Artıq bayramın son çərşənbəsi – Torpaq çərşənbəsidir. Bəzi bölgələrdə, evlərdə bu çərşənbə elə bayram kimi də qeyd olunur. Süfrələr açılır, bütün ailə süfrə arxasında yazın gəlişini qeyd edir. Bu dəfə bayram günü ilaxır çərşənbə ilə eyni vaxtda təsadüf etdiyindən bu günü ikiqat bayram hesab edənlər də var. Biz də son çərşənbədə sizin yanınızda olub, sonuncu çərşənbənin də dadlı-duzlu menyusunu təqdim edirik.
Pip yarpağından dolma
Ərzaqlar
Qoyun əti – 500 qr
Düyü (yumru) – 50 qr
Baş soğan – 2 ədəd
Ərinmiş kərə yağı – 50 qr
Göyərti (keşniş, şüyüd, nanə)
Pip yarpağı
Qatıq
Duz, istiot, darçın
Hazırlanması
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranmış göyərti, ərinmiş kərə yağı, nanə, bir çimdik darçın, duz və istiot əlavə edilib qarışdırılır. Hər yarpağa qiymə bükülüb qazana səliqə ilə yığılır. Üzərinə su əlavə edilir, bişməyə qoyulur. Pip yarpağı nazik olduğundan içərisinə ət az miqdarda qoyulur. Süfrəyə qatıqla birlikdə verilir.
“Xanım əllər” salatı
Ərzaqlar
Toyuq əti – 300 qr
Təzə xiyar – 1 ədəd
Qoz ləpəsi – 100 qr
Şüyüd – 1 dəstə
Qatıq – 1 st.
Duz
Hazırlanması
Toyuq ətir pörtlədilir və didilir. Xiyar samanvari, şüyüd xırda doğranılır. Qoz ləpəsi üyüdülür. Ərzaqlara qatıq və duz əlavə edilərək qarışdırılır. Hazır salatın üzəri üyüdülmüş qoz ləpəsilə bəzədilir.
Şəkərparə
Ərzaqlar
Un – 4 st
Yumurta – 2 ədəd
Kərə yağı – 5 x.q.
Şəkər kirşanı – 2 st.
Manna yarması – 4 x.q.
Qabartma tozu – 10 qr.
Vanil – 10 qr.
Şərbət üçün
Limon suyu – ½ st.
Şəkər tozu – 3 st.
Su – 4 st.
Üstü üçün
Fındıq ləpəsi – bir ovuc
Hazırlanması
Otaq istiliyində yumşaldılmış kərə yağının üzərinə sıra ilə şəkər kirşanı, yumurta, manna yarması, qabartma tozu və vanil əlavə edilib krem şəklini alana qədər mikserlə qarışdırılır. Qarışığın üzərinə un əlavə edilir və yenidən mikserlə çalınıb yumşaq xəmir yoğrulur. Xəmirdən parçalar qoparılır və ovuc içində yumrulanıb üzərinə qabığı təmizlənmiş fındıq ləpəsi yerləşdirilir. Əvvəlcədən 160 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir.
Şərbətin hazırlanması
Şəkər tozu, su və limon suyu qaynadılır. Şərbət soyumuş şəkərparənin üzərinə gəzdirilir.