icbari tibbi sigorta

Tibbi sığortanın sığortalanmayan tərəfi

Baxış sayı: 563

İcbari Tibbi Sığorta ilə bağlı narazılıqlardan biri də aylıq ödənişlərlə əlaqəlidir. Belə ki, “Xidmətlər Zərfi” hər kəs üçün standart olsa da, aylıq ödənişlər qeyri-bərabərdir. İşsizlərin sığortası dövlət tərəfindən ödənir, işləyənlər isə işlədikləri yerlərin sayına görə hər ay sığorta ödəyir. Sadə dildə desək, “Əli” işləmir, onun sığortası dövlət tərəfindən ödənir, “Vəli” bir yerdə işləyir, hər ay standart olaraq öz maaşından bu məbləğ tutulur, “Məmməd” 2 yerdə rəsmi işləyib, 2 yerdə də xidməti müqavilə ilə işləyirsə, 4 iş yerindən aldığı məvaciblə, 4 dəfə sığorta ödəyir. Amma son nəticədə hər kəsin paketi standartdır. 4 qat ödəyən də, ayda 1 dəfə ödəyən də, sığortası dövlət tərəfindən ödənən də eyni xidmətlərdən yararlanır. Bəs burada “Məmməd”in və ya “Məmmədkimilər”in hüququ pozulmurmu? Yaxud ədaləti bərpa etmək üçün Xidmətlər Zərfində hər hansı paket nəzərdə tutulurmu?

 

“Sığortaolunanların hüquq bərabərliyi təmin edilir”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaolunanların tibbi sığorta ilə bağlı bütün hüquqlardan bərabər şəkildə istifadə etdiyini vurğulayır. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, bu, əsas prinsipdir: “Ödənişlərin edilməsi ilə bağlı qayda “Tibbi sığorta haqqında” qanunda öz əksini tapıb. Yəni qanuna əsasən, iki və ya daha çox yerdə işləyən şəxslər hər iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Bu şəxslərin icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanıb icbari tibbi sığorta fonduna ödənilir. Sığortaolunanların Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda hüquqi bərabərliyinin təmin edilməsi icbari tibbi sığortanın əsas prinsipi kimi ölkə qanunvericiliyində öz əksini tapıb”.

 

Hüquq “Əli” və “Vəli”yə bərabərdir, “Məmməd”ə isə…

Yuxarıda da qeyd etdiyimiz kimi Xidmətlər Zərfindən istifadədə hüquq bərabərliyi təmin edilsə də, aylıq ödənişlərlə bağlı bu prinsipi görə bilmirik. Hüquq “Əli” və “Vəli”yə bərabərdir, “Məmməd”ə isə…

“Xidmətlər paketi təklif olunmalıdır”

Millət vəkili Vüqar Bayramlı deyir ki, artıq vəsait ödəyənlərlə bağlı əlavə paketlər mütləq şəkildə nəzərdə tutulmalıdır. Hətta bu fikirlər agentliyə təklif kimi də göndərilib: “Əmək qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşı həm ştatlı, həm də xidməti müqavilə ilə işləmək imkanına malikdir. Düzdür, “İcbari tibbi sığorta haqqında” qanunda əmək müqaviləsi ilə çalışanların ödədikləri vəsaitlər, xidməti müqavilə ilə çalışanların ödədiyi vəsaitlərdən fərqlənir. Nəzərə alaq ki, bir vətəndaş həm əmək müqaviləsi, həm də xidməti müqavilə ilə çalışırsa, hər iki yerdən İcbari Tibbi Sığortaya ödəniş etmək məcburiyyətindədir. Bu ədaləti bərpa etmək üçün tibbi sığorta ilə bağlı fərqli paketlər olmalıdır. Yəni vətəndaş daha çox ödəyirsə, daha çox xidmətlərdən istifadə edə bilməlidir. Xidmətlər paketi onun ödədiyi vəsaitə uyğun olaraq müəyyənləşməlidir”.

 

Əgər daha çox ödəniş olunursa…

Millət vəkili vurğulayır ki, hər bir paket ödənişə əsasən fərqləndirilməlidir: “Bəzi hallarda əmək haqqının məbləğində də fərq olur. Yüksək əmək haqqı alan vətəndaşın ödədiyi vəsait, az əmək haqqı alandan çoxdur. Ona görə də vətəndaş həm əmək haqqı müqaviləsi, həm də xidməti müqavilə ilə çalışır və daha çox ödəniş edirsə, Xidmətlər Zərfində olmayan səhiyyə xidmətlərindən də istifadə etmək imkanına malik olmalıdır. Bu, məsələyə ədalətli yanaşmaq baxımından ən doğru yoldur”.

Kim daha çox istifadə edirsə, udur…

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov xidməti müqavilə ilə bir neçə yerdə işlədiyi üçün İcbari Tibbi Sığortaya aylıq daha çox ödəniş edənlərdəndir. Deyir ki, bununla bağlı qanunda heç nə nəzərdə tutulmayıb: “Bir şəxs 10 manat ödəyir, digərinin ödədiyi vəsait bundan 10 dəfə çoxdur. Lakin bunu tənzimləməklə bağlı üfüqdə işartı görünmür. Bu, həmrəylik sistemidir. Hamı köçürür, amma kim daha çox istifadə edirsə, udan o olur. Ola bilsin ki, bir şəxs çox böyük pul köçürür, ömrü boyu sığortadan faydalanmır. Amma digəri az pul köçürür, amma tam istifadə edir. Sığorta sisteminin mahiyyəti budur. Biz təklif edirdik ki, aylıq ödəniş əsas iş yerindən tutulsun. Əsas iş yerindən əlavə, sahibkar kimi fəaliyyəti varsa, yaxud digər yerdə işləyirsə, əlavə olaraq, oradan da vəsait tutulmasın. Amma belə etmədilər. Şəxsin bir neçə iş yeri varsa, üstəlik sahibkardırsa, xidməti müqavilə ilə işləyirsə, hər yerdən ödəməlidir”.

 

Dünya təcrübəsində necədir?

Mütəxəssis deyir ki, dünya təcrübəsi fərqlidir: “Dünya təcrübəsində ödəmə məbləğinə görə fərqlər yoxdur. Amma paketlərdə fərq var. Paketlər hamını əhatə etmir. Məsələn, bir çox ölkədə stomatologiyanı sığorta paketinə aid etmirlər. Bundan əlavə, inkişaf etmiş ölkələrdə şəxsin sığortası tam təmin olunur. Aptekdən dərman alır, evində müalicə alırsa, o da sığorta ilə ödənir. Bizdə isə belə deyil. Ancaq xəstəxanada olanda zəruri tibbi dərmanlar sığorta hesabına ödənir. Bizdə hələ tibbi sığorta oturuşmayıb. Bəlkə də, gələcəkdə bu məsələyə yenidən baxılacaq. Əlavə vəsait ödəyənlər üçün əlavə paketlər müəyyən edilməlidir”.

 

Əgər onun yığımı daha çoxdursa…

Ekspertin sözlərinə görə, İcbari Tibbi Sığorta Agentliyi ayrı-ayrı fərdlərin nə qədər vəsait ödədiklərindən məlumatlı deyil: “Hər bir şəxsin fərdi hesabı olmalıdır. İcbari Tibbi Sığorta Agentliyi görmür ki, siz ayda 100 manat ödəyirsiniz, qonşunuz 10 manat. Burada hansısa bir formada yanaşma olmalıdır. Amma əhalinin təminatsız təbəqəsinin hüquqları pozulmamalıdır. Tibbə çıxışda ayrı-seçkilik olmamalıdır. Minimum paket olmalı, gələcəkdə müəyyən həddə yığımı olanlar üçün əlavə paketlər təqdim edilməlidir. Bu, həm də şəxsin leqal işləməsini stimullaşdırar”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir