Azərbaycanda iş həyatına yeni başladığı dönəmdə özü ilə qlobal şirkətlərdə çalışanların gəlirini və qazandığı təcrübəni müqayisə edir. Qənaəti “İnsanın bir ömrü var, komfort zonamda oturaraq mən o şirkətlərdə çalışanların qazandıqlarını əldə edə bilmərəm” olur. Beləliklə, xaricdə təhsil və ardınca da işləmək üçün Lüksemburqa üz tutur. Təhsilini başa vurandan qısa müddət sonra qlobal şirkətdə işləməyə başlayır. Söhbət ABŞ-nin “Tesla” şirkətinin Almaniya şöbəsində keyfiyyət mühəndisi olaraq çalışan azərbaycanlı gənc Elvin Müseyibovdan gedir.
Qeyd edək ki, E.Müseyibov 1994-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarından Bakıda, Biləcəri qəsəbəsində yaşayıb. Orta təhsilini 299 nömrəli məktəb-liseydə alıb. Qafqaz Universitetinin (İndiki Bakı Mühəndislik Universiteti) mexanika mühəndisliyi (ingiliscə) ixtisasında bakalavr təhsili alıb. 2018-2020-ci illərdə Lüksemburq Universitetində Davamlı məhsulların yaradılması proqramı üzrə magistr dərəcəsini tamamlayıb.
– Elvin bəy, bakalavr təhsilinizi ingilis dilində almısınız. Uşaq vaxtından sizi ingilis dilinə yönəltmişdilər?
– Orta təhsilimi Biləcəri qəsəbəsində yerləşən orta məktəbdə almışam. Normal məktəb səviyyəsində ingilis dili öyrənmişəm. 10-cu sinifdən sonra xaricdə təhsillə maraqlanmağa başladım. Gördüm ki, xaricə çıxmaq istəyirəmsə, mütləq ingilis dili biliyim yaxşı olmalıdır. Bundan sonra ingilis dilimi inkişaf etdirməyə çalışdım. Dili öyrəndikcə, xarici mənbələrə, ingilis dilində olan araşdırmalara daha çox üstünlük verməyə başladım. Sonra bakalavr təhsilimi də ingilis dilində almaq qərarı verdim.
“İtaliyada təqaüdlü təhsil qazanmışdım”
– Bakalavr təhsili dönəmində iki yerdə təcrübə keçmisiniz. İkisi də təcrübə üçün maraqlı yerlərdir.
– Universitetdəki təhsil dönəmində təcrübə proqramları keçmək lazım idi. Ya universitetin göndərdiyi yerlərdə təcrübə keçməli idik, ya da özümüz tapa bilərdik. Mən hər iki təcrübə yerimi özüm tapmışdım. İlk təcrübə yerim Şəmkir Su Elektrik Stansiyası oldu. Daha sonra “Şahdəniz – 2” layihəsində təcrübə keçdim. Layihədə bir neçə yerli və beynəlxalq neft, inşaat şirkəti birgə çalışırdı. İşlədiyim komandada bir çox beynəlxalq şirkətin əməkdaşları var idi. Çox yaxşı təcrübə proqramı olmuşdu. Təcrübələrlə yanaşı universitet vaxtı web proqramlaşdırma kursuna da getdim. Düzdür, mexanika mühəndisliyində təhsil dönəmində proqramlaşdırma öyrədilir, amma çox dərin deyil. Daha sonra universitet dönəmində sayt yığmaq işləri ilə məşğul olurdum. Bəzən pul da qazanırdım.
– Universiteti bitirəndən sonra iş tapmağınız çətin olmadı?
– Son kursda oxuyanda bir neçə şirkətin nümayəndələri universitetimizə gəlib yeni məzun olan gənclər axtardıqlarını bildirdilər. Bizə iş təklif edirdilər. Mən İtaliyada təqaüdlü magistr təhsili qazanmışdım. Ona görə işlərə baxmadım. Getdim, bir ay oxuduqdan sonra Azərbaycana qayıtdım. İtaliyanın yaşamaq istədiyim ölkə olmadığını gördüm. Qərara aldım ki, özümə uyğun ölkə seçib orada təhsil alaram. Həm də düşündüm ki, bir müddət işləyim, sonra magistr təhsili üçün xaricə gedim. Azərbaycana qayıdandan bir ay sonra yerli texnologiya şirkətlərindən birində istehsalat mühəndisi olaraq işə başladım.
– Yəqin Lüksemburqa magistr təhsili üçün gedəndə bu ölkəni araşdırmısınız…
– İtaliyada təhsil üçün seçim edəndə universitetin dünya reytinqinə, təhsilinin nə qədər güclü olmasına baxmışdım. İkinci dəfə xaricdə təhsil üçün seçim edəndə artıq ölkə məsələsinə də xüsusi fikir verdim. Təhsilin keyfiyyəti, xərcləri, yaşamaq, işləmək kimi uyğun ölkə olmasına baxdım.
“Dedilər ki, bu iş sənə maraqsız gələcək”
– Lüksemburqda 2 il universitetdə çalışmısınız, sonra Almaniyaya getmisiniz. Niyə bu ölkədə qalmadınız?
– Magistr təhsilimi bitirəndən sonra – 2021-2023-ci illərdə Lüksemburq Universitetinin tərkibində Lüksemburq, Almaniya və Belçikadan bir sıra şirkət və institutların birgə çalışdığı “ComPrintMetal3D” araşdırma layihəsində mexanika mühəndisi olaraq çalışdım. Həmçinin, layihə boyunca müxtəlif jurnallarda dərc olunan, 3D printerlər və material elmlərini əhatə edən 3 ədəd məqalənin müəlliflərindən biri oldum. 2 il o layihədə çalışdıqdan sonra Almaniyaya köçdüm. Deyim ki, Almaniyaya “Tesla” üçün gəldim. Yoxsa Lüksemburqu daha çox bəyənirəm. “Tesla” hər bir mühəndisin çalışmağı xəyal edəcəyi şirkətdir. Ona görə belə bir ölkə dəyişikliyinə getdim.
– Universitetdəki layihədən sonra hansı şirkətlərə müraciət edirdiniz?
– Lüksemburqda bir neçə şirkətə müraciət etdim. 2 şirkət dedi ki, sənin magistr dərəcən var, bilik və bacarığın müraciət etdiyin vakansiya üçün yüksəkdir. Ona görə götürmədilər. Dedilər ki, bu mövqeyə götürərik, ancaq qısa müddət sonra iş sənə maraqsız gələcək, işini dəyişmək istəyəcəksən, biz yenə işçi axtarmalıyıq. “Tesla”da da belə bir şey oldu. İlk olaraq material test mütəxəssisi üçün müraciət etmişdim. İnsan Resursları (İR) mütəxəssisi ilə müsahibəni keçdim, sonra mühəndisləri müsahibə etdi. Sualları cavablandırdım. Əmin idim ki, hər şey düzgündür. Onlar da həmin vakansiyanın mənim üçün aşağı olduğunu düşündülər, “yox” dedilər. Bir müddət sonra özləri əlaqə saxladılar ki, bizdə yeni vakansiyalar var, bunlar sizə daha uyğun olar, daha yuxarı vəzifələrdir. Maraqlıdırsa, müsahibə edək. Razılaşdım. Bu dəfə işə qəbul edildim. Hətta menecerə dedim ki, mənim magistr təhsilim var, əgər buna görə “Bu vakansiya sizin üçün aşağıdır” deyəcəksinizsə, müsahibəni dayandıraq, vaxt itirməyək (Gülür). Dedilər ki, yox, bu, karyera pilləndə sənə kömək edəcək.
“Riski götürməlisən, başqa şansın yoxdur”
– “Tesla”da necə bir iş mühiti var?
– “Tesla”nı digər şirkətlərdən fərqləndirən odur ki, nəticəyə fokuslanırlar. Mən yeni başlayanda, ilk dedikləri bu oldu: “Nəyisə bilə də bilərsən, bilməyə də. Sənə bu tapşırıq verilibsə, risk et, götür, onu et”. Azadlıq verir, ancaq deyir ki, nəticəyə cavabdeh özünsən. Risk almalısan, başqa şansın yoxdur. Eyni zamanda, iş yoldaşlarım öz sahəsinin peşəkarlarıdır. Rəqib şirkətlərdə çalışıb bura gələnlər var. Onlarla bir yerdə işləmək mən yaşda biri üçün üstünlükdür. O kadrlarla işləməyin özü də bir təcrübədir. Bu cür mühitdə işlədiyim üçün xoşbəxtəm.
– Məsələn, hansı nəticə bu şirkətdə qaneedicidir?
– Mənim üzərində işlədiyim bir layihə var idi. Şirkət əməkdaşları günlük işlərini görmək üçün fərqli əməliyyatlar zamanı nəticəyə çatana qədər 60 fərqli düyməyə basırdılar. Məndən bu prosesin avtomatlaşdırılması tələb olunurdu. Layihənin yekun nəticəsi olaraq indi 1 düyməyə basmaqla proses tam avtomatlaşdırılmış şəkildə yerinə yetirilir. Bu isə şirkətə həm vaxt qazandırır, həm də uzun prosesin mexaniki olaraq görülməsi zamanı baş verə biləcək, insan faktorundan qaynaqlanan xətaların önünə keçir. Yəni şirkətə nə verdiyinə və necə faydalı olduğuna baxırlar.
“Özünüzü əziyyət çəkmiş kimi hiss edirsinizsə…”
– “Tesla” kimi şirkətdə işə qəbul edilməyiniz əslində karyeranızda çox zaman almayıb. Bu, nəyin nəticəsində oldu?
– Birincisi, komfort zonamdan çıxmağımı deyərdim. Azərbaycanda işlədiyim şirkət kifayət qədər böyük, əməkhaqqım da normal idi. Amma baxdım ki, mən də 1 saat xərcləyirəm, “Amazon”, “Tesla”da işləyən də. Amma onun əldə etdiyi təcrübə və maliyyə mənimlə müqayisədə çoxdur. Fikirləşdim ki, insanın bir ömrü var, komfort zonamda oturaraq mən o şirkətlərdə çalışanların qazandıqlarını əldə edə bilmərəm. Qərar verdim ki, xaricdə təcrübə əldə etməyə ilk olaraq təhsil üçün gedim. Sonra orada işləməyə davam edim. Komfort zonasından çıxmaq yetərli deyil, eyni zamanda üzərində işləməlisən. Doğru zamanda doğru yerdə olmağı da bacarmaq lazımdır. Daim gündəmdən xəbərdar olmaq da önəmlidir. Məsələn, “Tesla” əvvəl Almaniyada yox idi. Amma siz xəbərdar olmalısınız ki, “Tesla” Almaniyaya gəlir. Deməli, iş elanlarını açır. Həmin dönəm müraciət etsəniz, şansınız daha çox olur. Çünki onlar işçi axtarırlar. 10 il sonra ora müraciət etsəniz, qəbul şansınız daha az olar. Onların oturuşmuş sistemi, komandası olur və daha seçicidirlər.
– Yəni uğur kompleks yanaşmanın nəticəsində gəlir.
– İndi vaxtında etdiklərinizin bəhrəsini görürsünüz. Məsələn, universitet vaxtı proqramlaşdırma kursuna getməsəydim, bəlkə də “Tesla”da bu mövqedə olmazdım. Çünki mexanika mühəndisinə developer bilikləri çox lazım olmur. Ancaq indi gördüyüm işdə lazımdır. O biliyimin olması üstünlük qatdı. Tələbə vaxtı əziyyət çəkdim, amma indi bəhrəsini görürəm. Ümumiyyətlə, özünüzü əziyyət çəkmiş kimi hiss edirsinizsə, deməli, siz inkişaf edirsiniz, nə isə təcrübə qazanırsınız. Zaman onsuz da keçir, onu dayandıra bilmirsən. Ona görə özümüzə daha çox dəyər qatmalıyıq.
Aygün Asimqızı