların reytinqinin aşağı düşəcəyini proqnozlaşdırırdılar.

İyunun 9-u uzun müddətdir ki, davam edən “Fazilet hanım ve kızları” serialının final bölümü nümayiş olunacaq. Elə həmin gün “Vatanım sensin” serialının da final bölümü tamaşaçılara təqdim olunacaq.

 

Yeni mövsümdən davam edəcək seriallar

2018-ci ilin əvvəllərində qadının mübarizəsini və haqsızlığa sinə gərməyindən bəhs edən, Osman Sınavın rejissorluq etdiyi “Sen anlat Karadeniz” serialı isə növbəti mövsüm davam edəcək seriallardandır. Növbəti mövsüm “Mehmed Bir Cihan Fatihi”, “Kadın”, “Ufak Tefek Cinayetler”, “Diriliş Ertuğrul”, “Arka Sokaklar”, “Savaşçı” “Avlu”, “Aşk ve Mavi”, “Çocuklar Duymasın”, “Bizim Hikaye” də davam edəcək.

Yeni mövsümdə də ekranlarda olacaq seriallardan biri “Eşkiya dünyaya hükümdar olmaz” serialının bir növ davamı sayılan və eyni janrda çəkilən, kifayət qədər də tamaşaçı sevgisi qazanan “Çukur”du.  Əsasən yeniyetmə və gənclərin diqqətini çəkən serialda növbəti mövsümdə əlavə obrazların da daxil olacağı qeyd edilir.

Çəkilişləri 2014-cü ildən başlayan “Diriliş Ertuğrul” serialı da sentaybr ayında 5-ci mövsümü ilə tamaşaçıların görüşünə gələcək. Bu arada “Ufak Tefek Cinayetler”də öldürülən obrazlar bəlli olub. Ekran işinin mövsüm finalında dənizdən çıxan qadın cəsədinin Elif, ilk seriyada pəncərədən atılan şəxsin isə Edip olduğu ortaya çıxıb. Bəs qatil kimdir? Bu sualın cavabı isə serialın ikinci mövsümündə bəlli olacaq. İkinci mövsümün tizeri isə Türkiyə tarixində ilk dəfə olaraq mövsüm finalından sonra yayımlanıb. Tizer sosial mediada böyük səs-küy yaradıb. İddialı prodakşn işi, möhtəşəm kostyumlar və sarsıdıcı görüntüləri ilə fərqlənən tizerin çəkilişi üçün hovuz dekoru düzəldilib. Anonsda yer alan bütün kostyumlar özəl olaraq tizer üçün dizayn edilib və tikilib.

Onu da qeyd edim ki, bu mövsüm Türkiyə telekanallarında “8. Gün”, “Tehlikeli Karım” və “Fi” serialları da nümayiş olunub. Ancaq bu seriallar o qədər də reytinq gətirməyib.

Vurğulayım ki,  “8.Gün” serialı 6 bölüm yayımlandıqdan sonra final bölümü nümayiş olundu. Səbəb isə serialın kifayət qədər tamaşaçı toplaya bilməməsi idi. Halbuki, öncədən verilən proqnozlarda filmin çox baxımlı  olacağı qeyd edilirdi. Serialda hər nə qədər məşhur simalar rol alsa da, proqnozlar özünü doğrultmadı.

Danılmaz faktdır ki, yuxarıda adlarını qeyd etdiyim seriallar Azərbaycan tamaşaçıları tərəfindən də izlənilir və sevilir.  Türkiyənin son 5 ildə kino və teleserial sektorunda böyük uğurlar əldə etməsi də xüsusi diqqət çəkir. Nəinki Azərbaycanda, həmçinin qeyr-müsəlman ölkələrdə də bu teleseriallar sevilir. Təsadüfi deyil ki, türk serialları bu gün 50-dən çox ölkəyə satılır.

Türk teleseriallarının ən önəmli xüsusiyyəti tamaşaçıya xoş gələ biləcək yeni üzlər tapmasıdır. Eyni zamanda, geniş kütlələrə xitab edən, onların hisslərinə tərcüman olan mövzuları ələ almasıdır. Maddi sıxıntılar yaşayan kəsimlərin eşqləri, gündəlik problemləri, həyata baxışları bu teleseriallarda geniş şəkildə işlənmişdir. Diqqət etsək, görərik ki, bu mövzular yalnız türk xalqını düşündürən mövzular deyildir. İnsanlığın ortaq dərdləri, gündəlik qayğı və macəraları, eşqləri təbii ki, bu teleserialların ortaq mövzulardır.  Seriallardakı xarakterlər əlbəttə ki, milli dəyərləri və mədəniyyəti əks etdirir. Amma bununla yanaşı, həm də insanlığa aid olan ümumi dəyərləri qabardır.

 

XƏYALƏ RƏİS






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir