aile

Uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır?

Baxış sayı: 1. 750

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrindən biridir. Lakin son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən, uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır?

Psixoloq Vəfa Əkbər bildirir ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir:

“Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazım olduğunu bilsin. Onun ciblərinə ananın, yaxud atanın mobil telefon nömrəsini, ev ünvanını yazaraq qoymaq olar ki, kimsə taparsa, tez bir zamanda o öz ailəsinə qovuşsun. 3 yaşdan yuxarı uşaqlara isə kim olduğunu, harada yaşadığını öyrətmək lazımdır. Bəzi valideynlərin diqqətsizliyindən müəyyən hadisələr baş verir. Amma bəzən də valideyn diqqətli olsa belə, uşaq o qədər aktiv, hiperaktiv olur ki, onlara nəzarət etmək xüsusilə çətin olur”.

Psixoloqun sözlərinə görə, uşağı kiməsə etibar etməzdən əvvəl onu normal formalaşdırmaq lazımdır ki, öz hüquqlarını bilsin:

“Uşaq kimdən nə istədiyini, necə istəmək lazım olduğunu bilməlidir ki, haqlarını qoruya bilsin, özünü əzdirməsin, müdafiə etməyi bacarsın. Bunları uşağa öyrətdikdən sonra onları kiməsə etibar etmək olar. Nənəyə, babaya. Bizdə mental dəyərlər var – uşağı hansısa qohuma, qonşuya əmanət edirlər. Uşaq orada zorakılıq, şiddət görə bilər. Hətta uşaq bəzən həmin ailələrdə ailədaxili problemlərin qurbanına çevrilir. O, psixoloji travma alır ki, bu da gələcəkdə ona böyük problemlər yarada bilər. Əgər uşağa özünü müdafiə etməyi, hüquqlarını aşılaya bilmişiksə, onu əmanət edə bilərik. Amma körpə uşaqları mümkün qədər valideynin heç kimə etibar etməməsi məsləhətdir”.

Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirir ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır:

“Uşaq 3 yaşından etibarən artıq anlayır ki, qadın-kişi fərqlənir. Adətən bağçalarda müşahidə edilir ki, uşaqlar bir-birinin alt paltarına baxırlar ki, bu oğlan paltarıdır, bu qız. Dediyim kimi, 3 yaşından uşaqlarda eqo formalaşır. Onlara bu bilgiləri aşılamaq lazımdır. Uşağın hansı cinsiyyətə aid olmasını, müəyyən bioloji faktorları başa salmaq lazımdır. Amma uşağın öz dilində, hansısa nağıl, yaxud cizgi filmi dilində olsun ki, başa düşə bilsin. Onun arxasınca etik normativlər gəlir. Misal üçün, nələri etməliyik, yaxud nələri etməməliyik. Bu məqamda isə valideyn özü nümunə rolu oynamalıdır ki, uşaq da ona baxıb bu davranışları qavrasın. Valideyn özü bu qaydalara əməl etmirsə, məsələn, ictimai yerlərdə hansısa lazımsız ifadələr işlədirsə və ya ictimai yerdə heç çəkinmədən paltarını dəyişirsə, uşaq da təbii ki, bunlara əməl etməyəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir