Zekeriya Tosun

Türkiyəli estetik cərrah: “Əri onu atdığı üçün estetik əməliyyata girənlər var” – FOTOLAR

Baxış sayı: 1. 289

İndi qadınların estetik cərrahiyyəyə sitayiş etdiyi dövrdür. Seçimlər çoxaldıqca, həkimlər peşəkarlaşdıqca qadınlar da daha gözəl, daha gənc, daha fit olmaq üçün əməliyyat masasına yatır. Amma çox vaxt riskləri və bu işin sirlərini bilmədən. Üstəlik, son illər bir-birinə bənzəyən qadınların da sayı artıb, hissiz-həyəcansız üz ifadəli insanların da. Botokslu və ifadəsiz. Sevinirmi, üzülürmü, bəlli deyil…

Hazırda Azərbaycanda səfərdə olan Səlcuq Universiteti Tibb Fakültəsi Plastik Cərrahiyyə bölümünün həkimi, professor, doktor Zəkəriya Tosunla estetik cərrahiyyənin sirləri barədə geniş söhbət etmişik. Söhbətdə bizi narahat edən o məqamları da soruşmuşuq. Çıxış yolu varmı, həll yolları nələrdir? Müsahibəni sizə təqdim edirik.

 

-Zəkəriya bəy, Azərbaycana xoş gəlmisiz. Qonaqdan “niyə gəldin” soruşmazlar, amma sizin gəliş səbəbiniz nədir?

-Öncəliklə xoş gördük. Bakıya dodaq-damaq yarıqları toplantısı üçün gəldik. Bu, doğuşdan olan xəstəlikdir. Buna el arasında dovşan dodaqlılıq, canavar ağızlılıq da deyirlər. Biz Türkiyədə dodaq-damaq yarıqları cəmiyyəti qurmuşuq 6 ildir. Bu, bizim 5-ci konqresimizdir. Bundan öncəkilər də beynəlxalq toplantılar idi. Bu dəfə dəyərli azərbaycanlı estetik mütəxəssisi Vaqif Qələndərov ev sahibliyi etdi. Türkiyədən, Rusiyadan, digər ölkələrdən gələn mütəxəssislər var. Hər kəs öz təcrübəsini bölüşür. Bizim toplantılarda təkcə estetik cərrahlar yoxdur. Eyni zamanda stomotoloqlar da var. Bildiyiniz kimi, adını çəkdiyim bu xəstəliklərin müalicəsində stomotoloqların da müdaxiləsi vacibdir. Bu dərnəyi təşkil edən üçüncü qüvvə də dil və danışıq pozuqluqları üzrə mütəxəssislərdir.

Çünki bu uşaqların əməliyyatını həyata keçirəndən sonra onların düzgün danışmasını təmin edən danışıq terapistlərinin də müdaxiləsi şərtdir. Üç sahə üzrə mütəxəssislər – dodaq-damaq yarıqları plastik cərrahları, stomotoloqlar və danışıq terapistləri – birləşib bu konqresi qurmuşuq. Bu, dünyanın hər yerində belədir. Bu cür problemlərlə dünyaya gələn uşaqlara yardım etmək üçün hər üç sahə mütəxəssisinin ortaq çalışması vacibdir. Azərbaycanda da dünyanın hər  yerində olduğu kimi, bu cür problemlərlə dünyaya gələn uşaqların olduğunu bilirik. Burdakı plastik cərrah dostlarımız çox gözəl əməliyyatlar edirlər. Konfrans nəticəsində biz bu sahədəki təcrübələrimizi paylaşdıq.

-Azərbaycan plastik cərrahiyyəsi bu problemin aradan qaldırılması sahəsində nə dərəcədə uğura sahibdir? Müşahidələriniz nə deyir bu haqda?

-Azərbaycan plastik cərrahiyyəsi bu sahədə çox uğur qazanıb. Çünki azərbaycanlı plastik cərrahlar da təcrübə qazanmaq, ən son tibbi yenilikləri öyrənmək üçün Türkiyəyə, dünyanın bir çox ölkələrinə gedirlər. Türkiyə plastik cərrahiyyəsi də dünyaya çox açıqdır, onlar da yaxşı yetişirlər. Bu dəfə gəldyimiz zaman təhsil alan rezidentlər, asistanlar Türkiyəyə təcrübə üçün gəlmək istədiklərini deyirlər. Öyrənmək, daha çox təcrübə əldə etmək üçün çalışırlar ki, bu da çox yaxşı haldır.

-Bu xəstəliklə dünyaya gələn uşaqların sayı faiz etibarilə Türkiyədə daha çoxdur, ya Azəbaycanda? Bu barədə məlumatınız var?

-Hazırda Türkiyədə  150 min nəfər dodaq-damaq yarıqlı xəstə var. Dodaq yarığı 750 doğumda bir görülür. Damaq yarığı isə 1000-1500 doğumda bir görülür. Əslində böyük bir rəqəm, az rəqəm deyil. 80 milyonluq ölkədə 150 min nəfər xəstə varsa, 9 milyonluq Azərbaycanda da 20-25 min nəfər dodaq-damaq yarıqlı xəstə var. Bu da kiçik göstərici sayılmaz.

-Dodaq-damaq yarıqlı xəstəliklər ancaq ana bətnində yaranan problemlərə görə olur? Yoxsa bizim bilmədiyimiz başqa səbəblər də var?

-Dodaq-damaq yarıqları bir çox faktorlarla bağlıdır. Vitamin əskikliyi, qidalanma problemi, radiasiyaya məruz qalması, bəzi dərmanlar, analığa namizədin hamilə ikən siqaret çəkməsi səbəblər sırasındadır. Amma konkret bir səbəbin üzərində dayana bilmərik. Amma bu problem bir qayda olaraq anadangəlmə qüsurdur. Uşaqlıqdan bu qüsurla doğulurlar. 3-4 yaşından sonra heç bir uşaqda belə bir problem yaranmaz.

“Son illərdə kişilər sinə kiçiltmə əməliyyatına gəlir”

 

-Bəs bu əməliyyatların davam etmə, xəstələrin sağalma müddəti barədə nə demək olar?

-Əməliyyat adətən bir saat-saat yarım davam edir. Amma bu əməliyyatların bir özəlliyi var. Xüsusən də damaq əməliyyatları ilk 18 ay ərzində aparılmalıdır. Əgər bu müddətdən sonra əməliyyat aparılsa, uşaq danışa bilmir. Çünki beyin ordakı əzələləridən istifadəni öyrənə bilmir. Biz tələbələrimizə onu deyirik. Bu uşaqlar dünyaya gələn kimi mütləq həkim  müayinəsindən keçməlidir.

-Siz təkcə dodaq-damaq cərrahiyyəsi  ilə məşğul deyilsiz. Eyni zamanda son illər dünyada xeyli populyarlaşmış estetik cərrahiyyə də fəaliyyət sahələrinizdən biridir. İllər ötdükcə estetik cərrahlara müraciət edənlərin sayı artırmı? Bildiyimiz qədər artıq kişilər də bu sahəyə ən azı qadınlar qədər müraciət edir.

– Kişilərin müraciət etməsində artım olsa da, hələ qadınların sayına çatmayıb. (gülür)  Niyə çox artdı? Çünki sosial media var. İnsanlar hər şeyin fərqinə daha tez varır, bir-birindən xəbər tutur.

-İnsanlar daha çox hansı bədən bölgələrindən narazıdılar?

-Burun. Burundan sonra qadınların daha çox müraciət etdikləri əməliyyat sinə əməliyyatıdır. Kiçiltmə və böyütmə. Sonra liposaksiya,(yağ alınası) göz qapağı stetikləri, üz gəncləşdirilməsi.

-Qadınlar daha çox 40-dan sonra estetik cərrahın qapısını döyür deyə bilirdik. Amma son illər bu yaşda da bir gəncləşmə var. 20-li yaşlardakı gənc qızlar da artıq estetik cərrahiyyə masasına yatırlar. Bunun səbəbi, psixoloji izahatı nədir?

-Haqlısız, artıq plastik əməliyyata gənc qızlar daha çox gəlir. Onlar bir-birinə baxıb həvəslənirlər. Bir də orta yaş qadınlarda ailədaxili münaqişələrin səbəbi sanki gözəllikdəki bir əskiklik kimi göstərilir. Bu da yanlış bir düşüncədir. Çünki huzurlu bir ailənin açarı beyində bitir. Bunu onların özünə də deyirik ki, ailədə probleminiz varsa, estetik əməliyyatla bunu həll edə bilməzsiz. Məsələn, bəzi qadınlar ərlərinin onları kök olduğu üçün tərk etdiyini deyirlər. Bu səbəbdən də liposaksiya əməliyyatına girirlər. Amma biz də öz növbəmizdə deyirik ki, arıqlayandan sonra əriniz sizinlə barışar, ya barışmaz, buna təminat verə bilmərik.

-Son illər hamıda bir “sıfır bədən” olmaq istəyi var, yağlarını aldıranlar çoxalıb. Bunun faydası olduğu qədər zərərləri də varmı?

-Bəli, zərərləri də var. Zəiflik media tərəfindən təbliğ olunur. Amma bu günlərdə insanların yağlarını alıb, üzlərinə enjektə edirik. Bu da insanların yağlarının özləri üçün faydalı olduğu fikrini möhkəmləndirdi. Xəstələr deyirlər ki, dərd etdiyim yağımın sonradan mənə şəfa olacağını təxmin etməzdim. (gülür)

-20 il öncə ilə müqayisədə estetik əməliyyatlar indi daha müasir, daha çatımlı və izsizdir. Bəs bu əməliyyatdan bu gün keçib, səhəri gün normal həyata qayıtmaq mümkündür?

– Bu, təbii ki, əməliyyatın növündən asılıdır. Əməliyyatın böyüklüyündən-kiçikliyindən asılıdır, dəyişir hər şey. Əgər kiçik əməliyyatdırsa, qısa müddətdə toparlanma gedir. Bəzən eyni seansda birdən çox əməliyyat aparıla bilir. Eyni əməliyyat daxilində həm burun, həm sinə, həm də liposaksiya edilə bilir. Amma bu, yanlış təsəvvürdür ki, bu gün estetik əməliyyat olursunuzsa, sabah normal həyata, işə-gücə qayıda bilirsiz. Məsələn, burun əməliyyatı 15-20 gün, sinə kiçiltmə-böyütmə əməliyyatı 10 gün müddətində reabilitasiya tələb edir. Ciddi bir deformasiya yoxdursa, biz o əməliyyatı etmirik.

-Necə razı salırsız?

-Biz öz rəyimizi deyirik, əməliyyata ehtiyac olmadığını deyib, imtina edirik. O da israrlıdırsa, başqa həkimə müraciət edir.

 

“Düzəltdiyimiz hər şey bir başqa şeyi sıradan çıxarır. Botoks nəticəsində qırışlar gedir, amma ifadə də gedir. Sizə gülsə də, başqa birisi kimi gülür. Bunun dozasını ayarlamaq lazımdır.  İnsan nə istədiyini bilməlidir. Ona xəbərdarlıq edilməlidir ki, yüksək dozada botoks üz ifadələrini sıradan çıxara bilər”

 

-Liposaksiya dövrümüzün tələbinə çevrilib az qala. Hamı yağlarının aldırılması üçün bir əziyyətin içindədir. Nədir bunun səbəbi?

-Bu, müasir dövrün gətirdiklərindəndir. Hər şey makinalaşıb, insanların yağ faizi artıb. Media arıqlığı insanlara tərifləməyə başladı, təbliğat o cür getdi. İnsanlar daha özlərini ön plana çıxaran həyat yaşamağa, özləri ilə daha çox maraqlanmağa başladılar.

-Qadınların şikayətlərini bildik. Bəs müasir dövr kişiləri daha çox estetik əməliyyatın hansı növünə müraciət edirlər?

-Kişilərdə də daha çox burun əməliyyatı üçün müraciətlər olur. Amma bununla yanaşı, sinə böyüməsi şikayəti də var. Ginekomaks. Xüsusən da yaz aylarında  daha çox müraciət edirlər. Çünki yayda bədənə yapışan köynəklər geyindikləri üçün bu görüntüdən xoşlanmırlar. Bu da hormonların qarışması kimidir. Hormonlu qidalar yemələrinin təsirləri də böyükdür.

-Əksəriyyət estetikçilərə müraciət etdiyi üçün son nəticədə bir-birinə bənzəyən qadınların, kişilərin də sayı artır. Robot kimi, bir makinadan çıxmış kimi bir təsəvvür yaradırlar. Bunun qarşısını necə almaq olar?

-İllər keçdikcə gözəllik anlayışı da dəyişir. Məsələn, 50-ci illərdə kök qadınlar daha çox qəbul edilirdi. İllər keçdikcə arıqlıq dəb oldu. Günümüzdə kişilər üçün “paxlava” əzələlər daha çox populyardır. İndilərdə müraciət edənlər burun əməliyyatlarında estetiyin çox hiss olunmaması üçün xahiş edirlər. Hətta əyriliyi bir az da qalsın, təbii görünsün deyənlər var. Hazırda Türkiyədə bu məsələnin etik, əxlaqi sərhədləri çox sorğulanır. Türk Plastik Cərrahi Dərnəyinin 900 üzvü var, mən də bunlardan biriyəm. Nədir bu etik sərhədlər? Xəstənin məhrəm məlumatlarını, əməliyyat videolarını paylaşmamaq, gerçəkdən uzaq vədlər verməmək. Əks təqdirdə nərdivan altı gözəllik mərkəzlərinin durumuna düşməməkdir.

-Estetik cərrahiyyə bu qədər inkişaf etsə də, hələ də botoks qadınların üz ifadəsini, mimikasını, hiss-həyəcanını itirməyə davam edir. Bunun bir çıxış yolu yoxmu? Gərilmiş dərilər, amma daim təəccüblənən qadınlar, kişilər… Qarşısını ala bilmərik?

-Düzəltdiyimiz hər şey bir başqa şeyi sıradan çıxarır. Qırışlar gedir, amma ifadə də gedir. Sizə gülsə də, başqa birisi kimi gülür. Bunun dozunu ayarlamaq lazımdır.  İnsan nə istədiyini bilməlidir. Ona xəbərdarlıq edilməlidir ki, yüksək dozada botoks üz ifadələrini sıradan çıxara bilər.

-Öz bədənindən, üzündən narazı olub, 5-6 aydan bir dəyişiklik etmək istəyənlərin psixoloji durumunu normal olaraq qiymətləndirmək mümkünmü?

-Belə problemləri olanlar var, təbii ki. Psixiatriyada bunun izahatı var. Tez-tez müraciət edənlərlə bağlı psixiatrlara müraciət edir, ondan sonra hansısa addımlar atırıq. İnsanlar bəzən yaşlanmaları ilə barışa bilmirlər. Səbəbini sorğulayır, qəbul etmirlər.

-Yer çəkimi deyə bir şey var axı…

-(gülür) Bravo. Mən bunu xəstələrimə deyəndə öncə anlamırlar. İzah edirəm ki, yer çəkimidir, üzümüz düşür, bədənimiz sallanır. Axırda da yer bizi çəkir, torpaqla üstümüzü örtürlər.

-Bu, sizin Azərbaycana ilk gəlişinizdir. Müşahidələrinizə görə, Azərbaycanlı qadınların estetik baxımdan nə kimi problemi var?

-Məncə, çəki ilə bağlı problemləri var kimi görünür. Bu da türk qadının  özəlliyidir. Xəmirli yeməklərə meyllidir türk qadını. Burdakı məsləkdaşlarım da təsdiqləyir ki, azərbaycanlı qadınlar daha çox liposaksiya əməliyyatına müraciət edirlər.

-Əməliyyat qiymətlərini soruşsam?

-Burda qiymətlər Türkiyə ilə müqayisədə daha yüksəkdir. Türkiyədən bura əməliyyat üçün gələn həkimlər də bunu təsdiqləyir. Amma konkret rəqəm deyə bilməyəcəm.  Həkimdən, əməliyyatın növündən, keçirildiyi klinikadan çox şey asılıdır. Məsələn, qiymətlər 3-4 min irədən 25-30 min lirəyə qədər dəyişir.

 

Sevinc TELMANQIZI 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir