USAQ

Uşağa “ana” deməyi necə öyrədək? – LOQOPED YAZIR

Baxış sayı: 1. 600

“Gencaile.az” loqoped Bəsirə Pənciyevanın məqaləsini təqdim edir. Məqalə adlandırma oyunları haqdadır.

 

Bu oyunlar daha çox autizm sindromlu, sosial ünsiyyət pozuntusu, nitq ləngiməsi, daun sindromlu uşaqlar üçün istifadə oluna bilər.

Valideynlər daha çox bu sualları verirlər – Evdə uşağıma mənə müraciət etməsini necə öyrədə bilərəm? Başqa şəxslərin adlarını necə öyrədə bilərəm?

Adlandırma oyunlarından biri də “mama” oyunudur.

Əziz valideynlər, uşaqlarınıza kömək edin sizin adınızı desin və sizə müraciət etsin. Oyun “mama” oyunu adlanır. Bunu belə adlandırıram. Çünki mən, adətən, terapiya sessiyası ərzində anayla və onun uşağıyla işləyirəm. Çünki mamalar (analar) daha çox bir sözü tez eşitmək istəyirlər – uşaqları onlara “mama” desin. Oyunun adını isə ona görə “ana” yox, “mama” adlandırıram ki, “ana” demək üçün ağız artikulyasiyası üç hərəkət yerinə yetirir. Lakin “mama” deyərkən ağız artikulyasiyası iki hərəkət yerinə yetirir. Ona görə də uşaqlara “mama” demək daha asan gəlir. İş təcrübəmdən deyə bilərəm ki, uşaqlar “mama” deyə müraciəti daha tez öyrənirlər. Lakin bəzən bəzi valideynlər uşaqlarının “ana” deməsini istəyir. O zaman valideynlərin istəyinə uyğun olaraq, uşağa “ana” deyə öyrədilir. Amma “mama” sözü xüsusilə də eyni dodaq samitlərinin təkrarlanmasından ibarət olduğuna görə onu demək uşaq üçün çox asan olur.

Əslində bu oyunla biz başqasının adlarını da öyrədə bilərik. Bu oyunda istifadə etdiyimiz bir təlimat “mamanı çağır”, yaxud kiminsə adını öyrədiriksə, məsələn, “atanı çağır”, “əmini çağır” və s.-dir. Uşaq bir şəxsi öyrənmədikcə ikinci şəxsi öyrətməyə çalışmayın!

Oyun uşaq çarpayısında, yerdə, qapı bağlı otaqda aparılır. Əgər oyunu uşaq çarpayısında aparırsınızsa, bu zaman mama gizlənir. Çarpayının altında və ya aşağıya doğru əyilməlidir ki, uşaq onu görməsin. Uşaq mamasını görmür və onu çağırmağa başlayır. Mama gizlənərək, səsiylə uşağa kömək etməlidir – maaaamaaaa, maaaaamaaaaa, maaaaaaaaaaaa, maaaaaaaaaaaaaaaa, mama. Bunu deyərkən emosional, musiqili, əyləncəli şəkildə deməlidir ki, uşaq qorxmasın. Bunun oyun olduğunu anlasın. Əgər bu şəkildə oyunu oynasanız, uşağınız da sizinlə birlikdə təkrar edəcək, səsinizi axtarmağa başlayacaq. Ona maraqlı gələcək, əylənəcək, güləcək.

Oyunu istər yerdə, istərsə də çarpayıda oynaya bilərsiniz. Uşağınız təbii ki, siz yeni oynamağa başladıqda dərhal sizi təkrarlamayacaq. Lakin siz oyun partnyoru olaraq onu buna təhrik etməlisiniz. Və gizləndiyiniz zaman bunu vaxtla edəcəksiniz. 15 saniyədən başlayaraq, 1, 2, sonra 5 dəqiqə və daha sonra daha da ciddiləşdirərək, uşağınız tam şəkildə sizə “mama” deyənə qədər davam etdirməlisiniz. Yəni bu oyunu o qədər oynayacaqsınız ki, hər gün oynadıqca artıq uşaq başa düşəcək ki, siz ondan “mama” deməsini istəyirsiniz və demədikcə otaqdan çıxmayacaqsınız.

Çalışın bu oyundan sonra otaqdan çıxdıqda, onu çox sevdiyi yemək və ya əşya ilə mükafatlandırın. Deyin ki, sən mama oyununu çox qəşəng oynadın. Sən mama dedin. Sən danışa bilirsən. Mama deyə bilirsən. Və sən bunu qazandın. (Məsələn, qatarı sevirsə, qatarı verin sürsün və s) Əgər birdən-birə uzunmüddətli gizlənsəniz, uşağınız oyunu başa düşməyəcək. Çünki hələ uşaqdır, həm də problemlidir. Nə etdiyinizi anlamayacaq və oyunun təsiri olmayacaq. Uşağınız sizə “mama” deməyəndə belə, onu demiş kimi mükafatlandırın. Daim ünsiyyətə təhrik edin.

 

Bu zaman siz uşağınızı necə mükafatlandırmalısınız?

Sən çağırdın, mama dedin deyərək, gizləndiyiniz yerdən tez çıxın, onu qıdıqlayın, qucaqlayın, öpün. Mama burdadı deyərək, mama sözünü musiqiylə oxuyun, hətta birlikdə hoppanın.

Lakin onu da qeyd edim ki, uşağı bezdirmək olmaz. Hər gün müxtəlif zamanlarda vaxt ayırın və o vaxt müddətində bu oyunu təşkil edin. Oyun zamanı uşağınızın diqqətini toplaya bildinizsə, siz qəhrəman bir valideynsiniz və müsbət nəticə sizinlədir. İrəli! Lakin oynadıqca hiss edəcəksiniz ki, çox təkrardan uşaq sıxılır və oynamaq istəmir. Bu zaman onu məcbur etməyin, oyunu bitirin və bunu yüksək səslə deyin – “mama oyunu” qurtardı. Uşaq anlamamalıdır ki, siz ona tabe oldunuz və o yoruldu deyə oyunu bitirdiniz.

Lakin hər zaman diqqət etməlisiniz ki, oyunu təşkil etdiyiniz otaqda qapı bağlı olsun. Çünki uşaq yeni oyuna başladıqda sizə tabe olmaya və otaqdan çıxmaq istəyə bilər. Bu zaman siz daim pozitiv şəkildə onu müşahidə etməli və oyunla, emosiyalarınızla uşağı  ünsiyyətə dəvət etməlisiniz.

Onu da qeyd edim ki, oyuna uşağınızın müraciət etməsini istədiyiniz istənilən şəxsi dəvət edə bilərsiniz. Bunu da yaddan çıxartmayın ki, oyunu oynadıqda və ya kimin adını deməsini, kimə müraciət etməsini istəyirsinizsə, həmin şəxs ya otağın kənarında, ya qapının arxasında, ya da çarpayının altında gizlənməlidir ki, uşaq çağırmağı öyrənsin, müraciətin nə demək olduğunu anlasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir