Oxumaq uşağın təfəkkür və nitqinin inkişaf etməsinə, lüğət ehtiyatının genişlənməsinə, məntiqinin inkişafına kömək edir və onu məktəbə hazırlayır.
Uşağı inkişaf etdirmək istəyən valideynlər hər nəyin bahasına olursa-olsun ona oxumağı öyrətmək istəyirlər. Sual yaranır ki, əgər oxumağı ibtidai sinifdə öyrədirlərsə, bunu nə üçün etmək lazımdır? Ancaq fikrindən dönməyən ata və analar cavab tapırlar: “Ona görə ki, uşaq onu maraqlandıran kitabları oxuya bilsin”.
Uşağa oxumağı öyrətmək ilk baxışdan elə də sadə bir iş deyildir. Yavaş-yavaş hərəkət etmək lazımdır, onun üçün nəyin maraqlı və nəyin maraqsız olduğunu bilməliyik. Əgər siz uşağınıza oxumağı ona görə öyrətmək istəyirsiniz ki, dostlarınızın yanında lovğalanasınız, onda bu işə başlamasanız yaxşı olar. Başqa ciddi səbəblər də ola bilər. Oxumaq uşağın təfəkkür və tələffüzünü inkişaf etdirir, lüğət ehtiyatını artırır, məntiqini inkişaf etdirir və məktəbə hazırlayır.
Bəs uşaq necə, oxumağa hazırdırmı?
Adətən oxumağı uşaq sözləri səslərdən ayırmağı bacaranda, 3-4 yaşlarında öyrtəməyə başlayırlar. Əgər uşaq hələ təhtəlşüur səviyyəsində sözlərin səslərdən ibarət olduğunu hiss etmirsə, deməli oxumağı öyrətməyə başlamaq hələ tezdir. Eşitmə qavrayışına görə ən çətin sonor səslər r, l, y səsi, fışıltılı s, z və onların yumşaq formaları və həmçinin fışıltılı ş, j, ç, ş hərfləridir (bu hərflər rus dilinə görə seçilib araşdırılb – Dəyərlər). Ona görə “oxumağa” başlamamışdan qabaq tələffüzü itiləşdirmək lazımdır.
Bunu necə etmək olar? Əlbəttə ki, oyunla. Məsələn, uşaqdan soruşun ki, yarpaqlar necə xışıldayır, külək necə vıyıldayır, beləliklə siz “ş” səsini öyrədə biləcəksiniz. “Ş” hərfi ilə başlayan oyuncaqlarla oynayın. Uşaqların inək kimi səs çıxarmaq, miyoldamaq, hürmək, mırıldamaq çox xoşlarına gəlir, ona görə də müxtəlif heyvan şəkillərinə baxın və onları mütləq izah edin. Danışıq aparatının formalaşmasına yönəldilmiş bir çox oyunlar vardır. Məsələn siz söz deyirsiniz, uşaq da onunla başlayan hərflə və ya qabaqki sözün son hərfi ilə başlayan sözlə cavab verir.
Başqa bir yaxşı oyun da vardır. Üç dənə oyuncaq maşın və ya fincanı bir-birindən bir az aralı qoyun və deyin ki, hər bir maşında bir səs var və onların hamısı bir söz daşıyırlar. Birinci maşını götürün və yavaş-yavaş başqa maşına tərəf hərəkət etdirin və deyin S-S-S. İkinci maşına çataraq, Ü-Ü-Ü deyin. Üçüncü maşını D-D-D səsləyin. Ondan soruşun ki, maşınlar nə səsi aparırlar. Uşaq həmən sözü tapıb deyir SÜD. Oyun arası öyrəndiyiniz səslərə aid tapmacalar, nağıldan hissələr, şerlər oxuyun – beləliklə yavaş-yavaş uşaqda səslər haqqında təsəvvür yaranır.
Köhnə sınaqdan çıxmış və ya təzə, lakin effektiv?
Oxumaq üçün lazım olan məsləhətlərin, qaydaların və metodların sayı o qədər çoxdur ki, sanki, nə qədər insan var, o qədər də fikir var. Kitab rəfləri məktəbəqədər ədəbiyyatla doludur, valideynlərin isə nə seçəcəyini bilmirlər. Hansını seçmək lazımdır?
Şerdəki bu sözləri xatırlayırsınız: “Oxumağı bacarmaq necə də yaxşıdır, nə ananı incidirsən, nə də nənənin ətəyini silkələyirsən…”. Əslində uşağı oxumağa həvəsləndirmək çox çətindir və istənilən hər hansısa bir yanlış addım bütün oxumaq əhvalını heçə endirə bilər. Əsas məsələ budur ki, bu işi həvəslə etmək lazımdır və onu heç bir vəchlə məcbur etmək olmaz.
Bugünkü əlifba kitabları – keçən əsrindir, baxmayaraq ki, məktəblərdə hələ də uşaqları bu kitablar əsasında öyrətməyə davam edirlər. Hər bir hərfin yanında şəkil verilir və beləliklə uşaqda buna aid müvafiq surət və obraz yaradılır. Bu heç də həmişə yaxşı deyildir: nəticədə uşaq sözü oxuyan zaman əlifba kitabında konkret hərflə bağlı assosiasiya olan həmin şəkilləri xatırlayacaq və sonra səsləri sözdə birləşdirəcək və bu yolla o son dərəcə uzun müddətli oxumaq prosesini keçəcəkdir.
Uşağa ayrıca hərfləri əzbərlətməyə də dəyməz ki, sonra onları birləşdirsin: bu yolla siz dolaşıqlıq yaradacaqsınız, çünki ayrıca götürülmüş hərf və sözdə olan hərf müxtəlif mənalar verə bilərlər. Məsələn, N hərfi eyni zamanda həm “nı”-dır və ya “en”-dir və ya qısa N-dır, ancaq “ana” sözü isə “a-en-a” kimi oxunur.
Məktəb metodlarına uyğun olaraq, uşaqlara izah edirlər ki, əlifbada müxtəlif səslər vardır: saitlər və samitlər, saitlər öz növbəsində qalın və incə olurlar, samitlər kar və cingiltili olurlar, hərflər isə səslərin qrafik təsviridir. Bunu öyrənərək uşaqlar saitləri samitlərlə birləşdirərək, hecalarla tanış olurlar. Fonetika haqqında çox az məlumatları olan valideynlər uşağı bu sxemlə öyrədən zaman bunun öhdəsindən gəlmiyə də bilərlər.
Bəzi mütəxəssislər məsləhət görürlər ki, uşağa birbaşa oxumağı öyrətmək lazımdır və ayrı-ayı hərflərə vaxt sərf etmək lazım deyildir. Bu metodda açıq hecalardan başlayıb, tədricən qapalı hecalara keçilir. Bu sistemin tək mənfi cəhəti odur ki, bütün sözlər asan oxunmur.
O ki, qaldı yeni metodlara, Zaytsevin məşhur kubik metodunu, Qlen Domanın və xanım Montessorinin metodunu yada salmaq yerinə düşərdi.
Mariya Montessorinin metodu
Bu metodun xüsusiyyəti ondan ibarətdir ki, oxumağın bütün tədris prosesi sırf oyunların üzərində qurulur. Təəcübləndirən nədir: uşaqlar əvvəlcə “yazmağı” öyrənirlər, onlar qabarmış hərfləri (yazılı hərfləri deyil!) əlləri ilə hiss edirlər və əllə yazılımış hərəkətli hərflərlə işləyirlər, sonra isə oxumağa başlayırlar. Burada əsas ideya uşaqlarda oxumağa maraq hissi yaratmaqdır. Uşağı daima təhrik etmək lazımdır ki, o, kitaba baxsın. Məsələn, uşaqla kitab səhifələrində “gizlənpaç” oynamaq: “Bax, “A” hərfi itib, getdi, getdi itdi qaldı, gəl indi onu axtaraq tapaq!”. Siz görəcəksiniz ki, sizin uşağınız necə şövqlə kitabın axırıncı səhifəsində bu hərfi tapacaqdır. “Bir yerdə dostluq edək” oyununda bütün hərflər dostdurlar və onlar bir-birinin yanına qaçırlar və bu zaman sözlər yaranır və uşağın lüğət ehtiyatını artırırlar. Çap olunan mətnlərdə isə tanış hecanın axtarışı görmə yaddaşı ilə məşq edilir. Bu metodun müəllifi bildirir ki, tədricən hecalara vizual vərdişin yaranması avtomatik olaraq, hərflərin hecalarda birləşdirilməsinə gətirib çıxaracaqdır.
Uşaq hərfləri və hecaları tanıyandan sonra, sözləri oxumağa başlamaq olar. Montessori məsləhət görür ki, öz uşağınızın sevimli kitabını oxuyan zaman ən maraqlı yerdə dayanıb, deyəsiniz ki, vacib işiniz çıxıb. Bir vaxt, uşaq özü kitaba can atacaqdır ki, hekayə necə qurtardığını öyrənsin. Və günlərin bir günü görəcəksiniz ki, sizin körpəniz necə müstəqil halda oxumağa başlayır.
Qlen Domanın metodu
Domanın bütün elmi əsərlərində əsas ideya uşağın ibtidai inkişafıdır. Metodun əsas ideyası çox sadədir: uşaq vizual halda sözləri bütöv yadda saxlayır. Tam mənası ilə anadan olandan gündən başlayaraq gündə üç dəfə ona bir neçə saniyə ərzində karton kağız üzərində iri hərflərlə yazılan sözlər göstərilir. Bu işi davamlı etmək lazımdır: əvvəlcə uşağa yaxın olan sözlər – ana, ata, onu əhatə edən əşyaların adı, bədən üzvləri və rənglər nümayiş etdirilir. Bu zaman eyni sözün iki dəfə nümayiş etdirilməsi və köhnə sözlərin nümayişi məsləhət görülmür. Belə ki, bu metodun müəllifinin sözlərinə görə, əks halda bu üslub uşağı bezdirə bilər. Nəticədə ayrı-ayrı sözlər söz birləşmələri və sadə cümlələrlə əvəz olunacaqdır. Ehtimal olunur ki, uşaq sözü bütovlükdə yadda saxlayır və müəyyən vaxt kəmiyyət keyfiyyətə çevrilir – o, nəinki kartoçkalarda ona tanış olan sözləri oxuyur, hətta qalan sözləri də oxuyur. Hərfin adını, əlifbanı, səslərin müxtəlifliyini uşaq oxumağı öyrənəndən sonra tanıyır.
Bütün bu deyilən qaydalara əməl edənlərin demək olar ki, çox az hissəsi müsbət nəticəyə gəlir, çünki hər bir uşaq bir fərddir və xüsusi yanaşma istəyir. Bundan başqa bu metodla oxumağı öyrənəndən sonra sizin uşağınızın məktəbdə savad ilə problemi yaranacaqdır.
Zaytsevin kubikləri
Kubiklərin əsas çatışmamazlığı onun bahalığıdır. Bu kubiklər əyləncəli oyuncaqdırlar. Bu kubiklər taxta-qızıl, dəmir-qızıl və başqa növlərə təsnif edilir. Dəmir kubiklərin daxilinə xırda dəmir pul qoyurlar, cingiltisiz kubiklərin daxilinə isə taxta. Öyrtəmə prosesinin əsas mahiyyəti düzülüşü yadda saxlamaqdır. Kubik düzəltməsi – yazmanın və qiraətin vahididir, lakin bu heca deyildir. Kubiklərdən düzəltmə ya bir sait ola bilər, ya da bir samit, ya da bir sait ilə bir samitin birləşməsi: qa-pı (qa+pı – iki düzəltmə). Gün ərzində uşağa müəyyən formada düzəltmələr plakatlar kimi nümayiş etdirilir, yəni kubiklərin köməyi ilə düzəldilmiş sözlər nümayiş etdirilir. Bu zaman hiss orqanlarının hamısı işləyir – eşitmə, görmə və təmas. Uşaq kubiklərlə oxumağı öyrənəndən sonra, onu hərflərlə tanış edirlər.
Uşağa oxumağı öyrtəmək hələ heç də ona kitablara məhəbbət hissi yaratmaq demək deyil. Uşağınızın Oxucu olması üçün sizi uzun və zəhmətli iş gözləyir. Mühüm deyildir siz uşağınızı hansı yolla oxumağı öyrədəcəksiniz. Əsas vacib olan odur ki, bundan sonra onun qarşısında yeni kitablar dünyası açılacaqdır və o, təkcə ailə üzvlərinin biliyini deyil, bütün insanlığın toplanmış biliyini əldə edə biləcəkdir.