Mehmet Ayan

Türkiyəli radio rəhbəri: “Bizdə yanlış xəbər və ya yanlış təhlil ola bilər, amma…” – MÜSAHİBƏ

Baxış sayı: 7. 775

Radio insanı magnit kimi cəlb edir. Böyük şəhərin yuxulu səhərində minlərlə insan radionun səsinə köklənir, xoş ovqatla işlərini görməyə başlayırlar. Radio bizi hər yerdə müşayiət edir. İşdə və evdə, şəxsi avtomobildə – radio demək olar hər yerdə səs salır. Dinləyicinin marağını cəlb etməkçün o, kreativ olmağa məcburdur. Radio haqqında danışmağımız əbəs deyil, çünki “Gencaile.az” saytının qonağı Türkiyənin “Lig radio”sunun tanınmış rəhbəri Mehmet Ayandır

 

– Təcrübəçi olaraq başladığınız peşə fəaliyyətinizə hazırda “Lig radio”nun rəhbəri kimi davam edirsiniz. Bu sahədəki karyeranız haqda məlumat verməyinizi istərdik.

– Dediyiniz kimi, bu işə təcrübəçi kimi başlamışam. Bu, 1995-ci ilə təsadüf edirdi. Hazırkı iş yerimə qədər “Alem FM” və  “NTVSPOR RADİO” da işləmişəm. Belə demək mümkünsə, işə sıfırdan başlamışam. Bu sahədə müxbir, aparıcı, xəbərlər və idman departamentinin rəhbəri olmuşam. Hazırkı iş yerimdə isə 2006-cı ilin iyun ayında başlamışam. Ümumilikdə indiyə qədər işlədiyim radiolardan razıyam və yenidən dünyaya gəlsəm, məhz onlarla işləmək istəyərdim.

 

– Türkiyə radiolarında standart və tələblər nələrdir?

– Əsasən musiqiyə üstünlük verilməsi başlıca tələbdir, ancaq son 10 ildə idman radioları geniş dinləyici kütləsinə sahibdir. Hazırda müxtəlif mövzularda xəbərlər, idmanla bağlı məlumatlar və musiqi əsas yer tutur.

 

– Bəs bir radio rəhbəri olaraq sizin standart və tələbləriniz nədən ibarətdir?

– Mənim üçün əsas məsələ işçilərimin yaxşı insan, ölkəmiz üçün yaxşı vətəndaş olmasıdır. Əməkdaşlarımızın işində çatışmazlıqların olması mənim üçün ikinci plandadır. Yəni bunu birlikdə yoluna qoymaq elə də çətin deyil.

 

– Sizcə, radioda geniş dinləyici auditoriyası qazanmaq üçün nələr etmək lazımdır?

– Məncə, bu baxımdan əsas olan səmimi olmaqdır. Radioda hansısa rola girmək, olduğundan fərqli görünmək dinləyici itirmək deməkdir. Radio dinləyicisi üçün sizin səsiniz və düşüncəniz əsasdır. Heç bir mimikadan istifadə olunmadığından ancaq səsiniz beyinlərdə “siz” formalaşdırır. Səmimi olduğunuz müddətcə sözün bütün mənalarında böyümək imkanı qazanırsınız.

 

– Maraqlıdır,  gözə görünmədən insanlarla evlərində, yollarda və iş yerlərində bərabər olmaq  sizin üçün nə deməkdir?

– Əgər yenidən dünyaya gəlsəydim, yenə yollarımın radio ilə kəsişməsini istəyərdim.

Mayan

– Heç radiodakı verilişlər zamanı hansısa açıqlamanızdan sonra dinləyicilər tərəfindən tənqid olunduğunuz olurmu?

– Belə bir durumla o qədər də çox qarşılaşmamışam, amma bəzən olur. Elə olur ki, canlı yayımda dediklərim 1-2 gün “mənimlə olur”.

 

– Bu qədər televiziya kanalı, internet saytı və qəzetlər varkən idman radiosu nə dərəcədə öz gücünü göstərə bilir? Reytinq davası, özəl xəbəri ilk olaraq izləyiciyə çatdırmaqda problemlər olur yəqin ki.

– Özəl xəbərləri əldə edə bilmək üçün yaxşı jurnalistlərlə işləmək lazımdır ki, bizim radioda da belə jurnalistlər yetərincədir. Məni reytinq problemindən daha çox dinləyicilərin səviyyəsi maraqlandırır. Bizdə yanlış xəbər və ya yanlış təhlil ola bilər, amma yalan olmaz.

 

– Siz radio rəhbəri olmaqla yanaşı, həm də “Vətən” qəzetinin yazarısınız. Eyni zamanda, müxtəlif  televiziya kanallarında da ekspert kimi tez-tez görünürsünüz. Sizcə, radionun televiziya və qəzetlərdən ən önəmli fərqi nədədir?

– Məncə, radionun özünəməxsus cazibəsi var. Ən azından mənə belə gəlir. Üstəlik, radio digər informasiya vasitələrindən geridə görünsə də, televiziya və qəzetdə çalışan jurnalistlər günə bizimlə başlayırlar.

 

 – Ümumiyyətlə, radioların gələcəyini necə görürsünüz? Sizcə, həmişə belə təlabat olacaq, yoxsa hansısa yeniliklərin vaxtı çatmaqdadır?

– Zamanla müəyyən dəyişikliklər ola bilər, ancaq ümumən ciddi yenilik gözləmirəm. Radioya tələb isə hər zaman olacaq. Ən azı maşınlarda radio həmişə dinləniləcək. Nə qədər avtomobillər var olacaqsa, radio da yaşayacaq.

 

– Bir media nümayəndəsi kimi xeyli seçim imkanınız var. Əgər əvvəllər sadəcə yazılı mətbuat var idisə, indi həm bu, həm televiziya, həm internet mediası və s. var. Gələcəkdə sizi radioda yox, digər KİV-lərdə görə bilərikmi?

– Əsas işim radiodadır və bundan məmnunam. Düzdür, televiziyada çalışmaq maddi baxımdan daha sərfəlidir deyə insanı cəzb edir, amma sonuna qədər radioda işləməyi üstün tuturam.

 

– Azərbaycada sizi idman mediasının nümayəndəsi kimi tanıyanlar radio rəhbəri olaraq tanıyanlardan xeyli artıqdır. Maraqlıdır, sizin ölkəmizdə tanıdığınız jurnalistlər varmı?

–  Çox təəssüf  ki, sizin radiolardan və idman mediasından heç kimi tanımıram. Bunda heç vaxt ölkənizdə olmamağımın da təsiri var. Amma əgər dəvət edilərəmsə, sizinlə olmağı çox istəyərəm. Sizin dildə deyildiyi kimi səsləndirsəm, necə də yaxşı olardı deyə bilərəm (gülür-T.M.)

 

Söhbətləşdi: Tural Məmmədov

ayan

ma

 

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir