Nofel Aslanov

Türkiyədə münsifləri heyran edən azərbaycanlı

Baxış sayı: 1. 772
Təəssüf ki, bu gün gənc ifaçılarımız özlərini realizə etmək üçün daha çox xarici musiqi arenalarına üz tuturlar. Bizə isə onları əcnəbi kanallardan izləyərək “Afərin” demək düşür. Belə arenalardan biri də TV-8 kanalında yayımlanan, Türkiyədə populyar olan “O sss Türkiyə” yarışmasıdır. Bu yarışmaya nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində izlənilir və reytinqlərdə hər zaman ön sırada yer alır.
Sevindirici məqam odur ki, bizim istedadlı gənclərimiz həmin yarışmada münsif kürsüsündə əyləşənləri heyran edirlər. Bir neçə gün əvvəl azərbaycanlı ifaçı Nofəl Aslanov da bu müsabiqəyə qatılaraq, özünü təsdiq etdi. İtalyan dilində ifa etdiyi “Caruso” mahnısı ilə nəinki zalda əyləşən tamaşaçıları, hətta ekran qarşısında onu izləyən bütün izləyiciləri valeh etdi.  Münsiflər heyəti ilk dəfə idi ki, opera ifaçısını klassik geyimdə gördüklərini və bunun iştirakçımıza gözəl yaraşdığını qeyd etdilər. Böyük müzakirələrə səbəb olan azərbaycanlı ifaçını taparaq, ondan təəssüratlarını soruşduq. Nofəl Aslanov bizimlə söhbətində öz yaradıcılığına da işıq salaraq, təhsilindən, musiqi karyerasından danışdı. Məlum oldu ki, musiqi ilə bərabər basketbolla da məşğul olub. Bu sahədə kifayət qədər də uğur qazanıb.
– Öncə sizi, gözəl çıxışınıza görə təbrik edir, növbəti mərhələlərdən də uğurla keçməyinizi arzulayırıq. 
– Təşəkkür edirəm.
– İstərdik ki, sizi daha yaxından tanıyaq.
– 1990-cı il, fevralın 4-də Bakıda anadan olmuşam. 164 saylı orta məktəbdə təhsil almışam. Təhsil aldığım məktəbdə basketbol bölməsi fəaliyyət göstərirdi və mən həmin bölməyə yazıldım. Elə məktəb illərindən basketbolla məşğul olmağa başladım. Həmin vaxtdan etibarən  basketbola böyük marağım oyandı və bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa başladım. Basketbolla uşaqlıqdan, daha dəqiq desəm, 5 yaşından, “Renat” idman klubunda  məşğul olmağa başlamışam. İlk məşqçim Tahir Urazayev olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Basketbol” fakültəsinin məzunuyam. “Azəri”, “U-17”, “Qərb Universiteti” və “AzTop” komandalarının və gənclərdən ibarət Azərbaycan milli komandasının şərəfini qorumuşam. Bu sahədə müxtəlif  nailiyyətlərim oldu. Xarici ölkələrdə Azərbaycanı təmsil etməyə başladıq. 2015/16 mövsümunda “AzTop” komandasının heyətində Azərbaycan çempionu adını qazanmışam. Gənclər yığmamızın tərkibində isə “C” divizionunda Avropa çempionu olmuşam. Bacardığımız qədər bu idman növü üzrə ölkəmizi vətəndən kənarda təmsil edirdik.
– Bəs, musiqiyə olan həvəsiniz necə yarandı? 
– İdmanla bərabər daxilimdə elə uşaqlıqdan  musiqiyə böyük həvəs var idi. Tədbirlərdə, ad günlərində çalışırdım ki, səhnəyə çıxıb, mahnı ifa edim. Daha sonra Üzeyir Hacıbəyli adına Milli Konservatoriyada dahi sənətkarımız, SSRİ xalq artisti Xuraman Qasımovanın sinfində oxumuşam. Hətta bir dəfə mən onun qarşısında imtahanda çıxış etmişəm. Məni yüksək balla qiymətləndirmişdi. Müəlliməm isə Jalə Qarayeva olub. Onlar iki il mənə vokal dərsi keçiblər.
– Ailənizdə sizin sənətinizə olan münasibəti necədir? Ümumiyyətlə ,ailənizdə incəsənətlə məşğul olan varmı?
– Ailəmizdə məndən başqa incəsənətlə məşğul olan yoxdur. Buna baxmayaraq, onlar mənim seçimimə qarşı çıxmırlar. Əksinə, əllərindən gələni əsirgəmirlər, məni hər zaman dəstəkləyiblər. Valideynlərim hər zaman mənə “Ancaq irəli, davam etməlisən, Azərbaycanın adını daima yüksəklərə qaldırmalısan” deyərək, ruh yüksəkliyi verirlər. Mən də buna nail olmağa çalışıram. Bunun üçün əlimdən gələni edirəm.
– Necə oldu ki, təhsilinizi İtaliyada davam etdirməyə qərar verdiniz?
– Oxuduğum janr klassik vokal, yəni estrada vokalıdır. Janr daha çox İtaliyaya yaxın olduğu üçün oranı seçdim. “Saint Louis” musiqi kollecində “Estrada vokalı” ixtisasından təhsil alıram.  Sevinirəm ki, məhz İtaliyada təhsil alıram. İnanıram ki, gələcəkdə bundan da yaxşı nailiyyətlərə imza atacağam. Bunun üçün də öz üzərimdə çox çalışıram.
– İtaliyadakı təhsillə bizim təhsil arasında hansı fərqlər var?  
– Əslində o qədər də böyük fərq yoxdur.  Musiqinin dili olmur. Musiqi geniş məvhumdur. Hər ölkənin də bir təhsil sistemi var.  Hazırda təhsil aldığım kollecdə dünyanın müxtəlif ölkələrindən olan ifaçılar oxuyur. Azərbaycanda isə yerli şagirdlərimiz daha çox üstünük təşkil edirdi. Bunu mən müsbət hal kimi dəyərləndirirəm.
– Musiqi sərhəd tanımır deyirlər. Orda Azərbaycan musiqisindən xəbəri olan varmı?
– Əlbəttə! Azərbaycan musiqisi elədir ki, istər-istəməz o, hər bir yerdə tanınır. İtaliyada  otaq yoldaşım italyandır. Mən ona xalq mahnımız “Sarı gəlin”i öyrətmişəm. Biz onunla “Sarı gəlin”  mahnısını səsləndirmişik. Bu videonu da sosial şəbəkələrdə yayımlamışıq. Bacardığım qədər Azərbaycanın adını İtaliyada qaldırmağa çalışıram və bu yöndə hər yola əl atıram. Çünki mən üç aya yaxındır ki, İtaliyada, evimdən uzaqdayam. Bura gəlməyimin bir məqsədi var, o da Azərbaycan musiqisini tanıtmaq və beynəlxalq arenalarda milli musiqimizi səsləndirməkdir.
– İtalyan mahnılarının çox qəliz olduğunu qeyd edirsiniz. Bəs belə olan halda həmin mahnıları səsləndirmək, xüsusilə də o dildə təhsil almaq çətin deyilmi?
– Təbii ki, çox çətindir. İtalyan dilinin çətinlikləri var. Çətin olduğu qədər də bu dil çox gözəldir. İtalyan dili musiqi dilidir. Bu dil məni valeh edir. Hətta danışanda belə hiss olunur ki, musiqi danışır. Yəni italyan dili adamın ürəyinə yatır. Burada təhsil almaq çox çətindir. Hazırda italyan müəllimlərindən dərs alıram. İtalyan dilini təkmilləşdirmək üçün kurslara gedirəm. Bacardığım qədər italyan dilində danışıram ki, dilim öyrəşsin. İnanıram ki, gələcək aylarda italyan dilində sərbəst şəkildə danışa biləcək və musiqi biliklərimi daha da artıracağam.
– Gələk sizi bir neçə dəqiqədə tanıdan “O səs Türkiyə” mahnı müsabiqəsinə. Necə oldu ki, bu müsabiqədə iştirak etmək qərarına gəldiniz?
– Bir dəfə “Facebook”da gördüm ki, “O səs Türkiyə” yarışması gedir. Mən də özümü sınamaq üçün həmin müsabiqə üçün qeydiyyatdan keçdim. Əslində gözləmirdim ki, həmin müsabiqədən zəng edərlər. Düşündüm ki, gecikdiyimə görə yəqin ki, zəng etməyəcəklər. Axşam saat 9-un yarısında mənə zəng gəldi. Həmin vaxt məşqdə idim. Bildirdilər ki,  6-cı gün – yəni sabah sizə yaxın olan Almaniyanın Münhen şəhərində məşq olacaq. Sizi orada gözləyirik. Mən də təyyarəyə bileti aldım, dedikləri ünvana gedib, mahnı ifa etdim və geri qayıtdım. Açığını desəm, orada olanda yol yorğunluğu var idi üzərimdə. Saat 12-də gəlib otelə çatmışdım. Elə foyedə bir balaca mürgüləmişdim ki, dedilər “O səs Türkiyə” artıq başlayıb. Gözüm yuxulu çıxdım oxudum. Üstündən haradasa iki həftə keçdikdən sonra zəng eləyib bildirdilər ki, siz sözügedən müsabiqəyə dəvətlisiniz. Biletləriniz alınacaq və filan tarixdə İstanbulda olmalısınız.
– Bəs nə üçün o müsabiqədə Azərbaycan deyil, İtalyan mahnısı ifa etdiniz?
– Həmin müsabiqədə  iştirakçıların səsləri ilə Tarık hoca məşğul olurdu. Onlara təqdim etdiyim 6 mahnıdan 3-ü Azərbaycan mahnısı idi. Nəticədə onlar “Caruso” mahnısını məsləhət gördülər.
– Deyəsən, hələ də təbrikləri qəbul etməkdə davam edirsiniz. 
– Elədir. İndiyə qədər də həmyerlilərim tərəfindən təbrik mesajları alıram.  Çox sevinirəm. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Hamıya ayrı-ayrılıqda dərin təşəkkürümü bildirirəm. Hətta sosial şəbəkələr vasitəsilə hər bir şərhi oxuyuram və çalışdığım qədər cavablandırıram. Təbii ki, çıxışımı narazı qarşılayanlar da olub. Allah onların da canını sağ eləsin. Çünki onlar da mənim həmyerlilərimdir. İnşallah gələcəkdə daha yaxşı çıxışlar olacaq və daha da yaxşı münasibətlər və təbriklər alacağam. Çalışacağam mümkün olanı da, olmayanı da edim ki, yəviyyəyə çata bilim.
– Sizcə, bu müsabiqə tanınmağınızda kömək edə bildimi?
– Əlbəttə, çox kömək oldu. Bununla bağlı çox danışmaq istəmirəm. Bu, musiqi karyeramda olan ən böyük dəyişikliklərdən biridir.
– Belə müsabiqələrin gənc ifaçıların tanınmasında nə qədər rol oynayır? 
– Bu tip müsabiqələr gənc ifaçılara böyük stimul verir. Hər bir musiqiçi, vokalçı istəyir ki, siması, səsi  tanınsın.  Çünki bu, onların işidir və bunun öhdəsindən də bacarıqla gəlirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir