Nazirlər Kabineti yanında Operativ Qərargahın iki gün öncə baş tutan brifinqində verilən açıqlamalardan sonra Azərbaycanda COVİD posportu və immunitet sertifikatı almış şəxslərin gedə biləcəkləri məkanlar məlum oldu. Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bu şəxslər toylara, teatr, kinoteatr və şənlik məkanlarına maneəsiz giriş edə biləcəklər.
Toylara qoyulan qadağaların nə zaman ləğv ilə bağlı isə bildirilib ki, bununla bağlı hazırlıqlar görülür. Sosial şəbəkədə isə açıq havada toyların keçirilməsinə icazə veriləcəyi barədə bir neçə gündür ki, iddialar səsləndirilirdi.
Açıq havada toyların başlamasına sənət adamları, restoran sahibləri nə deyirlər? Bunun tənzimlənməsi necə olacaq? Restoran və musiqi qiymətləri qalxa bilərmi?
Mövzu ilə bağlı danışan iş adamı, “Xəmsə” restoranının rəhbəri Mürvət Həsənli bildirir ki, artıq toylara hazırlıqlar başlayıb:
“Nə zaman icazə verilsə, qaydalar açıqlansa, biz də işimizə başlayacağıq. Düşünmürəm ki, 150-200 nəfərlik toylara icazə veriləcək. Yəqin ki, 50-60 nəfərlik toylara icazə verilər. Bu da toy deyil, ailə arasında yığıncaqdır. Bu cür toyların əleyhinəyəm. Çünki bu, nə toy sahibinə, nə də sahibkara sərf edir”.
Müğənni Şəbnəm Tovuzlu da bildirir ki, toylara qoyulan qadağanın götürülməsini səbirsizliklə gözləyir:
“Hər dəfə deyirlər ki, toylara qoyulan qadağa götürüləcək. Amma hələ ki, konkret bir xəbər yoxdur. Düzdür, anonsu verildi, amma tam açıqlanmadı. Biz də hər kəs kimi toylara qoyulan qadağaların götürülməsini arzulayırıq. Azərbaycanımızdakı gözəl toylarımız üçün darıxmışam. Toydan tək qazanan müğənnilər deyil. Bəzən bizi səhv başa düşürlər. Toy demək iqtisadiyyatın dövriyyəsi demək. Burada göyərti satandan tutmuş restoran sahiblərinə qədər, hər kəs evinə çörək aparır. Dua edək ki, toylarımız tezliklə başlasın.
Qiymət qaldırmağa gəldikdə isə endirim edəcəm. Onsuz da mən həmişə toy sahibinin imkanına baxmışam. Yüzlərlə pulsuz toy oxumuşam. Toylarımız qayıtsın, qalan məsələlər asandır”.
Müğənni Nadir Qafarzadə də toyların açılamasını gözləyənlərdəndir:
“Yeni qaydalardan xəbərdaram. Hər şey normaldır. Mən əsas məktəblərin tamamilə açılmasını istərdim. Çünki təhsilsiz cəmiyyət yararsızdır. Teatrlar, kinoteatrların fəaliyyətinə icazə verilməsi çox gözəldir. İncəsənət insanlara lazımdır. Mədəniyyətimiz gözəldir, inkişaf etməlidir.
Toyların da bərpasını istərdim. Dövlət hər şeyin ən yaxşısını bilir. Çünki bizim sağlamlığımız önəmlidir. Arzumuz pandemiyanın tamamilə bitməsidir. Əsas ölüm-itim olmasın. Hər şey gözəldir”.
N. Qafarzadə bildirir ki, toylara qoyulan qadağa götürüldükdən sonra toy qiymətində dəyişiklik etməyəcək:
“Əlbəttə ki, artım barədə düşünmürəm. Endirim edəcəm ki, insanlar rahatlıqla məni xeyir işlərində görsünlər. Hər kəsin büdcəsində büdrəmələr olub. Toy qiymətini qaldırmaq doğru deyil”.
Könül