Nermin Eliyeva

Tükənmişlik sindromu və depressiya: Hansı daha təhlükəlidir?

Baxış sayı: 668

Müasir dövrdə sürətli həyat tempi, iş və təhsil yüklərinin artması, sosial təzyiqlər və emosional tükənmə insan psixikasına ciddi təsir göstərir. Bu prosesin nəticəsi olaraq iki anlayış tez-tez qarışdırılır: tükənmişlik sindromu və depressiya. Bəzən bu iki hal bir-biri ilə eyni qəbul edilir, lakin əslində onların fərqli səbəbləri, əlamətləri və nəticələri var.

 

Tükənmişlik sindromu nədir?

Müasir dövrün ən çox rast gəlinən psixoloji hallarından biri olan tükənmişlik sindromu — stress, iş həyatı, ailə və ictimai həyat kimi sahələrdə enerjinin tükənməsi kimi izah edilə bilər.

Tükənmişlik sindromu (burnout syndrome) — emosional, fiziki və psixoloji cəhətdən həddindən artıq yorğunluq halıdır. Bu sindrom insanın uzunmüddətli stress, ağır iş yükü və ya qarşılanmamış emosional ehtiyaclar nəticəsində tükənməsi ilə xarakterizə olunur. Ən çox iş mühiti ilə əlaqələndirilsə də, şəxsi həyat, ailə münasibətləri və digər sahələrdə də baş verə bilər.

 

Əsas əlamətləri:

Tükənmişlik sindromunun ən çox görülən əlamətlərindən biri yorğunluqdur. Yorğunluq həm fiziki, həm də emosional yorğunluq hissi ilə ifadə oluna bilər. Fiziki simptomlara baş ağrısı, mədə ağrısı, yemək və yuxu rejimində dəyişikliklər daxildir.

Bu vəziyyətdə olan insanlar özlərini həddən artıq yüklənmiş hiss edir və nəticədə sosial əlaqələrdən qaçmağa, dostlara, ailə üzvlərinə və ya həmkarlara olan güvəni itirməyə meyilli ola bilərlər. Ağır hallarda insanlar emosional ağrılarını aradan qaldırmaq üçün alkoqol, narkotik istifadə və ya həddindən artıq yemək kimi zərərli vərdişlərə müraciət edə bilərlər.

 

Depressiya nədir?

Depressiya — insanın əhval-ruhiyyəsini, düşüncə tərzini və gündəlik fəaliyyətini mənfi şəkildə təsir edən, uzunmüddətli davam edən, beyində kimyəvi tarazlığın pozulması nəticəsində yaranan psixoloji pozuntudur.

Sadəcə “kədərli olmaq” deyil, klinik müdaxilə tələb edən ciddi bir psixoloji vəziyyətdir. Depressiya həyat keyfiyyətini aşağı salır, sosial münasibətləri zəiflədir və bəzən intihar riski ilə nəticələnə bilər.

 

Əsas əlamətləri:

Daimi kədər, ümidsizlik və boşluq hissi

Marağın və zövqün tamamilə itməsi

Yuxusuzluq və ya həddindən artıq yuxululuq

İştahanın pozulması

Sadə işləri belə görməkdə çətinlik

Fiziki və zehni halsızlıq

Özünə zərər vermə və intihar düşüncələri

 

Oxşarlıqlar nələrdir?

Hər iki halda da yorğunluq, motivasiya itkisi və emosional zəiflik müşahidə olunur.

Sosial münasibətlərdən uzaqlaşma, ətraf mühitə marağın azalması və ümumi həyat keyfiyyətinin aşağı düşməsi hər iki vəziyyət üçün tipikdir.

 

Fərqlər nələrdir?

Tükənmişlik daha çox funksional və situativ haldır – yəni konkret səbəblə bağlıdır və dəyişikliklərlə düzələ bilər. Tükənmişlik sindromu əsasən uzunmüddətli peşə, təhsil və ya sosial məsuliyyətlərlə bağlı stress nəticəsində yaranır.

Depressiya isə daha dərin, beyindəki kimyəvi dəyişikliklər və emosional travmalarla əlaqəli psixoloji xəstəlikdir. Onun təsir dairəsi yalnız gündəlik fəaliyyətə deyil, bütövlükdə insanın yaşama və özünü dərk etmə qabiliyyətinə yönəlmiş olur.

 

Bəs hansı daha təhlükəlidir?

Tükənmişlik sindromu ilkin mərhələdə idarə oluna bilsə də, laqeyd yanaşıldıqda depressiyaya çevrilə bilər. Depressiya isə artıq bir psixi pozuntu kimi klinik müdaxilə və müalicə tələb edir və intihar riski ilə müşayiət oluna bilər. Bu baxımdan, depressiya daha təhlükəli və mürəkkəb bir vəziyyətdir.

Lakin tükənmişlik sindromu vaxtında tanınmaz və müdaxilə edilməzsə, depressiyanın başlanğıcı ola bilər. Ona görə də hər iki hal ciddiyə alınmalı və dəstək tələb edir.

 

Psixoloji sağlamlığımız üçün nə etməliyik?

1) Özünü tanı və müşahidə et:

* Yorğunluq, həvəsizlik, kədər, həddindən artıq əsəbilik və ya həvəsin itməsini sadəcə “adi hal” kimi qəbul etməyin.

* Hər gün 5-10 dəqiqə özünüzlə sakit şəkildə vaxt keçirərək daxili halınızı müşahidə edin.

 

2) Fiziki sağlamlığa diqqət yetirin:

* Psixoloji sağlamlıq fiziki sağlamlıqla sıx bağlıdır.

* Müntəzəm yüngül fiziki fəaliyyət (gəzinti, idman, yoga və s.) həm stress hormonlarını azaldır, həm də beyində “xoşbəxtlik hormonlarının” səviyyəsini artırır.

* Yuxu rejiminizi bərpa edin – keyfiyyətli və kifayət qədər yuxu emosional stabillik üçün vacibdir.

 

3) Sosial əlaqələri qoruyun və gücləndirin:

* Ailə, dost və həmfikirlərlə əlaqəni davam etdirin.

*Emosional dəstək almaqdan çəkinməyin. Danışmaq, dinlənilmək və başa düşülmək bəzən dərmandan da təsirli olur.

* Uzunmüddətli tənhalıq psixoloji yükü artırır – sosial təcridə qarşı mübarizə aparın.

 

4) Texnologiyadan balanslı istifadə edin:

* Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək özünü müqayisə, narahatlıq və emosional boşalma yarada bilər.

* Gündəlik cihazsız vaxt planlayın – beyin və emosiyalar üçün fasilə verin.

 

5) Yardım almaqdan çəkinməyin:

* Davamlı olaraq özünüzü yorğun, kədərli, ümidini itirmiş və həyat keyfiyyətinizin aşağı düşdüyünü hiss edirsinizsə, peşəkar psixoloq və ya psixiatr dəstəyinə müraciət edin.

* Psixoloji yardım zəiflik deyil, şəxsi məsuliyyət və gücün göstəricisidir.

 

6) Özünə qayğı rutinləri yaradın:

* Hər gün sizi xoşbəxt edən bir fəaliyyətə vaxt ayırın (oxumaq, musiqi dinləmək, təbiətə çıxmaq, meditasiya və s.).

* Özünüzə sevgi və anlayışla yanaşın. Özünüzə qarşı münasibətiniz, başqaları ilə münasibətinizin əsasını təşkil edir.

 

Psixoloq Nərmin Əliyeva




7 şərh “Tükənmişlik sindromu və depressiya: Hansı daha təhlükəlidir?

  1. Kamilə Fərəcova

    Məncə, tükənmişlik və depressiya çox qarışdırılır. Bəzən insanlar ‘çox yoruldum’ deyirlər və ‘depressiyadayam’ deyirlər, amma bu hər zaman belə olmur. Əgər yaxşıca dincəlmək və yenidən özünü toparlamaq mümkündürsə, bu daha çox tükənmişliklə bağlıdır. Amma depressiya tamam fərqli bir şeydir, çox daha dərin və bəzən heç özünə gəlmək olmur. Yazıda verilən məsləhətlər yaxşıdır, amma məncə, əgər bu vəziyyət uzun müddət davam edərsə, mütəxəssisə müraciət etmək vacibdir.

    Cavabla
    1. Nərmin Əliyeva

      Bəli bu iki vəziyyət bir-biri ilə çox əlaqəlidir. Bu hallardan hansının bizə aid olduğunu bilib ona görə düzgün şəkildə öz üzərimizdə çalışmalıyıq. Ən sonda qeyd etmişəm əgər bu hallar davamlı olaraq baş verirsə mütəxəssis yardımı alınmalıdır.

      Cavabla
  2. Amil Bağlrov

    Menim ucun bu yazi cox faydali oldu. Heqiqeten de is həyatimda, xususun son vaxtlar, o qeder cox stress var ki, bezen ozumu yoxlanilmayan bir sistem kimi hiss edirem. Hemise ‘heyat normaldir, sadece yorulmusam’ deye dusunurem, amma eslinde her sey nezaretdən cixir.

    Cavabla
  3. Pərvin

    Tukenmislik sindromunu heqiqəten cox hiss edirik bu dovrde. İnsanin basi isle məsgul olur, amma ruhen cox yorulursan

    Cavabla
  4. Leman Novruzova

    Insanlar daha cox depressiya halını yaşayır mence. Insanlar artiq bir birinden ferqlendire bilerler. Bele meqalelerin gunumuz gencleri üçün çox faydalıdır. Teşekkürler deyerli pisxoloqumuz

    Cavabla
  5. Samirə Sultanova

    Valla mənə elə gəlir ki, hər şey bir-birinə qarışıb. İnsanın həm işi var, həm ailə, həm də sosial həyat, amma hamısı bir-birinə mane olur. Tükənmişlik çox insanı bürüyür, xüsusən də universitet illərində. Hər şeyi vaxtında bitirmək, işlərin öhdəsindən gəlmək çox çətindir. Bu yazı həm də mənim psixoloji vəziyyətimi anlamağımda kömək etdi.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir