Azad Isazade

Tanınmış psixoloq: “Problem odur ki, bizim cəmiyyət ailədaxili zorakılığa normal baxır”

Baxış sayı: 1. 618

Ailədaxili zorakılıq mövzusu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olub. O baxımdan problemin daima müzakirə edilməsinə və mətbuatın gündəmində qalmasına ehtiyac var. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsinin bir məqsədi də bu problemi ictimai müzakirəyə çıxararaq həllinə nail olmaqdır. Mövzunun aktuallığını nəzərə alaraq, psixoloq Azad İsazadə ilə müsahibəni təqdim edirik.

 

– Azad müəllim, ailədaxili zorakılığa yol açan əsas psixoloji faktorlar nələrdir?

– Bütün dünyada kişi hegemonluğu yaşansa də, Şərq ölkələrində bu daha çox özünü göstərir. Kişi ailədə özünü başçı hesab edir və hegemonluğu əlində saxlamaq üçün cürbəcür yollara əl atır. Burada zorakılığın bir neçə növündən istifadə oluna bilər: fiziki zorakılıq, seksual zorakılıq, psixoloji zorakılıq və iqtisadi zorakılıq.

Ailə başçısı olan kişi fiziki baxımdan güclü olduğu üçün zorakılığa əl atır. Adətən evə pul qazanıb gətirən də kişi olduğu üçün iqtisadi təzyiq də göstərir. Bütün bu zorakılığa məruz qalan qadınlar psixoloji zorakılıqla da üzləşmiş olur. Bəzən bunların dördündən də istifadə edilir, ancaq hər bir ailə zorakılığının tərkibində ən azı ikisinə rast gəlinir.

Bir nüansı da diqqətdə saxlamlıyıq ki, ailədaxili zorakılıq cəmiyyət tərəfindən də dəstəklənir. Cəmiyyətdə ailə zorakılığı norma kimi qəbul edilir. Bəzən ailənin digər üzvləri, ərin anası və bacısı da bu zorakılığa dəstək verir, hətta təhrik edir.

 

– Pxisoloji zorakılıq nədir və hansı formada həyata keçirilir?

– Bu istər kobud formada qışqırmaq, nəyisə tələb eləmək, ailədaxili rolları ədalətli paylaşdırmamaq formasında baş verə bilər. Fiziki və ya iqtisadi zorakılığa əl atacağı ilə hədələmək də psixoloji zorakılıq kimi qiymətləndirilə bilər. Məsələn, “filan işi görməsən döyüləcəksən” və ya “sənə pu verməyəcəm” kimi təhdidlər psixoloji zorakılıqdır. Yəni, fiziki zorakılığa hələ əl atılmayıb, ancaq psixoloji təzyiq göstərilir.

 

– Qadının iqtisadi müstəqilliyinin olmaması da onun daha asan şəkildə zorakılıq qurbanına çevrilməsinə səbəb ola bilərmi?

– Bəli. Dəfələrlə rastlaşmışıq ki, əri qadını boşayıb küçədə ac və evsiz qalmaqla hədələyir. Bildirir ki, onun nə evdə, nə də digər əmlakda haqqı yoxdur, övladları ilə birlikdə küçədə qala bilər. Qadınların bir çoxu isə bilmir ki, nikahda olduqları müddət ərzində əldə edilən hər bir əmlakda hər ikisi pay sahibidir və boşandıqları təqdirdə bərabər bölünəcək. Çünki qadın işləməsə belə ailədə qazanılan hər bir əmlakda payı var. Qadın bu müddət ərzində ərinə qulluq edib, onun məişət qayğılarını çəkib. Kişiyə də imkan yaradıb ki, gedib pul qazansın. O baxımdan boşanma prosesində nikah müddətində əldə edilən hər şey bərabər bölünür. Qadınların bir çoxu isə bunu bilmir və ya bilsə də inanmır ki, öz hüququnu müdafiə edə bilər. Evsiz və pulsuz qalması qorxusu ilə çox zaman hər şeyə göz yumur, bəzi şeyləri bağışlayır.

 

– Bəzi hallarda ailədaxili zorakılıq baş verən zaman boşanmalar çıxış yolu kimi təklif olunur. Lakin təcrübə göstərir ki, kişilər boşandıqları qadından belə əl çəkmir, onu təqib edir, hətta qısqanclıq zəminində zorakılığa məruz qoyur…

– Cəmiyyətdə boşanma mənfi bir hadisə kimi qiymətləndirilir. Doğrudan da ailənin parçalanması, uşaqların valideynlərdən birindən kənarda qalması çox pis haldır. Ancaq onu da anlamalıyıq ki, bəzi hallarda boşanma yeganə xilas yoludur. Qadın ya fiziki, ya da psixoloji təzyiq altında olur, evdə dustaq kimi saxlanılır, hətta ona telefondan istifadə etməyə, valideynləri ilə danışmağa belə icazə verilmir. Biz belə hallarla rastlaşırıq. Hansısa qayda bir qədər pozulursa, qadın fikizi zorakılığa və zorakılığın digər növlərinə məruz qalır. Bu zaman onun sağlamlığına zərbə də dəyə bilər. Uşaqlar da zorakılığın təsirinə məruz qalır. Belə hallarda boşanma nə qədər pis olsa da, yeganə xilas yolu olur.

Image result for psixoloq Azad İsazadə

– Boşanma ərəfəsində və boşandıqdan sonra belə bəzən qadını keçmiş həyat yoldaşından qorumaq lazım olur. Belə hallarda nə etmək olar?

– Bu cür hallarda qadına mühafizə orderi verilə bilər. O, hüquq-mühafizə orqanlarının köməyi ilə hansısa təzyiqlərdən qoruna bilər. Mühafizə orderi verilibsə, boşanma prosesində kişi qadına yaxınlaşa bilməz, bu ona qadağan edilir. Boşanmadan sonra isə yalnız məhkəmənin təyin etdiyi gün uşaqlarını görməyə icazə verilə bilər. Qalan günlərdə isə qadının ixtiyarı var ki, keçmiş ərini evə buraxmasın. Çox nadir hallarda boşanmış qadınlar bu qoruyucu üsullardan istifadə edirlər. Qadınlar özləri hüquqları üçün mübarizə aparmalıdırlar. Bunun üçün ilk nöbbədə onlar bu qanunlardan məlumatlı olmalıdırlar. Bununla yanaşı hüquqlarını qorumaq üçün addım atmalıdırlar, polisə müraciət etməlidirlər, məhkəməyə ərizə yazmalıdırlar ki, dövlət onları hansısa təzyiqlərdən qorusun.

 

– Zorakılığa məruz qalan qadınların psixoji durumunu necə təsvir edərdiniz?

– Çox zaman qadınlar zorakılığa məruz qalan zaman düşünürlər ki, bəlkə də nəyisə düz etməyiblər. İlk növbədə şüuraltı olaraq günahı özlərində axtarırlar və çalışırlar ki, öz hərəkətlərinə diqqət etsinlər, bir də belə səhv eləməsinlər. Zorakılıqdan istifadə edən ər isə qadında hansısa dəyişikliyə nail olduğunu görəndə düşünür ki, növbəti dəfə də bu üsuldan istifadə edə bilər. Yəni, o zaman qadın “ağıllanacaq” və özünü daha da yaxşı aparacaq. Hər dəfə tələblər də artır, zorakılığın təsiri də çoxalır. Belə olmaması üçün zorakılığa məruz qalan insan özünü müdafiə etməlidir, mübarizə aparmalıdır. O zaman zor tətbiq edən insan da başa düşür ki, ona cavab qaytaracaqlar, onunla mübarizə aparacaqlar və ailəni itirə bilər.

 

– Azad müəllim, o zaman bizim qadınlarda özünümüdafiə hissi gecmi formalaşır?

– Bəli, bəzən ümumiyyətlə formalaşmır və hətta ayıb sayılır. Çalışırlar ki, dözsünlər, gizlətsinlər , heç kimə heç nə deməsinlər. Bəzən qadın illərlə zorakılığa məruz qalsa da, ətrafı bunu bilmir. Bəzən ən yaxınlarına, doğmalarına belə bunu demir ki, birdən dava düşər, qan tökülər.

 

– Zorakılığın olduğu ailədə böyüyən uşaqlara bunun hansı psixoloji təsirləri ola bilər?

– Uşaqlar özləri birbaşa fiziki zorakılığa məruz qalmasalar belə, gözlərinin önündə valideynləri konfliktdə olanda, anaları zorakılığa məruz qalanda bu onlara mənfi təsir göstərir. Onlarda həyəcan, qorxu, əsəbilik, yuxusuzluq, pəltəklik və sair hallar yaranır. Nisbətən az hallarda aqressiya hallarına da gətirib çıxarır. Uşaqlarda aqressivlik formalaşır. Bəzən bu iki formanın qarışıq şəkli ilə rastlaşırıq. Yəni zorakılıq baş verən zaman uşaq həm qorxur, həyəcan keçirir, həm də aqressiv olur.

 

– Bəzən zorakılığa məruz qalan analar da övladları ilə aqressiv davranışlara yol verirlər…

– Sözsüz ki, zorakılığa məruz qalan insanın əsəb sistemi pozulur, dözümsüz olur və hirsini haradansa çıxmağa çalışır. Bunu ərinə qarşı etməyə qorxduğu üçün, evdə uşaqlarla tək qalanda hirsini onlardan çıxır. Qadınlar özləri də təsdiq edirlər ki, özləri də istəmədən uşaqlarına qarşı zorakılıq edirlər, sonra bundan peşman olub ağlayırlar. Yəni insan eyni zamanda həm ailədaxili zorakılığa məruz qalıb, həm də onu törədən şəxsə çevrilə bilər.

Image result for Azad Isazadə

– Azad müəllim, çıxış yolunu nədə görürsünüz?

– Ailədaxili zorakılığa dünyanın hər yerində rast gəlinir, bunu sıfıra endirmək mümkün deyil. Problem isə odur ki, bizim cəmiyyət ailədaxili zorakılığa normal baxır. Bəzən dəstəkləyir, bəzən də neytral yanaşır. Problemin həlli üçün ilk növbədə cəmiyyət buna qarşı çıxış etməlidir. Cəmiyyət bununla mübarizə aparsa, zor tətbiq edən şəxsi qınasa bu kimi halların sayı da azalacaq, zorakılığın formaları da yumşalacaq.

 

– Dövlət və vətəndaş cəmiyyəti bu istiqamətdə hansı addımlar ata bilər?

Adətən ailədə baş verən zorakılıqdan nə dövlətin, nə də vətəndaş cəmiyyətinin xəbəri belə olmur. Zorakılıq hallarının 70-80 faizi gizli qalır. Yalnız hansısa dəhşətli xəsarətlər olanda, qadın küçədə qalanda və ya polisə, hansısa vətəndaş cəmiyyətinə müraciət edəndə bu kimi hallar üzə çıxır. Bu istiqamətdə məlumatlandırma işi güclənməlidir. Qadın bilməlidir ki, zorakılığa qarşı qanun var, ona kömək edə biləcək dövlət qurumları, vətəndaş cəmiyyəti var. Bir çox hallarda zorakılıq qurbanları məişət zorakılığı ilə bağlı qanunun varlığından belə xəbərdar olmur. Bu mənada maarfiləndirmə işləri aparılmalıdır. Qadın bilməlidir ki, haraya və hansı formada müraciət edə bilər, özünü müdafiə etmək üçün hansı formalardan istifadə edə bilər.

 

Məğrur Mərd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir