toy

Toyun bahalısı yaxşıdır, yoxsa ucuzu? -TƏHLİL

Baxış sayı: 391

ABŞ alimləri və tədqiqat institutlarının birgə araşdırması nəticəsində məlum olub ki, yüksək büdcəli toy edən cütlüklərin boşanma ehtimalı aşağı büdcəli toy edənlərə nisbətən daha çoxdur. Tədqiqatçılar toyuna 25.000 dollardan çox xərc çəkən hər 10 cütlükdən 1-nin 3 il ərzində boşandığını açıqlayıb.

Böyük Britaniyanın Evlilik Fondunun direktoru Harri Benson araşdırmanı belə şərh edib: “Bu məlumatlar bizə göstərir ki, ABŞ-da bahalı toylar evlilik üçün pis başlanğıcdır və təbii olaraq yeni ailəyə borc yaradır. Bu araşdırma göstərir ki, ümumiyyətlə, toyların bahalı olması bizim həyatımız üçün heç bir məna kəsb etmir, mənfi təsirlərindən başqa. Evliliyə hazırlaşan gənclər bu özəl günü öz ailələri və dostları ilə qeyd etmək üçün sadə bir məclislə evlənsələr, daha az pul xərcləsələr gələcək problemləri də az olar”.

Maraqlıdır, bahalı toylar boşanmalara səbəb olurmu? Bəs maddi vəziyyəti çox yaxşı olanların nikahlarına bu vəziyyət necə təsir edir? Evlilikdən əvvəl və sonra yarana biləcək maddi çətinliklərin qarşısını almaq üçün cütlüklər nələrə diqqət etməlidirlər?

 

Evliliyi səyahət kimi düşünün

Zənnimcə, evlilik insan üçün bir səyahətdir, səfərdir. Bu səyahətin maraqlı və uzun olması, habelə tərəflərin heç biri üçün cansıxıcı olmaması səyahətə çıxan cütlükdən asılıdır. Necə ki, biz səfərə çıxanda bütün planlarımızı, arzularımızı, səfərdən umduqlarımızı öz səyahət çantamızı yığarkən planlaşdırırıq, bəzilərimiz, hətta səyahət gündəliyi tutur, ediləcək hər şeyi addım-addım yazır – harada dincələcəyik, nə qədər büdcəmiz var, xərclərimizi necə planlaşdıracağıq, hamısını əvvəldən hesablayırıq, eləcə də evlənəndə belə etməliyik.

Evlənmədən öncə, nişanlananda, toya hazırlaşanda da bu planlar uzun-uzadı ölçülüb-biçilməlidir məncə. Evləndikdən sonra borc batağında üzməmək, daha rahat həyat keçirmək, ömür-gün yoldaşımızla düşüncələrimizin üst-üstə düşməsi kimi vacib detallar öncədən düşünülməlidir.

Birlikdə yaşamağa, həyatı paylaşmağa və toya hazırlıq gənclərin ən şirin həyəcanıdır, bu dövrü mal-mülk, bahalı restoran, daha bahalı zinət əşyaları, daha bahalı ev əşyaları haqqında dava-dalaşla keçirən tərəflərin ömür yolu da uzun olmur. Sağlam ünsiyyət və müzakirə mədəniyyəti ən vacib xırdalıqdır bu anlarda, əgər tərəflər bu ünsiyyəti qura bilmirlərsə, müzakirə mədəniyyətləri yoxdursa və dünya malı üçün bir-birindən incik düşürsə, bu evlilik başlamadan bitsə daha məqbuldur.

 

“Bahalı toy prestijdir”

Toya hazırlıq prosesinin ən cansıxıcı mərhələsi də şadlıq evləri və menyu qiymətləridir. Dünyanın bütün naz-nemətlərinin düzüldüyü toy süfrəsində qaşqabaqlı oturmuş bəy-gəlin varsa, o toy işgəncədir, zülümdür. Toydan öncəki mübahisələr və fikir ayrılıqları onların evliliklərinə böyük hədədir, fərqində deyillər. Var gücləri ilə dəbdəbəli mərasim təşkil edən tərəflər bahalı toyun prestij, vizit kart olduğu qənaətindədir. Dəbdəbəli toy, alınan borclar, çəkilən xərclər evlilik ərəfəsində tərəflərin beynini o qədər məşğul edir ki, fərqində olmadan depressiv vəziyyətə düşürlər, stresslə yol yoldaşı olurlar.

Ailə büdcəsini evlilikdən öncə formalaşdıran, bütün proses boyunca ağıllı pul xərcləyən, gərəksiz xırdalıqlara fikir verməyən, bir-birinin fikrinə hörmət edən, bahalı və lazımsız prosedurlardan imtina edən gənclərin ailə həyatı da anlayışlı keçir.

Əgər tərəflər maddi cəhətdən yaxşı vəziyyətdədirlərsə, adətən, xərclərin miqdarı ilə bağlı gərginlik olmur. Lakin bu halda da mübahisə ediləsi nəsə tapmaq olur. Bir tərəf evin qiymətinin yüksəkliyindən, digər tərəf isə bahalı cehizin vacibliyindən bəhs edir. Ümumi mənzərəni gördükdə insan, bu gənclərin bir-biri ilə evlənmə səbəblərinin bahalı ev və bir sərvət dəyərində cehiz olduğu qənaətinə gəlir. Danışılan mövzu ancaq maddi məsələlərdir, kim nə alacaq, kim nəyi haradan sifariş edəcək, qızılın qramı nə qədər olacaq, gəlinlik üçün nə qədər pul ödənəcək, gəlin hansı salonda bəzənəcək, bəy üçün boğçaya nələr qoyulacaq, gəlin xonçasında nə əskikdir və s. Müzakirə edilən mövzuların çeşidi arasında mənəvi məsələlər iynə ulduzu böyüklüyündə qalır, ya müzakirə edilmir, ya da səthi keçilir.

 

Qonaq hesabına toy etmək

Düşüncələr də fərqlidir. Bəzi gənclər üçün toyda möhtəşəm təşkilatçılıq olmalıdır, hər şeyin ən gözəli, ən əlası, ən bahalısı istifadə edilməlidir, minlərlə manat müqabilində məşhur müğənnilər gətirilməlidir, yeyilməyəcək qədər yemək çeşidi düzülməlidir, bəy-gəlin salona qəribə təqdimatla girməlidir, toy plovu məşhur rəqqasların təqdimatında gəlməlidir, tortun hündürlüyü 2 metr olmalıdır və s. Sadaladıqca özüm yoruldum. Bütün bunların fonunda toyun sonu salınan pullar çəkilən xərcləri ödəyəcəkmi deyə qara-qara düşünən bəy və 800 manat ödəyib bəzəndiyi salondan məmnun qalmayan narazı gəlin varsa, bu toyun nə mənası var ki?

Bəziləri üçün isə sadə bir toy mərasimi kifayətdir. Yeganə tələb hər şeyin büdcə daxilində baş tutmasıdır – kişik bir toy zalı kirayələnibsə, qonaqlar üçün oturmağa normal şərait varsa, bir neçə çeşid yemək düzülübsə, məlahətli səsi olan tanınmamış bir müğənni oxuyursa, borc yoxdursa, toydan yığılan nəmər borclara getməyəcəksə, gəlinin üzündən xoşbəxtlik, bəyin üzündən məmnunluq yağırsa, sizcə, hər şey belə daha gözəl deyilmi?

Ailə adlı səfərə çıxanda bütün bunları nəzərə alın əziz gənclər. O səfərdən əliboş, narazı, yarımçıq qayıtmayın. Əksinə, daha uzun bir yol qət etmək, daha yaxşı yol yoldaşı olmaq, daha anlayışlı bir həyat yaşamaq üçün əvvəlcədən bəzi gərəksiz prosedurları, adətləri, tələbləri özünüzdən uzaqlaşdırın. Maddi çıxarlar üzərində qurulan ailənizin ömrü uzun olmaz. Menyusu 150-200 manat olan toy evləri yerinə sadə bir mərasim təşkil edin, qonaqların yazılacağı nəmər hesabına toy planlaşdıracağınız əvəzinə öz büdcənizə uyğun toy təşkil edin, 4-5 cür isti yemək, 10 cür içki, 30 cür qəlyanaltı olacaq toy süfrəsinə çəkəcəyiniz xərci həyatınıza yatırım edin, dünyanı gəzin, özünüzü inkişaf etdirin. Sizin toyunuzda 50 cür naz-nemət olması, kimin oxuması, hansısa bahalı nümayişlərin təşkili 3 gün sonra unudulacaq, amma borclar ailə həyatınız boyu xoşbəxtliyinizə kölgə salacaq.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir