Gultac Alili

Tanınmış aktrisa: “Uşaqlarımın hər ikisi məni atalarına qısqanırlar”

Baxış sayı: 1. 753

“Mənim balam” rubrikamızın qonağı Azərbaycan Dövlət Musiqili Teatrının istedadlı aktrisası, dəfələrlə “İlin ən yaxşı aktrisası” seçilən Gültac Əlilidir. Tanınmış aktyor Hüseyn Əlili ilə ailə həyatı quran aktrisanın 2 oğul övladı var. Kişik oğlu Mironur yaşyarımlıqdır. Böyük  oğlu Miruğurun isə 5 yaşı var.
Aktrisa bizimlə söhbətində uşaqlarından və onların təlim-tərbiyəsindən danışdı.

– Övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz?
– Valideynlərim məni hansı üsulla tərbiyələndiribsə, mən də övladlarımı həmin üsulla tərbiyələndirirəm. Şükürlər olsun ki, valideynlərimin tərbiyəsindən bəhrələnib, bu gün əxlaq normalarına yüksək səviyyədə cavab verə biləcək şəxsiyyət kimi formalaşmışam. Çalışıram ki, uşaqlarımı həmin üsulla tərbiyələndirim. Övladlarıma hər hansı bir şeyi sözlə başa salmağa çalışıram. Onların təlim-tərbiyəsində xüsusi bir üsulum yoxdur.

– Oğlan uşağını saxlamaq çətindir deyirlər. Evdə 3 kişi ilə yola getmək asandırmı?
– Elədir. Oğlan uşağını saxlamaq çətindir. Birinci oğlumdan sonra çox istəyirdim ki, qızım olsun. İndi sevinirəm ki, nə yaxşı, mənim iki oğlum var. Qızı böyütmək bir az çətindir. Qızın həyatında hər hansı bir uğursuzluq olanda bütün həyatına təsir edir. Qız anası olmaq valideyndən böyük məsuliyyət tələb edir.

– Övladlarınız sizi qısqanırmı?
– Bəli. Əvvəllər Uğur məni kiçik oğluma qısqanırdı. Biz Hüseynlə bərabər ona hər şeyi başa saldıq. Uşaqlarımın hər ikisi məni atalarına qısqanırlar.

– Yoldaşınız övladlarınızın təlim-tərbiyəsi ilə məşğul olurmu?
– Hesab edirəm ki, mənim lotereyama cek-pot düşüb. Hüseyn mənim cek-potumdur. O olmasaydı, bilmirəm, uşaqlarımı necə böyüdərdim. Hüseyn mənə çox kömək edir. Çevrəmdəki insanlar mənə deyirlər ki, heç zaman şikayətlənməyim. Çünki mənim Hüseyn kimi həyat yoldaşım var. Kiçik oğlum elə hesab edir ki, onun anası Hüseyndir. Hətta onun ilk sözü “ata” oldu. Biz ona nə qədər “ana” sözü öyrətsək də, o yenə də ata deyir. Hüseyn uşaqlara maksimal qayğı göstərir. Təsəvvür edə bilmərəm ki, həyatda Hüseyn kimi övladlarına qayğı göstərən ikinci bir ata var. O, atalığın məsuliyyətini dərk edir və o şəkildə övladlarına can yandırır. Böyük oğlum xasiyyətcə atasına oxşayır. Çox ağıllı, tərbiyəli və sakit uşaqdır. Kiçik oğlum isə tamam fərqlidir. Hüseynlə müqayisədə mən çox çılğın insanam, hisslərimi tez büruzə verirəm. Hüseyn çox təmkinli, sakit, hadisələrə sakit yanaşan insandır. Uğur emosionallıqda bir az mənə oxşayıb.

– Uşaqların müasir texnologiyalara münasibəti necədir, onları planşetlərdən uzaqlaşdıra bilirsinizmi?
– Uğur telefona, planşetə çox meyillidir. Ancaq biz ona planşet almamışıq. Gün ərzində saatlarla cizgi filmlərinə baxır. Mən ona heç zaman telefon vermirəm. Rəfiqələrimin uşaqları evdə Vİ-Fİ olmasa, ağlayıb anaları ilə dalaşırlar. Onları görüb dəhşətə gəlirəm ki, valideyn uşağı ilə bacarmır. Şükürlər olsun ki, ailəmizdə belə hallarla rastlaşmırıq. Uşaqlarımızın öhdəsindən gəlirik.

– Uşaqlarınızın sənətinizi davam etdirməsini istəyirsinizmi?
– Səmimi deyim ki, istəmirəm. Çünki biz çox əziyyət çəkirik. Əgər mənim övladım atası kimi, ya da mənim kimi həvəsli olsa, görsəm ki, övladımın istedadı korlanır, onu oxumağa, alim olmağa məcbur etmərəm. Elə valideynlər var ki, güc-bəla ilə mahnı yazdırıb uşaqlarını efirə çıxarırlar, ona məcbur şeir dedirdirlər. Axı bu, uşağın canında-qanında olmalıdır. Quyuya su tökməklə quyu dolmaz. Mən onların seçimlərinə qarışmayacağam. 18 yaşına kimi onlara nəyin doğru, nəyin yanlış olduğunu izah edəcəyik. Bundan sonra özləri qərar verəcəklər. Yəni demirəm ki, onların avaralara qoşulmasına şərait yaradarıq. Oğlanlarımın atdığı hər addımda yanlarında olacağam. Biz onlar üçün yaşayırıq. Bizim uşaqlarımız sevgi ilə böyüyür. İdeal ailə yoxdur. Hər kəsin evində söz-söhbət olur. Ancaq biz övladlarımızın yanında heç zaman mübahisə etməmişik. Nəinki mübahisə etmək, uşaqlarımız, bir-birimizlə yüksək səslə danışmamışıq.

– Siz daima gündəmdə olan, teatr səhnəsində maraqlı obrazları ilə tanınan simalarsınız. Həm gündəmdə olmağı, həm də iki uşağı ailədə idarə etməyi necə bacarırsınız?
– Çox çətinliklə. Böyük oğluma 4 yaşına kimi nənəsi baxdı. İndi ikisinə də özüm baxıram. Kiçik övladıma dayə baxır, böyüyünü bağçaya qoyuram. Nə qədər dayəyə etibar etsəm də, heç bir dayə uşağa valideyn kimi qayğı göstərmir. Kim ki övladını bağçaya qoymur, o, yanlış düşünür. Bağça uşaqların inkişafında, özlərini təsdiq etməsində böyük rol oynayır. Bağçaya gedən uşaqlar dostluq etməyi, kollektivlə münasibət qurmağı bacarır.

– Qadınlar ailə qurana qədər sevgilərini gələcək həyat yoldaşlarına verirlər. Övlad olandan sonra isə bütün sevgi uşaqlar arasında bölünür. Sizin ailədə də elədirmi?
– Hesab edirəm ki, qadınlarda belə hal ilk övladdan sonra baş verir. Çünki ilk dəfə analıq yaşayırsan və çox həyəcanlı olursan. Düşünürsən ki, bu necə bir mükafatdır ki, Tanrı bunu mənə bəxş edib. Bir də baxırsan ki, övlada diqqət həyat yoldaşından çox olur. Hüseyn bu məqamda da məni çox gözəl anladı. Onun övladına olan sevgisi aşırı dərəcədədir. Hərdən deyir ki, sən necə anasan, uşağı valideynlərinin yanına göndərmisən. O, heç zaman sevgimi paylaşdığımı üzümə vurmadı. Hüseyn çox ailəcanlı biridir. İşdən tez çıxanda düşünürəm ki, oğlumu tez bağçadan götürüm ki, onlarla daha çox ünsiyyətdə olum. Övladlarımla aramda böyük bir bağ var. Günün çox hissəsini ailəmə ayırıram. Çünki onlar mənimçün çox dəyərlidirlər. Hüseyn hər axşam uşaqları parka aparıb gəzdirir və bunu mütləq hesab edir. Çalışdığımız qədər istəyirik ki, onlara hər şeyin ən yaxşısını edək, heç nədə geri qalmasınlar. Ancaq sərhədləri aşmırıq. Övladlarımız “yox” nədir, bilirlər. Elə bir məqam gələr ki, onların istədiyi nəyisə biz ala bilmərik. Böyük oğluma nəsə alanda, o, təşəkkür edib minnətdarlığını bildirir.

– Uşağı tərbiyələndirmək üçün döyürsünüzmü?

– Düzünü desəm, bir-iki dəfə Uğuru döymüşəm. O da ki, başqa birinə hirslənmişəm, heyfimi övladımdan çıxmışam. Sonra da peşman olmuşam. Ancaq bundan sonra onu qucaqlayıb öpməmişəm. Çünki bilirəm ki, bu, uşağın tərbiyəsinə pis təsir göstərir. O, məndən üzr istəyib, mən də ürəyimə daş basıb kənarda ağlamışam. Oğlumu cəzalandırmaq üçün küncə qoyuram. Mənim valideynlərim də bizi küncə qoyub və nəticə göz qarşısındadır.
 

– Oğlunuz sizi səhnədə izləyirmi? 
– Mütəmadi olaraq tamaşalarımıza gəlir və tamaşaçı qismində bizi izləyir. Tamaşa bitən kimi yanımıza gəlir. Bizim dediyimiz monoloqları əzbər bilir. Uğur bir-iki dəfə bizimlə verilişə də çıxıb. Əslində özünü elə göstərir ki, guya verilişə çıxmaq istəmir. Bilirsiniz, onun canında nələr var. Balaca aktyordur mənim balam (gülürük -red).

Kaspi.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir