tramp

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU

Baxış sayı: 2. 229

Birinci şəxslərin qida rasionu həm təhlükəsizlik baxımından, həm də qidaların keyfiyyət və tərkibinə görə ciddi nəzarət altında olur. Həkim və dietoloqların tövsiyə və göstərişləri də bu məsələdə önəmli rol oynayır. Amma bununla yanaşı, birincilərin öz xoşladıqları qidalar  da var. Bəzi prezidentlər imkan tapan kimi ciddi “qida menyusu”nu pozaraq öz istədikləri kimi qidalanır, “bəh-bəh”lə xoşladıqları təamları nuş edirlər.

Amerika prezidenti Donald Trampın hələ seçkiqabağı kampaniyası ərəfəsində mətbuat onun qida rejiminin və qida rasionunun sağlam həyat tərzinə uyğun olmadığını dəfələrlə işıqlandırıb. Tramp dietoloqların göstərişlərinə, ümumiyyətlə, məhəl qoymur. O, çox asanlıqla səhər yeməyini ötürə bilər, günorta yeməyini iş masasının arxasında fastfudla yola verər, “Oreos” peçenyası ilə aclıq hissini dəf edər. Hətta prezidentin qızı İvanka jurnalistlərlə söhbətində atasının qidalanması məsələsindən narahat olduğunu bildirib: “Mən çox istərdim ki, atam sağlam qida məhsulları ilə qidalansın…”

Donald Tarmpın ən çox sevdiyi yeməklər toyuq qızartması, ət qızartması, yumurta qayğanağı, kartof frisi, fastfudlardır. Prezident özü də etiraf edib ki, bu qidalar faydalı deyil, amma onları çox xoşlayır.

Gilənarlı dondurma isə Trampın heç vaxt imtina etmədiyi məhsuldur.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Trampdan fərqli olaraq qida rejimində və qida rasionunda daha “səliqəli”dir. Sağlam həyat tərzinə üstünlük verən Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Ən çox sevdiyi içki isə yaşıl çaydır.  Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin amerikalı həmkarı kimi hədsiz dərəcədə dondurma həvəskarıdır. Yəqin əks qütblü prezidentlər dondurmaya ona görə üstünlük verirlər ki, siyasi gərginlik zamanı soyuqqanlı olmağı bacarsınlar.

Siyasət meydanında kişilərlə çiyin-çiyinə “at oynadan” Almaniya kansleri Angela Merkel siyasətdə olduğu kimi, mətbəxtdə də fəaldır. Adətən yeməkləri özü hazırlayan siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır. Merkel şirniyyatlar arasında gavalı piroquna, içkilərdən isə nanəli çaya üstünlük verir. Merkel həm də pivə həvəskarıdır.

Qeyd edək ki, siyasətçi xanım ərzaq bazarlığını istirahət günlərində özü edir.

Belarus prezidenti Lukaşenko qida rasionuna xüsusi diqqət yetirir. Elə bunun nəticəsidir ki, prezident ötən il 13 kiloqram artıq çəkidən özünü xilas edib. Lukaşenko milli mətbəxlərinə üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur. Onun bununla bağlı tez-tez işlətdiyi ifadə də var: “Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”.

Ukrayna prezidenti Poroşenko çox populyar olan konditer konserninə sahib olsa da, şirniyyatı sevmir. Prezidentin xanımının söylədiyinə görə Poroşenkonun sevimli yeməyi qarabaşaq və kotletdir, xüsusilə də yanında duza qoyulmuş xiyar olanda.

Gürcüstanın sabiq prezidenti Saakaşvilinin qida menyusunu siyasət tənzimləyir. Amerikada sendviç və hamburqerlərə “bəh-bəh” deyən siyasətçinin bu gün ən çox sevdiyi yemək Kiyev kotletidir. Əlinin çatıb-çatmayacağını isə zaman göstərəcək. (Modern.az)

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir