Söhbət Trendyolun Azərbaycan təslimatından gedir. Ötən il Trendyolun Azərbaycana birbaşa çatdırılma xidməti yarananda, bu, hər kəsin ürəyincə olmuşdu. Çünki müxtəlif karqo şirkətləri alıcılara çəkiyə görə istədiyi qiyməti tətbiq edirdisə, yeni tətbiqlə çəkisindən asılı olmayaraq bütün sifarişlər eyni qiymətə, əvvəlcə 49.99, sonra isə 59.99 türk lirəsi ilə sahibinə çatdırılırdı ki, bu da hər təbəqədən olan insanlara istədiyini əldə etməkdə əlçatanlığı təmin edirdi.
Təbii ki, bu prosesin belə davam edəcəyinə ümid yox idi, təəssüf ki, belə də oldu. Ötən ilin axırlarından artıq daşınma xərcləri yavaş-yavaş artırılmağa başlandı. Hazırda bəzi hallarda daşınma qiymətlərində bir qəribəlik müşahidə olunur. Məsələn, Tendyol Azərbaycana birbaşa çatdırılma xidməti 21 parçadan ibarət tort-kek dəstini də, kiçik bir ətir şüşəsini istifadəçiyə də 4.01 qəpiyə çatdırır. Bir ütünü 15 manata, böyük bir qazan dəstini isə 19.05 qəpiyə gətirir. Bu gün ən ucuz daşınma xərci 80 türk lirəsi civarındadır. Bu isə göründüyü kimi bəzən ağır, həcmli əşyalara da tətbiq olunur.
Söhbətin bu yerində onu da vurğulayaq ki, Trendyolun Türkiyədə və ölkəmizdə bu qədər məşhur olmasında əsas səbəb həm də sezon sonlarında və xüsusi günlərdə təşkil edilən böyük endirimlərdir. “Black Friday” zamanı həyata keçirilən 70-80-90 faizlik endirimlər və eyni zamanda Trendyol-un dili ilə desək “Möhtəşəm Sezon Endirimləri” bu platformanı daima aktiv saxlamağa kömək etməkdədir. Eyni zamanda Trendyol-da müxtəlif funksionallıqlar və məmnuniyyət proqramları da həyata keçirilir. İnsafən, son vaxtlar endirimli günlərin sayı da çoxalıb. Eyni zamanda tez-tez 30-35 faizli endirim kodları da verilir.
Məhsulların çatdırılmasında son vaxtlar bəzi söz-söhbətlər də gəzir, səhv göndərilən məhsullar kimi. Ancaq bütün bunları Trendyol işçiləri həll etməyə çalışır və hər hansı səhv göndərilən, sınıq məhsul üçün sərf olunan vəsait geri ödənilir.
Bütün bunları qoyaq bir kənara, keçək əsas məsələyə. Əsas məsələ isə odur ki, Trendyol Azərbaycana birbaşa çatdırılma xidmətində qiymətlər oynayır. Nə mənada oynayır, mən deyim, siz də dinləyin. Məsələn, bir əşya və ya paltarı xoşladın, onu səbətinə əlavə etdin, qiymətini də yaddaşına yazırsan və səbirsizliklə endirim kodu verilməsini gözləyirsən ki, istifadə edib, məhsulu alasan. Bir də baxırsan ki, məhsul bir an içində 999 türk lirəsindın qalxıb oldu 2329 lirə və sair. Və yaxud da səbətə bir məhsul əlavə edirsən, çox keçmir qiymət dəyişir. Məsələn, 50 manatlıq 4 parçadan ibarət kek qabı dəstinin hazırda qaldırılıb 100 manatdan artıq olması kimi. Sual olunur, orta əmək haqqına işləyən hansı istifadəçi 100 manata 4 ədəd kek qabı ala bilər və yaxud da almaq fikrinə düşər?
Belə qənaətə gəlmək olur ki, sanki favori və səbətə bir nəzarət funksiyası həyata keçirilir. Burada sən məhsula çatmaq istəyərkən o səndən uzaqlaşdırılır. Yəqin bu problemlərlə qarşılaşan istifadəçilər az deyil.
Başqa bir məsələyə də nəzər salaq. Endirim kuponu verilib. Səbətə məhsulları əlavə edib ödəməyə keçdiyin an baxırsan ki, bayaqdan bəri 50 manat ödəməli olduğun halda, qiymət qalxıb oldu 80-100 manat. Odur ki, düşünməyə bilmirsən ki, favori və səbətlər dəqiq şəkildə izlənir və qiymət oynatmaları həyata keçirilir. Bütün bunlar isə təbii ki, Trendyol istifadəçiləri tərəfindən birmənalı qarşılanmır. Hətta əsəblərinin pozulmasından şikayət edən istifadəçilər də var.
Düşünürəm ki, bu sistemə əməlli-başlı nəzər salmaq lazımdır. Hər kəs istər ki, Trendyol Azərbaycan tətbiqində bu kimi problemlər olmasın. Ümidvarıq ki, buna cavabdeh olan şəxslər tezliklə bu məsələnin həlli yollarını axtarıb tapacaq və istifadəçilərin hər biri bu tətbiqdə belə qəribəlik, anlaşılmazlıq, qiymət oynatmaları ilə qarşılaşmayacaq.
Mətanət Məmmədova