tupurmek

Tüpürmək vərdişiniz barədə bilmədiklərimiz və onun yaratdığı ağır fəsadlar

Baxış sayı: 3. 352
Tətildə, yay günlərində şəhər gəzintisində ən çox müşahidə etdiyim nədir, bilirsizmi? İnsanların davamlı yerə, dənizə, quma, hər yerə tüpürməsidir. Sanki nəfəs almaq kimi bir ayin. Olmazsa olmaz misalı. Halbuki elə ölkəmizdə yayılan bir çox xəstəliklərin səbəbi elə bu adətin başındadır. 
Ürəkbulandırıcı mövzunun detallarına keçmədən öncə isə deyim ki, dünya xalqları arasında bu adətə az inkişaf etmiş olanlar yiyələniblər. Hətta yaxın qonşularımız arasında olan Türkiyə türklərinin də bu məsələdə bizdən geri qalmadığını deyə bilərik. Yəqin o məşhur lətifəni xatırlayırsınız: “Aya ilk dəfə ayaq basan türk tez başındakı kosmos papağını çıxarıb, yerə tüpürdü…”
Hər şey bu qədər gülməli olsaydı nə vardı ki. Yəqin ki, xatırlayırsınız, Türkiyədə məhz bu xasiyyətə görə həyatını itirən kişi barədə bir dəfə yazmışdıq. Muğla vilayətinin 93 yaşlı sakini Əli Kabaz evinin pəncərəsindən tüpürmək istəyərkən müvazinətini itirərək yıxılıb. Üçüncü mərtəbədən düşən Əli Kabaz xəstəxanaya aparılarkən yolda vəfat edib.
Bu ölkələrdə tüpürənləri cəzalandırırlar
Digər tərəfdən, xalqımızın adətlərini də unutmaq olmaz. “Çaqqal ulayanda yerə tüpürmək lazımdır” deyir böyüklərimiz. Əks halda, insanın başına nəsə bir pis iş gələ bilərmiş. Bundan başqa, qabağından qara pişik keçəndə də yerə tüpürmək vacib “təhlükəsizlik” qaydası sayılır. Nədənsə hirslənəndə, iyrənəndə… də tüpürcəyimiz dadımıza yetişir. Ağızdolusu tüpürürük. Həm də yerə.
Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev dəfələrlə yerə saqqız atanlara və tüpürənlərə xəbərdarlıq edib. Nazarbayev “Son dəfə xəbərdarlıq edirəm, bu insanlar cəzalandırılacaq” deyib. Belə ki, bu ölkədə saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən və əl-qol hərəkətləriylə ətrafdakıları narahat edənlərə 3 gün həbs və pul cəzası verilməsini təklif edib.
Eyni cəza metodları Sinqapurda da keçərlidir. Bu ölkədə də liftdən ayaqyolu kimi istifadə edən, ictimai yerdə saqqız çeynəyən, onu yerə atan, habelə yerə tüpürən şəxslər cəzalandırılır. Bu cəzanın məbləği təxminən 50 dollara yaxındır.
Osmanlı tarixində ağac və kol diblərinə tüpürmək tövsiyə olunurdu. Bir çox mədəniyyətlərin tarixində tüpürmək üçün otaqlarda xüsusi qab olurdu. Keçmiş rus tarixində, obalarda yaşayanlar əl yuduqları qabın içinə tüpürürdülər və sonra onunla əllərini yuyurdular. Padşahlar və xanların tüpürmələri üçün xüsusi qabları vardı. Bu qablar qızıldan, gümüşdən hazırlanırdı. Hətta Osmanlı tarixində hansısa padşaha qızıl tüpürcək qabı hədiyyə edilməsi də arxivlərdə yerini alıb.
Bir dəfə tüpürürsüzsə…. ətrafa vəba, vərəm mikrobları yayılır
Məsələnin görünən tərəfləri ilə yanaşı, görünməyən, amma həkimlər tərəfindən təhlil olunan tərəfləri də var. Həkimlər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində təxminən 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob var. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır.
Yerə tüpürmə yolu ilə insana keçə biləcək xəstəliklərə gəlincə, bunlardan birincisi və ən çox bilinəni vərəmdir.
1. Vərəm – illər boyu varlığı bilinən bir xəstəlikdir. Tüpürmək, asqırmaq, öskürmək, bəlğəmlə başqa insanlara hava-damcı yolu ilə keçir. Balaca uşaqlarda, yaşlı insanlarda hətta ölümə səbəb olur.
2. Xroniki bronxit – bu xəstəlik də səssiz başlayıb, yavaş bir irəliləmə göstərərək, illər boyu davam edir və sonunda ağır tənəffüs çatışmazlığına gətirən bir xəstəlikdir. İki ildən çox bir müddətdə zaman-zaman yenilənmələrlə aylar boyu öskürək və bəlğəmin müşayiəti ilə davam edir.
Bundan başqa, qrip də yerə tüpürmənin ağır nəticələrindən biri sayılır. Daha çox payız və qış aylarında geniş yayılır. Yerə tüpürmə cəmiyyətdə bu xəstəliyi sürətləndirən əsas amillərdən biridir.
Psixoloqlar müəyyənləşdirib ki, yerə tüpürmək əsəbi daha zəif olan insanlara xasdır. Belə ki, bununla öz aqressiyasını, bəzən hirsini, reaksiyasını topluma çatdırmaq istəyənlər bu vasitədən istifadə edirlər. Amma bu mənzərəni görənlər üçün əks hadisə baş verir. Bu mənzərə başqalarını diksindirir, əsəbilik və stress yaradır. Nəticədə cəmiyyət təmizlik mədəniyyəti olmayan bir cəmiyyətə çevrilir. Və bunun nəticəsidir ki, bu hal daha az inkişaf etmiş ölkələr üçün xarakterikdir.
 
Xəstəlik varsa, çarəsi də var – tüpürcək torbaları
Müasir tarixdə isə tüpürcəyi qadağan edən ölkələrin sırası qısa deyil. Pekin olimpiadası öncə şəhərdə məhz yerə tüpürənlərə etiraz olaraq bir kampaniyaya başlanmışdı. Çünki Çində də yerə tüpürmək böyük problem sayılır. Buna görə də Pekin Etk İnkişaf Ofisi bir neçə il belə təbliğat kampaniyası apardı. Yerə tüpürmə vərdişindən qurtula bilməyənlər üçün isə yardımçı tədbirlər düşünüldü. Belə ki, şəhər bələdiyyəsinin xüsusi geyimli işçiləri – onlara bəlğəm keşikçiləri deyirlər – küçələrdə gəzərək pulsuz tüpürcək torbaları paylayırdılar. Torbaları paylayan işçilər çinlilərə deyirdilər ki, ondan istifadə edən kimi zibil qutusuna atsınlar.
Türkiyədə isə yerə tüpürmək inzibati cəza sayılır və buna görə insanlar milli valyuta ilə desək, 25 manat məbləğində cəzalandırılır.
Avstriyada xüsusi tüpürcək qutuları var – eynən zibil qutuları kimi. İnsanlar hər 50 metrdən bir bu qutularla qarşılaşır. Tüpürcək ehtiyacı olan insanlar bu qutudan istifadə edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir