pisik

Uğursuz qara pişik, antidepressant və milli xof

Baxış sayı: 377

Pişiklərin, xüsusilə də qara pişiklərin insana uğursuzluq gətirdiyi barədə çox eşidirik. Ən çox da yaşlı nəslin nümayəndələri bu cür inanclara aludə olur. Bəzi inanclara görə müqəddəs, bəzi inanclara görə isə şeytanın özü və şeytan yardımçısı hesab edilən pişiklər həqiqətən də uğursuzdur? Təbiətin ən sakit heyvanları niyə inasanların uğursuzluğunda günahkar hesab edilir?

Əgər xatırlasaq, hamımızın yaddaşında pişiklə bağlı xatirəsi var. Hamımızın ailə böyükləri hər gün onları yemləyər, su verərdi. Xüsusilə qara pişiklərə qarşı həssaslıq vardı, xatırlayıram, beli, ayağı ağrıyanın ağrıyan yerinə qara pişik oturdurdular. Pişiklərin insanm ağrısını çəkməsi barədə inanc vardı insanlar arasında. Amma bir şeyi də xatırlayıram ki, iş dalınca gedən, səfərə çıxan kiminsə qarşısına qara pişik çıxanda yolundan qayıdır, bir qədər gözlədikdən sonra təkrar yola çıxırdı, ya da həmin gün səfərini təxirə salardı. İnsanların qara pişiyə qarşı xofu vardı, onun uğursuzluq gətirdiyinə inanırdılar. Lakin buna rəğmən qara pişiklər də digərləri kimi yemlənir, qayğı görürdü.

Pişiklər insan həyatına təxminən 9000 il əvvəl girib, araşdırmaçılar arxeloji qazıntılar zamanı əldə edilmiş dəlillərə əsasən belə hesab edir. Daha doğrusu, Kiprin cənubunda bir məzarda insan sümüklərinin yanında bir pişiyin qalıqları tapıldıqdan sonra bu qənaətə gəlindi. Məzarın yaşının 9000 olduğunu hesab edən araşdırmaçılar pişiyin də elə o zamanlardan etibarən insan həyatına girdiyini düşünürlər.

Qədim Misirdə pişiklər müqəddəs canlı hesab edilirdi. Misirlilərə görə, qara pişiklər hətta Tanrı tərəfindən göndərilmiş hesab olunurdu. Pişiklərin qorunması, ölümlərinin azalması, xəstəliyə yoluxmamaları üçün Misirdə bəzi qanunlar da qəbul edilmişdi. Qədim Misirdə pişik tanrıçası belə vardı. “Bastet” adlanan bu tanrıçanın heykəli-murtisi hər bir evdə önəmli yeri tuturdu.

Misirlilərin inanclarına görə Bastet pis ruhları qovur, məhsuldarlıq, sevinc və sevgini təmsil edir. Misir qanunlarına görə pişik öldürənin cəzası edam idi. Pişiyi ölən ailə yas tutur və yasda olduğunu bildirmək üçün bütün ailə qaşlarını qırxırdı və ölən pişiklər ev sahibinin varlı ya kasıb olmalasına baxmayaraq mumiyalanar, ən bahalı ipəklərə bürünər, ən bahalı daş-qaşlarla birlikdə dəfn edilərdi.

Misirlilərə sirli görünən ən önəmli şey də pişiyin yüksəklikdən düşəndə ayaqları üzərində düşməsidir. ELə bizim cəmiyyətimizdə də pişiyin doqquz canı olması barədə bir inanc var, eşitməmiş olmazsınız, ehtimal edilir ki, bu inanc da misirlilərdən yayılıb. Tarixi qaynaqlarda belə bir maraqlı məlumat da var ki, farslar və misirlilər arasındakı döyüşdə farslar misirlilərin pişikləri müqəddəs qəbul etdiklərini bildikləri üçün pişikləri canlı qalxan olaraq istifadə ediblər və pişiyə görə düşmənə hücum etməyən misirliləri rahatlıqla yenə bilirdilər.

Misirlilərin müqəddəs saydıqları bu kiçik, zərərsiz heyvanları xristianlar uğusuz hesab edirdi. Xristianlıqdan öncə pişiklərlə bağlı mövcud olmuş bütün simvollar məhv edildi. Pişikləri “hiyləgər”, “nankor”, “inadkar” kimi tanıtdılar. Avropada da qara pişik uğursuz hesab edilirdi. Orta əsr Avropasında kilsə pişiyin şeytan olduğunu və gündüz pişik, gecə qaranlığında şeytan olması barədə inanc var idi. Qara pişiklərdən qorxmağın səbəbləri kimi də onların uğursuz olduqlarına olan inanc idi.

PISIK

Xristianlığın yeni yarandığı dövrlərdə pişik saxlayanlar olduqca az idi, barmaqla sayılacaq qədər az. Onlar da tək, kimsəsiz və qoca qadınlar idi, onlar evcilləşdirdikləri heyvanlara meylini salır, günlərini onlara qayğı göstərməklə keçirirdilər. Lakin cadugərlik edən qarıların evində qara pişik saxlaması kimsəsiz qadınların pişik saxlaması ilə eyniləşdirildi, xalq arasında şaiyə gəzirdi ki, qara pişiklər gecələr şeytana çevrilir və cadugərə cadu etmək üçün ilham verir. Bu şaiyə o qədər yayıldı ki, doğruluğuna inanıldı. Pişik bəsləyən xeyli qoca və kimsəsiz qadın pişiyi ilə birlikdə öldürüldü və ya diri-diri yandırıldı. Kral XIII Luis bu vəhşiliyi qadağan edənədək hər il minlərlə pişik və sahibi yandırıldı.

Müsəlman inanclarına görə, pişik öldürməyin günahı çoxdur və pişik öldürən günahını yumaq üçün yeddi məscid inşa etdirsə də bağışlanılmaz. Müsəlmanlar pişiyi ona görə müqəddəs hesab edirlər ki, Məhəmməd Peyğəmbər bu heyvanı sevir, ona qayğı göstərirmiş. İnanclı müsəlmanlar arasında hətta belə bir rəvayət də var: “Dincini almaq üçün oturan peyğəmbərin qucağına bir pişik dırmanır. Pişik peyğəmbərin çuxasını çəkişdirir və üstündə yatır. Peyğəmbər tələsirmiş və heyvanın yatdığını görəndə onu oyatmağa qıymır, çuxasının bir tərəfini, üstündə pişik yatan hissəni kəsir və pişiyi tumarlayır”. Rəvayətlərdə peyğəmbərin pişik su içdiyi qabda qalan su ilə dəstəmaz alması barədə də danışılır. Pişiklərin məscidə girməyinə icazə verilməsi də peyğəmbərdən qaynaqlanan icazədir. Bu barədə deyilənlər rəvayətdir, lakin tarixi qaynaqlarda Məhəmməd Peyğəmbərin Muezza adlı pişiyinin olması barədə yazılar da var.

Ağır depressiya keçirən insanlara psixoloqlar adətən ev heyvanı saxlamağı, küçədə heyvanları yemləməyi, onlarla vaxt keçirməyi məsləhət görürlər. İt, pişik kimi heyvanlarla təmasda olmaq insanda stress hormonlarını azaldır, kortizol adlı stress hormonunun yüksəlməsinə mane olurlar.

Pişiklər zərərsizdir, təhlükəsizdir. “Uğursuz” deyə xarakterizə edilən qara pişiklər də həmçinin. Onlar müharibə etmirlər, başqasının evini, torpağını işğal etmirlər, kimsəni öldürmürlər, haqqa girmirlər, haram yemirlər, rüşvət almırlar, zərər vermirlər. Etdikləri yeganə qəbahət arabir ət-ciyər oğurlamaqdır. Onu da bu bahalıqda tapa bilsələr təbii ki. İnsan övladının etdiklərinin yanında bu “oğurluq” nədir ki?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir