yemeye ne var

Toyuq qutabı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 700

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə toyuq qutabının hazırlanma qaydasından bəhs edəəcəyik.

 

Lazım olan ərzaqlar

400 q toyuq əti

2 ədəd quru soğan

40 q nar

440 q un

100 q yağ

duz

istiot

darçın

Üzərinə

sumaq

 

Yuxanın hazırlanması

Toyuq qutabı hazırlamaq üçün əvvəlcə un ələnir. Unu ələməklə həm unun içərisindəki yad cisimləri təmizlənir, həm də un hava alaraq xəmirin və qutabın daha yaxşı olmasına şərait yaradılır. Unu ələdikdən sonra su və duz qarışdırılır və xəmir yoğrulur. Xəmir bir az bərk olmalıdır. Yumşaq olmamalıdır. Bərk xəmir yoğrulduqdan sonra kiçik kündələrə ayrılır. Bu kiçik kündələrdən oxlov vasitəsi ilə yuxa yayılır. Yayılan yuxanın qalınlığı təqribən 1 millimetr ölçüsündə olur. Yuxa yayılıb hazır olduqdan sonra hazır yuxamız yumru formada kəsilir. Səliqəli və asan kəsmək üçün yuxanın üzərinə bir boşqab qoyulur və bıçaq vasitəsi ilə kəsilir. Bu şəkildə səliqəli və tam yumru yuxa əldə edilir.

Toyuq qutabi

İçliyin hazırlanması

Qutab bişirərkən əsasən toyuğun bud hissəsindən istifadə olunur. Bunun səbəbi, bud ətinin daha yağlı olmasıdır. Toyuq əti sümükdən təmizlənir. Bundan sonra təmizlənən toyuq əti tikələri ət çəkən maşından keçirdilərək qiymə hazırlanır. Bundan sonra soğan da ət çəkən maşından keçirilir. Çəkilmiş soğanla qiymə bir -birinə yaxşıca qarışdırılır. Hazırlanan bu toyuq budu əti qiyməsinin içərisinə nar dənələri və ya lavaşana əlavə edilir və onlar da qarışdırılır.

 

Qutabın hazırlanması

Toyuq qutabı hazırlanarkən əvvəlcə dairəvi formada kəsdiyimiz yuxa səliqə ilə masanın üzərinə sərilir. Toyuq ətindən hazırladığımız içlik yuxanın bir kənarından yarısına qədər səliqə və bərabər şəkilli olacaq şəkildə yayılır. Yuxanın boş hissəsi içlik olan hissənin üzərinə gələcək şəkildə qatlanır. Kənarları bükülərək bir – birinə yapışdırılır. Aypara formasında qutab bişməyə hazırdır artıq. İstəyə görə tavada qaynar isidilmiş yağda bişirilir və ya sacda yağsız olaraq bişirilir. Qutab hazır olduqdan sonra süfrəyə isti – isti verilir. Bişən qutablar çox yüngül formada yağlanır və üzərinə sumaq səpilərək üst- üstə düzülür.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir