Sebnem Hesenova

Tanınmış teleaparıcı: “Əvvəllər çevrəmdəki qadınlar “uşaqlarım üçün yaşayıram” deyəndə gülürdüm”

Baxış sayı: 1. 517

Ana olmaq şərəfli və bir o qədər də çətin missiyadır. Hansı ki, bu adı dünyaya övlad gətirən hər qadına şamil etmək mümkün deyil. Təəssüf ki, XXI əsrdə də dünyaya övlad gətirib, ondan imtina edən və taleyin ümidinə buraxan valideynlər az da olsa var. Cəmiyyətimiz onları şiddətli şəkildə qınayır və “ana”lıq missiyasının onlara heç bir aidiyyatı olmadığını vurğulayır.

Bu gün sizə örnək ana olaraq təqdim edəcəyim valideynlərdən biri də tanınmış aparıcı Şəbnəm Həsənovadır. İki övlad sahibi olan müsahibimin böyük oğlu Turanın 8 yaşı, Tomrisin isə 3 yaşı var. Uşaqlarının tərbiyəsinə həssaslıqla yanaşan aparıcı işdən qalan zamanını onlara sərf etdiyini deyir və övladları ilə gününün daha şən, əyləncəli keçdiyini gizlətmir.

 

– Şəbnəm xanım, uşaqlarınızla nə qədər zaman keçirirsiniz?

– Açığını deyim ki, iş rejimim o qədər də gərgin deyil və ona görə övladlarımla çox zaman keçirmə imkanına sahibəm. Həftənin 2-3 günü işləyirəm, qalan günlər isə zamanımı uşaqlarıma sərf edirəm. Uşaqlarla daha çox zaman keçirməyin tərəfdarıyam. Ümumiyyətlə, uşaqlıq illəri insan ömrünün ən qayğısız, gözəl çağlarıdır və təəssüf ki, bu zaman çox qısadır, biz böyüyürük, ancaq uşaqlıq arxada qalır. Bacardığımız qədər uşaqlara öz uşaqlığını dolğun keçirməsi üçün şərait yaratmağın tərəfdarıyam. Nəinki körpə uşaqların, hətta böyüklərin belə içində az da olsa bir uşaqlıq var.

– Övladlarınızın istəkləri ilə çoxmu oynayırsınız?

– Əlbəttə. Misal üçün, onların istəyi ilə evdə heyvan saxlayırıq. Evdə pişiyimiz, itimiz, tutuquşumuz var. Uşaqlarımla zaman keçirmək üçün hər hansı əyləncə mərkəzinə üstünlük vermirəm. Daha çox kinoya baxırıq, təbiət qoynunda istirahət etməyə gedirik. Şəraitə uyğun olaraq onları at sürməyə aparıram. Çalışıram ki, övladlarım canlılarla daha çox təmasda olsunlar.

 

– Bəzən deyirlər ki, ana oğula daha çox bağlı olur. Sizdə də elədirmi?

– Heç bir halda övladlarıma fərq qoymuram. Mənim üçün hər iki övladım və onların fikirləri dəyərlidir. Hətta qızım dünyaya gələndə, Turanın qərarlarına hörmət etdiyimizi görməsi üçün onunla söhbət etdik. Biz onunla ana-övlad deyil, iki yaxın dostuq və özü də bilir ki, bizim üçün nə qədər dəyərlidir. Hətta biz o qədər narahat idik ki, ondan sonra ikinci övladımız dünyaya gələrsə, Turanın bacısını paylaşa bilməyəcəyini də düşünürdük. Bunun üçün psixoloji olaraq Turana təzyiq göstərdik. Əslində o istəyirdi ki, qardaşı olsun. Mən bir variant işlətdim və dedim ki, qardaşın olsa, maşınlarınızı və digər oyuncaqlarınızı öz aranızda paylaşa bilməyəcəksiniz, bəlkə bacın olsun? Bu üsulla onun daha çox bacıya ehtiyacı olduğunu qəbul etdirdik və bunun üçün müxtəlif üsullara əl atdıq. Çox şükür, bu gün oğlum bacısını çox istəyir.

– Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

– Ana olduqdan sonra məsuliyyətim artdı. Bəzən çevrəmdəki qadınlar “uşaqlarım üçün yaşayıram” deyəndə gülürdüm. Fikirləşirdim ki, insan niyə uşağı üçün yaşasın ki? Valideyn olandan sonra “uşaqlarım üçün yaşamalıyam” deyə qarşıma məqsəd qoydum. Həqiqətən də uşaqlarım üçün yaşayıram. Hətta düşünürəm ki, mənim özümün sağlamlığım belə uşaqlarım üçün lazımdır ki, onları istədiyim şəkildə böyüdüm.

Valideynlərim dünyasını tez dəyişdiyi üçün uşaqlarım nənə, baba korluğu çəkir. Həyatlarındakı o natamamlıq olmasın deyə, çox yaxın insanlarımız var ki, onlara bu sənin nənən, babandır demişəm.  Övladlarımızı böyüdərkən onlara özgüvəni verməyə çalışırıq. İstəyirik ki, ürəkli böyüsünlər.

 

– Uşaqlar xəstələnəndə onların sağlamlığı ilə özünüz maraqlanırsınız, yoxsa bunu dayəyə həvalə edirsiniz?

– Dəfələrlə olub ki, çox xəstə və ağır vəziyyətdə işimin gedişatına görə məcbur olaraq uşağımı dayə yanında, hətta bağçaya qoyub getmişəm. Bu o demək deyil ki, uşağımı atmışam, kiminsə öhdəsinə buraxmışam. Əsla, məcburiyyətdən olub. Ancaq işimi bitirən kimi, gəlib onların sağlamlığı ilə özüm məşğul olmuşam.

 

– Uşaqlarınızın gələcəyini necə təsəvvür edirsiniz?

– Oğlum çox dünyəvi uşaqdır, maraqlı tərəfləri çoxdur. Mənə elə gəlir ki, o, gələcəkdə yaradıcı bir işlə məşğul olacaq. Hazırda rəsmlə məşğul olur. Animasiya filmlərinin çəkiliş prosesi ilə maraqlanır, ədəbiyyatı sevir. Nağılları personajların səsi ilə ifa edir. Onun gələcəkdə yaradıcı tərəfə gedəcəyini düşünürəm. Qızıma gəlincə isə, onun çox savadlı və intellektli olmasını istəyirəm və bunun üçün əlimdən gələni edəcəm.

Allahdan arzum budur ki, onların canları daim sağlam olsun, özgüvənli şəkildə böyüsünlər. Öz ayaqlarının üstə durmağı bacarsınlar. Bizim də bir valideyn kimi hər an bunu hiss etdirmək borcumuzdur.

– İndiki valideynlərin bir qismi övladı xəstələnəndə həkimə müraciət etməkdənsə, psixoloqa müraciət edirlər.  Bəs sizin psixoloqlarla aranız necədir?  

– Açığı, mən uşağımı psixoloq yanına aparmamışam. Ancaq psixoloqdan məsləhətlər almışam. Ötən ay oğlumun dərslərdən yayındığını və zəiflədiyini hiss etmişdim. Gördüm ki, dərs oxumağa həvəsi yoxdur. Oturub bunun problemlərini araşdırdım. Nəticədə məlum oldu ki, Turan müəlliməsiylə daha çox vaxt keçirmək əvəzinə, mənimlə birlikdə dərs oxumaq istəyirmiş. Turan rus bölməsində oxuyur və dərslərinin çoxu ingilis dilindədir. Ona görə də mən onunla hazırlaşa bilmirdim. Onu müəllimə həvalə etmişdim. Artıq 10 gündür ki, axşamlar bir saat da olsa zaman ayırıb, onun dərsləri ilə məşğul oluram. Görürəm ki, bunun gözəl nəticəsi var. Bəzən uşağının psixoloqu valideynin özü olmalıdır.

 

– Övladlarınızın aparıcı olmasını istəyərsinizmi?

– Niyə də yox? Çox istəyərəm. Mən işimi və sənətimi çox sevirəm. Daxilimdə istək olmasa, bu səviyyəyə gəlib çıxa bilməzdim. Əgər onlar da gələcəkdə bu sənətlə məşğul olmaq istəyərlərsə, mane olmayacam. Bu məsələdə övladlarımın qarşısında dayanmaq fikrim yoxdur.

 

– Bu yaxınlarda həmkarınız Lalə Azərtaş müsahibəsində “qızını döyməyən, dizi döyər” ifadəsini səsləndirdi və onun bu fikirləri bəzi analar tərəfindən qınaqla qarşılandı. Siz bu mövzu haqqında nə düşünürsünüz?

– Uşağın döyülməsinin qətiyyən tərəfdarı deyiləm. Nəinki öz uşağımın, çevrəmdə də bir uşağın döyüldüyünü görəndə çox pis oluram. Bir şey ki, adı şiddətdir. Ən kritik vəziyyətdə belə səbirli olmağa çalışmışam. Ancaq yalan deyərəm ki, uşaqlarımı vurmamışam. Mənim öz tərbiyə metodum var. Gördüm ki, tabe olmurlar, müəyyən məqamdan sonra öz eqolarını ortaya qoyurlar və mən belə halda uşağa aqressiv yanaşmıram. Onda uşağın hər iki qolundan bərk sıxıb stola oturduram və özüm də onlarla bərabər otururam. Gözlərinin içinə baxıb sonuncu xəbərdarlığımı edirəm. Çox şükür ki, bu metod oğlumda çox gözəl nəticə verib. Ancaq qızım bir qədər nadincdir. O hələ çox balacadır. Deməyim odur ki, heç bir halda döyməyin tərəfdarı deyiləm.

– Bəs siz özünüz necə uşaq olmusunuz? Uşaq vaxtı döyülmüsünüzmü?

– Bizim vaxtımızda analar müəllimələrə tapşırırdılar ki, nadinclik etsə onu danla, cəzalandır. Desəm ki döyülməmişəm, səmimi olmaram (gülürük). Anam tərəfindən bir neçə dəfə döyülmüşəm.

 

– Bu sizdə aqressiya yaradıbmı? Hansı ki, onu indiyə qədər xatırlayırsınız.

– Xeyr. İndi müasir zəmanədə psixoloji məqamlar tendensiya halını alıb. Guya nəyinsə təsirindən uşaqlar psixoloji travma keçirir. İnanmıram ki, uşaqlıqda olan hansısa bir hadisə mənim bu günümə təsir etsin. O zaman başqa tələblər və düşüncə tərzi var idi. İndi insanların həyata baxışı, fikirləri, düşüncələri də dəyişib. İnformasiya bolluğu, qloballaşmaq, dünyaya açılmaq daha da çoxalıb deyə, insanlar hər nüansa diqqət yetirirlər. Əvvəllər uşağın döyülməsinə bu qədər reaksiya verilmirdi. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir