imtahan

Universitetlərdə tıxac: COVID pasportu, temperatur ölçmə və kirayə ev axtarışında

Baxış sayı: 653

Bu gündən ali məktəblərdə tədrisin əyani formada təşkilinə başlanılıb. Səhər saat 08:30-dan başlayaraq tələbələrin universitetlərə axını müşahidə olunurdu.

Təxminən bir il yarımdan sonra ali təhsil müəssisələrinin qarşısında tələbə izdihamı vardı. Pandemiya başlayandan sonra ilk dəfə ənənəvi təhsilə başlayan tələbələrin üzərində sevinc, həyəcan hiss olunurdu.

İlk dərs günü universitetlərdə vəziyyət - Sputnik Azərbaycan, 1920, 29.09.2021

Azərbaycan Texniki Universitetinin (AzTU) qarşısında həm tələbələr, həmçinin də onların doğmaları toplaşmışdılar. Başqa universitetlərdən fərqli olaraq burada bu gün yalnız birinci kurs tələbələri universitetə gəlmişdilər. Universitetin girişində tələbələrdən COVID-19 pasportu tələb olunur, şəxsiyyət vəsiqəsi ilə yoxlama aparılırdı.

AzTU-da birinci kurs tələbələrinin COVID-19 pasportu olan valideynlərinə də ali təhsil müəssisəsi ilə tanışlıq üçün şərait yaradılmışdı. Burada mühafizəçilərlə söhbət zamanı öyrəndik ki, bu gün universitetə ancaq 1-ci kurs tələbələri gəldiyindən onların yalnız şəxsiyyət vəsiqəsi yoxlanılır. COVID-19 pasportu isə 18 yaşları tamam olmayan tələbələrdən tələb olunmur.

Amma mühafizəçi bildirdi ki, səhərdən universitetə gələn 18 yaşı tamam olmuş tələbə, eləcə də valideynlər arasında COVID-19 pasportu olmayanlar da içəri daxil olmaq istəyiblər. Amma buna icazə verilməyib. Həmin valideyn və tələbələr universitetdən geri qaytarılıb. Universitetin giriş qapısında tələbələrin və valideynlərin temperaturu yoxlanılmaqla yanaşı, onlar dezinfeksiya aparatından da keçirdi.

İlk dərs günü universitetlərdə vəziyyət - Sputnik Azərbaycan, 1920, 29.09.2021

ATU-nun mətbuat katibi Günel İsgəndərova bildirir ki, sentyabrın 22-də Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərarını açıqlayıb. Həmin qərara uyğun olaraq ATU-da auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla (tələbələr arasında 1 metr məsafə saxlanılmaqla) istifadə olunacaq:

“Professor-müəllim heyətinin eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılacaq. Sıxlıq yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçirilib. Azərbaycan Texniki Universitetində (AzTU) tədris həm ənənəvi, həm də onlayn təşkil olunub. Həftənin 1, 3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiləcək.

Məşğələ dərsləri isə həftənin 2-ci və 5-ci günləri ənənəvi formada təşkil ediləcək. Sentyabrın 29-u 3-cü gün olduğu üçün 2, 3 və 4-cü kursların dərsləri onlayn təşkil olunacaq. Bu gün 1-ci kurslar universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur. İlk olaraq tələbələrin temperaturu yoxlanılır.

Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Hər iki qapıda ümumilikdə 10 ədəd turniket quraşdırılıb. Onu da qeyd edim ki, turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr (18 yaşdan yuxarı) avtomatik müəyyən olunur.

18 yaşdan yuxarı COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr universitetə buraxılmayacaq. Qeyd edim ki, artıq tələbələrin 83%-i, müəllim və əməkdaşların isə 92%-i vaksinasiyadan keçib”.

Bakı Dövlət Universitetinin qarşısında isə böyük tələbə izdihamı yaşanırdı. Tələbələr universitetin giriş qapısından içəri daxil olmaq üçün uzun növbə gözləyirdilər. Təhsil ocağının qarşısında yaranmış izdihamın səbəbi isə valideynlərin içəri buraxılmaması idi.

Burada valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, onlar birinci kursa başlamış övladlarının necə bir təhsil müəssisəsində təhsil alacaqları ilə maraqlanmaq, tanış olmaq üçün içəri daxil olmaq istəyirlər. Amma universitet rəhbərliyi onlara bu imkanı yaratmır.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirdi ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.

Ali təhsil müəssisəsinin girişində bütün tələbələrin COVID-19 pasportu yoxlanılırdı. Mühafizəçilər bildirdilər ki, tələbələr arasında COVID-19 pasportu olmadan içəri daxil olmaq istəyənlər geri qaytarılıb.

İlk dərs günü universitetlərdə vəziyyət - Sputnik Azərbaycan, 1920, 29.09.2021

Universitet binasına daxil olan tələbələr isə təkrar COVID-19 pasportu yoxlanışından keçirdilər. Eyni zamanda onlar girişdə qoyulmuş dezinfektor aparatından keçirdilər. Universitetin binasında tibbi maskasız tələbələrə də rast gəlinirdi. Amma qaydalara görə, ali təhsil müəssisələrində tələbələrin binanın içərisində maska istifadə etmələri məcburidir.

Universitetlərdə auditoriyalara daxil olaraq dərs prosesini də izlədik. BDU-nun jurnalistika fakültəsində auditoriyalarda dərslərə artıq start verilmişdi.

BDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva bildirir ki, universitet rəhbərliyinin sərəncamı ilə hibrid dərs formatı tətbiq olunub:

BDU-nun Jurnalistika fakultəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva - Sputnik Azərbaycan, 1920, 29.09.2021

“Auditoriyalar kiçik olduğudan sayı çox olan mühazirə dərsləri həftənin müəyyən günlərində onlayn təşkil olunacaq. İki gün mühazirə dərsləri onlayn keçiriləcək. Seminar məşğələlərdə isə qruplar bölündüyü üçün seminar dərsləri universitetdə keçiriləcək”

BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Ağamalıyeva Züleyxa isə təxminən iki ilə yaxın müddətdən sonra doğma universitetinə qovuşduğu üçün çox sevindiyini söylədi. Onun sözlərinə görə, universitet, tələbə yoldaşları və müəllimləri üçün çox darıxıb:

“Universitet mühiti tamam başqadır. Biz bunu pandemiya dövründə anladıq. Onlayn dərslər heç də ənənəvi dərslərin əvəzini verə bilmir. Mənim elə qrup yoldaşlarım var ki, dərslər onlayn olan vaxtda onlar dərsə internet olmadığından qoşula bilmədilər. Dərslər yenə hibrid olsa da, biz üç gün dərsləri burada üz-üzə keçəcəyik. Mühazirələrə evdən qoşulacağıq, seminarlar isə universitetdə keçiriləcək”.

İlk dərs günü universitetlərdə vəziyyət - Sputnik Azərbaycan, 1920, 29.09.2021

Universitetlərdə ənənəvi dərslərin başlanması tələbələri sevindirsə də, onların arasında qərar gec açıqlandığı üçün hələ özünə kirayə ev tapa bilməyənlər də vardı. Elə bu gün BDU-nun qarşısına toplaşan tələbə və valideynlər arasında bu gün səhər saatlarında rayondan Bakıya üz tutanlar da az deyildi. Onlarla söhbət zamanı öyrəndik ki, bu gün kirayə ev axtarışına başlayacaqlar.

 

Zulfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir