Avqustda Bakıda ilk velosiped icarəsi xidməti fəaliyyətə başlayıb. İstifadəçilər aylıq kirayə sistemi və yaxud saat hesabı ilə bu nəqliyyat növünü icarəyə götürərək istifadə edə biləcəklər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu xidmət istifadəçiləri tıxac və parkinq kimi qayğılardan azad edir. Həmçinin velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır.
50-ə yaxın parklanma məntəqəsi
İnfrastruktura gəldikdə isə, AYNA-dan bildirilib ki, Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib: “Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssisələrinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib. Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar”.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də sosial şəbəkə hesabında qeyd edib ki, Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 kilometrdən artıq velosiped yolu salınıb və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
Avtomobil dominantlığı, yoxsa velosipedə maraq?
Qlobal statistikaya əsasən, velosipedi nəqliyyat növü halına gətirmiş şəhərlərdə baş verən yol-nəqliyyat hadisələrinin sayı 24-30 faiz aralığında azalır. Məlumdur ki, 20-ci əsrin ikinci yarısı dünyada avtomobil dominantlığı hökm sürüb, şəhərlərin inkişafı kütləvi avtomobilləşməyə uyğunlaşmağa meyl edib. Müasir tendensiyalar isə bunun tam əksinədir.
Maraqlıdır, hazırda Bakı şəhərində velosipedə üstünlük verməyin perspektivi necədir? Ümumiyyətlə, Azərbaycanda da bu nəqliyyat vasitəsini əsas nəqliyyat növü kimi istifadə etmək mümkündürmü?
Velosipedə maraq da eynən avtomobil kimi artacaq
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, son 15 ildə Azərbaycanda nəqliyyat vasitələrindən daha çox avtomobillərə şərait yaradıldığından bu, avtomobilləşməni stimullaşdırdı: “Təbii ki, alternativ vasitələr və onun istifadəsi üçün şərait yarandıqca, bu maraq dəyişir. Velosipedə maraq da eynən avtomobil kimi artacaq. Səkkiz aydır ki, ilk velosiped zolağı çəkilib. Ən əsası, Bakıda velosiped zolaqlarının şəbəkəsi genişlənir. Bu şəbəkələşmə şəhərin digər ərazilərini də əhatə edəcək. Hazırda velodayanacaqlar, veloicarələr təşkil olunub. Bu tendensiya davam edəcək”.
Ölkədə velosipedə tələbat var
Mütəxəssis bildirir ki, hazırda ölkədə velosiped icarəsindən kifayət qədər istifadə edənlər var: “Bundan başqa, tətbiq istifadəyə verilməzdən öncə də şəxsi velosiped istifadəçiləri, daşınma xidmətləri var idi. Ölkədə velosipedə tələbat var. Bu tələbatı artırmaq, stimullaşdırmaq üçün velosipedin təbliği, ciddi maarifləndirmə işi aparılmalıdır”.
Velosipedlərin sökülmədən, rahat daşınması üçün…
Gələcəkdə atılan addımlara gəldikdə isə, mütəxəssis bildirir ki, velosipedlərin daşınması üçün də uyğun infrastrukturun yaranmasına ehtiyac var: “Məsələn, bəzi ölkələrdə qatarlarda velosipedi sökmədən daşıma imkanları mövcuddur. Velosipedlərin sökülmədən, rahat daşınması üçün gələcəkdə həm şəhərətrafı, həm də regionlara səfərlərdə bu variantı nəzərdən keçirmək lazımdır. Bundan əlavə, şəhər yollarında velosiped zolağının şəbəkəsi artırılmalı, önündəki baryerlər aradan qaldırılmalıdır. Hansısa ərazidə müvəqqəti tikinti gedirsə, yaxud hər hansı tədbirlərdən dolayı çəkilən velozolağın önü kəsilirsə, mütləq alternativlər düşünülməli, hərəkət dayanmamalıdır. Bu, həm qanunda, həm də standartlarda öz əksini tapmalıdır”.
Nəqliyyat sistemində prioritet məsələ
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, nəqliyyat sahəsində son dövrdə atılan addımlar təqdirəlayiqdir: “İnkişaf etmiş ölkələrdə nəqliyyat sistemində prioritet məsələ fərdi nəqliyyat vasitələrindən, yəni avtomobillərdən imtina edib, velosiped, skuter və piyada gəzintilərinə üstünlük verməkdir. Bu, həm insanların sağlamlığı üçün önəmlidir, həm də tıxacların qarşısını alır. Bu baxımdan son dövrlər ölkəmizdə də atılan addımlar təqdirəlayiqdir. Velosiped zolaqlarının çəkilməsi, bu sahədə təşviqat işləri, həmçinin velosipedlərin kirayə verilməsi çox gözəl addımdır”.
İnsanların hər yerə velosipedlə gedə bilmələri üçün şərait yaradılmalıdır
Mütəxəssisin sözlərinə görə, hər bir vətəndaşa çatdırmaq lazımdır ki, 1-3 kilometr məsafəyə qədər olan yolu ya piyada, ya da velosipedlə getməlidir: “Təbii ki, bu infrastruktur daha da genişləndirilməli, insanların hər yerə velosipedlə gedə bilmələri üçün şərait yaradılmalıdır. Mümkün qədər velosiped zolaqlarının sayını artırmaq, əlavə tədbirlər görmək lazımdır. Velosiped və skuterlərdən istifadə üçün şəhərimizin relyefi və iqlimi də tam uyğundur. Velosiped sürmək şəhər nəqliyyatını rahatlaşdırmaq üçün əvəzolunmaz bir vasitədir. Tıxacların və parklanma problemlərinin azalması, ictimai nəqliyyatın yükünün yüngülləşməsi və enerji sərfiyyatının azalması kimi faydaları ilə şəhər həyatını daha keyfiyyətli edir. Sevindirici hal odur ki, bu sistem artıq bizdə də mövcuddur və inkişafı qaçılmazdır”.
Aygün Əziz