Soyuq fəsillərdə uşaqlar daha tez-tez müxtəlif virus və infeksiya xəstəliklərinə tutulur.
Belə xəstəliklərin ilk və valideynləri ən çox qorxudan simptomu bədən hərarətinin artmasıdır.
Lakin əslində hərarətin artması heç də qorxulu simptom deyil. Əksinə bu immun sisteminin müdafiə mexanizmidir. Hərarət artdıqda insanın immun sistemi daha fəal işləməyə başlayır, qan dövranı sürətlənir, mübadilə prosesləri sürətlənir ki, nəticədə xəstəlik nəticəsində orqanizmdə əmələ gələn toksinlər daha tez orqanizmdən xaric olunur. Beləliklə, hərarətin yüksəlməsindən qorxmaq və onu dərhal salmağa cəhd etmək olmaz. Bununla siz uşağın müdafiə sistemini yalnız zəiflədirsiniz.
Uşaqda heç bir ciddi ürək-damar, tənəffüs sistemi, böyrək xəstəlikləri yoxdursa, uşaqda bundan əvvəl yüksək hərarət fonunda qıcolmalar olmayıbsa, onun hərarətini 38,5 C çatdıqda salmağa başlayın. Bunun üçün uşağa onun yaşına uyğun dozada hərarətsalan preparat vermək lazımdır. Pediatrlar uşaqlara tərkibində parasitomol və ya ibuprofen olan preparatların (panadol, ibufen, nurofen və s.) verməyini tövsiyə edirlər.
Əgər uşağın sağlamlığında hər hansı pozulmalar varsa (məsələn, ürək qüsuru, böyrək xəstəliyi və s.), onda bundan əvvəl yüksək hərarət fonunda qıcolmalar olubsa, uşağın yaşı 3 ayından kiçikdirsə, onun hərarətini 38 C çatdıqda (bəzən hətta bundan da aşağı rəqəmlərdə) salmağa çalışın.
Nəzərinizə çatdıraq ki, istənilən yaşda olan uşağın hərarətini qoltuq altında ölçmək lazımdır.
Bəzən valideynlər fikirləşir ki, hərarət çox yüksək qalxırsa, deməli xəstəlik çox ciddidir, çox yüksək qalxmırsa isə, əksinə yüngüldür. Bu çox təhlükəli yanılmadır. Belə ki, bəzən adi kəskin respirator virus infeksiyası zamanı uşağın hərarəti 39-40 C kimi qalxa bilər. Lakin çox ciddi və uşaq üçün xüsusilə təhlükəli xəstəlik olan pnevmoniya (ağ ciyər iltihabı) zamanı hərarət 38 C-dən yuxarı qalxmaya bilər. Beləliklə, uşağın hərarəti qalxıbsa, mütləq həkimə müraciət edin.