evlilik

Toyqabağı müayinə zamanı aşkarlanan xəstəliklərin yayılma SƏBƏBLƏRİ…

Baxış sayı: 1. 389
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydasına uyğun olaraq iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 63 800 nəfər tibbi müayinədən keçib. Bunu mətbuata açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Məlumata görə, bu şəxslərin 4 213 nəfəri talassemiya daşıyıcısıdır. 32 cütlükdə, yəni cütlüyün hər ikisində də talassemiya olduğu məlum olub. Həmçinin  son beş ayda 45 nəfərdə İİV infeksiyası, 161 nəfərdə isə sifilis qeydə alınıb.
Bəs bu xəstəliklərin yaranma səbəbi nədir? “Əgər məcburi tibbi müayinə olmasaydı, o zaman bu xəstəliklər geniş yayılacaqdı” demək mümkündürmü?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, irsi xəstəlik daşıyıcıları da ailə qurmalıdır: “Talassemiya irsi bir xəstəlikdir. Yəni genlə bağlı bir məsələdir. Əvvəllər bu müayinə yox idi deyə heç kim talassemiya daşıyıcısı olduğunu bilmirdi və xəstə uşaqlar doğulurdu. Amma indi talassemiya daşıyıcılarını ayırmaq olmaz. Hətta talassemiya xəstəsi olan adam da ailə qurmalıdır. Bu baxımdan hamiləlik zamanı müəyyən şərtlərə əməl edilsə, xəstə uşağın doğulmasının qarşısını almaq olar. Amma aşkarlanan digər xəstəliklərə gəlincə, məsələn, sifilis cinsi yolla keçən xəstəlikdir. Onun aşkarlanması önəm kəsb edir. Ən azı ona görə ki, bu xəstələr vaxtında müalicə alırlar və xəstəliyin başqasına keçməsinin qarşısı alınır. Digər tərəfdən, həmin xəstəliklərin siyahısı hələ yetərli deyil. Yəni tam müayinə etmək üçün bəzi xəstəliklərin, xromosom, irsi yolla keçən xəstəliklər də var ki, onların da həmin paketə salınması düzgün olardı. Ən azı yeni ailə quranlar bunu  bilərdilər və müəyyən profilaktik tədbirlər görərdilər”.
Elə insanlar olur ki, xəstəliklərindən məhz məcburi tibbi müayinə zamanı xəbər tuturlar. Bu da ondan irəli gəlir ki, il ərzində ən azı 4 dəfə müayinə olunmaq əvəzinə, 4 ildə 1 dəfə həkimə gedirik. Səbəb kimi isə pulsuzluğu, ya da vaxt kasadlığını bəhanə gətiririk”.
Maraqlıdır, niyə azərbaycanlılar yalnız ölüm yatağında olanda həkimə üz tuturlar? Bunun psixoloji bir əsası varmı, yoxsa sırf maddiyyatla bağlı bir məsələdir?
Psixoloq Dəyanət Rzayev insanların müayinədən keçməməsinin səbəbinin psixoloji amillə bağlı olduğunu dedi: “Bunun birinci səbəbi bizim daxilimizdə ciddi kompleksin olmasıdır. Azərbaycanlılar hansısa restoranda oturub yeyib-içməyi, bahalı maşına, geyimə daha çox pul xərcləyir, nəinki sağlamlığına. Müəyyən kateqoriya insanlar var ki, həkimə pul xərcləməyi itki hesab edir və düşünür ki, dünyaya bir dəfə gəlirsə, yeyib-içib kef eləməlidir. Digər bir səbəb tibbi sığortanən olmamasıdır. Həmçinin həkim müayinəsinə getməməyimizin bir səbəbi də ”mən heç vaxt xəstəliyə yoluxmaram” düşüncəsinin olmasıdır. Bu da insanların daxilindəki ciddi kompleksdən irəli gəlir. Ümumiyyətlə, qohum evliliklərinə görə irsi xəstəliklərin sayı artıb. Mən deyərdim ki, insanların həkimə getməməsinin, müayinədən keçməməsinin səbəbi psixoloji problemlərlə bağlıdır. İnsan var ki, həkimə özünü yoxlatdırmır, deyir pulum çıxır, amma gedib bahalı maşın alır. Bu, kompleksdir. Düzdür, bu fikirlə razıyam ki, bizdə kasıb insan həddindən artıq çoxdur. Amma burada söhbət yalnız kasıb adamlardan getmir. Avropalılar heç vaxt geyimə bizim qədər pul vermir. Onlar daha çox sağlamlıqlarına diqqət edirlər”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir