Tətillərdə, həftə sonlarında xüsusən, respublikamızın rayonlarına səfər edən insanların qarşısında ilk növbədə “hansı oteldə gecələməli?” sualı durur. Hərçənd hər bir rayonda beşulduzlu otellər, komfortlu istirahət mərkəzləri olsa da, hamının cibinə uyğun olmadığından, insanlarda müəyyən maliyyə sıxıntıları yaranır. Rayonlarda yaşayan yerli sakinlərin öz yaşayış evlərini ucuz qiymətə təklif etmələri də bəzən insanların bu problemini həll etmir. Bəziləri təhlükəsizlik baxımından şəxsi evlərdə qalmağa üstünlük vermirlərsə, bəziləri təklif edilən şəraitlə razılaşmırlar. Turistlər ulduzundan asılı olmayaraq, otellərdə gecələməyə daha çox üstünlük verirlər. Digər tərəfdən, yaşayış evlərinin hostellər kimi təqdim olunması ilə bağlı Mənzil Məcəlləsinə təklif edilən dəyişiklik də hələ tam reallaşmadığından, turistlərin səfər etdikləri məkanlarda yerləşmə problemi ilə üzləşməsi faktları var. Reallıq isə budur ki, sosial durumu yüksək olmayan insanlar beşulduzlu otellərə yaxın düşə bilmir, bələd olmadığı, tanımadığı evlərdə isə gecələməyi riskli hesab edir. Bunun üçün təbii ki, otellərin sayının və seçiminin çox olması zərurəti yaranır. Digər tərəfdən, mövcud otellərdə də yer tapmaq problemi var. Nəzərə alsaq ki, paytaxtda keçirilən irimiqyaslı idman yarışları ərəfəsində – may və iyin aylarında otellər tam dolu olub, onda paytaxtda və regionlarda otellərin sayının artırılmasına olan ehtiyacı başa düşmək çətin deyil. İki gün öncə ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da turizmlə bağlı səsləndirdiyi fikirlər bu sahədəki problemləri bir daha gündəmə gətirdi. Dövlət başçısı ölkədə turizmin inkişaf etdiyini bildirərək, turistlərin sayının 25 faiz artdığını qeyd edərək, bu göstəricinin ölkəmizin dünyada tanınmasının göstəricisi olduğunu bildirib: “Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq”. Prezident xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac olduğunu bildirərək, sahibkarları bu işə dəstək olmağa çağırıb: “Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”.
2-3 ulduzlu otellərə kəskin ehtiyac var
Ölkə başçısının fikirləri həm xaricdən, həm də regionlardan paytaxta gələn, oteldə gecələmək istəyən və ya regionlara səfər edən turistlərin yerləşmə zamanı rastlaşdıqları problemi olduğu kimi əks etdirir. Seçim imkanının olmaması insanların narazılığına səbəb olmaqla bərabər, turizmin inkişafına da mənfi təsir göstərir. Yəni otellər yalnız 5 ulduzlu olduğu üçün insanlarda seçim imkanını çətinləşdirir. Bu tip otellərin qiymətləri isə hər kəsin cibinə uyğun olmadığından müxtəlif problemlər yaranır. 2-3 ulduzlu otellərə və hostellərə olan tələbat həm də bu tip məsələlərdən qaynaqlanır. Bu baxımdan, təkcə Bakıda deyil, turizmin inkişaf etdiyi bütün regionlarda bu tip obyektlərin tikintisinə kəskin ehtiyac yaranıb. Yəni turizmin nəbzinin tutulması və qiymət baxımından aşağı ulduzlu otellərin tikilməsi bu sahənin inkişafı üçün vacib amilə çevrilib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də yaxın gələcəkdə ölkəmizdə 2 və 3 ulduzlu otellərin yaradılmasının nəzərdə tutulduğunu deyib. “Tuzim Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2-3 ulduzlu otellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq. Bu amil ölkədə daxili turizmin inkişafını da sürətləndirəcək”.
Lazımı infrastruktur olmalıdır ki…
Ekspertlərin 2-3 ulduzlu otellərin tikintisinə yaranan ehtiyacla bağlı qeydləri də insanların tələbatları ilə üst-üstə düşür. Belə ki, ölkəmizə turist axını başlayandan – ərəb, iranlı, rus və s. ölkələrin vətəbdaşalrı Azərbaycanı tanıyandan sonra bu ehtiyac get-gedə dərinləşir. Paytaxtımıza gələn insanların tələbatını ödəyəcək qədər 5 ulduzlu otellər olsa da, ümumilikdə turistlərin büdcəsinə uyğun 2 və 3 ulduzlu otellərin tikintisi məsələsi problem olaraq qalır.
İqtisadçı ekspert Vüqar Bayramov ümumən ölkədə otellərin azlığının qiymətlərin baha olmasına səbəb olduğunu deyir: “Bu məsələnin dəfələrlə qabardılmasına baxmayaraq, turizm şirkətləri qiymətlərin aşağı salınmasına təşəbbüs etmirlər. Bəzi regionlarda rəqabət zəifdir, otellərin sayı azdır. Bu da sahibkarların qiymətləri yüksəltməsi üçün fürsətə çevrilir” Ekspert deyir ki, bütünlükdə Azərbaycanda gündəlik 18 min turisti qəbul etməyə şərait var. Bu isə böyük rəqəm deyil: “Deməli, otellərin, turizm obyektlərinin sayı kifayət qədər deyil. Bu səbəbdən də, rayonlarda 3 ulduzlu otellərdə qiymətlər yüksək olaraq qalmaqdadır. Belə otellərdə gündəlik qiymət 150-200 manat arasında dəyişir. Bu da orta aylıq əmək haqqının yarısı qədərdir. Demək qiymətlərlə orta əmək haqqı arasında fərq kifayət qədər böyükdür. Qiymətlərin tənzimlənməsinə ehtiyac var”. V.Bayramov hesab edir ki, regionlarda otellərin sayı artsa, bu, həmçinin daxili turizmin inkişafına səbəb olar: “İnsanlar tətillərdə, yay və ya qış aylarında, o cümlədən həftə sonlarında regionlara istirahətə getmək istəyirlər. Bunun üçün ölkədə daxili turizmi inkişaf etdirmək vacibdir. Belə ki, Avropa ölkələrində turizm gəlirlərinin 80 faizi daxili turizmin payına düşür: “Bu sahənin inkişafı daxil olan vəsaitin ölkədə qalmasına səbəb olur. Qiymətlər mövcud məvacibə uyğunlaşdırılmalıdır. Vətəndaşların Gürcüstan və digər qonşu ölkələrdə yox, regionlarda dincəlməyə üstünlük vermələrinə şərait yaratmaq lazımdır. Bununla da, vəsait ölkədə qalar və regionların turizm sahəsi inkişaf edər. Amma bunun üçün lazımı infrastruktur olmalıdır ki, onlardan başlıcası da otellərdir”.
Həm turizm axını, həm də iqtisadi gəlir
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkədə otellərin sayının artırılması ilə bağlı prezidentin çağırışını müsbət qiymətləndirir: «Bu, çox vacib məsələdir. Ekspertlər, mütəxəssislər dəfələrlə bu məsələyə toxunublar. Artıq ölkədə turizm get-gedə inkişaf edir. Yerlərdə, regionlarda turizm infrastrukturu düzəlib. Ərəb, rus, iranlı turistlər tez-tez regionlarımıza səfər edirlər. Turizm şirkətləri yeni marşrutlar tərtib edirlər. Şəki, Qəbələ, Şamaxı, Quba-Qusar-Xaçmaz, Masallı-Lerik-Lənkəran zonaları üzrə turlar təşkil olunur. Təbii ki, bu regionların hər birində yeni otellərin inşasına zərurət yaranır. Yeni otellər tikilərsə, həm qiymətdə ucuzlaşma yaranar, rəqabət olar, həm də otellər arasında xidmət səviyyəsi yüksələr. Hansı otel daha yaxşı xidmət təqdim edərsə, orada turistlərin axını çoxalar. Bu da həm qiymət siyasətinə, həm də xidmət səviyyəsinə öz təsirini göstərəcək. Demək olar ki, artıq bizim regionlar turizm məkanlarıdır”. Ekspert hesab edir ki, əslində otellər vaxtında inşa olunmalı idi: “Eyni zamanda, həmin otellər müxtəlif ulduzlar almalıdırlar. Yəni tikiləcək otellər təkcə beşulduzlu olmamalıdır. Eyni zamanda, digər tipli otellərin tikintisinə ehtiyac var”.
M.Ağakərimov hesab edir ki, Azərbaycanın sahibkarları bu sahəyə investisiya qoysalar, yaxşı nəticələr əldə etmək olar: “Otellərin tez tikilib istifadəyə verilməsi həm ölkəyə turizm axınının güclənməsinə səbəb olar, həm də ölkə iqtisadiyyatına gəlir gətirər».
Ümumilikdə, ekspertlər hesab edirlər ki, otel nə qədər ucuz və çox olsa, turist bir o qədər ölkədə çox qalar. Yəni otelin ucuz olması turistlərin ölkəmizdə daha çox qalmaları və daha çox pul xərcləmələrinə şərait yaradar. Bunun üçün isə şübhəsiz ki, bütün tip, ən əsası 2-3 ulduzlu otellər şəbəkəsi genişləndirilməlidir. İnvestorların bu istiqamətə yönələn investisiyaları isə ölkə başçısının dediyi kimi, gələcəkdə böyük gəlir deməkdir. Həmçinin turizmin inkişafı ölkənin regionlarının da inkişafına səbəb olar, yüzlərlə iş yerlərinin açılmasına və son nəticədə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verər. Artıq Sahibkarlığa Kömək Milli Fondunun xüsusilə regionlarda aşağı ulduzlu otellərin tikilməsinə investisiya ayırması ilə bağlı təşviq qanunu çıxsa da, hələ ki, ilkin addım görünmür. Ümid edək ki, ölkə başçısının investorlara çağırışı məsələnin kökündən dəyişməsinə səbəb olacaq. Yəni bazara xarici yox, öz investorlarımız maraq göstərəcək.