Qeyri-adi səsi, mükəmməl diksiyası, xarizması ilə hər kəsi özünə valeh edib. Uşaqlıqdan ölkədə və dünyada baş verən yenilikləri onun səsi ilə dinləmişik. Əfsanəvi səs sahibinin – Azərbaycan Milli Televiziyasında “Günün ekranı” xəbərlər proqramının məşhur diktoru, xalq artisti Sabir Ələsgərovun keçmişinə nəzər salaq…
“Anamı görməmişəm”
S.Ələsgərov 1937-ci ildə Tiflisdə anadan olub. Gülər üzü, xoş siması ilə tanınan diktor ana qayğısına, nəvazişinə həsrət böyüyüb: “Mən altı aylıq olanda anam rəhmətə gedib. Anamın üzünü xatırlamıram. Tiflisdə doğulsam da, anam qazaxlı idi. Qazaxda nənəm-babamla yaşamışam. Orada böyüyüb orta məktəbi də Qazaxda bitirmişəm”.
Balaca Sabir çox sakit və mülayim xasiyyətli olub: “Uşaqlıqda çox sakit idim. Əqrəb bürcüyəm. Əqrəblər iki cür olur. Biri əsəbiləşəndə başqasını, digəri isə özünü sancır. Mən həmişə özümü sancanlardanam. Heç vaxt başqasını sanca bilmirəm. Sakit təbiətli, mülayim adamam. Məni həmişə yumşaq, həlim xasiyyətimə, sadəliyimə görə seviblər”.
Alın yazısı
Diktor olacağını ağlına belə gətirmədiyini deyən müsahibimiz hesab edir ki, bu sənət onun alın yazısıdır: “Ağlıma da gəlməzdi ki, diktor olacağam. 1961-ci ildə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirdim. O vaxt rayonlarda müəllim çatışmazlığı vardı, biz rayonda işləməliydik ki, diplom alaq. Mən də öz rayonumuz olan Qazaxı seçdim. Bir il işləyəndən sonra Bakıya qayıdıb diplomu aldım. Onda dayım Azərbaycan radiosunda çalışırdı. Dayıma qardaş deyirdim. Qardaşımın yanına gəldim ki, mənə radioda bir iş tapsın. O məni kadrlar şöbəsinə apardı və mətn oxudub məni yoxladılar. Həmin ərəfədə diktorların müsabiqəsi keçirilirdi. Müsabiqədə iştirak etdim və 33 nəfərin içindən seçildim. Ən çox səsimi və diksiyamı bəyənmişdilər. Teymur Elçin məni təriflədi və dedi ki, səni Aydın Qaradağlı kimi diktor görmək istəyirəm. Amma sonuncu iş yerimi öyrənəndən sonra fikrini dəyişdi. Dedi ki, rus dili müəllimini biz işə götürə bilmərik, bununla bağlı Mərkəzi Komitənin qərarı var. Götürmədilər, işsiz qaldım. Radionun xəbərlər şöbəsinin müdiri Hacı Hacıyev məni ştatdankənar müxbir götürdü. Aydın Qaradağlı, Sabutay Quliyev, Fatma Cabbarova kimi böyük sənətkarlarla işləyirdim. Onlarla işləmək mənim üçün çox xoş idi. Onlardan öyrənə-öyrənə yetişdim. Yenidən diktor müsabiqəsinə qatıldım və seçildim. 6-7 il radioda işləyəndən sonra məni televiziyaya keçirdilər. 2006-cı ilə qədər aparıcı diktor vəzifəsində işlədim”.
“Yoldaşım qısqanc idi”
Televiziyaya çıxdıqdan sonra Azərbaycanın məşhur simalarından birinə çevrilib. Əsasən qadınların sevimlisi olan məşhur diktor həyat yoldaşının qısqanclığına tuş gəlməmək üçün onu bütün iş yoldaşları ilə tanış edib: “Həyat yoldaşım çox qısqanc idi. Toyda-məclisdə müğənnilər gəlib mənimlə öpüşüb-qucaqlaşırdılar, yoldaşım dəli olurdu. Deyirdi ki, bunlar səni niyə öpürlər? Dur, məni yola sal, gedirəm. Başa salırdım, anlamaq istəmirdi. Cavanlıq vaxtları idi də… Cəmiyyətdə hər kəsin diqqəti üzərimdə idi. Ailəmdə narahatlıq yaranmasın deyə bütün diktorlarla xanımımı tanış etmişdim. Yoldaşım xanım iş yoldaşlarımla yaxın münasibətdə idi, söhbətləri də yaxşı tuturdu. Sonra mənim məşhurluğuma o da alışdı və bizim bununla bağlı ciddi problemimiz olmadı”.
“Onu ilk görüşdə sevdim”
Sabir Ələsgərov sevib aşiq olduğu xanımla ailə həyatı qurub. Hətta sevgilisinə qovuşmaq üçün onu 4 il gözləyib: “Həyat yoldaşımla eyni institutda oxuyurduq. O, birinci, mən beşinci kursda oxuyurdum. Onu elə ilk görüşdə sevdim. Xalası qızı ilə münasibətim olduğu üçün istəyimi ona söylədim. O, bizi tanış etdi. Sonra elçi getdik. Amma atası dedi ki, institutu qurtarmamış qızı verməyəcəm, diplomunu alsın, sonra ailə qurarsınız. Qızımı indi aparsan, oxumağa qoymayacaqsan. 4 il nişanlı qaldıq. Mən səbrlə 4 il onun yolunu gözlədim. 1965-ci ildə evləndik. Çox gözəl, sarışın qız idi, yaşıl gözləri vardı. 9 ildir rəhmətə gedib. Onu itirəndən sonra elə bildim ki, dünyada tək qalmışam”.
“Orda mənim ayaq izlərim var”
Gənclik illərinin ömrün ən gözəl illəri olduğunu vurğulayan diktor deyir ki, əgər geriyə dönmək şansı olsaydı, o illəri yenidən yaşamaq istərdi: “Gəncliyimi geri istəyirəm. O illərin yerini heç nə vermir. Xanımımla keçirdiyim illərimi, televiziyadakı günlərimi geri istəyərdim.Televiziyada işləyən adam başqa yeri arzulaya bilmir. Aparıcı Rafiq Hüseynov həmişə deyirdi ki, televiziya işçisi balıq kimidir. Balığı sudan çıxaranda ölür. Televiziya işçisi televiziyadan ayrılırsa, başqa sənətdə işləyə bilməz. Birinci ailəm evimdə idisə, televiziya mənim ikinci ailəm idi. Az.TV mənim həm də evim olub. Orada mənim ayaq izlərim, xatirələrim var. Ömrümün 50 ilini televiziyaya vermişəm. Ən xoş günlərim, bütün gəncliyim orada keçib”.
Xatirələr…
S.Ələsgərov televiziya ilə bağlı xatirələrini də bizimlə bölüşdü: “Televiziya ilə bağlı xatirələrim çoxdur. Bir dəfə Şərqiyə Hüseynova ilə xəbərləri oxuyurduq. Birdən cərəyan yüksəldi, lampalar partladı və bizim üstümüzə tökülməyə başladı. Şərqiyə efir gedə-gedə operatorun üstünə qışqırdı ki, işıqları söndürün. Bir dəfə də Məşədi Əzizbəyov haqqında veriliş hazırlayırdıq. Gündüz məşq edirdik, axşam birbaşa efir idi. Verilişi mən, Davud Əhmədov və Roza Tağıyeva aparırdıq. Verilişdə Davudun ürəkdən gələn bir sözü var idi. “O, bir Səməndər quşu idi” deyirdi. Biz də həmin an başqa söz deyib gülüşürdük. Axşam efir vaxtı həmin an gəlib çatanda bizi gülmək tutdu. Roza xanımla başladıq gülməyə. Veriliş bitdikdən sonra Məşədi Əzizbəyovun qızı zəng vurdu ki, “bu nə hərəkət idi, eləyirdiniz. Sizdən şikayət edəcəm”. Mən günahımı boynuma aldım və üzr istədim. Mənə töhmət verdilər. Televiziyada belə hadisələr çox olurdu”.
“Bir-iki dəfə efirə çıxmaqla diktor olmur”
78 yaşında belə, əfsanəvi səsə sahib olan müsahibimiz sonda gənc aparıcılara məsləhət verdi: “İndi xəbərləri necə gəldi oxuyurlar. Bəd xəbər var, şad xəbər var, bunları eyni tonda oxumaq olmaz. Gərək səs tonunu dəyişəsən, mimikalarınla oynaya biləsən. Gənc aparıcılar alınma sözləri səhv tələffüz edir, vurğuları düzgün qoymurlar. Bir-iki dəfə efirə çıxmaqla diktor olmur. Aparıcı olmaq arzusunda olan gənclər mütləq öz üzərlərində işləməlidirlər”.