Elsen Ismayilov

Tanzaniyada 5-6 min əvvəlin insanları ilə rastlaşan səyyah

Baxış sayı: 584

40-dan çox ölkəyə səyahət edib. Zamanla safari arzusu yaranır. Dünyada bir nömrəli safari mərkəzi Tanzaniyada olduğu üçün növbəti səfər planı da bu ölkəyə olur. Müsahibimiz azərbaycanlıların nadir hallarda səyahət etdikləri Tanzaniyada 15 gün keçirən, bu ölkə ilə bağlı böyük təəssüratları olan Elşən İsmayılovdur.

– Afrika səfərinizdən öncə “ən yaddaqalan səyahətiniz hansıdır” sualıma  “Fransa” demişdiniz. Hələ də elədir?
– Ukraynada olanda oradan Fransaya – Paris, Nitsaya, oradan isə İspaniyaya, ardınca İsveçrəyə getməli idim. Hər şeyi əvvəlcədən planlaşdırmışdım, biletləri də çox ucuz almışdım. Nitsa, Paris çox gözəldir, öz yerində. Deməli, Barselonaya getmək üçün axşam Nitsa aeroportuna gəlmişəm. Bileti 19, ya 20 avroya almışdım. Aeroportda gördüm ki, uçuş ləğv olunub. Bütün planlarım alt-üst oldu. Uçuşu ləğv olanlar üçün yer ayırmışdılar. Çox dilxor vəziyyətdə ora yaxınlaşdım. Baxdım ki, hamı gülür. Düzdür, ən varlı fransızların yaşadığı yerdə idim, amma fikirləşdim ki, insan bu qədər də rahat ola bilməz. Yaxınlaşdım, dedilər ki, uçuşunuz ləğv olub, əvəzində sizə bir neçə paket təklif edəcəyik, özünüz seçin. Birinci təklif etdilər ki, iki gün Nitsada oteldə qalırsınız, aeroportda, oteldə bütün xərcləriniz bizlikdir, sonra ilk reyslə sizi yola salırıq. 250 avro da kompensasiya verilirdi. Mən heç o biri paketlərə baxmadım, razılaşdım və üzü gülənlərdən oldum. Son model “Masserati” ilə sürücü gəlib məni otelə apardı. Həmin oteldə bir gecə qalmaq 583 manat idi. Evə gələnə qədər 250 avronu kartıma köçürmüşdülər. Fransa səfərimi yaddaqalan edən həmin hadisələr idi (gülür).

“Tanzaniya getdiyim 42-ci ölkə idi”

– Son səfəriniz bir çox insanın arzuladığı, amma gedə bilmədiyi Afrikaya – Tanzaniyaya oldu. Çoxdandır getmək istədiyiniz yer idi?
– Tanzaniya getdiyim 42-ci ölkə idi. Artıq hiss edirdim ki, safari görməliyəm. Əsas məqsəd orda heyvanları yaxından görmək idi. Dünyada bir nömrəli safari mərkəzi Tanzaniyada yerləşir. Əlbəttə ki, Zanzibar adası möhtəşəm yerdir. Maldiv adalarının üst versiyasıdır. Afrikanın ən yüksək zirvəsi – Kilimancaro dağı, Viktoriya, Tanqanika gölləri, müxtəlif qəbilələr var. Hamısı mənim üçün maraqlı idi.

– Afrikaya səfər üçün viza almaq prosesi necə oldu?
– Tanzaniyaya səfər edən 10-a yaxın azərbaycanlı var, hamısını da tanıyıram. Ən son səfər edəni 7-8 il bundan əvvəl gedib. Onlarla danışdım, dedilər ki, viza almaq problemdir, əsas bunu həll et. Vizanı həll etdikdən sonra biletləri aldım və yarım aylıq turu hazırladım. Sinif yoldaşımla birlikdə getdik.

– Viza məsələsində problem yaradan nədir?
– Tanzaniya bizim qonşu ölkələrə yerində viza verir. Tanzaniyaya gəlirsiniz, aeroportda sizə viza verirlər. Amma bu qayda Azərbaycan vətəndaşlarına tətbiq olunmur. Biz onlar üçün Banqladeş, Əfqanıstan, Suriya kimi ölkələrlə eyni kateqoriyadayıq. Mütləq yerli bir adamı zamin göstərməliyik. Təxminən 40-50 otelə yazdım ki, kimsə mənə zamin durmaqla bağlı məktub göndərsin. Sonda bir nəfər tapdım.

 

“Yemək yediyimiz yerdə qartal şığıyıb yeməyimizi götürüb getdi”

– Deyirlər ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Hansı məlumatlarla getmişdiniz, hansı təəssüratlarla qayıtdınız? 
– Səfər edəcəyim ölkəni öncədən çox araşdırıram, amma gedib görməyi sözlə ifadə etmək mümkün deyil. Məsələn, Qoronqoro milli parkı var. Maşın meşənin içi ilə gedəndə adam düşünür ki, buradan çıxmaq mümkün olmayacaq. Geniş ərazisi olan qoruqda on minlərlə heyvan var. Kərgədanlar, fillər, antiloplar, zebrlər, begemotlar, bəbirlər, meymunlar, quş növlərinin və s. sayı-hesabı yoxdur. Orda piknik etdik. Həmin heyvanlar ətrafımızda gəzişirdilər. Yemək yediyimiz yerdə göydən bir qartal şığıyıb sinif yoldaşımın yeməyini götürüb getdi (gülür).

– Qorxulu deyildi?
– Yox, orada heyvanlar tox olur deyə, insanlara zərər vermirlər. Aslanlar gəlib maşınların yanından keçirlər və insana heç bir zərər vermirlər. Üstəlik, tanzaniyalılar heyvanları əhliləşdirmirlər. Məsələn, Hindistanda fili əhliləşdirirlər, burda yox. İnsanlar özlərinə də təbiətin bir parçası kimi baxırlar, heyvana da.

 

“Çox kasıbdırlar, amma hamı xoşbəxtdir”

– Tanzaniyalıların yaşayışı ilə bağlı nələri müşahidə etdiniz?
– İnsanlar bizim təsəvvür edə bilməyəcəyimiz qədər kasıbdırlar. Təsəvvür edin, 1000 şillinqə səhərdən axşama kimi işləyirlər. 2400 şillinq bir dollardır. Zanzibarda uşaqlar məktəbə getmək üçün 20-25 km piyada yol qət edirlər. Onların 40-50 faizinin ayağında heç nə yoxdur. Mən elə bildim istidəndir. Dedilər ki, ayaqqabı almağa imkanları yoxdur. Çox kasıbdırlar, amma hamı xoşbəxtdir. Kasıb olsalar da, heç kim ac deyil. Təbiətdə hər şey – meyvə-tərəvəz, dəniz məhsulları var. Hind okeanında dəhşətli dərəcədə çox balıq var. Manqo, banan həddindən artıq çoxdur. Bir insanın orda ac qalma ehtimalı yoxdur.

– Bəs varlıları?
– Orada varlılar həddindən artıq azdır. Əhalinin cəmi 2-3 faizi varlıdır. O da ancaq məmurlardır. Ticarət obyektlərinin rəhbərləri ruslar, almanlar, ingilislərdir. Yerli əhalinin mülkü, obyektləri yoxdur. Tanzaniyanın Zanzibar və Tanqanika hissəsi var. Zanzibar nisbətən varlıdır. Ancaq ümumilikdə varlı olmağa can atmırlar. Məsələn, mən Zanzibarda yaşasam, günə 500-600 dollar pul qazanaram. Orda dənizdə qabarma, çəkilmə olur. Hər çəkilmədə dəniz kənarında müxtəlif bahalı heyvanlar qalır. Çox az insan gedib onları yığıb restoranlara, otellərə satır. Tanqanikada da həmçinin. Məsələn, Kilimancaro ətrafında banan, qəhvə plantasiyası çoxdur, ondan pul qazana bilərlər. Faydalı qazıntılar da çoxdur. Onların hamısını ingilislər istifadə edir. Çox varlı ölkə ola bilərlər, amma bu, onlara maraqlı deyil.

“Kəndə getdik, evlərinə dəvət etdilər, bizi gəzdirdilər”

– Afrikaya səyahət deyiləndə təhlükəsizlik məsələsi vurğulanır. 
– Afrikada təhlükəli ölkələr çoxdur, ancaq Tanzaniya o siyahıda yoxdur. Ekvator ətrafı 90 faiz ölkələrə giriş üçün peyvənd lazımdır. Bizdə onun qiyməti təxminən 560 manatdır. Tanzaniyada ona ehtiyac yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı oranı səhiyyə baxımından təhlükəsiz ölkə elan edib. Tanzaniyada “axşam küçəyə çıxmaq olmaz” kimi təhlükə də yoxdur. Bir də Afrikada Avropada olmayan qəribə bir şey var. Qadın-kişi bərabərliyi burda müzakirə mövzusu deyil. Tanzaniyada hamı bərabərdir. Afrikada yeganə ölkədir ki, 130-a qədər xalq var və heç vaxt onların arasında problem olmayıb. Yəni tam təhlükəsiz ölkədir.

– Yerli əhalinin turistlərə münasibəti necədir?
– Dəhşətli dərəcədə yaxşı münasibətləri var. O qədər yaxşıdır ki, hətta avropalılar da onlardan nümunə götürməlidir. Kəndə getdik, evlərinə dəvət etdilər, bizi gəzdirdilər. Qəhvə yığdıq, bişirdik, dəmlədik. Turistləri evə dəvət edib yemək vermək yanaşmasını bizim bölgələrdə də tətbiq etmək olar.

“Hətta Avropada da qanunlara o səviyyədə əməl olunmur”

– Qəbilələrdən, adət-ənənələrindən danışaq.
– Qəbilələr bir-birinə yaxın ərazilərdə yaşamırlar. Yerləşmə yerini dövlət nizamlayıb. Hər qəbilənin öz ərazisi var. Milli parklarda ova, təsərrüfata icazə yoxdur. Yeganə qəbilə hadzalardır ki, on min illərdir necə yaşayıblarsa, o adət-ənənələri indi də davam etdirilər. Onlara hər heyvanı ovlamağa icazə verilir. Hadzalardan vergi də alınmır. Afrikada insanların o işindən xoşum gəlir ki, hökumət nəyi qadağan edibsə, bunu qəbul edirlər. Hətta Avropada da qanunlara o səviyyədə əməl olunmur. Məsələn, masailər də istənilən heyvanı – şirləri, zebrləri və s. ovlayıb yeyirlər. Hökumət onlara keçi, inək verir ki, heyvanları ovlamasınlar. Onlar da buna əməl edirlər. Tanqanika gölü ətrafında Konqo və Ruanda sərhədlərinə yaxın yerlərdə iki min metr yüksəklikdə yaşayan qəbilələr var və onların həyat tərzinə dövlət qarışmır. Onlar bir-biri ilə nizələrlə, oxlarla döyüşürlər. Hökumət sadəcə aranı sakitləşdirir, amma kimsə kimisə öldürübsə, onu məsuliyyətə cəlb etmirlər. Orda bir qəbilə var, kimsə qətl törədirsə, onu yeyirlər. Ora getməyə vaxtım olmadı. Növbəti dəfə gedəcəyəm. Turistə heç kim pis münasibət göstərmir. Turistlər də özlərini pis aparmırlar. Əvvəldən hamı təlimatlandırılır.

– Nəyi etmək olmaz?
– İcazəsiz şəkillərini çəkmək olmaz. Şəkil çəkmək üçün mütləq əvvəldən icazə almaq lazımdır. Onsuz da icazə istəyəndə problem yaratmırlar. Sadəcə, əvvəldən demək lazımdır. Şəkildə yaxşı düşmək istəyirlər.

– Hansı adətləri sizin üçün maraqlı gəldi?
– Məsələn, masailər inəyi yeyəndə qanını da içirlər. Onların adət-ənənələrinə görə bu, güc-qüvvət verir. Şir ovlayıb yeyirlər. Bir oğlan kişi olduğunu sübut etmək üçün mütləq şir ovlayıb gətirməlidir.

Kənddə bir evdə köhnə televizor olur….

– Mənzillərində şərait necədir? 
– Onlar təbiətlə iç-içədirlər. Masailərdən, hadzalardan danışsaq, ümumiyyətlə, evdə deyil, çöldə yaşayırlar. Tanzaniyanın ən varlı yeri Zanzibardır. Zanzibarın da ən varlı yeri Nunqvi qəsəbəsidir. Ən gözəl təbiət, ən bahalı otellər, ən varlı turistlər oradadır. Orda, ümumiyyətlə, kommunikasiya xətləri çəkilməyib, işıq, su, qaz yoxdur. Otellər generatorlarla işləyir. Tanzaniyada qaz yoxdur. İnterneti də fiber internetdir, hava yolu ilə alırlar. Suyu da ancaq çənlərə doldururlar. Kənddə bir evdə köhnə televizor var, bütün sakinlər dünya çempionatını orada izləyir. Çox maraqlı idi, elə bil 50 il keçmişə getmişdik. Evlər haradasa 15-20 kvadrat olur, ancaq divarlar var. Üstü qamış, yarpaqlardır. Pəncərələrin, qapının yeri var, ancaq özü yoxdur. Evin içində də sadəcə yatmaq üçün yer var, başqa heç nə. Həyətyanı sahə anlayışı yoxdur. Çöldə ocaq qalayırlar, gündə bir, maksimum iki dəfə yemək yeyirlər. Onun da biri yemək, digəri meyvələr olur. Temperatur ilboyu eyni – 25-30 dərəcədir. Ona görə də, ev olmasa da, insanlar hava şəraiti üzündən problemlə qarşılaşmırlar.

– Televizor kənddə bir nəfərdədir, bəs telefon?
– Telefon da hər adamda olmur. Kəndlərdə çox yerdə polifonik telefonlardır. 3000 nəfərlik kənddə 10-15 adamda smart telefon var. O da ya sürücülərdə, ya da məmurlarda. Sanki 5-6 min il əvvəlin insanlarıdırlar. Çox safdırlar. Məsələn, Avropada gülüş görürük, amma hamısı sünidir. Orada elə deyil, insanlar, həqiqətən də, gülürlər. Bir-birilərini, turistləri aldatmırlar. Bunu taksidə, bazarda, parkda, otellərdə – hər yerdə yoxladım.

“Heyvanlara iynə vurmaq, meyvələrə gübrə vermək kimi anlayış yoxdur”

– Afrikada yeyib-içdikləriniz maraqlıdır. Şir əti yediniz?
– Şir əti yemədim. Mən dəniz məhsullarını çox sevirəm. Ən çox “səkkizayaq” (osminoq) yedim. Dəniz məhsulları, meyvələr orada dəhşətli dərəcədə dadlı olur. Bu ölkəyə gübrə gətirilmir. Heyvanlara iynə vurmaq, meyvələrə gübrə vermək kimi anlayış yoxdur. Torpaq o qədər bərəkətlidir ki, ildə dörd dəfə məhsul götürə bilirlər. Bir zəif cəhətləri odur ki, ət bişirə bilmirlər. Şirniyyatları yox səviyyəsindədir. Düyü, lobya istifadə edirlər, çox dadlı da bişirirlər.

– Təmizlik, gigiyenaya yanaşmaları necədir?
– Zanzibarda təmizlik ən yüksək səviyyədədir. Amma masailərdə təmizliyə yanaşma elə deyil. Əl-üzlərini sabunsuz yuyurlar. Sabuna kimyəvi maddə kimi baxırlar. Yəni təbiətdən uzaq şeylərə çox da ehtiyac görmürlər. Amma natəmizlik görmədim.

– Afrikaya səyahət deyiləndə lüks olmayan istirahət anlaşılır. Lüks istirahət etmək olarmı?
– Ola bilməz ki, kimsə Tanzaniyaya getsin, amma onun üçün maraqlı nə isə olmasın. Orda tarix də var, təbiət də. Dəhşət gözəldir. Ağ qum, dəniz tərtəmiz, delfinlərlə üzmək, tısbağalar, çoxlu qeyri-adi şeylər var. Lüks istirahət imkanları, təbii ki, var. Məsələn, Zanzibarda, Aruşada dünyaca məşhur otel şəbəkələrinin hamısı var. Serengeti parkının içində “Radisson” otelinin çadırları var. Zanzibardakı “Hilton” isə yarpaqlarla, qamışlarla örtülmüş evlərin lüks versiyası formasındadır.

– Orada qalıb yaşamaq haqqında düşündünüz?
– Milli parkların tən ortasında yerləşən Aruşada yaşayardım. Afrikanın İsveçrəsi hesab edilir. Orada xeyli sayda ingilislər, almanlar yerləşib yaşayır və ölkələrinə qayıtmırlar. Mən orda yaşayardım.

“İnanmıram ki, mənim qədər ucuz qiymətə bilet ala bilən olsun”

– Maliyyədən də danışaq. Səfər neçəyə başa gəldi?
– Əslində, səfərlərimi bir il əvvəldən planlayıram. İnanmıram ki, Azərbaycanda mənim qədər ucuz qiymətə bilet ala bilən olsun. İndiyə qədər aldığım ən ucuz bilet 22 sentə olub – Əbu-Dabi – Afina. Bakıdan aldığım ən ucuz bilet Bakı – Əbu-Dabi 2 avro olub. Bir də Kiyev-Mançester biletini 4.99 avroya almışam. 5-10 avroluq biletlər çoxdur deyə, onları saymıram. Ukraynadan Misirə 127 dollara bir həftəlik tur tapmışdım. 127 dollara bir həftə ərzində hər şey daxil oldu.  Afrikaya gəlincə, yarım ay orda qalmaq üçün 5000 dollar çıxmalı idi. Bizdə isə bir nəfərə təxminən 2300-2400 dollar çıxdı. Bir il əvvəldən biletləri almışdıq, otel bron etmişdik. Biletə gediş-gəliş üçün təxminən 700-800 dollar pul verdik. Orda əsas xərclər milli parklara giriş üçündür. Milli parklara mütləq safari maşınları ilə getməliyik. Əsas pul da məhz onlara gedir.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir