“Gencaile.az” Azərbaycanın yanıq üzrə tanınmış mütəxəssisi, alim, fəlsəfə üzrə tibb doktoru Həmzə Əzizbəyovun Ailem.az-a müsahibəsini təqdim edir:
– Yanıq nədir və ağırlıq dərəcələri necə təyin olunur?
– Yanıq insan bədənində dərinin sıradan çıxması ilə xarakterizə olunan bir xəstəlikdir. İnsan bədəninin ən böyük orqanı dəridir. Normal insan bədənində dərinin çəkisi 6-8 kq-dır. Dəri 3 qatdan ibarətdir. Bunun ilk 2 qatı yanan zaman səthi yanıqlar, 3-cü qata keçdikdə dərin yanıqlar baş verir. Eyni zamanda dərinin səthinin nə qədər yanması da onun ağırlığını təyin edir. Yanma səthi və dərinliyi yanığın ağırlıq dərəcəsini təyin edir. Bədənin ümumi sahəsini 100 faiz hesablasaq, uşaqlarda 5 faiz, böyüklərdə 10 faiz yanıq artıq xəstəlik hesab olunur. Birbaşa stasionar müalicə olunmalıdır. Daha yüksək yanıqlar 20 faizdən yuxarı yanıqlar hesab edilir və orqanizmdə metabolik prosesləri poza biləcək dəyişiklik yaradır. Ona görə də ciddi müalicə tələb edir. 40 faiz yanıqlar isə həyatı təhlükə daşıyır. 60 faiz yanıqlar həyatla uzlaşmayan travma yaradır. Yanıqların 3-cü dərəcəsi ağırlaşdırıcı hal kimi mütləq qeydiyyata alınır.
– Yanıqlar zamanı ilkin tibbi yardım necə olmalıdır?
– Bizim əhalinin yanıqlar haqqında təsəvvürü aşağıdır. Ona görə müvafiq yardım göstərməkdə çətinlik çəkirlər. Yaranın üzərinə müxtəlif rəngli maddələr səpilir. Bu isə qətiyyən olmaz. Aydın məsələdir ki, yanıq zaman dəridə temperatur yüksəlir. Bu temperaturun təsirindən yanıq əmələ gəlir. Ancaq bizim insanlar onun üzərinə temperaturu yaxşı keçirməyən yağlı məhlullar çəkirlər. Bu da həmin yerdə temperaturun uzun müddət saxlanmasına və toxumaların zədələnməsinə gətirib çıxarır. Çox zaman yanıq üzərinə kartof, qatıq, diş məcunu çəkirlər. Bu maddələri isə sonradan təmizləmək olduqca çətindir. Yanıqlar zamanı ilk yardım vasitəsi sudur. Yanan sahə dərhal su ilə isladılmalıdır. Qışda su soyuq olduğuna görə 1 dəqiqəyə qədər olan müddətdə yanıq sahəsi su ilə yuyulmalı və ya nəm bezə bükülməlidir ki, oradakı temperatur aradan qaldırılsın. Alov yanığıdırsa, yanıq səthində olan paltar artıqları və ya toz hissəciklər mütləq oradan yuyulmalıdır. Əgər maye yanıqlarıdırsa, sadəcə soyutma prosesi həyata keçirilməlidir. Yanıq yay aylarında baş veribsə, 3-5 dəqiqə axar su altında saxlanmalıdır. Bu halda yanıq dərinə işləməz. Evdə hər hansı antiseptik məhlul – rivanol, firasilin, “marqanslı” su istifadə edilərək, tez-tez yanığın üzərinə səpilməlidir.
– Yanıqlar sulandıqda o suluğu deşmək nə dərəcədə düzgündür?
– İlk 3 gün ərzində yanan yerdə sulanma yaranır. Bu, təbiidir. Yanan zaman toxuma mayenin ifrazı 3 gün ərzində davam edir. Bəzən insanlar yanan yeri bağlayırlar və 3 gün saxlayırlar. İlk 3 gün ərzində maye ifraz olunduğuna görə ora müxtəlif vasitələrlə tez-tez qurudulmalıdır. Sorucu dərman preparatları ilə qurudulmalıdır. Gündəlik olaraq sarğı dəyişdirilməlidir. Maye xüsusi vasitələr üzərinə qoyularaq yanığa hopdurulmalıdır. Eyni zamanda sarğı üzərindən fenlə də qurutmaq olar. Əgər suluqlar 1 sm ölçüsündə dairəni keçirsə, o suluqlar sorulmağa meylli olmurlar. Həmin suluqlar açılmalıdır. Suluqların qalınlığı böyük əhəmiyyət kəsb edir. Orada infeksiyalaşmaya meylilik yoxdursa, suluq qala bilər. Amma infeksiyaya meyllilik göstərirsə, açılmalıdır.
– Ən çox hansı yanıq növlərinə rast gəlinir?
– Yanıqlar uşaqlarda və böyüklərdə fərqlidir. Uşaqlarda ən çox qaynar maye yanıqlarına rast gəlinir. Qaynar su, süd, yağ, çay, dovğa, xörək, yayda mürəbbə bişirən zaman uşaqlar yanır. Böyüklərdə isə ən çox alov yanıqlarına və qaz partlama nəticəsində baş verən yanıqlara rast gəlinir. Ən çox da hamamda, evdə qaz sızmaları nəticəsində yanıqlar yaranır.
– Yayda günəş yanmaları da tez-tez rast gəlinən yanıq növüdür. Bundan necə qorunmaq olar?
– Günəş şüasının altında uzun müddət qaldıqda bədəndə yüngül də olsa qızartı, xırda suluqlarla müşahidə edilən geniş yayılmış yanıq halları baş verir. Bəzən bədənin 70-80 faizi yanığa məruz qalır. Mütləq qoruyucu günəş kremlərindən istifadə etmək, çoxlu maye içmək lazımdır. Yanıq baş verdikdə mütləq ağrıkəsici vurdurmalıdırlar, damardaxili intensiv terapiya aparılmalıdır. Günəş yanıqlarından qorunmaq üçün günəşin ultrabənövşəyi şüalarının az olduğu vaxtlarda, ya səhər tezdən, ya da axşamtərəfi günəş vannası qəbul etmək olar.
– Ən çox hansı yanıqların sağalması uzun çəkir?
– Səthi yanıqların sağalma prosesi 7-14 gün, 3-cü dərəcəli yanıqlarınkı 4-21 gündən bir neçə aya qədər davam edir. Xüsusilə elektrik yanıqlarında xəstələr aylarla müalicə alırlar. Sonrakı mərhələ isə yanığın izidir. Yanığın izi orqanizmin tipi və yanıq sahəsi, yanma bölgəsi və dərinliyindən asılıdır. Elə insanlar var ki, piqmentasiyaya meyliliyi yüksəkdir, elə insanlar var ki, zəifdir. Piqmentasiyaya meyliliyi yüksək olan insanlarda yanıqların izi ləkə kimi qalır. Qoltuqaltı, qasıq, boyun nahiyəsində yanıq olanda uzun müddət izi getmir. Üzdə yanıq izi də uzun müddət qalır. Üzdə yanıq cəmiyyətə uyğunlaşma və psixologiyada çətinliklər yaradır. Yanıq izləri və çapıqları aradan qaldırmaq üçün uzun müddət və müalicə tələb edilir. Hətta 3 dəfə əməliyyat olan xəstələr var.
– İntihar məqsədli yanıqlara çox rast gəlirsiniz?
– Belə yanıqlar insanların psixoloji durumuna əsasən baş verir. Öz üzərinə benzin, neft və başqa alışdırıcı maddələr ataraq yandırırlar. Çox vaxt qorxutmaq məqsədi ilə bunu edirlər, bəzən isə etiraz əlaməti olaraq. Lakin bunun heç biri çıxış yolu deyil. Həmin xəstələr qısa müddət sonra etdiklərinə görə peşman olurlar. Ötən əsrin 70-80-ci illərdə ən çox qadınlarda rast gəldiyimiz intihar məqsədli yanıqlara indi kişilərdə daha çox rast gəlinir. Bu, yolverilməz haldır. Kişilər psixoloji baxımdan daha güclü hesab olunurlar. Lakin indi vəziyyət dəyişib, kişilər daha çox özünə qəsd edirlər.
– Uşaqlarda yanıq halları valideyn səhlənkarlığı səbəbindən baş verir. Uşaqları yanıqlardan necə qorumaq lazımdır?
– Əksər hallarda uşaqların yanmasının günahkarı uşaqlara xidmət edən insanlar hesab edilir. Bu, dayə də ola bilər, valideyn də. Bizim insanlar deyir ki, uşağı ana saxlamalıdır. Bu, doğru deyil. Ata və ana evdədirsə, hər ikisi uşaqdan muğayat olmalıdır. Uşaq dərk edənədək onu qorumalısan ki, özünü yandırmasın. Uşağın məsuliyyəti təkcə ananın üzərində olmamalıdır.
– Evdə hansı dərmanlar, maz və ya məhlul saxlanmalıdır ki, yanıq hallarında tez müdaxilə edilsin?
– Ən çox antiseptik maddələr saxlamaq lazımdır. Bunların arasında furasilin, revanol tabletkası, kalium permanqanat əsas yer tutur. Yanıq baş verdisə, yuyulub soyudulduqdan sonra həmin tabletlərdən birini əzib suda həll edərək, tənzifə hopdurulmalı və yaranın üzərinə qoyulmalıdır. Bundan başqa, Levamekol məlhəmini yaranın üzərinə çəkin, üzərinə də antiseptik məhlulu tənzifə hopdurub qoya bilərsiniz. Sarğı da etmək olar. Sonra da mütləq həkimə müraciət etmək vacibdir.
– Praktikanız müddətində unutmadığınız yanıq hadisəsi olubmu?
– 3-4 ayın söhbətidir. Mirkamil adlı gənc oğlanda qaz partlaması nəticəsində 75 faiz yanma baş vermişdi, 3-cü dərəcəli yanıq halı idi. 8 ağır əməliyyat keçirdi. Narkoz altında xırda əməliyyatların sayı isə 15-i keçdi. Bu, heç vaxt mənim yadımdan çıxmaz. Sözsüz ki, bu cür hadisələrin təsirindən də çıxmaq olmur. Ona görə də yanıq həkimləri tez qocalır.
– Ailənizdə yanıq hadisəsi baş verib?
– Rayona getmişdik. Stolun üstündə çay içirdik. Qardaşım oğlunun 3 yaşı vardı. Qəfil, heç gözləmədiyimiz halda əl atdı çaya. Hava da 28 dərəcə isti idi. Kənd yeri idi, qıraqda da səhəngdə su var idi. Dərhal səhəngi götürüb suyu başından aşağı tökdüm. Sonra da yaranı bağladıq və tez sağaldı.