Mobil telefon mövzusunda valideynlər övladlarına yaxşı nümunə olmalıdırlar. “Gencaile.az” Aile.lent.az-a istinadən türkiyəli psixoloq Öznur Simavın uşaqları mobil telefondan uzaq tutmaq üçün təkliflərini təqdim edir.
Sirr deyil ki, uşaqlarda texnologiyanın mənfi təsirləri fiziki və psixoloji baxımdan mütləq özünü göstərir. Onların mənfi təsirlərindən qorunmaq üçün əvvəlcə ana və ata bu mövzuda yaxşı nümunə olmalıdırlar. İşdən evə gəldikdən sonra mütəmadi olaraq telefon əlindən düşməyən, bütün günü uşağının onu gözləməsinə baxmayaraq gözlərini telefondan, barmaqlarını ekrandan çəkməyən valideynlər övladları üçün pis nümunədir: “Texnoloji vasitələr uşaq dayəsi deyil. Uşaqların valideynləri ilə birbaşa ünsiyyətə ehtiyacları var. Müasir uşaqlar məhz buna çox ehtiyac duyurlar. Ona görə də uşaqlarınızla keçirdiyiniz az vaxtı yaxşı dəyərləndirmək lazımdır”.
Uşağa neçə yaşında telefon vermək olar? Ö. Simav bu suala da cavab verib:
– Birinci sinfə gedən uşağa yalnız danışmaq üçün (başqa funksiyaları olmayan) çox sadə mobil telefon verilə bilər
– Uşaq gün ərzində danışması lazım olan 3-4 çox yaxın adamın nömrəsini telefona yaza bilər
– Uşaqlar, hətta gənclər məktəbdə telefondan istifadə etməməlidirlər. Telefonla sıx ünsiyyət dərslərin keyfiyyətinə və akademik dərəcəyə mane olur
– Telefona ehtiyac uşağın sağlamlığı ilə bağlı narahatlıq, uzaqda yaşayan valideynlərlə əlaqə saxlamaq üçün duyulur. Ekstremal vəziyyətlər yoxdursa, uşaqla əlaqə problemi yaşanmırsa, valideyn və uşağın xəbərləşməsində problem yoxdursa, telefona da ehtiyac qalmır
– Telefondan istifadə çox zaman uşaqların daxil olması qadağan olan internet səhifələrinə daxil olmağa imkan verir. Buna görə də valideynlər internet imkanlarından istifadə qaydalarına da fikir verməlidirlər
Uşaqları mobil telefondan uzaq tutmağın yolları
– Uşaqları idman və ictimai fəaliyyətlərə yönləndirmək
– Hobbi əldə etmələrinə imkan yaratmaq
– Əl qabiliyyətlərinə önəm vermək
– Velosiped sürmək qabiliyyəti aşılamaq
– Müxtəlif vasitələrlə yaradıcı təxəyyüllərini inkişaf etdirmək üçün şərait yaratmaq
– Musiqi alətləri çalmağı öyrətmək
– Valideynlərinə ev işlərində kömək etməyi öyrətmək
– Ən əsası isə, zaman çox dəyərlidir, bu dəyərdən uşaqlar üçün də ayırın