Bu gün sonuncu, yəni dördüncü çərşənbədir. Bu çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Bu çərşənbəyə İlaxır çərşənbə də deyirlər. Bu bayramda bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır.
Xalqımız axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hökmən öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Ölkəmizdə bu bayrama xüsusi hazırlıqlar görülür. Hər kəs bayram sovqatlarını hazırlayıb, gecənin düşməsini gözləyir. Bəs görəsən ölkə xaricində yaşayan vətəndaşlarımız bu bayramı necə qeyd edirlər? Onlar bizim milli adət-ənənələrimizi yaşadıqları xarici ölkədə hansı şəkildə davam etdirirlər? Suallarımıza cavab tapmaq üçün vətəndən kənarda yaşayan soydaşlarımızla söhbət etdik, aydın oldu ki, vətəndən kənarda yaşasalar da, onlar da bu bayrama xüsusi hazırlaşırlar.
Novruz türk millətinin bayramıdır
Uzun müddətdir ki, Türkiyədə fəaliyyət göstərən xalq artistimiz Azərin xanım bizimlə söhbətində bildirdi ki, artıq 10 ildir Türkiyədə Novruz bayramı çox yüksək səviyyədə keçirilir: “Novruz bütün türk dünyasının adət-ənənələrini özündə əks etdirir. Türkiyədə yaşayan qardaşlarımız da bu bayramı eynən bizdəki kimi qeyd edirlər. Bilirsiniz ki, Novruz bayramı türk dünyasında ən gec Türkiyədə qeyd olunmağa başladı. Artıq 10 ildir ki, bu bayram Türkiyədə qeyd olunur. Qardaş ölkənin vətəndaşları çalışırlar ki, bu bayramdakı adətləri digər türk cümhuriyyətlərindən öyrənib götürsünlər. Burada yaşayan Azərbaycan türkləri də bizim adət-ənənələrimizə, Novruzun adət-ənənələrinə sadiq qalırlar. Belə ki, hər kəsin evində şəkərbura, paxlava bişirilir, səməni yetişdirilir. Bizim Novruza aid nə adətlərimiz varsa, demək olar ki, onların hamısına burda da riayət olunur. Novruz türk millətinin, türkdilli xalqların bayramıdır. Bütün türk dünyası bu bayramı yüksək səviyyədə keçirir”.
Türkiyədə ölkəmizi layiqincə təmsil edən Azərin xanım söhbət zamanı onu da qeyd etdi ki, hazırda TRT Avaz kanalında “Azerinlə tek yürek” verilişində maraqlı müsahibləri olur: “Sözügedən proqramım hər dördüncü gün canlı olaraq yayımlanır. Bayramda da öz verilişimdə adət-ənənələrimizi televiziyadan yansıtmağa çalışacam. İnşaallah, ayın 21-də TRT Avaz televiziyası İctimai Televiziya, Azərbaycan Dövlət Televiziyası ilə birlikdə öz 8 yaşını qeyd edəcək. Bilirsiniz ki, TRT Avaz məhz Novruz bayramı ərəfəsində yaranıb. Biz 8 yaşımızı Heydər Əliyev Mərkəzində qeyd edəcəyik. Novruz bayramı ilə üst-üstə gəldiyinə görə TRT Avazın açılış məqsədi türk dünyasına yayılmaqdır. Bu kanalın missiyası Novruzu, bizim türk xalqları ilə birlikdə olan bayramlarımızı, adətlərimizi özündə əks etdirmək idi. Bu il TRT Avaz məhz Azərbaycandan, Heydər Əliyev Mərkəzindəki qala konsertlə dünyaya yayımlanacaq”.
Bu bayramı öz adət-ənənələrimizə görə qeyd edəcəyik
Norveçdə yaşayan və orta məktəbdə musiqi pedaqoqu olaraq çalışan həmyerlimiz Aygün Səfərli Acar Oslo şəhərində türk xanımlardan ibarət xora bədii rəhbərlik edir. O, xor qrupu ilə mütəmadi olaraq konsert proqramları təşkil edir. “Alaturka” türk qadın xoru Oslo musiqi mədəniyyətində az da olsa tanınır. Aygün Səfərli Acar deyir ki, Norveçdə qızlarla yığışıb bayram şirniyyatı bişirirlər: “Bu çərşənbə axır çərşənbədir. Biz burada dostlarımızla yığışıb Azərbaycandakı kimi plov dəmləyib, süfrələrimizə Novruz şirniyyatları düzürük. Mən bu axşam axır çərşənbəyə öz xorumdakı bütün xanımları dəvət etmişəm. Biz bu bayramı öz adət-ənənələrimizə görə qeyd edəcəyik. Təəssüf ki, burada həyətdə tonqal qalamaq üçün bizə icazə vermirlər. Ancaq bununla da çarələr tükənmir. Belə ki, biz evin qabağında kiçik bir vedrənin içində balaca bir ocaq yandırıb, üzərindən atlanacağıq. Bayram axşamı evdəki insanların sayına görə şam yandıracam. Hər bayram yumurta boyayıb qızımla döyüşdürürəm. Bu axşam da Azərbaycan bayatılarını bir kağıza yazıb, arzu tutaraq çəkdiyimiz bayatıya görə yozumlar edəcəyik”.
Norveçdə səməni saxlamağın çətin olduğunu deyən həmyerlimiz onun da çarəsini tapıb: “Səməniyə gəlincə, burada səməni saxlamaq çox çətindir. Əgər yaxın zamanda Bakıya gedən və buğda gətirən olmayıbsa, burda işlənməmiş buğda tapmaq çətindir. Bu il bizə səməni yetişdirmək qismət olmadı. Amma norveçlilərin pasxa bayramında cücərtdikləri bir ot var, onu bütün mağazalardan tapmaq mümkündür. Bayram axşamı tək qalmamağa xüsusi önəm veririk. Biz buradakı ailəmiz və azərbaycanlı dostlarımızla qeyd edirik”.
Eyni Azərbaycandakı kimi…
Uşaqlıdan bəri Ukraynada yaşayan, Qafqaz Milli Mədəniyyət Mərkəzinin Ukrayna üzrə rəhbəri Nicat Mirzəyev isə deyir ki, Azərbaycanın Ukraynadakı diasporu milli bayramımız olan Novruza çox fəal yanaşır. Hər il bayramla bağlı müxtəlif tədbirlər keçirilir: “Onlar hər il Ukraynanın bir sıra şəhərlərində bayram münasibəti ilə əyləncəli və maraqlı tədbirlər keçirirlər. Martın 21-də Kiyev şəhər meriyasında Novruz bayramı ilə əlaqədar tədbir keçiriləcək və bizim Qafqaz Milli Rəqs Ansamblımız orada milli folklorumuzu yüksək səviyyədə təqdim edəcək. Biz Novruz bayramını Azərbaycanda necə qeyd edirdiksə, burada da elə keçirəcəyik. Bu bayrama hər il xüsusi hazırlaşırıq. Belə ki, hər Novruz bayramında şəkərbura, paxlava, qoğal və digər bayram şirniyyatları bişirir, xonça hazırlayırıq. Hətta biz burda tonqal da qalayırıq. Bəzi restoranlarımız ocağı öz həyətində qalayır və insanları həmin tonqal ətrafında dövrə vurmağa cəlb edirlər. Bu bayramda hətta papaq da atırıq. Sevindirici haldır ki, ukraynalılar bizim milli Novruz bayramımız haqqında kifayət qədər məlumatlıdırlar. Biz Novruz azuqələrindən burdakı qonşulara da bayram hədiyyəsi veririk”.
Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan, eyni zamanda Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədr müavini Nərgiz Əliyeva bizimlə söhbətində bildirdi ki, Novruz bayramı Gürcüstanda, xüsusilə Azərbaycanlıların sıx yaşadığı bölgədə böyük təntənə ilə qeyd olunur: “Hər bir azərbaycanlı ailəsində bu bayramın atributlarına, adət ənənələrinə riayət olunur. Hər çərşənbə küçələrdə tonqallar qalanır, gənc qızlar fala baxır, qədim inanclara riayət olunur. 20 -22 martadək bayram süfrələri açılır. Gürcüstanda Novruz bayramı ölkənin rəsmi bayramlar sırasındadır. Yerli özünüidarəetmə orqanları tərəfindən bayram şənlikləri təşkil olunur, kütləvi bayramda adət-ənənələrimizə uyğun bütün atributlarımız, milli musiqi, rəqslər, sərgilər nümayiş olunur. Novruz bayramına həsr olunmuş konsertdə ölkənin prezidenti və baş naziri iştirak edərək azərbaycanlıları təbrik edir. Həmin gün şəhərdə çoxsaylı turistlər, diplomatlar, siyasətçilər, jurnalistlər gəlir və bu bayramın əsas adət ənələrilə tanış olurlar”.
Müsahibimiz deyir ki, 22 mart tarixində Marneulinin Candar kəndində Novruz bayramının sonuncu günü hər il təntənəli şəkildə qeyd olunur: “Gürcüstanın müxtəlif bölgələrindən, kəndlərdən əhali gələrək müqəddəs hesab olunan Çinar ağacının ətrafına toplaşar və bayram qeyd edərlər. Niyyət edənlər şam yandırar, nəzir verər, qurban kəsərlər. Səhər saatlarından başlayan şənlik günorta saatlarına qədər əhalinin rəqsi ilə davam edir. Artıq illərdir ki, Çinar ağacının ətrafı yüzlərlə insanı bir yerə toplayır. Uzun zamandır görüşməyən qohum-əqrəba da çox vaxt Çinarda qarşılaşıb görüşürlər. Bu il də istisna deyil. 22 mart tarixi Çinara gələnlər üçün Novruz bayramının sonuncu günüdür. Beləcə Gürcüstanda Novruz təntənəsi sona çatır. Təki həmişə bayram olsun. Fürsətdən istifadə edərək bütün türk dünyasını bu bayram münasibətilə təbrik edirik”.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva yaşadığı ölkədə də Novruza xüsusi hazırlaşdıqlarını qeyd etdi: “Biz hər il Novruz bayramını mütləq şəkildə keçiririk. “Ana Vətən” Azərbaycanlı Qadınlar birliyi olaraq hər il Hollandlıları bu bayramla tanış edir, adət-ənənələrimizdən danışırıq. Burada yaşayan hər bir Azərbaycanlı Novruz bayramını təmtəraqlı şəkildə qeyd edir. Belə ki, Novruz bayramının atributlarından olan tonqal qalayır, bayram azuqələrini hazırlayırıq. Milli adət-ənənlərimizi burada yaşayan yerli vətəndaşlara danışırıq. Uşaqlarımıza Novruz ənənələrini də aşılamağa çalışırıq. İstəyirik ki, burada yaşayan uşaqlarımız da Novruz bayramı haqqında məlumatlı olsunlar. Onlar da gələcəkdə milli bayramımızı keçirsinlər. Bizim təşkilatın tərkibində həm də həftə sonu “Azərbaycan məktəbi” layihəmiz də var ki, orada biz uşaqlara Azərbaycanımızın adətləri, bayramları haqqında hər şeyi öyrədirik”.
Bayramınız mübarək, əziz azərbaycanlılar!