Hazırda dünyanı bürüyən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus statistikası sürətlə böyüməkdədir. Bunun nəticəsidir ki, artıq ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Bir tərəfdən koronavirus qorxusu, digər tərəfdən ölkə əhalisinin fəaliyyətinin böyük ölçüdə məhdudlaşdırılması insanlar arasında ciddi psixoloji gərginlik yaratmaqdadır. İndiki halda necə davranmalı və bu psixoloji savaşdan necə üzüağ çıxmalı olduğumuz haqda suallar heç də az adamı düşündürmür. Məhz bunu nəzərə alıb, mövzu ilə bağlı suallarımızı Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyevaya ünvanladıq.
– Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus səbəbindən ciddi gərginlik müşahidə olunur. Sizcə, belə vəziyyətdə necə davranmalıyıq?
– Təəssüf ki, bütün dünyada koronavirusla bağlı yaranmış narahatlıq ölkəmizdə də müşahidə olunur və bu proses bir qrup insanın təşvişə düşməsinə zəmin yaradır. Açığı, biz bu halı normal qarşılamalıyıq, çünki söhbət indiyə qədər bizə məlum olmayan virusdan gedir. Amma yenə də psixoloji gərginliyi özümüzdən uzaqlaşdırmalı və qaydalara əməl etməliyik. Bilməliyik ki, ancaq bu halda özümüzü və ölkəmizi bu virusdan qoruya bilərik. Düşünün ki, bundan daha ağır vəziyyətlərdə daha çətin problemin öhdəsindən gəlmişiksə, bunun da öhdəsindən gələ bilərik. Həmçinin unutmayın ki, bu virus hamı üçün təhlükə yaradır. Bununla tək mübarizə aparmaq hamılıqla buna çalışmaqdan çətindir. Mən bu dövrdə insanların bütün diqqətini bədəninə yönəltməsinin əleyhinəyəm. Belə olduqda mütləq səhhətinizdə hər hansı bir ağrı olacaq ki, bu da psixoloji gərginlik yaradacaq. Əgər koronavirusdan qorunmaq üçün qaydalara tam şəkildə əməl etsək, onda içimizdə psixoloji rahatlıq olacaq ki, özümüzü qorumaq üçün hər şeyi edirik və bu problemlə üzləşməyəcəyik. Məncə, ölkəmizdə koronavirusdan qorunmaqla bağlı videoçarxların çəkilməsi də yerinə düşərdi. Həmçinin daha çox evdə qalmağımızın müsbət tərəflərini üzə çıxarmağa çalışmalıyıq. Məsələn, gərgin iş rejimindən uzaqlaşmaq, indiyə qədər vaxt azlığı səbəbindən edə bilmədiyimiz nələrisə etmək, özümüzə, ailəmizə zaman ayırmaq kimi nüansları müsbət məqam kimi qiymətləndirə bilərik. Məsələn, indiyə qədər edə bilmədiyimiz şeylərin siyahısını hazırlamaq və onları reallaşdırmaq ən yaxşı seçim ola bilər. Tutaq ki, kitab oxuya, film izləyə, dil öyrənə, musiqi dinləyə bilərik.
– Əhaliyə zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunsa da, heç də hamı buna əməl etmir. Bu durumda ən azı küçədə davranış üzrə təlimata əməl etmək vacibdir. Bir mütəxəssis olaraq bu baxımdan hansı məsləhətləri verə bilərsiniz?
– Çox təəssüf ki, heç də hamı bu virusun ciddiliyinin fərqində deyil. İctimai yerlərdə virusdan qorunma qaydalarına əməl etməyən xeyli sayda adama rast gəlmək mümkündür. Həmin adamların koronavirusla bağlı yaranmış hazırkı durumu ciddi qəbul etməməsi ölkəmizdə bu virusa yoluxmuş adamların sayının az olması, yoluxanların sağlam insanlardan tam təcrid edilməsi ilə əlaqələndirirəm. Ətrafında heç bir xəstə adama rast gəlməyən adamlar bu problemə inanmır. Koronovirusu ciddi qəbul etməyənlər qaydalara əməl etməməklə problemin daha da genişlənməsinə zəmin yaradır. Həmçinin xəstəliyə yoluxanlarının adının açıqlanmamsı da əhali arasında birməanalı qarşılanmır və virusu qeyri-ciddi qəbul edənlərin sayını artırır. Əslində isə həmin virusa yoluxan adamların adını açıqlamamaq ən doğrusudur. Əgər bu xəstəliyə tutulan adamların kimliyi ictimaiyyətə açıqlansa, o zaman həmin adamlara və hətta onların ailəsinə baxış dəyişəcək. Bu mənada gizli saxlanması düzgün addımdır. Bu virusun ölkəmizdə yayılmasına inanmayan adamların əksəriyyəti hər hansı bir problemlə üzləşəndə ondan qaçmağa üstünlük verənlərdir. Həmçinin bunu bir siyasi oyun adlandıranlar da az deyil. Bəlkə də bu yolla rahatlıq tapırlar. Amma unutmayaq ki, koronavirusa yoluxmaqdan yaxa qurtarmaq ona inanmamaqla yox, qaydalara əməl etməklə mümkündür.
– Məktəb və bağçalar bağlı olsa da, iş yerlərinin heç də hamısı qapalı deyil. Belə olduqda isə valideynlər işdə, uşaqlar isə evdə olur. Sizcə, mövcud vəziyyətdə azyaşlılarla bağlı narahatlığı necə aradan qaldırmaq olar? Başqa sözlə, ailələr gündəlik proqramlarını necə qurmalıdırlar?
– Xüsusi karantin vəziyyətində məktəb və bağçaların bağlı olması, həmçinin evdən çıxmağın təhlükəli olması uşaqların daha çox evdə qalmasını şərtləndirir ki, bu da iş yerləri qapalı olmayan valideynlər üçün çətinlik yaradır. Üstəlik, bu durum azyaşlılar üçün də darıxdırıcdır. Bunu aradan qaldırmaq üçün uşaqlarla oyunlar oynamaq, ən əsası uşaqların sevdiyi musiqili, hərəkətli oyunlara üstünlük vermək lazımdır. Əgər uşaq hazırlıq qruplarında və ya məktəbdə oxuyursa, belədə oyunlarla yanaşı, dərslə də məşğul olmalıdır, çünki tədris proqramından uzaqlaşmaq da olmaz. Bu mənada uşaqların yaşına uyğun kitablar oxuması, teleməkanda yayımlanan təhsillə bağlı proqramları izləmələri tövsiyə olunur.
– Koranavirusla mübarizədə ən önəmli məqamlardan birinin də əhval-ruhiyyə faktoru olduğu bildirilir. Bu, həqiqətən belədirmi?
– Təbii, əhval-ruhiyyə məsələsinin önəmi var. Ümumən insanın psixi sağlamlığı ilə fiziki sağlamlığı arasında ciddi bağlılıq, vəhdət var. Əgər insanın psixoloji gərginliyi varsa, bu problem fiziki çətinliyə də gətirib çıxarır. Eyni zamanda, fiziki problem də psixoloji problemi şərtləndirir. Bu səbəbdən insanların zövq aldığı işlərlə məşğul olması məsləhətdir. Hər hansı işdən zövq aldıqda özümüzü bu problemdən təcrid etmiş olacağıq.
– Hazırda əhalinin özünütəcrid etməsinin sonda ailələrdə boşanmalara səbəb olacağını düşünənlər də az deyil. Əksəriyyət hesab edir ki, uzun müddət evdə qalmağa məcbur olan cütlüklərin münasibətləri korlanacaq və bu proses boşanma ilə nəticələnəcək. Təsadüfi deyil ki, Çində karantin rejimin sona çatmasından sonra boşanma sayının xeyli artdığı müşahidə olundu. Necə düşünürsünüz, ölkəmizdə də bu hal özünü göstərə bilərmi?
– Təəssüf ki, hazırkı vəziyyət ailədə də problemlər yaradacaq. Məhz bu səbəbdən bizdə də Çindəki hal müşahidə oluna bilər. Cütlüklərin zövq aldıqları fəaliyyətlə məşğul ola bilməməsi, dincəlmək üçün yox, sırf məcburiyyətdən evdə olması əlavə gərginlik yaradır ki, bu da ailədə ən kiçik anlaşmazlığın ciddi problemə çevirilməsinə gətirib-çıxarır. Amma onu da deyim ki, indiki durumda elə ailələr də olacaq ki, hansısa problemlərini məhz indiki dövrdə həll edəcəklər. Qısası, koronavirus səbəbindən həm boşananlar, həm də problemini həll edən cütlüklərin olması gözləniləndir.
-Şübhəsiz, karantində saxlanılanların ailələri də narahatdırlar. Həmin şəxslərin özlərinə və yaxınlarına nə məsləhət görərdiniz?
– Təbii ki, indiki gərgin vəziyyətdə biz onları başa düşürük. Karantində olan insanların yaxınlarının onların səhhətindən narahat olması, üstəlik, onları tezliklə görmək istəməsi çox normaldır. Bu iki amil bəzən həssaslığın, aqressivliyin və gərginliyin yaranması ilə nəticələnir. Amma unutmayaq ki, karantində olanlar maksimum 14 gün burda olacaq və deməli, bu müddəti həmin şəxslərin ailələri daha anlayışla qarşılamalı və bu prosesin hamının sağlamlığı üçün həyata keçirildiyini yaddan çıxarmamalıdırlar.
Söhbətləşdi: Aydan Kərimli