Ətrafımızdakı hər yerdə bakteriyalar var. Qapı tutacaqlarından tutmuş tualetə qədər hər yerdə bakteriyalar mövcuddur. Əlbəttə, bu, qorxulu deyil, sadəcə ətrafımızdakı bakteriyaların çoxalması sağlamlığımız üçün ziyanlıdır. Evimizdə bakteriyaların zəngin olduğu yeganə yer tualetdir. Buna görə burda gigiyenik qaydalara əməl edilməsi vacibdir. “Gencaile.az” evdar xanımlara tualeti necə təmizləməyin qaydasını təqdim edir.
Tualet təmizliyi üçün nəzərdə tutulan kimyəvi maddələrlə tam təmizliyə nail ola bilmirsinizsə, sadəcə duz, sirkə və karbonatla bu təmizliyi əldə etmək olar. Kimyəvi vasitələrdən istifadə etmək istəmirsinizsə, evdə əlinizin altında olan vasitlərlə tualetinizi tam şəkildə təmizləyin. Sizə lazım olacaq yeganə vasitələr sirkə, fırça, duz, təmizlik parçası, karbonat və bunları qarışdıra biləcəyiniz püskürdən qab olacaq. Püskürdən qabı dükanlardan əldə edə bilərsiniz.
Su və sirkəni eyni miqdarda töküb qarışdırdıqdan sonra püskürdən qaba doldurun. Bunu tualet və hamamınızın, təmizlik gərəkən hər yerinə püskürdün. Qoxusu yaxşı olmasa da, sağlamlıq üçün ziyanı yoxdur. Daha sonra təmizlik parçasıyla püskürtdüyünüz yerləri silin. Sirkə kimyəvi vasitələrdən ucuz olsa da, çox gözəl təsirə malikdir və bakteriyaları, kifləri öldürür.
Əl-üz yuyanın və kranların ətrafında yığılıb qalan sabun, su qalıqlarını təmizləmək üçün 1 çay qaşığı duzla 4 çay qaşığı sirkəni qarışdırın. Bu qarışımı həmin yerlərə tökün. 5 dəqiqə gözləyin və su ilə təmizləyin.
Vannanı təmizləmək üçün karbonatdan istifadə edin. Karbonatla vannanın içərisini sürtüb süngərlə silin və bir az gözlədikdən sonra suyla durulayın.
Tualetdə tam olaraq gigiyenik qaydalara əməl etmək üçün 2 gündən bir unitazı, unitazın içini sirkəylə təmizləyin.