taksi

“Ucuz taksi”dən şikayətlər artır: Sürücülər yolu tanımır, pulun qalığını qaytarmırlar… – PROBLEM

Baxış sayı: 913

“Ucuz taksi” xidmətindən narazılıqlar artır. Cəlbedici məlumatlara aldanan sərnişinlər xidmətin heç də ucuz olmadığını anlayırlar. Pik saatlarda isə qiymətlər bir az da bahalaşır. Bundan əlavə, taksi sürücüləri gediləcək ünvanı da çox zaman tanımırlar. Başqa bir narazılıq isə taksi sürücülərinin pulun qalığını sərnişinlərə qartarmamasıdır. Məlumdur ki, “Ucuz taksi”lərdə qiymət “quyruqlu” olur; 3 manat 50 qəpik, 2 manat 80 qəpik, 4 manat 60 qəpik və sair.

Sürücününsə qalığı qaytarmağa qəpikləri olmur, beləliklə də sərnişin ziyana düşürlər. Ümumiyyətlə, təkcə taksi xidmətində deyil, marketlərdə də kağız əskinazların dəmir qalığı, çox zaman qaytarılmır. Pulun qalığını tələb edənlərə isə “dəvə nalbəndə baxan kimi” baxırlar. Yəni, “azərbaycanlı deyilsən?!”. Sovet adamlarının xatirində olar, o illərdə SSRİ-nin digər respublikalarına səfər edənlər kassirlərin pulun qalığını qəpiyinədək alıcıya qaytarmalarından, hətta yekəxanalıq edib qəpiyi almaq istəməyən azərbaycanlılara hirslənib “sənin pulun bizə lazım deyil” dediklərini söyləyirdilər. Bizdə isə tamam fərqli vəziyyət idi. Pulun qalığını istəyənlərə “demaqoq” damğası vururdular. Bu nədi? Mentalitet? Əl çəkə bimədiyimiz adətlər?

 

Ekspert: “Taksi xidməti həyata keçirən şirkət məsafəyə görə qiymət təyin edirsə, pulun qalığının qaytarılmalı olduğunu da bilməlidir, işini buna uyğun qurmalıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov pulun qalığının qaytarılması probleminin həllini nağdsız ödəmədə gördüyünü dedi:

“Bunun bir yolu var, o da kartla ödəmədir. Post-terminallar olmalıdır, sərnişinlər gediş kartını yükləməli, istənilən nəqliyyat növündə bu kartlardan istifadə etməlidirlər. O, zaman belə problemlər də yaranmayacaq. Alış-veriş nöqtələrində nağdsız ödəmələr üçün imkan yaradılmalıdır. Taksi xidməti də həmçinin. “Ucuz taksi” xidmətlərindən bizə də şikayətlər edilir. Məsələn, “189” taksi xidmətindən şikayət edilib. Taksi xidməti həyata keçirən şirkət məsafəyə görə qiymət təyin edirsə, pulun qalığının qaytarılmalı olduğunu da bilməlidir, işini buna uyğun qurmalıdır. Sərnişinlər də zəng edib taksi sifariş etdikləri kimi, narazılıqlarını da bildirməlidirlər. Nağdsız ödəmələrin hər yerdə təşkili isə vacibdir. Tibbi xidmət yerlərində də kartla ödəmələr mümkün olmur. Bu məsələlər də həllini tapmalıdır.

E.Hüseynov problemlərlə bağlı bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət etdiyini dedi:

“Nazirə məktubla müraciət etmişəm. Orda qaçaqmalçılıq da, taksi xidməti, nağdsız ödəmələr hamısı əksini tapıb. 22 ildir bu problemlər yığılıb qalıb. Əgər Vergi Qanunvericiliyinin yaxşı işləməsini istəyirlərsə, bu məsələlər həllini tapmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir