Tibbin qəbul etmədiyi mistika – ARAŞDIRMA

Baxış sayı: 1. 623

“İki yaşında nəvəm pis vəziyyətdə idi. Pediatra apardıq, “svinka” (qulaqdibi xəstəliyi – L.M.) olduğunu dedi. Çöpçüyə getdik. Uşaq o qədər pis vəziyyətdə idi ki, qucağımızda apardıq, çöpçü ağzından üfürüb yediyi xeyli qida qalığını çıxardı. Bir neçə saat sonra uşaq özünə gəldi, sonra pediatra təkrar getdik. Məəttəl qaldı ki, nə etdiniz ki, uşaq belə yaxşılaşdı. Çöpçüyə apardığımızı deyəndə, etiraf etdi ki, o da çöpçülərə inanır”.

Bu sözləri bizimlə söhbətində Almaz Nuriyeva bildirdi. Almaz xalanın sözlərinə görə, nəvəsini 2 yaşından 4 yaşına qədər demək olar, həftədə bir dəfə, hətta bəzən həftədə iki dəfə çöpçüyə aparıblar: “Axırda həkim dedi ki, uşaq yazıqdır, çöp düşən yeri bağlayaq. Bir sap götürdü və əlini uşağa vurmadan kənarda nəsə oxuyub sapı bağladı və bizə verdi ki, bunu özümüzdə saxlayaq. O gündən bəri uşaqda çöp qalmadı”.

Almaz xala böyük nəvəsində heç vaxt çöp qalmadığını da vurğuladı: “Amma o biri nəvələrimdə, qardaşımın, bacımın nəvəsində də çöp qalanda indi də onun yanına aparırıq. Bəzən uşağa baxıb çöp qalmadığını deyir”.

Ətrafımızdakı bəlkə də 10 valideyndən 8-nin yolu çöpçüdən keçib. Hətta pediatrlar belə uşağı çöpçüyə aparmağı məsləhət görürlər. Amma çöpçüyə gedənlərə ağız büzən, onları qınayanlar da az deyil. Əslində vəziyyət necədir? Həqiqətən də uşağın boğazında çöp qalırmı və bu çöpü üfürməklə çıxarmaq mümkündürmü?

“Tibbi baxımdan bunun izahı yoxdur”

Pediator Vaqif Qarayev deyir ki, təbabətdə yuxarı tənəffüs yollarının yad cisimləri deyilən anlayış var: “Burun-udlaqda xırda ciblər var və buraya yad cismlər düşə bilər. Onu tibbi yolla xaric edirlər. Bu, həkimin əlində təxminən bir dəqiqəlik işdir”.

Pediatrın fikrincə, çöpçüyə fanatik münasibəti olan valideynlər var: “Belə valideynlər uşağın qarnı ağrıyanda belə çöpçüyə qaçırlar. Deyirlər ki, çöpünü çıxarandan sonra uşağın qızdırması düşdü, qarın ağrısı kəsdi. Yad cisim düşdüyü xırda ciblərdə mütləq iltihabı proses yaratmalıdır ki, qızdırma qalxsın. Çöpçü də tutaq ki, yad cismi üfürüb çıxardı. Amma o yeri müalicə etmədiyinə görə iltihab orada qalır. Qızdırma yaradan səbəb iltihabdırsa, gərək iltihab müalicə edilsin. Bir sözlə, tibbi baxımdan bunun izahı yoxdur. Bu, mistik, mifik bir şeydir”.

Pediatr təcrübəsindən çıxış edərək, yanına çöpdən sonra vəziyyəti kifayət qədər ağırlaşmış uşaqların gəldiyini bildirdi: “Bu zaman qızdırma daha da yuxarı qalxır və başqa ağırlaşmalar olur. Çöpçülərin ağız boşluğunun infeksiyalarından təmiz olması barədə kimsə qarantiya verə bilərmi? Onlar infeksiyanı birbaşa uşağın ağzına, ya da burnuna ötürürlər. Buna görə çöpçüdən çıxanda uşağın vəziyyətinin ağırlaşması mümkündür. Çünki çöpçünün sayəsində uşağın orqanizminə əlavə infeksiya düşür, əlavə müdaxilə olunur”.

Xüsusi vərdişi olan insanlar var

V.Qarayev etiraf edir ki, çöpçünün uşağın boğazında qalan hansısa qida qalığını, əşyanı çıxarması realdır: “Uşağın boğazında balaca bir düymə qalıbsa çöpçünün onu üfürüb çıxarması mümkündür. Xüsusi vərdişi olan insanlar var ki, üfürüb çıxara bilərlər. Amma boğazda qalan qırıntı orada çürüyüb iltihab yaradaraq qızdırma veribsə, qırıntını çıxardıqdan sonra da qızdırma davam etməlidir. Çünki çöpçü qırıntını çıxarsa da, iltihabın yox olması üçün müalicə yazmır, yaza bilmir. Bir sözlə, bunun tibbi baxımdan məntiqli izahı yoxdur”.

Müsahibimizin fikrincə, çöpçüyə gözüyumulu inanmaq olmaz: “İndi uşaqlar çox aktivdirlər. Əllərinə keçəni ya ağızlarına, ya da burunlarına aparırlar. Əgər uşağınızın ağzına, burnuna nəsə apardığını dəqiq görmüsünüzsə, LOR həkiminə müraciət edin. Çünki LOR həkimi boğazda qalan qırıntını götürməklə yanaı, iltihabın getməsi üçün də müalicə yazır”.

Çöp qalan yeri bağlamaq olur?

V.Qarayev deyir ki, bəla çöpçülərdə deyil, çöpçüyə inanan pediatrlardadır: “Həkim özü, yaxud həmkarının etməli olduğu və edə biləcəyi işi çöpçünün üzərinə atır. Onda mən çöpçüyə fanatik münasibəti olan valideyni qınamıram. Bu, dəhşətdir. Belə adamlara həkim demək olmaz”.

Çöp qalan yerin bağlanmasına gəlincə, həkimin sözlərinə görə, bu, mümkünsüzdür: “Allahın boğazda yaratdığı cibləri heç kim bağlaya bilməz. Normal nəfəs almaqdan, burundakı möhtəviyyatı çıxarmaqdan ötrü o ciblər olmalıdır. Allah onu orada elə-belə yaratmayıb. Orqanizm üçün lazımlı nahiyələrdir. Çöp qalan yerin bağlanmasına inanmaq cahil düşüncəsidir”.

Çöp çıxarılandan sonra həqiqətən də qızdırma düşür

LOR həkimi Seymur Əsədovun da sözlərinə görə, çöpçülərin uşağın boğazından çöp çıxarmasının heç bir elmi izahı yoxdur: “Təbabət elmi bunu qəbul etmir. Uşağın boğazında hansısa qidanın qalacağı yerlər var. Qırtlağın kənarında, damaq badamcıqlarının arxasında batan, yaxud yapışan qırıntılar qala bilər. Amma çöpçülər bunu görə bilməzlər. Maraqlıdır ki, həkimin heç nə tapmadığı uşaqdan çöpçü necə olursa “nəsə” tapa bilir. Şəxsən mən buna inana bilmirəm. Biz kamera görüntüsü ilə həmin qida qalığını görə bilirik. Adətən kiçik yaşlı uşaqlar burunlarından nəsə sala bilirlər və qalıq burunun kökündə qala bilir. Biz bunu görərək çıxarırıq. Bəs çöpçülər necə edir?”.

Valideynlərin uşağı çöpçüyə “ölü aparıb, oradan diri çıxardıqlarını” deməsinə gəlincə, LOR həkimi həqiqətən belə hadisələrin olduğunu etiraf edir: “Düz deyirlər. İnsanı fakt qarşısında qoyurlar. Amma bunun elmi əsasını hələ də axtarıb tapa bilməmişəm. Çöp boğazda çox qalanda onun ətrafında iltihablanma prosesi gedir. Orqanizm onu məhv etmək üçün təbii ki, temperatur qalxır. Çöpçü çöpü çıxarandan sonra temperaturun düşməsinə gəlincə, bu, bir neçə saatdan sonra mümkündür. Əgər iltihab dərinə sirayət edibsə, qızdırma yalnız müalicə ilə düşür, amma dərinə keçməyibsə, yad cisim çıxarılandan bir neçə saat sonra iltihab öz-özünə sorulur və qızdırma düşür”.

LOR həkimi çöpçüyə müraciət etməyin təhlükəli tərəfindən də danışdı: “Üfürülən qalıq nəfəs yoluna daxil ola, bu zaman uşaq nəfəs çatışmazlığından həyatını itirə bilər. Çünki yad cisim qırtlağa düşəndə oradan çıxartmaq üçün mütləq kamera vasitəsilə müdaxilə lazımdır. Bu da əl altında olmalıdır”.

Fanat analar

“Facebook” sosial şəbəkəsində üzvü olduğu qrupda çöpçü axtarışına çıxan gənc analardan birinin statusuna yazılan rəylər maraqlı olduğundan onlardan bir neçəsini sizinlə paylaşırıq:

“Qızlar, uşaqda çöpün bağlanmasıyla bağlı məlumatı olan varmı? Oğlumda ayda iki dəfə çöp qalır, yazığım gəlir, çox zəifləyir”.

“Vallah, nə desəm, yalan olar. Bu barədə məlumatım yoxdur, amma “Şamaxinka”da yolun üstündə çox yaxşı çöpcü var. Yay-qış demədən qapısı uşaqla dolu olur. Onu məsləhət görərdim”.

“Çöpü bağlamaq olur, qayınanam bağlayır”.

“Hər gün burnuna şhit yağ qoyun, amma soyuq olmasın. Daha çöpü qalmayacaq”.

“Çöpçüdən gələn kimi uşaq heç nə yeməməlidir. Yumurtanın sarısına quru nanə qatın, palçıq kimi olacaq, onu yedirin, sonra arada limon dilimi verin. Mən bununla qızımı çöpçüyə aparmaqdan qurtardım”.

“Çöpü üfürüb çıxaranda yer edir və tez-tez qalır. Ancaq elə çöpçü var ki, boğazın üstündən barmağıyla içəri ötürür və bu zaman çöp tez-tez qalmır”.

“Ana deyilsizey, özünüz burnunun deşiyindən filəyin, getsin qarnına. Mən elə edirəm, çöpçüyə də aparmıram. Özüm filəyirəm, gedir”.

Çöpçü nə deyir?

Yazımızın qəhrəmanları olan çöpçülərlə danışmaq üçün uzun bir yola çıxdıq. Amma kimə müraciət etsək də, danışmaq istəmədi. Nəhayət Yeni Yasamalda bir çöpçü danışmağa razılıq verdi – adının çəkilməməsi şərtilə. Onu da bildirdi ki, o, çöpü çıxarmır, yalnız əli ilə boğaza üstdən baxır və çöp varsa, elə əli ilə də içəri, qarına ötürür: “Çöp qalanda uşağın qarnı tez-tez gedir, yediyini qaytarır, iştahası azalır, nəcisindən pis iy gəlir. Bu zaman valideynlər yanıma gətirir. Əlimlə baxıram, əgər qalmayıbsa, yalandan aldatmıram, deyirəm ki, çöpü yoxdur, başqa problemdən əziyyət çəkir, həkimə aparın”.

Çöpçü çöpü çıxara bildiyini də dedi: “Amma mən çıxarmıram. Çünki bu, təhlükəlidir. Həm də içəri ötürəndə çöp az-az hallarda qalır. Çöpü içəri ötürdüyümə görə valideynlərdən çoxu mənə müraciət etmir. İstəyirlər ki, uşaqlarının boğazında nəyin qaldığını gözləri ilə görsünlər. Amma başa düşmürlər ki, çöpü ağızdan çıxaranda orada özünə yer edir və tez-tez çöpçüyə getmək məcburiyyətində qalırlar”.

Çöpü içəri ötürməyi haradan öyrənməyinə gəlincə, bunu gənc yaşlarında qonşularından öyrəndiyini dedi: “Gərək bunun üçün hissiyyatın güclü olsun, çöpün qalıb qalmadığını boğazın üstündən əlinlə hiss edəsən”.

Sonda çöpçüyə getməyin əleyhinə olan valideyn Cəmalə Məmmədova ilə danışdıq. O, yayda uşağının 1 ay ərzində ardıcıl olaraq hər həftə qızdırmasının qalxdığını bildirdi: “Ətrafımdakı gənc analar, xüsusilə qayınanam məsləhət gördü ki, uşağı çöpçüyə aparım. Razılaşmadım. Həkimə getdik. Məlum oldu ki, uşağın qanı həddən artıq aşağı düşdüyünə görə virusları tez qapır və buna görə hər həftə qızdırması qalxır. Həkim müalicə yazdı və müalicədən sonra hər şey yoluna düşdü”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir