Çoxdan gözlənilən “Turizm haqqında” qanun qəbul olundu. İndiyədək turizm sənayesində olan boşluqlara səbəb kimi qanunverici bazanın köhnə olması əsas göstərilirdi. Bəs görəsən, “Turizm haqqında” qanunun qəbulu sektorda hansı dəyişikliklərə səbəb olacaq?
Reyestrdən keçməyənlər cərimələnəcək
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov bildirir ki, qanunun qəbulu bir sıra məsələləri tənzimləyəcək:
“Qanunun üç ay ərzində tətbiqinə başlanılacaq. Turizm sənayesi həmin qanunu səbirsizliklə gözləyirdi. Məhz o səbəbdən qanunun qəbulu Milli Məclisə tövsiyə olunmuşdu. Qanunda ən mühüm məqamlardan biri yerli turizm şirkətlərinin qeydiyyatdan keçməsidir. Reyestrdən keçməyən turizm şirkətləri cərimə olunacaq. Bu, çox vacib məqamdır. Çünki dövlət qeyri-neft sektorunda ən çox diqqəti turizm sahəsinə yönəldib. Post pandemiya dövründə, təkcə 2019-cu ildə ölkəmizə 2 milyarddan çox valyuta axınına səbəb olub. Bu, Azərbaycana gələn turistlərin xərclədiyi vəsaitdir”.
Turizm şirkətləri fırıldaqçılıqla məşğul ola bilməyəcək
Şura sədri bildirir ki, hazırda turizm sahəsindən sui-istifadə edən insanlar da var, hansı ki, onların ofisi, qeydiyyatı yoxdur, servisləri çox aşağıdır:
“Bu da turizm sektorunda qeyri-sağlam rəqabətə səbəb olur. Ölkəmizdə kifayət qədər nüfuzlu, peşəkar turizm şirkətlərinin işinə mane yaradır. Onların işçisi, xərcləri olmadığından tur paketləri çox aşağı qiymətə təklif edirlər. Bu isə qeydiyyatdan keçmiş, ofisi, işçisi olan turizm şirkətlərinin işinə problem yaradır. Əksər hallarda qeydiyyatsız turizm şirkətləri fırıldaqçılıqla məşğul olurlar. Onlar müştərilərə mövcud olmayan tur paketlər sataraq aldadırlar”.
G.Qəhrəmanov hesab edir ki, yeni qanunun qəbulu turizm sahəsində çalışanların fəaliyyətlərini məhdudlaşdırmayacaq:
“Əksinə, sektorda çalışanların işə yanaşmasını, ciddiliyini artıracaq, daha da məsuliyyətli edəcək. Nəticədə müştərilər də üz tutduqları şirkətlərdən narazı qalmayacaqlar. Hotellərin standartı olacaq”.
Hotellərin standartları olacaq
Şura sədri həmçinin yeni qanunun qəbulunun hotellərlə bağlı bir sıra boşluqları da aradan qaldıracağını söylədi. Onun sözlərinə görə, pandemiyadan əvvəl ölkəmizə gəlmə turizmin artması sahibkarların hotel biznesinə marağını artırıb:
“O səbəbdən ölkəmizdə hotel bumu baş verdi. Amma hotellərin fəaliyyəti ilə bağlı heç bir standartlar olmadı. Yeni qanunla hotellərin beynəlxalq standartları olacaq. Biz xaricdə sərgilərdə hotelləri təklif edəndə rahat olacağıq ki, hotelin standartı var. Bu, imic məsələsini də qoruyacaq. Hotel sənayesində sağlam rəqabət yaranacaq”.
G.Qəhrəmanov yeni qanunun qəbulunun turizm sənayesinin inkişafı baxımından səmərəli olacağını bildirdi.
Yeni qanun nə vəd edir?
Dövlət Turizm Agentliyindən isə bildirildi ki, turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı, cəlbedici imicini formalaşdırmaq, rəqabət qabiliyyətini artırmaq məqsədilə hazırlanmış 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli “Turizm haqqında” qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 fevral tarixli fərmanı ilə təsdiqlənib:
“Fərmana əsasən, Dövlət Turizm Agentliyinə üç ay müddətində turoperator, turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla təsdiq etmək, həmçinin mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını təsdiq etmək tapşırılıb.
Eyni zamanda fərmana əsasən, Nazirlər Kabineti tərəfindən üç ay müddətində turizm, rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsi hazırlanmalı, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası, yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası təsdiq edilməlidir. 5 fəsil, 22 maddədən ibarət olan qanun layihəsi Milli Məclisin 2021-ci ilin dekabrın 27-də keçirilən plenar iclasında üçüncü oxunuşda təsdiqlənib.
Qanun Azərbaycanda turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını, turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. Turoperator, turagentlərin mülki məsuliyyətinin sığortası qanunda öz əksini tapıb. Qanunda turizmdə xidmət keyfiyyətinin yüksəldilməsi, turoperator, turagentlərin turizm zərfinin yaxud turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməsi, eləcə də müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlaması, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mehmanxanaların (hotellərin) ulduz kateqoriyası əldə etməsi, turizm bələdçilərinin sertifikatlaşdırılması, turizm sənayesi subyektlərinin etik davranış kodeksləri və digər məqamlar haqqında hüquqi çərçivə öz əksini tapıb.
Turizm sahəsində dövlətin apardığı siyasətin əsas istiqamətləri, dövlətin həmin sahədə vəzifələri müəyyənləşdirilən qanunda turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, reytinq cədvəllərinin formalaşdırılmasını, turizm sahəsində elektron xidmətlərin göstərilməsini təmin edəcək Turizm Reyestri haqqında məlumatlar təsbit olunub”.
Zülfiyyə Quliyeva