Vaqif Qelender

Tanınmış plastik cərrah: “Dedi, kişiyəm, qadın olmaq istəyirəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 759

“Gencaile.az” “Ailem.az”-a istinadən Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı, tibb üzrə elmlər doktoru, professor Vaqif Qələndərin müsahibəsini təqdim edir.

 

– Vaqif həkim, bu yaxınlarda sizin metodikanız Amerikada nüfuzlu bir universitetin dərsliyinə salınıb. Bu həm siz, həm də Azərbaycan tibbi üçün böyük bir uğurdur.

– Bəli, Florida Tibb Kolleci Universitetinin dosenti, çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər Praktiki yanaşma” dərsliyində mənə məxsus xüsusi metodika ayrıca fəsil kimi salınıb. Dərsliyin 20-ci fəslinə Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada mənim yaratdığım və neçə illərdir tətbiq etdiyim xüsusi metodikadan bəhs olunur.

Bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan məhkəmə tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq, canlı insanlarda tətbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan metodikadır. 1999-cu il sentyabrın 29-da Quş adasında keçirilən Ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək, beynəlxalq mükafat və diploma layiq görülüb. Amerikada bir jurnalda sənin məqalənin çıxması üçün illər lazımdır ki, onu göndərəsən, qəbul edələr. Amma bunlar heç məndən xəbərsiz bu metodikanı götürüb dərsliyə salıblar.

 

– Bu xəbəri ilk eşitdiyinizdə reaksiyanız necə oldu?

– Mənim üçün bu xəbər böyük sürpriz oldu. Həmin gün mənə Türkiyədən mesajlar gəlib, professorlar məni təbrik ediblər. Çox təəccübləndim ki, görəsən xeyirdirmi, bunlar məni niyə təbrik edir? Ad günüm deyil… Demə, kitab internetdə yayımlanıb və onlar mənim metodikamı orada görüblər. Mənim isə hələ də xəbərim yox idi. Doğrudan da çox sevindim. Çünki hər yerdə Azərbaycan səhiyyəsi hələ inkişaf etməyib kimi suallar səsləndirirdilər. Bu kitab bütün dünyada satılacaq və həkimlərin stolüstü kitabıdır. Mən elmlər doktoruyam, professoram, amma heç bir şey məni bu qədər sevindirməmişdi. Qopmuş qolun replantasiyasını həyata keçirmişəm, hətta o da məni bu qədər sevindirməyib. Çünki dünyanın qəbul etdiyi beynəlxalq rekonstruktiv plastik cərrahiyyə kitabına sənin metodikanın salınması artıq tarixdir və Azərbaycan səhiyyəsinin uğurudur.

 

– Bilirik ki, Azərbaycanda plastik cərrahiyyə üzrə ixtisas alan ilk həkimlərdənsiniz. Hətta o zaman Azərbaycanda bu ixtisas hələ mövcud deyildi və aradan keçən az bir müddətdə artıq dünyada bu sahədə öz sözünüzü deməyi bacardınız…

– Bəli, biz ilklər idik. O zaman Tibb Universiteti ilə İstanbul Universiteti arasında imzalanan müqavilə əsasən, Azərbaycanda olmayan ixtisaslar üzrə orada mütəxəssislər hazırlanıb gəlməliydi. Universitetin qabaqcıl tələbələri arasında xüsusi imtahan keçirildi və 10 nəfər seçildi. 4-cü kursdan Türkiyəyə getdik. Universiteti bitirdikdən sonra da  ixtisasına yiyələnmək üçün orada qaldıq. Hərə bir ixtisas seçdi. Vasif İsmayıl urologiyanı, Kamran Musayev ürək damar cərrahiyyəsini, Rasim Bayramov radiologiyanı, Cəfər Nəsirli travmatologiyanı, mən plastik cərrahiyyəni və s.

 

– Yuxarıda qeyd etdiniz ki, qopmuş qolu yenidən bədənə replantasiya etmisiniz. Bu necə olmuşdu?

– Bəli, iki nəfərin qolunu yerinə replantasiya etmişəm. Birini Türkiyədə, birini də burada və hər ikisi də Türkiyə vətəndaşı olub. 1999-cu ildə Türkiyədə bir pasiyentin qolu qopmuşdu. Mən onu yerinə replantasiya etdim. Həmin xəstəni bir neçə yerə aparmışdılar, amma heç kim əməliyyat etməmişdi. Mən onun qolunu yerinə bərpa etdim və məni də dünyada tanıdan həmin əməliyyat oldu. Biri isə 2004-cü ildə Azərbaycanda oldu. Əməliyyatı Travmatologiya İnstitutunda həyata keçirdim. Türkiyə səfirliyində işləyən türk vətəndaşı idi. Rayondan gələndə yol qəzasına düşmüşdü və qolu qopmuşdu. Onun da qolunu yerinə replantasiya etdim. Həmin əməliyyatların hər ikisini də pulsuz həyata keçirmişdim.

 

– Başqa pulsuz əməliyyatlar da həyata keçirirsiniz?

– Bu cür əməliyyatlarımız çoxdur. Heydər Əliyev Fondunun, Səhiyyə Nazirliyinin göndərdiyi xəstələr var. İmkansız və az təminatlı xəstələr var. Biz onları pulsuz əməliyyat edirik.

 

– Hazırda ölkədə plastik əməliyyat bumu yaranıb. Hər kəs burnunu əməliyyatı etdirir, xüsusilə də qızlar. Mübaliğəsiz demək olar ki, təbii burunlu qızlar şəhərdə barmaqla sayılacaq qədərdir…

– Bəli, bizə də bununla bağlı çoxlu müraciətlər olur, amma haqlı olanları əməliyyat edirik. Eləsi var ki, burnunda nəfəsalma problemi var, ya yıxılıb burun sümüyü əyilib, kosmetik görüntüsü də yaxşı deyil. Bir toya, xeyir işə gedirsən, cəmiyyət içərisinə çıxırsan. Əyri burunu nə qədər makiyajla gizlədəsən?! Artıq plastik cərrahiyyə çox incə, estetik təfəkkürü olan bir rəssam, cərrah kimi həyata keçirilir. Məsələn, mən əvvəllər rəssam olmaq istəyirdim. Oxuduğum məktəbdə müəllimlər otağının hamısında yazıçı və şairlərin portretlərini mən yaratmışdım. Sevirdim rəssamlığı. Bu, məni plastik cərrahiyyəyə gətirib çıxardı. Rəssamlığı burda da tətbiq etdim. Bir yerə gedəndə insan özünə əl gəzdirir, saçını, üzünü bəzəyir. Bütün bunlara bir saat vaxt gedir. Bir burun əməliyyatı da 45 dəqiqə çəkir. Tutaq ki, üzdə hansısa bir deffekt var. Cərrahiyyə elə inkişaf edib ki, hər gün mənfi emosiya ilə oyanmaqdansa, həmin problemlərdən qurtulmaq mümkündür. Əgər bu yol varsa, nədən olmasın? Amma bir də görürsən heç bir problemi yoxdur, burnu da gözəldir, sifəti də. Əlində tutduğu jurnaldan şəkil göstərir ki, məni ona oxşat. Deyirik, üz quruluşunuz, cizgiləriniz elədir ki, dəyişmək olmaz. Dəyişsək, üzünüzün quruluşu pozular. Beləsini əməliyyat etmirik. Amma doğrudan da yıxılıb, travma alıb, bir qüsuru var, genetik olaraq atasının, babasının burnu yekədir deyə qızın da burnu yekədirsə və bunu da 45 dəqiqəyə düzəltmək mümkündürsə, niyə eləməyək? O vaxtı deyirdilər ki, plastik əməliyyat etdirmək dini-nöqteyi nəzərdən düzgün deyil. Amma bunlar yanlış fikirlərdir. Bir pasiyentim vardı. Əmiuşağı idilər və nişanlanmışdılar. Qız yol qəzasına düşəndən sonra sifət sümüyü çökmüşdü, eybəcərləşmişdi. Oğlan almırdı onu. Qızı əməliyyat etdim və evləndilər.

 

– Olubmu ki, kiminsə görünüşünü dəyişmisiz, amma bəyənməyib?

– Xeyr, elə bir şey olmayıb. Çünki biz əvvəlcədən izah edirik necə olacaq, şiş neçə vaxtdan sonra çəkiləcək. Yüz xəstədən bir-ikisi deyir ki, mən elə gözləyirdim, belə oldu. Onu başa salırıq ki, aylar sonra yerini alacaq. Şişi çəkiləcək, sümük çəkilməlidir, formalaşmalıdır. Ondan sonra razı qalırlar. Çox az xəstə razılaşmır. Burada psixoloji faktor da rol oynayır.

 

– Tanınmışlar, siyasətçilər arasında sizə müraciət edənləri var?

– Bəli, çox məşhurlarımız, siyasətçilərimiz müraciət edir. Amma biz onların adını açıqlamırıq. Bilirsiz, hər kəs məşhur, ya siyasətçi olmasından asılı olmayaraq fizioloji olaraq gözəl görünmək istəyir. Onu da cərrahi yolla həyata keçirmək mümkündürsə, nə gözəl. Plastik cərrahiyyədə 6800 əməliyyat üsulu var. Bunlardan yalnız 25 faizi estetikadır. Burun, qulaq, üz, qırış, piy… Qalanı isə anadangəlmə deformasiyalar, qurdağız, dovşandodaq, barmaqlar yapışıq, yanıq, bədəndə çapıqlar, travmadan sonra toxuma rekonstruksiyası kimi ağır əməliyyatlardır.

 

 Bu illər ərzində minlərlə pasiyent üzərində əməliyyat həyata keçirmisiniz. Onlar arasında heç yadınızdan çıxmayan pasiyentləriniz varmı?

– Əlbəttə, çox yaddaqalan pasiyentlərimiz olub. Məsələn, yanıma ay yarımlıq uşaq gətirmişdilər. Üst göz qapaqlarının heç biri yox idi. Valideynləri deyirdilər, biz bu uşağı neyniyək? Uşağın hər iki göz qapağını rekonstruktiv əməliyyat etdim. Onun əməliyyatdan əvvəlki şəkillərini görsəydiniz, dəhşətə gələrdiniz. Amma indi uşaq yekəlib, haradasa 4 yaşı var. O dəfə gətirmişdilər yanıma. Valideynlərinin gözünə gözümü qırpmadan baxıram. Deyirəm, baxın, bu, həmin uşaqdır, görün nə gözəl oğlandır. Heç bir valideyn istəməz uşağı elə olsun. Mən həmin uşağın yaşaması üçün valideynlərinə stimul verdim. Bir uşaq vardı, ağzı bu qulağından o biri qulağına qədər yarıq idi. Nənəsi gətirmişdi ki, valideynləri üzünə baxmaq istəmirlər. Mən onu əməliyyat etdim və həyata qaytardım.

Bir gün yanıma bir xəstə gəldi, anası gətirmişdi. Onda üzün hemongioması vardı, üzü, dodağı, burnu sallanırdı. Təsəvvür edin, alt dodağını əli ilə gəzdirirdi. Hətta o, xəstəxanaya girəndə, camaat görüb qaçırdı. O qədər eybəcər idi üzü. Mən onu beş dəfə əməliyyat etdim. İmkansız idi, bütün əməliyyatları pulsuz etdik. Alt dodağını 4 sm yarım kiçiltdim. Bir gün avtomobillə bulvarın kənarı ilə gedirdim. Baxdım ki, əməliyyat etdiyim şəxs, yanında da bir qadın uşaq arabası sürə-sürə gedirlər. Avtomobili saxlayıb onu çağırdım. Qaça-qaça gəlib görüşdü. Yoldaşına dedi ki, məni yenidən həyata qaytaran, səninlə evlənməmə səbəb olan Vaqif həkim budur. Dedi, həkim, sizə bir söz demək istəyirəm. Bu, arabadakı mənim oğlumdur, adını da Vaqif qoymuşam. İnanın ki, tüklərim biz-biz oldu. Hətta maşını özüm sürə bilmədim, yoldaşıma dedim, sən sür.

 

– Bütün dünyada olduğu kimi, Azərbaycanda da cinsi azlıq nümayəndələri var və plastik əməliyyat elətdirənlərin əksəriyyəti də onlardır. Həmin şəxslər sizə müraciət etdikdə əməliyyat edirsinizmi?

– Ölkəmizdə cinsiyyət dəyişdirmə əməliyyatı aparılmır. Texniki olaraq bu mümkündür, orqanın yerini dəyişmək olur. Amma biz nəyi edirik. Məsələn, şəxs anadangəlmə germofrodit olur. Nə qadındır, nə kişi. Onu genetik olaraq yoxlayırsan, xromosomlarının testinə uyğun olaraq cinsiyyət orqanında kosmetik əməliyyat aparırıq. Tədricən öz təbiətinə uyğunlaşdırırıq. Bu əməliyyatlar insanı həyatının düzgün inkişafı üçün rahatladır. Bu gün hipospardiya olan var, yəni sidik kanalı düzgün inkişaf etmir. Biz onu da əməliyyat edərək formalaşdırırıq.

 

– Bununla bağlı müraciət edən hər kəsi əməliyyat edirsiniz, yoxsa…

– Xeyr. Adam gəlib deyir, mən kişiyəm, qadın olmaq istəyirəm, yaxud qadınam, kişi olmaq istəyirəm. Onu əməliyyatı etmirik. Çünki onda deyək ki, xromosom XX-dir, o isə istəyir XY olsun. Bu cür insanları əlbəttə ki, xətirlərinə dəymədən yayındırırıq, psixoloqa göndəririk, çoxunu bu fikirdən daşındırırıq. Məsələn, eləsi var gəlir bizə, cinsiyyətini müəyyən edə bilmir. Biz ona kömək edirik ki, cəmiyyət içərisində özünə yer tapa bilsin. Yoxsa gəlir ki, cinsiyyətimi dəyişdirəcəm, neçə illərdir kişi idim, bundan sonra qadın kimi yaşamaq istəyirəm. Bunlar absurd şeylərdir.

 

– Özünüz hansısa plastik əməliyyat etdirmisiniz?

– Xeyr, amma gələcəkdə ehtiyac olsa etdirəcəm. Görsəm, üzümdə qırışlar əmələ gəlib, qaşlarım düşür, saçım tökülür və s. – imkan vermərəm bunlar olsun. Həm də mən plastik cərraham. İstəyərəm, yanıma gələn insanlar məndən müsbət enerji alsın. Ataların bir sözü var ey, deyir keçəl dərman bilsə, öz başına sürtər. Ona görə gərək insan öz-özünə fikir verə. Yadıma gülməli bir əhvalat düşdü. Gənclik illərimdə Türkiyədə bir xəstəyə saç əkəcəkdik. Mənim bir professorum vardı. Əvvəlcə o, müayinə edirdi. Müayinədən sonra xəstə sənədlərini götürüb çıxıb getdi. Mən onu yoldan qaytardım. Soruşdum niyə gedirsən? Dedi, elə bacarıqlısınızsa, həkim əvvəlcə öz başına tük əkdirsin. Ona dedim, həkim çox yaşlıdır, saçları da tökülüb. Həm də o, öz xarizmasını elə görür və bu, onda kompleks yaratmır. Amma siz bunu özünüzə problem kimi görürsünüz. Sözlərim ona müsbət təsir etdi. Yenidən qayıdıb gəldi və əməliyyat olundu.

 

– Bəs həyat yoldaşınız plastik əməliyyat etdirmək istəsə, buna münasibətiniz necə olar, icazə verərsiniz?

– Əlbəttə. Bir qadın həmişə öz gözəlliyində, formasında qalmalıdır. Əgər nə zamansa ehtiyacı olsa, yoldaşım da, qızlarım da bunu edər. Amma heç bir təbii görüntünü pozmadan.

 

– Bəs bu əməliyyatları özünüz edərsiniz, yoxsa başqasına etibar edərsiniz?

– Özüm edərəm. Başqasına verə bilmərəm…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir