tehsil

Universitetlərdə tətil müddəti uzadılacaqmı?

Baxış sayı: 706

Yeni təhsil sessiyasının başlanması “Omikcon” ştammı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi mövcuddur.

Ölkəmizdə koronavirusun “Omicron” ştammına yoluxma hallarının artması indi də ali məktəblərdə qış tətilinin uzadılması məsələsini gündəmə gətirib. Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ali məktəblərdə qış tətilinin müddətinin uzadılmasını təklif etmişdi.

Deputat bildirirdi ki, koronavirusun “Omikron” ştammının epidemiyası ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır: “Omikron ştammı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur.

Buna görə də “Omicron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük.

Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması “Omikcon” ştammı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyildir. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir.

Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq”.

Komitə sədri qeyd edirdi ki, bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür:

“Təklif edirəm ki, təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə omikron ştammına yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik”.

 

“Ali məktəblərdə vaksinasiya yüksəkdir”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirir ki, ali məktəblərdə tətil müddətinin uzadılması ilə bağlı təklif olsa da, tətil günlərinin artırılmasına ehtiyac olduğunu düşünmür:

“Musa müəllim bizim dəyərli millət vəkillərimizdəndir. Onun fikrinə hörmətlə yanaşıram. Amma ali məktəblərdə çalışan müəllimlərin, eləcə də tələbələrin vaksinasiya faizi çox yüksəkdir. Bu imkan verir ki, biz ali təhsil müəssisələrimizdə dərslərə vaxtında başlayaq”.

İ.Orucov bildirir ki, buna hələ ki, ehtiyac yoxdur: “Düzdür, ali məktəblərdə dərslərin başlanmasına hələ beş gün vaxt var. Amma düşünmürəm ki, tətil günlərinin uzadılmasına ehtiyac yaransın. Burada vacib məqam ondan ibarətdir ki, biz pandemiyanın ağır günlərini yaşadıq. Gördük ki, təhsil müəssisələrində dərslərin ənənəvi qaydada bərpası və tələbələrin dərslərə adaptasiyası xeyli zaman aparan proses oldu. Bu gün yenidən geri qayıtmağa ehtiyac yoxdur”.

 

Vəziyyət idarəolunandırsa

İ.Orucov dərslərin ali məktəblərdə fevralın sonuna qədər onlayn keçirilməsi təklifi ilə də tanışdır: “Bəzi ölkələrdə ali məktəblərdə dərslər hələ də hibrid formada keçirilir. Məsələn, Türkiyədə həftədə üç dəfə universitetə gedilir, iki gün isə dərslər onlayn keçirilir. Bizim ölkəmizdə isə yoluxma sayı o qədər də təhlükəli həddə deyil. Bu gün hətta bizdə buster doza vurduranlar kifayət qədərdir. Hətta 4-cü doza vurduranlar da var. Hazırda vəziyyət idarəolunandır. Buna görə də mən dərslərə vaxtında başlanılmasının tərəfdarıyam”.

 

Nazirlikdən açıqlama

Təhsil Nazirliyindən isə sorğumuza verilən cavabda bildirildi ki, tələbələrin qış tətilinin uzadılması ilə bağlı məsələ Təhsil Nazirliyində müzakirə olunmur.

 

Universitetlər dərsələrə başlayacaqmı?

Ölkəmizdəki ali təhsil ocaqları isə tələbələrin qış tətil müddətinin uzadılıb-uzadılmaması barədə qərarın verilməsinin onların səlahiyyətində olmadığını bildirdilər.

Azərbaycan Texniki Universitetinin (ATU) mətbuat katibi Sevinc İsgəndərova bildirir ki, bu barədə qərarın verilməsi Təhsil Nazirliyi ilə Operativ Qərargahın səlahiyyətindədir. S.İsgəndərova onu da qeyd etdi ki, tələbələr fevralın 3-dən etibarən tətildədirlər.

Fevralın 15-də ali təhsil ocaqlarında tətil müddəti başa çatır: “Tələbələr fevralın 16-dan dərsdə olmalıdırlar. Tətil müddətinin uzadılması məsələsi universitetlərin səlahiyyətində deyil. Buna Təhsil Nazirliyi ilə Operativ Qərargah qərar verir. Həmçinin bununla bağlı təhsil nazirinin müvafiq qərarı olmalıdır”.

 

Tələbələr arasında yoluxma artıbmı?

S.İsgəndərova onu da qeyd edib ki, ATU-da tələbələr arasında koronavirusa kəskin yoluxma halları yoxdur: “Bizim universitetdə kəskin yoluxma yoxdur. Universitet daxilində komissiya yaradılıb. Komissiyanın üzvüləri tələbələr arasında tibbi maskadan istifadəyə nəzarət edir. Hansı tələbə tibbi maska taxmayıbsa, ona tibbi maskadan istifadənin vacib olduğu izah edilir”.

Universitet sözçüsü bildirdi ki, həmçinin təhsil ocağında virusa yoluxmanın qarşısını almaq üçün yoluxma əlamətləri olanlara dərsə gəlməmək, testin nəticəsinə uyğun davranmaq tövsiyə olunub: “Bu gün ATU-da təkrar imtahanlar aparılır.

Hansı tələbə özündə koronavirusa yoluxma əlamətləri hiss edibsə, imtahan günü olmasına baxmayaraq ona yenidən imtahan imkanı yaradılıb. Həmin şəxslər bu gün gəlib imtahanda iştirak ediblər. Bu tədbirlər ona görə görülüb ki, heç bir tələbə virusa yoluxduğu halda imtahana görə təhsil ocağına gəlmək məcburiyyətində qalmasın. Çünki, pandemiya dövründə virusa yoluxmadan heç kəs sığortalanmayıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir