“Mənim balam” rubrikamızın qonağı tanınmış ekspert, iqtisadçı alim Vüqar Bayramovdur. Neftin qiyməti və digər iqtisadi məsələlərlə bağlı tez-tez onun fikirlərini öyrənirik. Ancaq bu dəfə tanınmış alimlə nə neftdən, nə də məzənnədən danışdıq. Müsahibimizi bir ata kimi tanımağa çalışdıq. İki qız atası olan Vüqar Bayramovun böyük qızı Ayanın 10, kiçik qızı Aydanın isə 6 yaşı var. O, deyir ki, qız uşaqlarının atanın diqqətinə daha çox ehtiyacı var.
– Övladlarınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız. Dədə-baba qaydaları, yoxsa öz tərbiyə metodunuz var?
– Böyük qızımın 10, kiçik qızımın isə 6 yaşı var. Çalışıram ki, onların hüququnu tanıyım. Deməzdim ki, mən dədə-baba qaydasından istifadə edirəm. Uşaqlara təzyiq etməyin tərəfdarı deyiləm. Onlara müəyyən interval daxilində seçim hüququ verilməlidir. Adi uşaq paltarı alanda, valideyn çalışır ki, özü seçsin. Hətta bu tip seçimlərdə belə valideyn paltarı seçib, uşağa təklif etməlidir ki, rəngini uşağın özü seçsin. Uşaq paltarın rəngini seçəcək və elə biləcək ki, seçimi özü edib. Dolayı olaraq uşaqlara belə seçim imkanlarının verilməsinin tərəfdarıyam. Əslində seçimi valideyn edir, ancaq uşaqda elə təəssürat yaradır ki, seçimi o edib. Belə olan təqdirdə, uşaq özünə çox güvənir və bu, onun gələcəyi üçün də xeyirlidir. Mövcud dövrü və şərtləri nəzərə alsaq, əvvəlki şərtlərlə uşaqların tərbiyə edilməsi bəzi hallarda neqativ nəticələrə gətirib çıxara bilər. Bizim tərbiyə olunduğumuz dövr, dəyərlər başqadır. Biz uşaq olarkən dədə-baba metodu effektli ola bilərdi və yəqin ki, effektli idi də. İndi bunun effektli olduğunu düşünmürəm. Nəsil dəyişdikcə tərbiyə metodları da dəyişikliyə uyğunlaşmalıdır. Ədəbiyyatda da belədir, hər zaman “atalar-oğullar” problemi olub. Adətən atalar düşünürlər ki, oğulları onlara oxşamalıdır, oğullar düşünürlər ki, ataları artıq keçmişdə qalıb və onlar daha fərqlidirlər. O fərqlilik yaranmasın deyə, uşaqlara tənzimlənən müstəqilliyin verilməsinə ehtiyac var. Tənzimlənən müstəqillik uşağın gələcəkdə seçim etməsinə birbaşa təsir göstərəcək. Bu gün biz uşaqlara ən adi məsələlərdə seçim imkanı verməsək, uşaq böyüdükdən sonra öz seçimində yanılacaq, o basqını üzərində hiss edəcək. Uşağa tənzimlənən seçim verdikdə isə, burda qızıl ortanın tənzimlənməsinə ehtiyac var. Seçim olaraq hər şeyi uşağın öhdəsinə buraxsan, o da gələcəkdə neqativ nəticələrə gətirib çıxara bilər. Övladların müstəqil böyüməsinə və davranmasına, qərar verməsinə hesablanan bir mühitin formalaşmasına ehtiyac var. Çalışıram ki, bu mühiti formalaşdıra bilim.
– Bəs siz hansı cəza növlərindən istifadə edirsiniz? Sizcə, döymək tərbiyə üsuludurmu?
– Uşağın döyülməsinin hər zaman əleyhinəyəm. Əvvəlki dövrlərdə bu tərbiyə üsulu və metodu olub. Ancaq indi uşağı döymək heç də tərbiyə metodu deyil. Bunun fərqli neqativ təsirləri var. Uşağı döydükdə, o döyülməyə alışır və valideyninə hörməti, məhəbbəti azalır. Həmin uşaqlar əksər hallarda valideynlərini dinləmir, fərqli qərarlar verməyə çalışırlar. Döymə üsulu ilə böyüyən uşaq çalışır ki, tez böyüsün, o mühitdən, basqıdan qurtulsun. O böyüyür, düşünür ki, müstəqildir. Belə olan halda, uşağın yanlış qərarlar vermə ehtimalı artır. Valideynin uşağı döyməsi arzuolunan deyil. Bu metoddan heç vaxt istifadə etmirəm. Yoldaşım deyir ki, uşaqları qorxut, onlar atadan qorxmalıdır və s. Amma məncə, uşağın atadan qorxması deyil, ona hörmət etməsinə ehtiyac var.
– Övladlarınızın gələcəkdə sizin sənətinizi davam etdirməsini istərdinizmi?
– Təbii ki, istəyərəm. Onları məcbur etmərəm. İndi soruşanda ki “böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsiniz” – deyirlər ki, böyüyəndə iqtisadçı olacağıq. Ancaq yaşları çox kiçikdir və gələcəkdə qərarları dəyişə bilər. Hansı peşəni seçirlərsə-seçsinlər, əsas odur ki, yaxşı təhsil alsınlar. Onlar üçün indidən bəlli hədəfin olmağına ehtiyac var. Uşaq yaşlarından müəyyən hədəfləri olmalıdır ki, o hədəfə doğru can atsınlar. Uşağın özündə də qəhrəmanların olmasına ehtiyac var.
Amerikada çox istifadə edilən bir nümunə var. 5 yaşında 20 qaradərili, 20 ağdərili uşağı bir otağa yığırlar. Meydana 40 qara və 40 ağ kukla qoyurlar. Uşaqlara deyirlər ki, o kuklaları götürün. Güman edirlər ki, qaradərili uşaqlar qara, ağdərili uşaqlar isə ağ kuklaları götürəcəklər. Ancaq uşaqların hamısı ağ kuklanı götürür. Səbəbi belə bəlli olur ki, ötən əsrin 80-ci illərində bütün filmlərdə müsbət qəhrəmanlar ağdərili insanlar olub. O dövrlər qaradərili insanlar mənfi rollarda çəkiliblər. Məhz buna görə qaradərili icmanın da qəhrəmanı ağdərili insanlardır. Bundan sonra Hollivudun qərarı dəyişdi və qaradərili qəhrəmanlar peyda oldular. Buna görə qeyd edirəm ki, uşaqların həm hədəfinin, həm də qəhrəmanının olmasına ehtiyac var. Qızlarımın gələcəkdə iqtisadçı olub-olmaması önəmli deyil, önəmli odur ki, yaxşı təhsil alsınlar. Harada olmalarından asılı olmayaraq, peşəkar olsunlar. İşinin peşəkarına cəmiyyət də hörmət edir. Bu, hər sferada belədir. Öz sahənin peşəkarı olmaq uşaqların peşə seçimində əsas istiqamətdir.
– Qəhrəmanlardan danışdınız. Maraqlıdır, qızlarınız sizi qəhrəman kimi görürmü?
– Mənim bunu qiymətləndirməyim doğru olmazdı. Balaca qızım birinci sinfə gedir. Güman edirəm ki, böyük qızım məni qəhrəman olaraq görür. Yəqin ki, məni qəhrəman olaraq gördüklərindən, iqtisadçı olmaq istəyirlər.
– Sizi efirdə görəndə hansı reaksiyanı verirlər?
– Etiraf edim ki, indi bu onlar üçün adiləşib. Əvvəllər reaksiyaları fərqli olurdu. Deyirdilər ki, indi sən evdəsən, ancaq televiziyada danışırsan. Bu gün uşaqlar internetdən istifadə edirlər. Onlar “Google”-da axtarış edirlər. Baxmayaraq ki yaşları çox azdır, böyük qızım Slavyan liseyində təhsil alır. Onlara proqram hazırlamağı tapşırırlar. O, məlumatları internetdən toplayır. Hərdən görürəm ki, böyük qızım “Google”-da nəyisə axtaranda məndən daha tez, daha çevik tapır. Onlar nəinki televiziyada, yazılı mətbuatda da məni izləyirlər.
– İnternetdən və sosial şəbəkələrdən istifadədə qızlarınıza limit qoyursunuzmu? Və nələri izləmələrinə nəzarət edə bilirsinizmi?
– Uşaqların tədris yükü kifayət qədər böyükdür. Onların gününün planlaşdırılmasına ehtiyac var. Uşaq öz gününü planlaşdıra bilmir. Valideyn tərəfindən doğru və səmərəli planlaşdırmaya ehtiyac var. Dərslər həddən artıq çoxdur. Səhər saat 8-dən 3-ə qədər dərsdə olurlar. Daha sonra evə gəlib, müəyyən fasilədən sonra növbəti günün dərslərinə hazırlaşırlar. Tədris ilində internetdən istifadə etmək xeyli dərəcədə məhdudlaşıb. Əgər internetdən çox istifadə etsə, o zaman dərslərindən geri qalacaq. Təbii ki, daxil olduqları saytlar nəzarətimizdədir.
– Uşaqlarla nəyisə müzakirə edib, onların fikirlərini dinləyirsinizmi?
– Əlbəttə. Uşaqla danışmağa hər zaman ehtiyac var. Onlarla tez-tez müzakirələr edirik. Bəzi hallarda onların mövqeyini dəyişmək çətin olur. Ümumiyyətlə, uşağın mövqeyinin dəyişməsinin tərəfdarı deyiləm. Uşaq düşünə bilər ki, onun fikirləri əslində real deyil. Və belə olanda, onun özünəinamı itəcək. Çalışmaq lazımdır ki, valideyn uşağın bütün qərarlarını dəyişməyə cəhd etməsin. Əgər dəyişəcəksə, uşaq düşünəcək ki, doğru qərar verə bilmir və onun fikirlərini valideyn, cəmiyyət qəbul etmir. Uşağın verdiyi qərarların 3-də 1-nin yerinə yetirilməsinə ehtiyac var.
– Siz Amerikada təhsil almısınız və oranın tədris-təhsil sisteminə yaxından bələdsiniz. Orada uşaqların yetişdirilməsi sistemini öz övladlarınızın üzərində tətbiq etmisinizmi?
– ABŞ-da uşaqların formalaşdırılması, yetişdirilməsi tamam fərqli bir sistemdir. Mühitin fərqliliyi də onların yetişməsinə öz təsirini göstərir. Amerikalılar çalışırlar ki, uşaqlara müstəqillik versinlər və onlar tənzimlənən müstəqillikdən istifadə edirlər. Bizim uşaqlarla müqayisədə onlar daha müstəqil olurlar. Tam olaraq amerikan modelini və oradakı mühiti Azərbaycana transfer etmək mümkün deyil. Çünki onların uşağa yanaşması, ailə dəyərləri fərqlidir. Bizdə valideynlər uşaqlara çox bağlıdır. Uşaq böyüyəndə, 30-35 yaşlarında belə valideynlər onun qayğısını çəkməyə çalışırlar. Valideyn düşünür ki, uşağının böyüməsindən asılı olmayaraq, onun vəzifəsi uşağın qayğısını çəkməkdir. Ancaq Amerikada belə deyil. Valideyn uşağa uşaq vaxtı yaxşı təhsil və tərbiyə verir, təhsilinə vəsait xərcləyir. Ailələrin ailə həkimləri, psixoloqları var. Bizdə uşaq psixoloqun yanına gedirsə, onun ətrafı uşağa dəli kimi baxır. Ancaq amerikan uşaqlarının böyük əksəriyyəti psixoloq nəzarətində böyüyür. Uşaq universitetə daxil olduqdan, öz-özünü idarə edəcək səviyyəyə çatdıqdan sonra valideynin təsirləri minimumlaşır. Ancaq bizdə təsirlər minimumlaşmır və sona qədər qalır. Sözsüz ki, cəmiyyət, mühit dəyişir. Elmin, innovasiyanın çoxu Amerika gənclərindən çıxır. Bu gün sosial şəbəkələri, “Votsap”-ı kəşf edənlərin hamısı tələbə və ya gənc yaşlarında olan insanlardır. Misal üçün, Bill Geyts tələbə olan zaman kompyuteri düşünüb. Təbii ki, bunu 25 yaşından aşağı olanda ediblər. Bu da ondan xəbər verir ki, Amerikada təhsil və tərbiyə metodu sonradan uşaqların innovasiyalar yaratmasına xidmət edir. Uşaqların daimi psixoloq altında olması, ailə həkiminin olması vacibdir. Daima dostlarımızla müzakirə etdiyimiz əsas məsələlərdən biri uşaqların sosiallaşa bilməməsidir. Sosiallaşmaları üçün ən azı həftədə bir dəfə evdən kənarda yemək yeməsi, valideynləri ilə kinoya, teatra getməsinə ehtiyac var. Uşaqlar uşaq yaşından sosiallaşmalıdır. Məktəbə gedib və evdə dərs hazırlamaları ilə iş bitmir və bu, uşağı sosiallaşdırmır. Onların sosiallaşması üçün valideynlər az imkanlar yaradırlar. Onlar çalışmalıdırlar ki, uşaqlar elə uşaq yaşından sosiallaşa bilsinlər.
– Sizin iş rejiminiz qeyd etdiklərinizi həyata keçirməyə imkan verirmi?
– Bacardığım qədər tətbiq etməyə çalışıram.
– Bugünkü iş rejimi ilə uşaqlarla məşğul olmaq çox çətindir.
– Qızlarımla anası daha çox məşğul olur. Uşaqların məktəbi, öhdəliklərində anasının məsuliyyəti daha çoxdur. Mənim iş rejimim və xarici səfərlərim imkan vermir ki, dediklərimi tam olaraq reallaşdırım. Ancaq hər dəfə təklif edirəm ki, anaları ilə birgə harasa getsinlər. Və çalışıram ki, bir növ atanın diqqətini hiss etsinlər və bu çox vacibdir. Qız uşaqlarının atanın diqqətinə daha çox ehtiyacı var.
– Deyirlər ki, qız övladı ataya daha yaxın olur. Sizdə də elədirmi?
– Qız övladları daha mehriban olur. Deyirlər, qız uşaqları yaxşı mənada şeytan olur. Oğlan və qız uşaqlarının Azərbaycan kontekstində valideynə olan diqqətini qiymətləndirsək, yəqin ki, razılaşarsınız ki, qız uşaqları valideynlərinə daha çox bağlıdır.
Xəyalə Rəis