Yeni il elə bir bayramdır ki, uşaqlı-böyüklü hamı ondan möcüzələr gözləyir. Şaxta babanın, Qar qızın varlığına inananlar da, inanmayanlar da Yeni il bayramından gözəl hədiyyələr diləyir. Sanki böyük və kiçik əqrəbin 12 tamamın üstündə qovuşub yeni saata, yeni ilə adlaması həyatımızda böyük bir yeniliyə, yeni bir mərhələyə keçiddir. Bu sehrli bayramda uşaqlar, əlbəttə ki, daha çox sevinir. Onları həm gözəl hədiyyələr gözləyir, həm də qış tətili. Qış tətillərini rəngarəng keçirmək üçün valideynlər onları müxtəlif mədəniyyət ocaqlarına aparırlar. Bəs bu il ölkəmizdəki mədəniyyət ocaqlarında hansı tədbirlər planlaşdırlır? Gəlin afişalara “Kaspi”nin pəncərəsindən baxaq.
Akademik Milli Dram Teatrında “Məlikməmməd”li Yeni il
Qocaman teatr ocaqlarımızdan olan Azərbaycan Akademik Milli Dram Teatrı yeni il ərəfəsində illər boyu uşaqları müxtəlif şənliklər, tamaşalarla sevindirib. Teatr bu il də ənənəsinə sadiq qalıb. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirdi ki, dekabrın 24-dən etibarən burada “Yeni il şənlikləri” və “Məlikməmməd” adlı bayram tamaşası səhnədən uşaqları sevindirir: “Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov və rejissoru Mehman Fətullayevdir. Qeyd edək ki, tamaşa və yeni il şənlikləri yanvarın 5-dək davam edəcək”.
Kuklalarla “Qar kraliçasının Yeni il sərgüzəştləri”
Azərbaycan Dövlət Kukla Teatrı da bayrama daha böyük şövqlə hazırlaşıb. Mətbuat katibi Həmidə Nazimqızından aldığımız məlumata görə, teatr hər il sırf balacaları sevindirmək, onlarda unudulmaz bayram ovqatı yaratmaq üçün fərqli mövzularda səhnə nümunələri hazırlayır: “Teatrımız bu il məşhur nağılçı, əsərləri sayəsində uşaqları sirli nağıllar aləminə aparan H.X.Andersenin uzun illərdir öz marağını itirməyən “Qar kraliçası” nağılı əsasında “Qar kraliçasının Yeni il sərgüzəştləri” adlı nağıl-tamaşasını hazırlayıb. Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Nümayişlər dekabrın 26-dan başlayıb və yanvarın 8-dək davam edəcək”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 28-dən artıq yeni il tamaşalarına başlayıb. Teatrın mətbuat katibi Hüsniyyə Quliyevanın dediyinə görə, tamaşalar yanvarın 4-nə kimi davam edəcək: “Bayram günlərində “Qoğalın sərgüzəştləri”, “Çirkin ördək balası”, “Qızıl balıq”, “Çippolino”, “Bremen musiqiçiləri”, “Qulliver cırtdanlar ölkəsində” tamaşaları nümayiş olunacaq”.
Musiqili Teatrda şənlik var
Bayram günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da maraqlı proqram olacaq. Teatrın mətbuat katibi Fəridə Aslanova bildirdi ki, 27 dekabr 2022-ci il tarixindən teatrın səhnəsində Yeni il şənliyi başlayıb. Şənlik yanvarın 4-dək davam edəcək: “Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər”.
Rus Dram Teatrında “İstintaqı Şaxta Baba aparır”
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı da uşaqların görüşünə yeni il sovqatı ilə gəlir. Teatrın mətbuat katibi İlham Məmmədovun sözlərinə görə, yanvarın 8-nə kimi səhnələrində “Saniyə əqrəbi və ya istintaqı Şaxta Baba aparır” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Emin Mirabdullayev, rəssamı Səmra Axundovadır.
Bakı Uşaq və Gənclər Teatrı da bayrama özəl olaraq hazırlaşıb. Mətbuat katibi Leyla Həşimovadan aldığımız məlumata görə, teatrda C.Kotenin nağılı əsasında Arzu Soltanın “Kinqin qəsri” adlı yeni il tamaşası hazırlanıb. Artıq tamaşanın nümayişinə başlanılıb. Tamaşanın rejissorları respublikanın Əməkdar artisti İntiqam Soltan və İlhamə Əhmədovadır.
Lənkəranda “Qar qızın axtarışı”
Bayram nümayişləri təkcə paytaxt Bakıda yox, həm də bölgələrimizdəki sənət ocaqlarında da baş tutur. Lənkəran Dövlət Dram Teatrının səhnəsi də bayram günlərində boş olmayacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Ağəddin Babayev deyir ki, sənət ocağının truppası kiçik tamaşaçılarını Yeni il ərəfəsində daha bir yeni səhnə əsəri ilə sevindirib: “Teatrın aktyorları bu dəfə uşaqların görüşünə İntiqam Hacılının müəllifi və quruluşçu rejissoru olduğu “Qar qızın axtarışı” nağıl-pyesinin tamaşası ilə gəliblər. Dekabrın 23-dən nümayişinə başlanan tamaşa yanvarın 5-dək nümayiş etdiriləcək”.
“Əsl Şaxta Baba”sı olan Şəki
Şəki Dövlət Dram Teatrı da bayrama yaxşı hazırlaşıb. Teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova bildirdi ki, yaradıcı kollektiv Yeni il bayramı ərəfəsində və tətil günlərində uşaqların daha maraqlı bayram günləri keçirməsi üçün “Əsl Şaxta Baba” adlı şou nağıl-tamaşa hazırlayıb: “Nağıl-tamaşa yanvarın 5-nə kimi tamaşaçıların ixtiyarına veriləcək. Natalya Abramtsevanın müəllifi olduğu tamaşada uşaqlar həm əylənəcək, həm də öyrənəcəklər”.
“Şaxta Babanın Mingəçevir sərgüzəştləri”
Mingəçevir Dövlət Dram Teatrının da balacalara bayram sovqatı var. Teatrın mətbuat katibi Elnarə Ələsgərlinin verdiyi məlumata görə, Yeni il münasibətilə uşaqlar üçün hazırlanmış “Şaxta Babanın Mingəçevir sərgüzəştləri” adlı şou-proqram tamaşasının nümayişinə artıq başlanılıb: “Günel Məcidovanın pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Vüsal Akif Mehrəliyev, rejissoru İbrahim Salamov, quruluşçu rəssamı Vəfa Həmzəyeva, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşa yanvarın 3-dək davam edəcək”.
Xanım Aydın