Səhərin yarıyuxulu vəziyyətində bizə bol enerji verən verilişlər adətən səhər proqramlarıdır. Aparıcıların bir-birindən maraqlı söhbəti, hazırlanan sujetlər və ab-havanın yüksək olması insanın enerji çatışmazlığını tamamlayır. İctimai televiziyanın efirində yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin gülərüz aparıcısı Aynur Fətullayevanın bu sahədə yeri danılmazdır. Səhərimiz onun ötürdüyü isti münasibətlə açılır, xoş söhbətləri ilə günə müsbət əhval-ruhiyyə ilə başlayırıq. Bu yaxınlarda sevimli aparıcının doğum günü idi. Biz də bu münasibətlə Aynur Fətullayeva ilə həmsöhbət olduq.
– Aynur xanım doğum günününüzdə özünüzə nələri arzu edirsiz?
– Əvvəl arzularım fərqli idi, indi tamam fərqli. Son illərdə dünyada yaşananlar, o cümlədən pandemiya, müharibələr mənə növbəti il üçün salamat dünyanı, sağlam yaşamağın nə demək olduğunu öyrətdi. Həyatın hər anının dadını çıxarmağın vacibliyini bildirdi. Hətta nəfəs alanda belə deyirəm ki, həyat var, yaşayıram. İndi ağaca, gülə, yaşıllığa baxıb təkcə zövq almıram, anlayaraq yaşayıram, hiss edirəm. Bu həm yaxşı hissdir, həm də məni bir az qorxudur. Məşhur filmdə deyir, “əjəl mi məni girriyir” (gülür). Əgər nəfəs alırsansa, sağlam canla sabahı açırsansa, əzizlərin, doğmaların, işin hər şey yaxşıdırsa, hədəflərinə doğru gedirsənsə həyat gözəldir.
– Doğum günü münasibətilə sizi ilk kim təbrik etdi?
– Həmişə ilk təbriki anam edir. Ən gözəl təbrik də anamdan gəlir. Mən doğum gününü sevən adamam. Saat 12 olan kimi təbriklər gəlir. İnandırım sizi, bu il bir-iki gün əvvəldən təbrik etməyə başlayıblar və hələ də ara-sıra təbriklər gəlir. 40 gün 40 gecə məsəli doğum günü keçirirəm (gülür).
– Müsahibələrinizdə demisiniz ki, həyatda hər şeyi axarına buraxan, dostluqda, münasibətdə sadiq və utancaq birisiniz. Amma utancaqlıqla “aparıcılıq” yanaşı işlənmir deyirlər, bunu necə bacarırsız, ən azından bacarmasaz tamaşaçı sevgisi olmazdı, elə deyilmi?!
– Hə, tərs-mütənəsib məqamlardır, heç necə bacarıram bilmirəm. Uşaqlıqdan sakit uşaq olmuşam indi də sakit təbiətli, utancaq biriyəm, dəyişməyə çalışmışam ancaq alınmayıb. Amma kamera işıqları yandısa Aynur o komplekslərdən arınır, qarşısındakı qonaqla sərbəst olur. Səhnə və efir mənim özümü rahat hiss etdiyim yerdir.
– Aynur Fətullayeva özünü bir cümlə ilə necə ifadə edər?
– Nə çətin sual oldu. Hətta bir cümlə ilə… Bununçün gərək mən bir həftə düşünüm (gülür).
– Son zamanlarda aldığınız hansı şad xəbər sizi hədsiz sevindirib?
– Mənimçün çox möhtəşəm xəbər elə ad günümdə oldu. Bacım aktrisadır, ona Prezident mükafatı verildi, artıq ikinci dəfədir bu mükafata layiq görülür. Elə doğum günümdə zəng etdi ki, səni təbrik edirəm, gözün aydın olsun Prezident mükafatı aldım və bu mənimçün ən gözəl hədiyyə idi.
– Nə isə alınmayanda deyirlər “xeyirlisi bu imiş”, bəs Aynur Fətullayeva həyatı necə dərk edir, bu kimi deyimlərə inanırsınızmı?
– Xeyirlisi bu imiş deyimindən hardasa razıyam, hardasa yox. Hər şeyə xeyirlisi bu imiş deyib əl çəkmək də düzgün deyil. Allah deyir: “Səndən hərəkət, məndən bərəkət”. İnsan da gərək cəhd göstərə, hərəkət edə. Bir kənarda oturum gözləyim ki, hə xeyirlisi olsun. Halva-halva deməklə ağız şirin olmur. İnsan özü çalışmalı, cəhd etməlidir. Buna inanan adamam.
– Bir az da sizin aparıcılıq fəaliyyətinizdən danışaq. Məlumdur, səhər verilişləri nə qədər xoş əhval-ruhiyyəli olsa da bir o qədər də yuxusuzluq, gərginlik, bir az da ailə problemləri… Bunun öhdəsindən necə gəlirsiz?
– Mənim motivasiyam işimdir. İnanın, efirdən nə qədər yorğun çıxsam da desinlər ki, ikinci veriliş başlayır, bütün enerjimi toplayıb yenidən işə başlayaram. İşdən kənarda yorğun oluram, ancaq efirdə həmin Aynuru görə bilməzsiniz.
– Sizcə, tamaşaçı öz aparıcısını, sevimli kanalını nəyin üzərindən seçir? Nələrin olması mütləqdir ki, auditoriya məhz həmin telekanalı və ya aparıcını seçsin?
– Hər tamaşaçının öz zövqü, marağı var. Amma məni sevən tamaşaçıdan söhbət gedirsə, həmişə sadə və səmimi olmuşam. Məncə, məni sevənlər buna görə sevir. Öz dediyinə, özün inanmalısan. Bunu mənə hələ təzə başlayanda həmkarım Saleh Bağırov demişdi. Belə olan halda dediyin sözü ötürə biləcəksən. Gənclərə də məsləhət verərdim ki, özlərinə, öz sözlərinə inansınlar.
– Sizdən sonra gələn jurnalistlər üçün nə məsləhət verərdiz? Ən çox nələrə diqqət etsinlər?
– Düşünürəm ki, gələn yeni nəsil çox güclüdür. Çünki bu dövr texnologiya dövrüdür, əliniz hər yerə çatır. Mən indiki gəncliyi daha çox özünə güvənən, iddialı, arzularının dalıyca addımlayan görürəm. Bu məni sevindirir. Tövsiyə edirəm, işlərini sevsinlər, arzularını qucaqlasınlar və xəyal qursunlar.
– Xəyal dediniz, xəyallarınızla nələrə nail olmusuz?
– Mən indi yaşadığım hər şeyin vaxtında xəyalını qurmuşam. Xəyallarımı yaşadığım anlara gəldikdə deyirəm həə bax bunu xəyal etmişdim. Məsələn hansısa sənətkarı xəyal etmişəm ki, mənim verilişimin qonağı olsun, ondan müsahibə alım. İllər keçib həmin adam qonağım olub, müsahibə də almışam ona da bildirmişəm ki, mən bunun xəyalını qurmuşam.
– Aynur xanım, ən çətin təcrübəniz nə olub?
-Mən bu işə başlayanda çox inamlı başlamışam. Özümdən o qədər əmin idim ki, bunu bacaracam. İnamlı olanda insan nəyi desən edər. Ən çətin təcrübəm… Bəlkə də, hələ olmayıb. Güclü adamam çünki. Çətin çıxılmaz vəziyyətə belə müsbət tərəfdən baxa bilirəm. Hansısa çıxış yolunu tapa bilirəm.
– Motivasiyadan düşdükdə, həyata qarşı fikirləriniz mənfi olduqda kim və ya nə sizin qollarınızdan tutur və deyir ki, sən bacaracaqsan, dayanma!
– Dünyada ən güclü motivasiya mənbəyim anamdır. Bütün çətin anımda onun yanına qaçmışam. Bəlkə, hamı üçün anası elədir, ancaq mənim anam qədər insana motivasiya verəcək ikinci bir şəxs tanımıram. Bu gün nə uğur qazanmışamsa, özümə inanmışamsa bunu kökündə anam dayanır. Səninçün böyük görsənən problem onun dəstəyi ilə gözündə kiçikləşəcək. İkinci motivasiyamsa özüm və işimdir. Çünki özümə, uğuruma, bacaracağıma inanıram.
– Sizcə, Aynur Fətullayevanın güclü və zəif tərəfləri nələrdir?
– Güclü tərəflərim daha çoxdur. Özüm, keçdiyim müəyyən yol…Ən güclü tərəfim səbrli olmağımdır. Düşünürəm ki, çox da səbrli olmaq lazım deyil. Müəyyən məqamlar var ki, bir vaxtdan sonra yaxşı mənada yumruğu vurmaq lazımdır (gülür). Zəif tərəfim tez ruhdan düşməyim, utancaqlığımdır. Bu dəqiqə başqa cür olub, iki dəqiqə sonra tamam başqa əhvalda ola bilirəm. Sizə həyatda daim güclü qalmağı arzu edirəm, müsahibə üçün təşəkkürlər.
Ləman Abbaslı
BDU, Jurnalistika fakültəsinin tələbəsi