Tanınmışlar hansı tibb mərkəzinə inanırlar? – BİZİM SORĞU

Baxış sayı: 3. 842

Bu gün ictimai fikri kifayət qədər məşğul edən, müxtəlif səviyyələrdə ən çox müzakirə predmetinə çevrilən məsələlərədən biri həkimlərin peşəkarlıq səviyyəsi, tibb müəssisələrimizin xidmət keyfiyyətidir. Nəticə odur ki, hər il xeyli həmvətənimiz öz şəfasını İranda, Türkiyədə, Almaniyada və s ölkələrin tibb mərkəzlərində axtarır.

Yerli həkimlər, eləcə də onların müalicəsindən fayda görənlər isə keyfiyyətli müayinə və müalicə üçün xaricə üz tutmağa lüzum görmürlər. Onlar hesab edirlər ki, ölkəmizdə də yetərincə yaxşı mütəxəssislər, tibb müəssisələri var. Elə bax bu mövzuda tanınmışlar arasında kiçik bir sorğu aparmışıq, görək onlar hansı xəstəxanaların xidmətindən razıdırlar, kimə inanır, hansı tibb müəssisəsinə etibar edirlər?

Buyurun, bəlkə də respondentlərimizin cavabları kompas rolunu da oynaya bilər:

Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri:

– Tibb müəssisəsinə yox, tanıdığım, etibar etdiyim həkimə etibar edirəm.

Yasin Qarayev, əməkdar artist:

– Son illər tibbi müayinə ilə bağlı qonşu İran və Türkiyədə olmuşam. Belə qənaətə gəlmişəm ki, Bakıda “Neftçilər”, Mərkəzi Klinik Xəstəxana və Topçubaşov adına tibb müəssisələrinə güvənmək olar.

İlham Tumas, ssenarist, APA TV-nin aparıcısı:

– “Sinan” klinikası.

Aqil Aslan, Parlament Jurnalistləri Birliyinin sədr müavini:

– Azərbaycanda özəl tibb müəssisələrindən daha çox Tusi adına klinikaya güvənirəm. Bir də Tibb Universitetinin Tədris Terapevtik Klinikasına etibar edirəm.

Ağalar Bayramov, əməkdar artist:

– Bu vaxta qədər həkimə müraciət etməmişəm.

Azər Qərib, teleaparıcı:

– Əfsuslar, cavab verə bilməyəcəm, çünki mənim dilimdən səslənən açıqlama ilə hər hansı bir klinika reklam olacaq.

Cavid Zeynallı, yazıçı:

– Adətən, tanış həkimin olduğu tibb müəssisəsinə. Ümumiyyətlə ise cibimdə pul həkimə işim düşəndə özümü daha güvənli hiss edirəm.

Aytən Səfərova, teleaparıcı:

hekim

–  Faktiki olaraq heç birinə etibar etmirəm. Azdan-çoxdan isə Neftçilər xəstəxanası. Pulla oxuyan həkim məni necə peşəkarcasına, özü də pulsuz müalicə edə bilər ki?!

Rahil Sayadoğlu, ANS-in “Şəbəkə” verilişinin aparıcısı:

– Uşaqlığımdan bu yana xəstəxanalarda illərim gedib. Dövlət xəstəxanalarından heç vaxt razı qalmamışam. Həm xidmətin keyfiyyəti, həm də həkim peşəkarlığı bərbad olub. Yalnız “Mərkəzi Klinika”nın peşəkarlığı qane edib məni. Amma qiymətlər hədsiz dərəcədə bahadır.

Rahim Əliyev, Media Təqib Mərkəzinin direktor müavini:

– Ölkəmizdə bu sahədə güvəndiyim müəssisə və şəxs yoxdur, hər şeyi Allaha təvəkkül eləmişəm.

Elçin İmanov, bəstəkar:

– Şükürlər olsun, hələ ki, onlara işim düşməyib, sağlam həyat tərzi və idman sığortalayıb, hələ ki, məni bunların əlindən.

Leyla Zülfüqarova, dietoloq:

– Mən özüm 2 klinikanın həkimi olduğum üçün sizə verəcəyim cavab qeyri-səmimi ola bilər. Amma əsl həqiqeti deyim – mən Türkiyədə “Medipol mega” xəstəxanasında işlərkən gördüyüm keyyfiyyət ilə müqayisə aparsam, hələ ki, burada alternativ gorməmişəm.

Zaur Əmiraslanov, ifaçı:

– Güvəndiyim deməzdim, amma  yaxşı bildiyim və hörmət etdiyim Mərkəzi klinik xəstəxanasıdır.

Xəyal Azəroğlu, ANS-in aparıcısı:

– Düzünü deyim, Azərbaycanda heç bir tibb müəssisəsinə güvənmirəm. Özümlə bağlı hər hansı bir problemim olanda Türkiyədə müayinəyə gedirəm. Çünki bir dəfə əsəblə bağlı Neftçilər Xəstəxanasına müraciət etdim. Mənə orada Hikmət həkimi məsləhət görmüşdülər. Klinikaya getdim və qapısının ağzında uzun növbə olduğunu gördüm.

Düşündüm ki, əgər bir həkimin qapısında bu qədər pasient varsa, deməli müalicəni keyfiyyətli aparır. Ancaq yanıldım. Biri var yaxşı həkim, biri adı çıxmış həkim. Sözügedən həkim mənə firma dərmanları yazdı, dərmanların bahalı olmasına baxmayaraq heç bir yaxşı təsiri olmadı, tam əksi, vəziyyətim daha da pisləşmişdi. Dərmanlar məndə asılılıq yaratdı. Dərmanları dayandırandan sonra narkoman kimi əsməyə başladım.

Ondan sonra özümə söz verdim ki, Azərbaycanda heç bir tibb müəssisəsinə güvənməyəcəm. Həkimlər artıq pul qazanmaq üçün dərman firmaları ilə çalışır və pasinetə resept yazanda firmaların dərmanlarını tərifləyir. Hətta bu dərmanları filan aptekdən başqa yerdə tapa bilməzsən, deyir. Səni göndərir faiz aldığı firmaya və ya aptekə. Odur ki, heç bir tibb müəssisəsinə inanmıram.

Murad Əzimzadə, teleaparıcı:

– Həkimə getmirəm. Ehtiyac olmur. Fövqəl bir hadisə də olmayıb hələ ki.

Emin Piri, jurnalist:

– Düzü, özəl klinikalara müraciət etməmişəm. Səbəb isə yüksək ödəniş istəmələridir. Ona görə də hər hansı məsələylə bağlı yalnız dövlət müəssisəlerinə müraciət edirəm. Son getdiyim yer isə Sumqayıt göz xəstəxanası olub.

Elvin Basqallı, teleaparıcı:

–         Heç birinə güvənmirəm.

Təranə Xudabaxşiyeva, radio aparıcısı:

–         Acı həqiqət olsa da, deməliyəm ki, Azərbaycanda heç bir tibb müəsisəsinə inanmıram. Firmalarla müqavilə bağlayıb, lazımsız dərmanları bizə sırımaq istəyən həkimlərə necə inana bilərik?! Yaxşı kadrlar da ölkədən qaçır. Tibbimiz təhlükədədir. Xaricə – Türkiyə və İrana gedənlərin çoxu tibbi yoxlanışa gedir. Bu, artıq hər şeyi anladır.

Hazırladı: Vüsal, Səbinə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir