“Gencaile.az” “Ailem.az”-a istinadən tanınmış ginekoloq, Azərbaycan Tibb Universitetinin ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun müsahibəsini təqdim edir.
– Hazırda Azərbaycanda qadınlar arasında ən geniş yayılmış ginekoloji problemlər hansılardır?
– Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında ən çox rastlanan ginekoloji problemləri iki yerə bölmək lazımdır. Bunlar funksional və anatomik problemlərdir. Yumurtalıqlarda follikullar hər ay əmələ gəlir və partlayır. Onlar partlayandan sonra sovrulur və bir sonrakı ay yenidən əmələ gəlir. O follikullar partlamadığı zaman yumurtalıqda kistalar əmələ gəlir. Bu, yumurtalıqda olan funksional problemdir. Bilirsiniz ki, hər ay xanımlarda uşaqlıqda qanaxma olur, buna aybaşı qanaxması deyilir. Bu da təbii haldır. Yəni yumurtalıqların ifraz etdiyi hormonlarla əlaqəlidir. Bəzən qanaxmaların ritmi pozulur, ancaq biz uşaqlıqda bir patologiya tapa bilmirik, bunlar düzənsiz qanaxmalardır – normal deyil. Səbəbini çox vaxt yumurtalıqlar və digər hormonlarda axtarmaq lazımdır. Anatomik problemlər zamanı isə uşaqlıqda poliplər, miomalar, törəmələr, uşaqlığın anadangəlmə çəpəri, ikiyə ayrılmış uşaqlıq yaxud da uşaqlığın içəri doğru basılmış, yəni yəhərvari uşaqlıq ola bilər.
– Bütün bunlar bir problem kimi aradan qaldırıla bilər?
– Deyim ki, yəhərvari uşaqlıq çox da böyük problem deyil, amma digərləri vacibdir. Miomalar və digər problemlər isə cərrahi müdaxilə ilə düzələ bilər. Birinci yerdə olan isə yumurtalıqların problemidir. Bu kistaların da demək olar ki, çoxu əməliyyatlıq kistalar deyil. 90 faizi xoşxassəlidir və onlar təxminən öz-özünə sovrula bilən kistalardır. Bundan əlavə, uşaqlıq boynunun problemləri də var. Bilirik ki, uşaqlıq boynunda papiloma deyilən bir virus ola bilər, o, uşaqlıq boynuna yerləşir və adətən cinsi əlaqə ilə keçir. Bu, 10-15-20 il ərzində uşaqlıq boynunda qalarsa, orada uşaqlıq boynunun xərçəngini yarada bilər.
– Bildiyiniz kimi, Azərbaycanda qohum evliliyi geniş yayılıb. Bu nikahlardan doğulan uşaqlarda hansı xəstəliklərə rast gəlinir?
– Bəli, qohum evliliyi bizdə çox aktual bir mövzudur. Bəzi rayonlarda, hətta bəzi şəhərlərdə evliliklər istər-istəməz uzaq da olsa qohumluğa səbəb ola bilər. Ancaq burada daha çox problem olaraq qohumluq nikahından söz getmir. Burada söhbət Azərbaycanda insanların bəzi xəstəliklərin daşıyıcısı olmalarından gedir. Daha çox rast gəlinən talassemiya, əzələ xəstəlikləri (SMA), ailəvi aralıq qızdırması (FMF) və s. Talassemiya xəstəliyi daha çox qan azlığına səbəb olur. O, xəstəlik kimi də özünü büruzə verə bilər, gizli qalıb övladına da keçə bilər. Bu zaman qan çox aşağı olur və ona sümük iliyinin transplantasiyası, yaxud daimi qan köçürülməsi həyata keçirilir. Bu, çox ağır xəstəlikdir. Nikahda olan insanların daşıyıcılığı varsa, özləri sağlam olsalar belə, övladlarına keçə bilər. O cümlədən bəzi dəri xəstəlikləri var. Misal üçün ixtiozis. Son bir il ərzində biz üç uşağa dəri xəstəliyinin diaqnozunu qoymuşuq. Anada da, atada da bir problem yoxdur, amma uşaq doğulur, bir ay sonra başlayır bütün dərisi pul-pul olmağa, soyulmağa.
Ürək qüsurları qohum nikahlarında daha çox ortaya çıxır. Bizim orqanlarımız içərisində ən mürəkkəb quruluşa malik orqan ürəkdir. Biz qohum nikahından onun üçün qorxuruq ki, qohumlarda adətən müəyyən xəstəliklərin daşıyıcılığı olur. Yəni qohum o deməkdir ki, onların kökü bir yerə gedib çıxır. Onun kökündə bir xəstəlik mövcuddursa, bu o deməkdir ki, cütlüyün hər ikisində də xəstəliyin daşıyıcılığı var. Bu xəstəliyin də daşıyıcılığı varsa, uşaqlarında ortaya çıxma ehtimalı yüksəlir.
– Yəni hər ikisi talassemiya daşıyıcısı olan cütlük qətiyyən evlənməməlidir?
– Son illər respublika üzrə nikahdan əvvəl talassemiyadan analiz verilir. Bu hal talassemiyanın qarşısını tamamilə alır deməsək də, ən azından diaqnozunu zamanında qoya bilirik. Yəni iki talassemiya daşıyıcısı olan cütlük bir araya gəlirsə, o demək deyil ki, onlar mütləq ayrılmalıdır. Onun da çarəsi var. Hamiləliyin 4-cü ayında müəyyən testlər olunur və dölün xəstə olub-olmadığını müəyyən edərək, hamiləliyin davam etdirilib-etdirilməməsinə qərar verə bilirik.
– Talassemiyalı uşaqlarla bağlı sizə hamilə qaldıqdan sonra müraciət edirlər?
– Deyim ki, talassemiyalı uşaqlarla bağlı hamilələr bizə yönləndirilir. Talassemiya diaqnozu üçün ana bətnində amniosentez deyilən bir prosedur edib analizə göndəririk. Son zamanlar adətən uşaqlar doğulmadan bizə müraciət edirlər, amma daha əvvəllər gec müraciət edirdilər. Məsələn, talassemiya xəstəliyi olan uşağı olub, onu müalicə edirdilər və ikincisinə hamilə qaldıqda gəlirdilər. Yəni bir xəstəliyin qurbanı olduqdan sonra bizə müraciət edirdilər.
– Siz ana bətnində döl üzərində əməliyyatlar aparırsınız. Hansı hallarda bu cür əməliyyatlar vacibdir?
– Son üç ildir ki, Azərbaycanda ana bətnində əməliyyatlar keçiririk və əksəriyyəti uğurlu olur. Daha çox inkişaf edən orqanlarda anatomik problemlər olur. Məsələn, böyrəyin çox böyük bir törəməsi olur, içi maye ilə dolu. O isə bağırsaqları, ürəyi əzə bilir, ağciyərin inkişafına mane olur ki, bu, sonradan ürək çatışmazlığına və ana bətnində ürəyin dayanmasına səbəb olur. Biz ana bətnində ikən o mayeni boşaldaraq döş qəfəsinə düşən təzyiqi aradan qaldırırıq və ağciyərlər normal inkişaf edir. Yaxud ağciyərə maye yığılır. Onu da boşaldaraq və ya döş qəfəsinə daimi stend qoyaraq, suyun yığılmasının qarşısını alırıq və uşaq doğulanda onun nəfəs almasında bir problem yaranmır. Yaxud da bağırsaqların hamısının çöldə olması. Bu da bizdə görülən patologiyalardan biridir. Bunun adı qastroşizisdir. Bu zaman da dölün ətrafındakı maye bağırsaqlara mənfi təsir edir və doğuşdan sonra o bağırsaqları içəri salmaq mümkün olmur, ya da kəsilir. Bu dəfə uşağa ciddi bir travma dəyir, həyatı üçün çox təhlükəli olan bir hala gətirib çıxarır. Ona görə də bətndəki bütün mayenin dəfələrlə dəyişilməsi prosedurunu həyata keçiririk, bağırsaqlara zərər dəymir və doğuşdan sonra əməliyyatla bağırsaqlar içəri yerləşdirilir.
– Bəs bu əməliyyatlar içərisində ən çətini hansıdır?
– Ən çətin uşaqlarda qan problemi olanlardır. Buna qan uyğunsuzluğu dediyimiz bir xəstəlik də daxildir. Burada adətən döl ana bətnində tələf olur. Çünki anada yaranan immunitet sayəsində dölün qan hüceyrələri parçalanır. Qan parçalandığı üçün də uşaq qansız qalır, onun başının dərisinə, bədəninə su yığılır və ödəm əmələ gələrək uşaq tələf olur. O olmasın deyə ana bətnində ikən uşağa bir neçə dəfə qan köçürülür. Hətta ötən həftə belə bir uşağımız dünyaya gəlib və sağ-salamat evinə göndərmişik.
– Son illər xanımların çoxu gec ailə qurur. Gec yaşda ana olanların dünyaya gətirdiyi uşaqda problemlər olurmu?
– Bəli, problem yaranma ehtimalı yaşca artır. 35 yaşdan sonra bu, daha da çoxalır. Məsələn, 40 yaşında bir xanımın sağlam dölə sahib olmaq üçün şansı 25 yaşlılara nəzərən 50 faiz azalır. Ona görə bu analar nəzarət altında olmalıdır.
– Azərbaycanda adətən ginekoloqlar qadınlardır, siz nə əcəb bu sənəti seçdiniz?
– Bəli, Azərbaycanda adətən ginekoloqların əksəriyyəti qadındır. Mən xaricdə təhsil almışam, Türkiyədə. Amma orada 90 faiz kişi idi. Hətta mən oxuduğum müddətdə 95 faiz idi. Bizim kafedrada 13 nəfər var idi, onun 12-si kişi, biri qadın idi. Əslində ixtisasımla əlaqəli dünya konqreslərdə görüşlərimiz olur, maraqlısı budur ki, ordakıların da əksəriyyəti kişidir.
– Elə pasiyentiniz olub ki, həyat yoldaşını kişi ginekoloqun müayinə etməsini istəməyib?
– Əslində bu problem bütün dünyada görülə bilər. Amma həkimlik, ixtisasından asılı olmadan müqəddəs sənətdir. Hər bir həkim qadın və kişi orqanlarının fəaliyyətini və quruluşunu öyrənir. Ələlxüsus, cərrahi profildə, bütün pasiyentlər əməliyyatda paltarsız olur, bununla bağlı ailə tərəfindən nə kimi problem yarana bilər? Ginekologiyada bəzi hallarda bunları başa düşmək olar, ancaq əgər problem ciddidirsə və bir kişi həkimindən başqa heç kim bu problemi həll etmirsə, əlbəttə ki, önəmli olan vicdanlı düzgün müalicədir.