gigiyena

Uşağa ağız gigiyena qaydalarını nə vaxt öyrətmək lazımdır?

Baxış sayı: 1. 843

Balaca uşaqların çoxu dişlərini fırçalamağı xoşlamır. Çox vaxt da buna görə danlanırlar. Bəziləri diş fırçalamaq vaxtı gəldikdə ağlayır, qışqırır və valideynlərinin təkidinə baxmayaraq, dişlərini fırçalamaqdan imtina edirlər.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, daha çox məktəbəqədər dövrdə olan uşaqlar dişlərini yumaq istəmir: “Bu dövrdə olan uşaqlar diqqət cəlb etmək istəyirlər. Onların özünü təsdiq etmək imkanları məhdud olduğu üçün xırda məsələlərə etirazını bildirərək özlərini müstəqil aparmaq istəyirlər. Valideynləri tərəfindən çox sıxışdırılan uşaqlar da dişlərini fırçılamağı sevmirlər. Bu səbəbdən də gündəlik həyatda uşaqlara kifayət qədər sərbəstlik verilməlidir. Uşaqları həddindən çox sıxmaq, yalnız valideynin göstərişi ilə nəsə etməyə məcbur etmək olmaz. Onlar da öz zövqünə, marağına uyğun nəsə etməli, oyun oynamalı, hətta dəcəllik də etməlidir”.

Uşaq heç cür dişlərini yumaq istəmir və sizə də bunu etməyə imkan vermirsə, onlara parlaq və maraqlı quruluşda diş fırçaları verməklə onları maraqlandırmaq olar. Psixoloq qeyd edib ki, uşağa dişin təmizlənməsinin vacib olduğunu başa salmaq lazımdır. Uşaqların çoxu dişlərini düzgün fırçalama qaydasını da bilmirlər. Onlar dişlərini üzdən təmizləyir, arxa dişlərini yumağa ərinirlər. Dişi fırçalamağı xoşlamayanalar isə canlarını tez qurtarmaq üçün dişlərinə bir neçə dəfə fırça çəkərək yuduqlarını bildirirlər. Bunun isə heç bir effekti olmur, dişlər yaxşı təmizlənmədiyindən dişlərdə kariyes də başlaya bilər.

Əhmədova bildirir ki, ilk növbədə valideynlər uşaqların diş yumaq istəməməsini sakit qəbul etməlidirlər. Xüsusilə də uşaq balacadırsa, onu məcbur etdikdə özünü çox pis hiss etməyə başlayır. “Artıq iki yaşı olanda ona diş fırçalamağı məşq etmək üçün dış fırçası verin. Bu yaşda olan uşaqlar üçün qulpu qalın, fırçası isə balaca yumşaq və sintetik olan dış fırçası seçmək lazımdır. Öyrənmək üçün əvvəlcə uşağa fırçanı diş pastasız vermək lazımdır. Əvvəlcə o, diş fırçasını çeynəməyə başlayacaq, lakin tədricən diş fırçasından istifadə etməyi öyrənəcək. O, bunu hər gün etdikdə, dişlərinin qayğısına qalmağa vərdiş olacaq” deyən müsahibimizə görə, uşaqlara dişlərini düzgün yumağı öyrətmək üçün xüsusi cizgi filmlərini də göstərmək olar. “İndi uşaqları diş yumağa həvəsləndirən, dişə qulluq və gigiyena qaydalarını öyrədən xeyli cizgi filmləri var. Bu cizgi filmlərinə baxdıqca uşaqlarda dişlərini fırçalamağa həvəs oyanır”.

Həmsöhbətimiz qeyd edir ki, uşağın dişlərini istəyərək təmizləməsi və bunun rejimə uyğun olması çox vacibdir. Əks halda yeniyetməlik dövründə o, dişlərini təmizləməkdən tam imtina edə bilər.

Uşağa diş fırçasını müstəqil seçməyə imkan verməklə də bu prosesə marağını artırmaq olar: “Uşaqla birlikdə mağazaya gedib onun bəyəndiyi diş fırçasını seçin. Nəzər alın ki, diş fırçası uşağın yaşına uyğun olmalıdır. Diş pastası alanda isə dadı və gözəl iyi olanını seçin. Müxtəlif meyvəli və giləmeyvəli, saqqız tamı verən diş pastaları uşaqların çox xoşuna gəlir”.

Onun sözlərinə görə, uşaq böyüdükcə ona dişlərini sərbəst fırçalamağa imkan vermək laızmdır: “Əgər o, dişlərini düz yuya bilmirsə, ona sevdiyi oyuncağın dişlərini fırçalamağı təklif edin. O, oyuncağın dişlərini fırçalayarkən ona oyun zamanı dişlərin düzgün yumaq qaydasını göstərin. Uşağın dişini özünüz də düzgün fırçalamaqla gigiyena qaydalarını ona izah edə bilərsiz”.

Dişlərin müntəzəm gündə iki dəfə yuyulması diş və ağızla bağlı bir sıra problemlərin qarısını ala bilər. Bu səbəbdən də uşaqda diş fırçalamaq vərdişini yaratmaq üçün valideynlər özləri də nümunə olmalıdırlar: “Əgər uşaq valideynlərin diş yumadığını görərsə, özü də onlar kimi hərəkət edəcək. Dişlərinizi hər gün iki dəfə yuyun. Elə edin ki, uşaq sizin diş yumağınızı görsün”.

Stomatoloq Anar Bağırovun sözlərinə görə, uşaq 8 yaşında dişlərini tam sərbəst və düzgün yumağı öyrənir: “Lakin buna baxmayaraq, uşağa ağız gigiyena qaydalarını ilk dişləri çıxan vaxtdan öyrətmək lazımdır. Uşaqların gigiyenası üçün nəzərdə tutulan xüsusi salfetlər uşaq üçün ilk diş fırçasını əvəz edir. 10 aylıqdan körpəyə xüsusi diş fırçası ayrılır. Fırçanı isə üç ayda heç olmasa bir dəfə dəyişmək lazımdır. Süd dişlərini də adi dişlər kimi gündə iki dəfə fırçalamaq lazımdır. Əgər yeməkdən sonra uşağın dişlərini yumaq üçün fırçası əlinizin altında yoxdursa, xüsusi maye ilə ağzını yaxalamaq, diş üçün salfetlərdən istifadə edərək dişin üstünü təmizləmək olar. Uşaq üçün nəzərdə tutulan bu vasitələr tamlı olur və uşaqların xoşuna gəlir. Həm də bu vasitələrin tərkibində bakteriyaları öldürən maddələr də var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir