Dünyada bir çox qeyri-adi və qorxunc xəstəliklər möcvuddur. Müasir tibb elmi kifayət qədər inkişaf etmiş olsa da, həmin xəstəliklərin mütləq əksəriyyətinin müalicə üsulları hələ də tapılmayıb.
“Gencaile.az” “Musavat.com”-a istinadən həmin qeyri-adi və qorxunc xəstəliklər barədə ümumi məlumatları diqqətinizə çatdırır:
FOP xəstəliyi və ya “Daş adam” sindromu…
Fibrodysplasia Ossificans Progressiva və ya qısaldılmış adı FOP xəstəliyi dünyada çox nadir rast gəlinən və hüceyrə toxumalarının çevrilməsindən qaynaqlanan bir xəstəlikdir. Dünyada bu xəstəliyə yoluxanların sayının təxminən 2500 nəfər olduğu güman edilir.
Həkimlər FOP xəstəliyinin nədən yarandığını hələ də tapa bilmirlər. Ancaq genetik ola biləcəyi də güman edilir. Xəstəlik xüsusilə də uşaqlıq və yetkinlik dövründə olur. Xəstəliyin inkişafını xəbər verən ciddi bir əlamət yoxdur. Yeganə əlamət ayaq barmaqlarında oynaqların tutulmasıdır.
Bu xəstəlik qədimdən Myositis Ossificans Progressiva (yəni “əzələlərin sümüyə çevrilməsi”) olaraq bilinirdi. Lakin aparılan araşdırmalar yalnız əzələlərin deyil, bütün hüceyrə toxumalarından ibarət olan bölgələri sümüyə çevirdiyini göstərib. Bu səbəbdən də 1970-ci ildə bu xəstəliyin adı “Fibrodisplasia Ossifikans Proqressiva” olaraq dəyişdirilib.
FOP ilə doğulan uşaqların ortaq xüsusiyyətləri ayaqlarının deformasiya olunmuş formasıdır. “Flare up” adlanan və ağrıya səbəb olub, 6-8 həftə davam edən proses ilk olaraq, 10 yaş həddinə qədər ortaya çıxır.
FOP tipik olaraq ilk əvvəl bədənin onurğa, beyindən gələn sinir damarı və ürəyə yaxın orqanlarda müşahidə olunur. Daha sonra isə bədənin müxtəif hissələrinə yayılır.
Maraqlısı budur ki, bu xəstəlik zamanı dil, ürək əzələsi və diafraqma əzələsi kimi əzələlər bu prosesdə qorunur, yəni sümüyə çevrilmir.
FOP xəstəliyinin müəyyən bir dəqiq müalicə üsulu yoxdur. Yaranan sümük strukturları əməliyyatlarla götürmək mümkündür. Lakin bu prosesin daha da sürətlənməsinə gətirib, çıxara bilir.
1999-cu ildə köpək balıqlarında kəşf edilən skualamin kimyəvi maddəsinin FOP xəstəliyi üçün məlhəm olacağı ehtimal edilmişdi. Bununla bağlı 2002-ci ildə başlanan tədqiqat prosesi 2007-ci ildə ləğv edilib.
2010-cu ildən bəri FOP-un müalicəsi üzərində aparılan araşdırmalar qeydiyyat altına alınır. Amerikada 15 həkim bu xəstəliyin öhdəsindən gəlməyə çalışır.
Xəstəlik ilk olaraq 17-18-ci əsrlərdə yaranıb. İlk yarandığı zamanlar xəstə olan adamlar üçün “daşa çevrilir” deyilirdi.
HEMATİDROSİS (Qan Ağlama Xəstəliyi)
Hematidroz dünyada geniş yayılmamış, ancaq çox qorxunc xəstəliklərdən biridir. Xəstəlik ona yoluxan insanlarda olduqca çətin vəziyyətlərə yol açır. Bu xəstəlik insan bədənindən çatlamış kapilyar damarlardan gələn qanın göz yaşı və tər kimi çölə axmasıdır.
Hematidrozun digər adı da hematohidrozdur. Bu xəstəliyə yoluxanlar qan ağlamaqla yanaşı ,tərləri də qanlı olur. Bu vəziyyət insanların həddindən artıq stress altında qalmasına da səbəb olur.
Xəstəliyin tam açıqlaması çox qorxu və həyəcan hallarında metabolizm kəskinləşməsi nəticəsində kapilyar damarların çatlaması və bədən mayesi olaraq qanın çıxmasıdır. Bu xəstəliyin ən geniş yayılmış növü qanın tər və göz yaşı kimi axmasıdır.
Xəstəlik adətən, müalicə olunmadan keçir. Stresə bağlı bir xəstəlik olduğundan stres konstruktiv elementlərdən uzaqlaşdıqda xəstəlik öz-özünə müalicə oluna bilir. Amma yenə də hər xəstəlikdə olduğu kimi hematidroz üçün də həkimə getməkdə fayda var.
Qeyd edək ki , bu xəstəlik 2013-cü ildə Azəraycanın Göyçay rayonunun Xəlitli kənd sakini 2012 təvəllüdlü Abdullayev Hüseyn adlı körpədə də aşkar edilmişdi.
Bakıda yerli və xarici həkimlər tərəfindən dəfələrlə müayinə edilən Hüseynin dərdinə əlac tapılmamışdı. Həkimlər uşağın yatarkən gözlərindən qanın axmasını heç bir xəstəliklə əlaqələndirə bilmirdilər.
Bəzi mütəxəssislər isə bu uşağın tibbi probleminin olmadığını, onun ilahi vergili bir bəndə olduğunu qey etmişdilər.
Ağac xəstəliyi…
Ağac xəstəliyi bir dəri xəstəliyidir. Cəmiyyətdə nadir görülən ağac xəstəliyi əl və ayaqlarda yayılan ziyilin ağac kökünə bənzər bir şəkildə inkişaf etməsidir. Bu xəstəliyə səbəb olan papilloma virusu insanlar arasında olduqca geniş yayılan və ziyil quruluşunun yaranmasına səbəb olan virusdur. Bu xəstəliyə səbəb olan virus insanın bədənini ağac gövdəsinə çevirir. Bu xəstəlik irəliləyən bir xəstəlikdir və ölümcüldür.
Amerikalı dermatologiya mütəxəssisi yanına gələn xəstənin üzərində zəruri testlər apardıqdan sonra A vitamini ilə problemin həllini tapacağına söz vermişdi.
İndoneziyada bu nadir xəstəliyə tutulan bir balıqçının bədəni ağac gövdəsinə çevrilməyə başlamışdı. Bu balıqçı gəncin dizi yaralamış və o gündən sonra həyatı yavaş-yavaş cəhənnəmə dönmüşdü. Həyat yoldaşı, övladları və dostları bu balıqçını tərk ediblər. Dövlətdən müalicə üçün kömək alan balıqçı 2008-ci ildə 6 əməliyyat keçirib və onun bədənini örtən oduncağabənzər ziyilin bir hissəsi götürülüb.
ESTHESIONEUROBLASTOMA (ENB) – ESTEZİYONOROBLASTOM
Nadir rast gəlinən xəstəliklərdən biri də ESTEZİYONOROBLASTOM xəstəliyidir. Bu, bir növ bədxassəli bir şişdir. Bu şiş əsasən burun boşluğunda və beyinətrafı boşluqlarda olur.
Adı kimi özü də çox qəribə olan bu xəstəlik son 20 il ərzində dünyada yalnız 200 nəfər adamda rast gəlinib. Fransada bu xəstəliyə yoluxan 53 yaşlı bir qadın prezidentə müraciət etsə də, onun müraciətinə baxılmamışdı.
Bu xəstəlik əsasən 40-60 yaş arası insanlarda olur. Xəstəliyin əməliyyatla sağalması mümkündür.
Lakin şiş çıxarıldıqdan sonra insanın həyati təhlükəsi də qaçılmazdır. Yəni metastaz vermə və götürülən şişin bədənin digər boşluqlarında yenidən əmələ gəlmə ehtimalı yüksəkdir.
“Qudurğan əl” sindromu…
Alien Hand Syndrome adlanan bu xəstəlik insanın iradəsinə tabe olmayan əlin hərəkətləriylə ortaya çıxır. Nə qədər gülməli olsa da, bir o qədər də acılı və ağrılı bir xəstəlikdir. Nadir rast gəlinən bu xəstəlik 1908-ci ildə alman bir qadının əli haqqında qorxu dolu şikayətləri əsasında ortaya çıxmışdı.
Bu xəstəlik insanın beynində olan Corpus Collosumun (beynin hər iki yarım kürəsi arasındakı məlumat ünsiyyətini təmin edən sinir sistemindən ibarət olan quruluşdur) zədə almasından yaranır və sağ gözlə görülən bir cismi sol göz tanımır. Bu səbəbdən də insan cisimləri qavramaqda çətinlik çəkir. Bu sindromdan şikayətçi olan bir çox insan əlinin ona zərər vermək istədiyini, hətta öldürməyə çalışdığını deyir. Bu xəstəlik iki əl arasında ziddiyət yaradır.
Məsələn, bir əl qidanı alıb, ağzına aparmaq istəyərkən, digər əl onu yeməyi əngəlləmək üçün əlin biləyindən tutur. Və yaxud bir əl, kəməri açmaq istəyərkən, digəri bağlamağa çalışır. Bir əl oxumaq üçün qəzeti almaq istəyərkən, digəri qəzeti alıb, masaya çırpır.
Bəzən əli xəstənin öz boğazını sıxaraq boğmağa çalışır. Aparılan müayinələr zamanı məlum olub ki, bu “qudurğan əl” bəzi hallarda “dayan” əmrinə tabe olurmuş. Əl xəstənin özünə aid olsa da, bu əlin nə edəcəyinə əvvəlcədən nəzarət etmək mümkün deyil.
Çox təəsüüf ki, bu xəstəliyin heç bir müalicəsi yoxdur. Yalnız bu cür xəstələri təkbaşına qoymaq olmaz. Həkim nəzarətində və ya ailəsindən bir nəfər daim onun yanında olmalıdır.
Akromegali – Hormonların böyüməsi…
Akromeqaliya böyümə hormonlarında həddindən artıq qanın sürətlə hərəkət etməsi ilə ortaya çıxan, ancaq ləng inkişaf edən bir xəstəlikdir. Bu xəstələrdə diaqnoz xəstəliyə tutulduqdan uzun müddət sonra qoyulur. Xəstəliyin başlanğıcı və diaqnoz arasındakı müddət ən azı 10 il olur. Bunun səbəbi də xəstəliyin səssiz olaraq davam etməsidir.
Böyümə hormonu yeniyetməlikdən əvvəl olsa, həddindən artıq boy uzanması yaranır ki, buna tibb dilində jigantizm deyilir. Akromeqaliya xəstəliyi həyatı qısaldan və başqa xəstəliklərə də səbəb olan bir xəstəlikdir. Bu səbəblə erkən diaqnostika və müalicəsi əhəmiyyət daşıyır.
Akromeqaliyanın səbəbi nədir?
Xəstələrin çoxunda (təxminən 99 faizində) beyində böyümə hormonu ifraz edən bir şiş mövcud olur. Bu şişlər daha çox diametri 1 sm-dən böyük, yəni makroadenom formasındadır.
Artan böyümə hormonu zamanı çənədə böyümə və uzanma, alında çıxıntı, diş aralarında açılma olur və üz cizgiləri kobudlaşır. Burun, dodaqlar, qulaqlar və alın genişlənir və dil böyüyür. Burun sümüklərində və üz sümüklərində böyümə yaranır, əvvəlki üz görünüşü dəyişir. Xəstənin dərisində qalınlaşma, yumşaq toxuma artımına bağlı olaraq, əl və ayaqlarda böyümə meydana gəlir. Bu səbəbdən də əldə barmaq, ayaqqabı və baş ölçüləri dəyişir. Cilddə yağlanma və tərləmə artımı olur. Həddindən artıq tərləmə xəstələrin 80 faizində olur. Başağrısı, yorğunluq, taqətsizlik və oynaq ağrıları da ola bilər. Oynaqlarda pozuntu xəstələrin 70 faizində olur.
Akromeqaliyada ürəkdə böyümə, ritm pozğunluğu əmələ gəlir. Bu tip xəstələrin bir hissəsində yuxuda nəfəs dayanması (yuxu apnesi) ortaya çıxa bilər. Bu xəstələrin səsində qalınlaşma ola bilir. Akromeqaliyası olan bəzi xəstələrdə ayaqlarda keyimə, əzələ tutulması, əzələ ağrısı da inkişaf edə bilər. Akromeqaliya xəstəliyində şəkər xəstəliyinin inkişaf riski də var. Bu xəstələrdə bağırsaqda xərçəng yaranmasl ehtimalı da yüksəkdir.
Fil xəstəliyi…
Fil xəstəliyi mayeni daşıyan limfa kanallarının quruluşunun pozulmasından yaranan və bədənin müxtəlif bölgələrində şişmələrə səbəb olan bir xəstəlikdir. Xəstənin bədən görüntüsünün pozulması, şişən yerlərin kobudlaşması və fil dərisinə bənzərliyi olduğu üçün bu xəstəliyə belə ad verilib.
Fil xəstəliyinin səbəbləri müxtəlifdir. Ümumi olaraq bu xəstəlik qan-damar sisteminin dövriyyəyə girməsi lazım olduğu halda, dərinin altına yayılması nəticəsində meydana gəlir.
Xəstəliyin başlıca əlamətləri var. Və bu xəstəliyi kənardan müşahidə edərək, başa düşməmək mümkün deyil . Xəstənin üzü, ayağı və qolları şişir, barmaq və topuqlarını hərəkət etdirərkən çətinlik çəkir, geyimlər, saat və bilərzik kimi aksessuarlar dar gəlir, dərini sıxır. Dərinin rəngini dəyişdirməsi də müşahidə olunur. Öskürək və hərarət də bu xəstəliyin əlamətlərindəndir. Yalnız bu xəstəliyin kəskin diaqnozunu qan analizi verməklə bilmək mümükündür.
Müalicə üsullarının ən birinci amili təmizlikdir. Xəstələr bu prosesdə gigiyenaya, təmizliyə həddindən artıq əhəmiyyət verməlidir. Digər bir müalicə üsulu fizioterapiyadır. Bu üsul sayəsində xəstənin limfa dövranı təmin edilir. Əməliyyat etməklə sinxron edilə bilər. “Manuel Limfa Drenaj”ı adlı xüsusi masaj texnikası da olduqca təsirli bir müalicədir.
Əməliyyat və dərman müalicəsi xəstəliyin ciddiliyinə görə tətbiq olunur. Dərman olaraq antibiotikə daha çox üstünlük verilir, çünki bakteriyaları yox edir. Müalicə bitdikdən sonra xüsusi hazırlanan corab xəstələrin həyatlarının bir parçası olur. Fil xəstəliyinin təkrarlanıb- təkrarlanmadığını müəyyən etmək üçün tam sağaldıqdan sonra müəyyən aylar ərzində yenidən yoxlanmaq vacibdir.
Çox da geniş yayılmış sayılmayan amma tez irəliləyən bu xəstəliyin diaqnozu erkən qoyulmalıdır və müalicəyə tez başlanılmalıdır.
“Ölü adam” sindromu…
Bu xəstəliyə tutulan insanlar ölü olduqlarına inanırlar. Bəzən bu inancını isbat etmək məqsədilə intihara da cəhd göstərirlər.
Bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. O, hissiyatını, vücudunun bir qismini və ya hamısını, ümumiyyətlə öldüyünü və yeriyən bir cəsəd olduğunu düşünür. Bu xəyal adətən, xəstənin öz çürümüş ətlərinin qoxusunu alması və ətrafında canavarların gəzdiyini iddia etməsinə qədər uzanır.
Bəzi xəstələr bunu sübut etmək üçün hətta intihar da edirlər. Olduqca az rast gəlinən bu sindrom 2008-ci ildə 53 yaşında filipinli bir qadında görülüb. Ölü olduğunu deyən qadın ailəsindən meyitxanaya aparılmasını istəmişdi. “Yeriyən meyit sindromu” xəstələrinə xüsusi dərman və beyinə elektrik şoku müalicəsi tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşmiş bir müalicə üsulu yoxdur.
Bu xəstəlik 1880-ci ildə fransız nevropotoloq Culs Cotard tərəfindən kəşf edilib. Nadir rast gəlinən bu sindromda dəlilik, özünə və xarici dünyaya yadlaşma, ölümsüzlük və ya intihar fikirləri görülür. Qadınlarda daha tez-tez rast gəlinir. Hesablamalara görə, bu xəstəliyin başlanğıc dövrü 52 yaşdir. Xəstəlik nadir olaraq yetkinlik dövründə də ortaya çıxa bilər.
Bütün bu qeyri-adi xəstəliklərlə və Azərbaycandakı vəziyyətlə bağlı tibb sahəsi üzrə ekspert, professor Adil Qeybullanın da mövqeyini öyrəndik: “Azərbaycanda ən çox yayılmış xəstəliklər talassemiya, xromosom xəstəlikləri, gen xəstəlikləri, daun xəstəliyi və sairdir. Ölkənin şimal rayonları zob xəstəliyinin endemik zonası hesab olunur. Çünki o bölgənin suyunda yod çatışmazlığı var.
Bu xəstəliklər Azərbaycanda sistem şəklində davam edir. Talassemiya da Azərbaycanda problemli xəstəliklərdən biri olaraq, qalır ki, bu da dövlət proqramına daxil edilib. O ki, qaldı vərəm və bu kimi xəstəliklərə, o bütün dünyada, eləcə də Azərbaycanda var. Amma Azərbaycanda olub, başqa ölkələrdə olmayan xəstəliyə rast gəlinməyib.
Qazanılmış İmmun Çatışmazlığı (QİÇS) xəstəliyi də Azərbaycan üçün spesifik deyil. Çox nadir hallarda ortaya çıxır. Dünya Səhiyyə Təşkilatının rakursunda vərəmin tolerant formasına, yəni müalicəyə qəbul olunmayan formasına görə birinci yerdədir. Amma bu, təkcə Azərbaycanda yayılan bir xəstəlik deyil, keçmiş MDB ölkələrinin hər birində var.
Bu yaxınlarda yayılan “Ebola” virusunu götürək. Bir neçə insan öldükdən sonra təşvişə düşdülər və ölən insanların bədənlərində aparılan araşdırmalar nəticəsində bu virusları tapdılar.
Azərbaycanda isə bu cür situasiya ilə ölənlərin üzərində araşdırmaların aparılması da sual altındadır”.