novruz bayrami

Türk xalqlarında fərqli və oxşar Novruz adətləri

Baxış sayı: 493

Novruz Azərbaycandan başqa digər türk xalqlarında da ana bayram hesab olunur. Bu baxımdan Novruz bayramı türk xalqlarının demək olar ki, hamısında oxşar və fərqli adətlərlə qeyd olunur.

Beləliklə, onlardan bir neçəsini təqdim edirik:

Qırğızıstanda bayram süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir, yəni beş barmaqla. Bu ölkədə Azərbaycandan fərqli olaraq Novruz bayramında tonqal qalanmır. Amma evin, həyətin odla pak edilməsi adəti var, necə ki, Azərbaycanda üzərlik yandırılır. Qırğızlar deyirlər ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.

Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.

Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir.

Qazaxıstanda Novruz “Naurız” adlandırılır. Naurız yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Qazaxıstanda da Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.
Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxlar da tonqal üzərindən atlanırlar.

Özbəkistanda da Novruz bayramı adətən təmtəraqlı keçirilir. Ölkənin böyük şəhərləri olan Səmərqənd, Buxara, Əndicanda Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir.

Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. Adətən s hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik.

Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar.

Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində – Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda, Azərbaycanda olduğu kimi, qapı pusma, “baca-baca” adətləri indiyə qədər də yaşamaqdadır.

Altayda da Novruz bayramı martın 21-də keçirilir. Lakin altaylar Novruzu fərqli adətlərlə keçirilir. Belə ki, “Cılgayak” bayramı adı ilə qeyd edilən bu bayram
baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün düzənlənir. Altay türklərinin Novruz – “Cılgayak” bayramları həm keçirilmə ənənəsi, həm də süfrəyə gətirilən nemətlərin çeşidi baxımından digər türk xalqlarından seçilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir.

Yakutiyada Saxa türkləri Isıah Bayramını yazın gəlişi və ilin bərəkətli olması üçün “Tanrıya şükranlıq bayramı” kimi keçirir.

Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam anlamı daşıyır. Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça əski-lent bağlayır.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir